Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2489/2024 21.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “təlim xərcinin geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “təlim xərcinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında Cavabdeh Türkiyə Respublikasında Cobas 4000(c311), Cobas e411 Servis xidməti təlimlərində iştirakı ilə əlaqədar ödənilmiş 2326,82 manat və xx.xx.2023-cü il tarixli müqavilə əsasında X1 5800 təlimində iştirakı ilə əlaqədar ödənilmiş 2883,87 manat olmaqla, cəmi 5210,69 manat vəsaitin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, X3 İddiaçı ilə 3 ay sınaq müddəti tətbiq edilməklə 1 il müddətinə xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bağlayaraq, mühəndis vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək müqaviləsinin şərtlərinə uyğun olaraq “işəgötürən”in maddi vəsaiti hesabına “işçinin” zəruri bilik və bacarıqlarının artırılması məqsədi ilə tərəflər arasında xx.xx.2022-ci il tarixli “Təlim Müqaviləsi” imzalanmışdır. Həmin müqavilənin şərtlərinə görə “işəgötürən” Azərbaycan Respublikasının hüdudlarından kənarda təlim keçməsi ilə bağlı bütün ödənişləri ödəyir, “işçi” isə qeyd edilən təlimi bitirdikdən sonra 3 (üç) il müddətinə eyni şərtlərlə əmək münasibətlərini davam etdirməyi öhdəsinə götürür. Yuxarıda qeyd edilən müqavilənin şərtləri “işçi” tərəfindən pozulduğu halda o, təlimlə bağlı ödənilmiş bütün xərcləri “işəgötürənə” qaytarmağı öz öhdəsinə götürür. Belə ki, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli müqavilələr əsasında işçi Cavabdeh xx.xx.2022xx.xx.2022-ci tarixlərdə Türkiyə Respublikasında Cobas 4000(c311), Cobas e411 Servis xidməti təlimlərində və xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə isə X1 5800 təlimində iştirak etmiş və həmin müqavilələrə edilmiş 1 və 2 nömrəli “Əlavə”lər əsasında təlimdə iştirakla bağlı bütün xərclər işəgötürən tərəfindən ödənilmişdir. X2 verdiyi işdən azad edilmə ilə əlaqədar xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 11 nömrəli əmri ilə xitam verilmişdir. Müqavilə şərtləri işçi tərəfindən pozulmuş, təlim bitdikdən sonra üç il ərzində işləməmişdir. Yuxarıda qeyd edilənlərə və müqavilə şərtlərinə əsasən müvafiq təlimlərdə iştirakla əlaqədar ödənilmiş pul vəsaitlərinin İddiaçı MMC-yə qaytarılması ilə bağlı Cavabdeh xx.xx.2024-cü il tarixli 0144YA/2024 nömrəli pretenziya məktubu ünvanlanmasına baxmayaraq, işçi öz öhdəliyini icra etməmişdir. Hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında Cavabdeh Türkiyə Respublikasında Cobas 4000(c311), Cobas e411 Servis xidməti təlimlərində iştirakı ilə əlaqədar ödənilmiş 2326,82 manat və xx.xx.2023-cü il tarixli müqavilə əsasında X1 5800 təlimində iştirakı ilə əlaqədar ödənilmiş 2883,87 manat olmaqla, cəmi 5210,69 manat vəsaiti və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh elektron kabinetinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi yerləşirilməklə məlumat verilsə də, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı MMC-də mühədis vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi il üç ayı sınaq müddəti hesab edilməklə bir il müddətinə xx.xx.2022xx.xx.2023-cü il tarixədək bağlanmışdır. Müddətli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2022-ci il tarixdə gücləndirilmiş elektron imza vasitəsilə informasiya sisteminə daxil edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə İddiaçı MMC-yə müraciət edərək, onun xx.xx.2024cü il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 11 nömrəli əmri ilə Cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 13 may 2022-ci il tarixli təlim müqaviləsinin 1ci maddəsinə əsasən bu müqaviləyə əsasən “İşəgötürən” öz maddi vəsaiti hesabına zəruri bilik və bacarıqların artırılması məqsədilə “İşçi”nin Azərbaycan Respublikası hüdudlarından kənarda təlim keçməsi ilə əlaqədar xərcləri ödəyir, “İşçi” isə bu müqavilə ilə üzərinə düşən öhdəliklərini icra edərək, təlimi bitirdikdən sonra 3 il müddətinə müqavilə bağlanan zaman tərəflər arasında mövcud olan əmək münasibətlərini davam etdirməyi öhdəsinə götürür. 6-cı maddəsinə əsasən “İşçi” bu müqavilə ilə üzərinə düşən öhdəliklərini pozaraq bu müqavilənin 1-ci maddəsində göstərilən müddətdən əvvəl “İşəgötürən”lə əmək münasibətlərinə xitam verərsə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrini, əmək funksiyalarını pozması, layiqincə icra etməməsi nəticəsində onunla əmək münasibətlərini davam etdirilməsi mümkünsüz olarsa və “İşəgötürən” tərəfindən əmək münasibətlərinə xitam verilərsə, “İşçi” tərəfindən “İşəgötürən”ə təlimlə bağlı bütün xərclərini geri qaytarmalıdır. 7-ci maddəsinə əsasən bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər icra edilmədikdə təqsirli tərəf digər tərəfə dəymiş zərəri bütünlüklə ödəyir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilədən və müqaviləyə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-xx.xx.2022-ci tarixlərdə Türkiyə Respublikasında Cobas 4000(c311), Cobas e411 Servis xidməti təlimlərində iştirak etməlidir. Təlim kursunun qiyməti 2411,82 manat təşkil edir. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən və müqaviləyə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə isə X1 5800 təlimində iştirak etməlidir. Təlim kursunun qiyməti 2883,87 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli müqavilələrdən müəyyən edilir ki, sahibkarla bağlanmış xx.xx.2022-ci il tarixli individual əmək müqaviləsinin kursların başa çatdığı andan etibarən 3 il müddətində birtərəfli qaydada pozmamaq işçinin öhdəliyidir. Bu müqavilədə nəzərədə tutulmuş öhdəliklər yerinə yetirilmədiyi və ya natamam yerinə yetirildiyi təqdirdə bu Müqavilənin 2 saylı Əlavəsinə əsasən işçi onun təlim keçməsi üçün ayrılan xərcləri, eləcə bu müqavilədə göstərilən öhdəliklərin işçi tərəfindən yerinə yetirilməməsi ilə əlaqədar olaraq qaçılmaz olaraq ortaya çıxan xərcləri sahibkara ödəyir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.4-cü maddəsinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. Əmək Məcəlləsinin 7.5-ci maddəsinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 11.1-ci maddəsinin “ğ” bəndinə əsasən işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək işəgötürənin əsas hüquqlarındandır. Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 441.1-ci maddəsinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Mülki Məcəllənin 441.4-cü maddəsinə əsasən əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Əmək Məcəlləsinin 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, “işəgötürən” öz maddi vəsaiti hesabına “işçinin” zəruri bilik və bacarıqlarının artırılması məqsədi ilə onun ölkə hüdudlarından kənarda təlim keçməsini təmin etmiş, işçi isə bunun müqabilində əmək münasibətlərini minimum 3 il müddətində davam etdirməyi, öhdəsinə götürmüşdür. Qeyd edilənlər hər iki tərəfin öz razılıq əlamətini özündə ehtiva edən təlim müqavilələri ilə rəsmiləşdirilmişdir. İşçinin əmək müqaviləsinin xitamına dair təşəbbüsü birmənalı olaraq təlim müqaviləsi şərtlərini qəsdən pozmaqla işəgötürənə zərər vurulması, işəgötürənin çatmağı hədəflədiyi məqsədin puç olması kimi başa düşülməlidir və işçi işəgötürənin vəsaiti hesabına aldığı təlimin xərcini işəgötürənə qaytarmalıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında Cavabdeh Türkiyə Respublikasında Cobas 4000(c311), Cobas e411 Servis xidməti təlimlərində iştirakı ilə əlaqədar ödənilmiş 2326,82 manat və xx.xx.2023-cü il tarixli müqavilə əsasında X1 5800 təlimində iştirakı ilə əlaqədar ödənilmiş 2883,87 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5240,69 manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə (VÖEN:**********) ödənilməlidir. Cavabdeh 72,10 manat dövlət rüsumundan ödənilməmiş qalan 42,10 manat hissəsi tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə əsasında Cavabdeh Türkiyə Respublikasında Cobas 4000(c311), Cobas e411 Servis xidməti təlimlərində iştirakı ilə əlaqədar ödənilmiş 2326,82 manat və xx.xx.2023-cü il tarixli müqavilə əsasında X1 5800 təlimində iştirakı ilə əlaqədar ödənilmiş 2883,87 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5240,69 (beş min iki yüz qırx manat atmış doqquz qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı MMC-yə (VÖEN:**********) ödənilsin. Cavabdeh 72,10 manat dövlət rüsumundan qalan 42,10 (qırx iki manat on qəpik) manat hissəsi tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №e-2(004)-2489/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2489/2024
21.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver