Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2512/2022 23.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Yasamal rayon məhkəməsinin binasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə üzrə 820 manat məbləğində təhsil haqqı borcu, gecikdirilən hər gün üçün 0,1% olmaqla 180.4 manat həcmində dəbbə pulu və iddia ərizəsi üçün verilmiş 30 manat məbləğində dövlət rüsumunu, cəmi 1030.4 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1.-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Məhkəmə təqdim olunmuş yazılı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi həmin sübutlarla təsdiq edildiyindən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, 6 may 2019-cu il tarixdə İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X1 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 5.1-ci maddəsinə əsasən 1 tədris ili üçün təhsil haqqı 8000 azn təşkil edir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019-2020-ci tədris ili üzrə 820 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməmişdir. İddiaçı tərəfindən valideynə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanmış dəbbə pulunun ödənilməsi xahiş edilmişdir. Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair 06 fevral 2021-ci il tarixli xəbərdarlıq ünvanlanmışdır. Lakin bu xəbərdarlığa baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməmişdir. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci maddəsinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqını tam və vaxtında ödənilməsini tələb edə bilər. Əlavə olaraq, həmin müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valideyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürür. Cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilmişdir və heç bir dəbbə pulu hesablanmamışdır. Lakin cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədris ili bitdiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən son xəbərdarlıq göndərilən 06 fevral 2021-ci il tarixinədək dəbbə pulu hesablanmışdır. Belə ki, 820 manat borcun 0,1% faizi 0.82 manat edir və 17 iyun 2020-ci il tarixdən 06 fevral 2021-ci il tarixə qədər olan müddət nəzərə alınmışdır. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil etmişdir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf (valideyn) götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Müqavilənin 6.4cü bəndinə əsasən, hər hansı səbəbdən müqaviləyə xitam verilməsi sonradan vəzifələri icra etmək vəzifəsindən azad etmir. Müqavilənin 9-cu maddəsinə əsasən, mübahisələrin həlli qaydasına əsasən tərəflər arasında razılıq mümkün olmadıqda mübahisə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun müvafiq məhkəmə orqanı tərəfindən baxılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. -ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqlaicraedilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icraetməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən iddia tələbi təhsil haqqının tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə iş materiallarından görünür ki, cavabdeh müqavilə üzrə müəyyən ödənişlər etmədiyi nəticəsində təhsil müəssisəsi müqavilə şərtinə əsasən cərimə pulu hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmçinin Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesablanmış dəbbə pulunun təhsil haqqına münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak və digər əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq dəbbə pulu azaldılaraq 57 manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qsimən təmin edildiyindən 30 manat dövlət rüsumunun 26,30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq Qət etdim: İddia qismən təmin edilsin. Cavabdeh 820 manat təhsil haqqı, 57 manat cərimə borcu, cəmi 877 (səkkiz yüz yetmiş yeddi) manat məbləğində pul və 26,30 (iyirmi altı manat otuz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova İş N 2(004)-2512/2022 Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı İddiaçı Cavabdeh qarşı borc tələbi üzrə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında 23.05.2022-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında baxaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etdi. Prosessual hərəkət saat 17:00-da başladı. Prosessual hərəkət saat 17:20-də başa çatdı. Protokol 23.05.2022-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №e-2(004)-2512/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2512/2022
23.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver