Məhkəmə qərarları › İş №e-2(004)-256/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-256/2024

01.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-256/2024 01.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əsgərova Təhminə Xeybər qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, işdən azad edilməyi barədə xx.xx.2023-cü il tarixli 29/K nömrəli əmrin ləğv edilməsi, Cavabdeh ASCnin Bakı Sukanal İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi vəzifəsinə bərpa edilərək, məcburi iş buraxma müddəti üçün əmək haqqının və eyni zamanda mediasiya sessiyasının keçirilməsi ilə bağlı tərəfindən təktərəfli qaydada ödənilmiş 50 manat mediasiya xərcinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahetmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü il tarixdən Cavabdeh ASC-də müəyyən vəzifələrdə işləmişdir. xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin rəisinin xx.xx.2022-ci il tarixli 276/Ş əmri ilə 8 ay, 12 gün Bakı Sukanal İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin idarəetməsi ona həvalə edilmişdir. Bundan sonra Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin rəisi Habil Quliyevin xx.xx.2023-cü il tarixli 1 nömrəli müddətli əmək müqaviləsinə əsasən qeyd edilən tarixdən 13-cü dərəcə ilə Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinə rəisi vəzifəsinə keçirilmişdir. İşlədiyi müddətdə əmək funksiyasının şərtlərinə və vəzifə təlimatlarına əsasən əmək öhdəliklərini yerinə yetirmişdir. Bu müddət ərzində işəgötürən tərəfindən nə töhmət, nə də ki, yazılı xəbərdarlıq olunmuşdur. Əksinə Cavabdeh ASC tərəfindən yoxlama aparılarkən işi ilə bağlı müsbət rəylər almışdır. xx.xx.2023-cü il tarixdə (qeyri-iş günü) şöbə rəisi Elvin Əsgərov ona zəng edərək işə çıxmağını tələb etdi. Bildirdi ki, traktor, qaynaqçı və “İVECO” markalı maşın göndərir. Həmin texnikaların və qaynaqçının köməkliyi ilə 8 saylı kanalizasoya nasosxanalarının istismarı sahəsinin ərazisində yerləşən və istismardan çıxarılmış diametri 500 mm olan polad xətt kəsilərək kəsilərək idarənin həyətinə gətirilməlidir. O da şöbə rəisi Elvin Əsgərovun tapşırığını yerinə yetirmək üçün qeyd edilən əraziyə getdi. 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin ərazisində yerləşən turbaları kəsərək dəqiq ölçüləri ilə nasosxananın həyətinə yığırdı. Hətta bununla bağlı 3 nüsxədə təhvil-təslim aktı da tərtib edildi. Aktı da öz imzaları ilə təsdiq etdilər. Lakin bir müddət sonra onu idarəyə çağıraraq bildirdilər ki, tərəfindən işlər düzgün həyata keçirilməmiş, borularda pəncərələr normadan böyük ölçüdə kəsilmiş, demontaj olunmuş borulardan 2 ədəd boru satış məqsədilə rahat daşınması üçün müxtəlif ölçülərə bölünmüş və eyni zamanda boruların kəsilməsi zamanı yaranmış boru hissələri və montaj olunmuş borulardan bir hissəsi guya onun tərəfindən yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmış və pozuntu faktı müəyyən edildikdən sonra qanunsuz olaraq satılmış boru və digər parçalar geri qaytarılaraq 8 saylı kanalizasiya nasosxanasının ərazisinə yığılmışdır. Bu səbəbdən də tərəfindən müəssisənin mülkiyyətçisinin qanuni mənafeyinə ciddi xələl gətirdiyindən və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış xx.xx.2023-cü il tarixli 1 nömrəli müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2023-cü il tarixli 29/K nömrəli əmrlə xitam verilmişdir. Əmək Müqaviləsinə xitam verilməsi barədə məlumatı ilə ona Cavabdeh ASC-nin hüquqşünası Nümayəndə2 xx.xx.2023-cü ildə şəxsən zəng edərək bildirdi ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2023-cü il tarixdə verildiyi halda Nümayəndə2 xx.xx.2023-cü il tarixdə necə bilə bilər ki, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Belə nəticəyə gəlmək olar ki, işəgötürən əvvəlcədən heç bir əsaslı sübut olmadan X3 ilə razılaşaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini qərarlaşdırmışdır. xx.xx.2023-cü il tarixli 29/K nömrəli əmrin qanunsuz olmasının birinci dəlili ondan ibarətdir ki, işəgötürən xx.xx.2023-cü il tarixdə onu əmək funksiyasının yerinə yetirilməsini tələb etməklə əmək müqaviləsinin 4.23-cü bəndini və etni zamanda Əmək Məcəlləsinin 107-ci maddəsinin tələbini pozmuşdur. Bundan əlavə xx.xx.2023-cü il tarixli 29/K nömrəli əmrin surətindən göründüyü kimi işəgötürən Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsinin ləğvi zamanı razılaşmanın aparılmasının təmin edilməsi üçün müəssisədə fəaliyyət göstərən X2 müraciət ünvanlamış və daxil olmuş məktubla onunla bağlanmış müqavilənin ləğvinə etiraz edilməmişdir. Göründüyü kimi onun hüquqları müəssisədə fəaliyyət göstərən X3 tərəfindən də pozulmuşdur. Belə ki, barəsində qeyd edilən təşkilat tərəfindən əmək mübahisəsi ilə bağlı məsələyə baxılarkən hansı tarixdə iclasın keçirilməsi barədə şəxsən məlumatlandırılmamışdır və iclasda şəxsən iştirakı təmin edilməyib. Onu idarəyə çağırıb ərizə almaqla kifayətlənmişlər. Təşkilatın nizamnaməsinə uyğun olaraq onun iştirakı təmin edilməklə X3 tərəfindən geniş şəkildə iclas keçirilməli, iclas üzvləri işəgötürən tərəfindən təqdim edilmi və əmək müqaviləsinin ləğvinə əsas olmuş sübutları araşdırmaqla onunla bağlanmış müqavilənin ləğvinə münasibət bildirməli idi. Lakin sadaladığı hallar baş vermədən təşkilatın iclası formal keçirilmişdir. X3 tərəfindən onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməyi məsələsinə mahiyyəti üzrə baxılmamış və qanuni şəkildə qərar qəbul edilməmişdir. X1 iclas protokolu ortaya çıxarılmadığından həmin iclasın həqiqətən də keçirilib-keçirilməməsi, iclasda neçə nəfərin iştirak etməsi və neçə nəfərin çıxış etməsi, çıxışların məzmunu ona məlum deil. Həmçinin xx.xx.2023-cü il tarixli 29/K nömrəli əmrin qanunsuz olması barədə növbəti dəlili ondan ibarətdir ki, tərəfindən 8 saylı nasosxanalarının istismarı sahəsinin ərazisində yerləşən və istismardan çıxarılmış diametri 500 mm olan polad xəttlər Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin balansında deyil. Borular nasosxananın həyətinə yığıldıqdan sonra 3 nüsxədə təhvil-təslim aktı tərtib edildi və akt iş icraçılarının tərəfindən imzalandı. Lakin Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin rəhbərliyi barəsində əsassız ittihamlar sürərək bildirdi ki, guya tərəfindən işlər düzgün həyata keçirilməmiş, borularda pəncərələr normadan böyük ölçüdə kəsilmiş, demontaj olunmuş borulardan 2 ədəd boru satış məqsədilə rahat daşınması üçün müxtəlif ölçülərə bölünmüş və eyni zamanda boruların kəsilməsi zamanı yaranmış boru hissələri və montaj olunmuş borulardan bir hissəsi guya onun tərəfindən yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmış və pozuntu faktı müəyyən edildikdən sonra qanunsuz olaraq satılmış boru və digər parçalar geri qaytarılaraq 8 saylı kanalizasiya nasosxanasının ərazisinə yığılmışdır. Əmrdə qeyd edilənlər həqiqəti əks etdirmir, belə ki, tərəfindən mütal qəbul məntəqəsinə heç bir boru satılmamışdır. Həmin ərazidə işləyən işçilər belə bir faktı təsdiq edə bilərlər ki, ərazidən çıxarılan borular hansı qaydada 8 saylı kanalizasiya nasosxanalarının ərazisinə yerləşdirilmişdir. Bundan əlavə xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin 4 saylı kanalizasiya nasos stansiyasının istismarı şöbəsində mühəndis vəzifəsində işləmişdir. Eyni zamanda da Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsinin rəisinin xx.xx.2022-ci il tarixli 276/Ş əmri ilə 8 ay, 12 gün Bakı Sukanal İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin idarəetməsi ona həvalə edilmişdir. Qeyd edilən vəzifəni o, 8 ay, 12 gün tam şəkildə icra etmişdir. Lakin Cavabdeh ASC-nin Bakı Sukanal İdarəsi tərəfindən qeyd edilən vəzifə üzrə əmək haqqına əlavə müəyyən edilib ödənilməmişdir. Mühəndis vəzifəsi ilə sahə rəisi arasındakı vəzifə maaşı üzrə fərq 224 manat təşkil edir (2022-ci il tarixli istehsalat təqviminə əsasən 8 ay*224 manat = 1792 manat, 224 manat/ 21 gün *12 gün =128 manat, 1792 manat+128 manat= 1920 manat). Lakin işəgötürən tərəfindən Əmək Məcəlləsinin tələbləri pozularaq 1920 manat vəzifə maaşı üzrə fərq ona ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçıizahatında bildirmişdir ki, borular onun işlədiyi stansiyanın həyətində idi. Borular Sabunçu rayonunun ərazisində, Bülbülə gölünün yanında olub. Bəziləri yerin altında olub, sadəcə orada park tikiləcəyi üçün boruları çıxartmalı olublar. Ona göstərişi Cavabdeh ASC-nin Sukanal İdarəsinin rəisi Habil Əliyev verib. Ona şəxsən şöbə rəisi Elvin Əsgərov deyib. Bu hadisədən bir neçə gün sonra Habil Əliyevin birinci müavini dedi ki, könüllü ərizə yaz, o isə etiraz etdi. 3-4 gün sonra ona zəng edib işdən azad olunduğu bildirildi. Borunu satmağa işçilər idarənin maşını ilə aparıblar. O sadəcə boruların çıxardılıb stansiyaya gətirilməsi ilə bağlı tapşırıq vermişdir və ona nəzarət etmişdir. Orada mühəndis olmalı idi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Tərəf əmri iyunun 2-i alıb. Məsələ biraz yubanıb, hadisədən dərhal sonra tərəf xəstəlik vərəqəsi götürüb işə gəlməyib. Bununla bağlı Səhiyyə Nazirliyinə, Təbibə yazıb bülletenin ləğvi ilə bağlı müraciətlər olunub. Əmr poçt vasitəsi ilə də göndərilib və tərəf özü də gəlib götürüb. Görülən cari iş iş əmrinə əsasən aparılıb. Borular söküləndən sonra bir hissəsi metal qəbul məntəqəsinə təhvil verilib. Tərəfi hüquq-mühafizə orqanı saxladı, sonra bizə məlum oldu. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərmişdir ki, 8 saylı stansiyada baş maşinist işləyir, İddiaçı onun rəisi olmuşdur, ona Sabunçu gölündə işləməklə bağlı tapşırıq verilməyib, ancaq o, həmin yerdə işləmiş, boru götürməmişdir. Kəsik boruları stansiyanın həyətinə göstəriş əsasında Cavabdeh ASC-nin 2-3 nəfər işçisi gətirmişlər, ola bilsin ki, Rəşad rəis olduğu üçün orada olmuşdur. Ancaq satışı Rəşad həyata keçirməyib, yəqin ki, yuxarıdan kimsə satıb. xx.xx.2023-cü il tarixli aktı o imzalamamış, orada mövcud olan imza ona məxsus deyildir, onun imzasına bənzədilmişdir. 6 may tarixində o, məzuniyyətdə olmuşdur. Satışı kimin həyata keçirdiyini bilmir, ancaq onların işinə rəhbərliyi Rəşad həyata keçirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan 276/Ş nömrəli, xx.xx.2023-cü il tarixli əmrə əsasən “Bakı Sukanal” İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin idarəetməsi müvəqqəti olaraq 4 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin mühəndisi İddiaçı həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC “Bakı Sukanal” İdarəsində sahə rəsi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan 01/K nömrəli, xx.xx.2023-cü il tarixli əmrə əsasən İddiaçı – “Bakı Sukanal” İdarəsinin 4 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin mühəndisi ilə bağlanmış yeni əmək müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdən 13-cü dərəcə ilə “Bakı Sukanal” İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinə sahə rəisi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan Cavabdeh ASC “Bakı Sukanal” İdarəsinin 30 may 2023-cü il tarixli, 13-16-4/2-01/1068-23 nömrəli xx.xx.2023-cü il tarixli ərizəyə cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin ərazisində yerləşən və istismardan çıxarılmış diametri 500 mm olan polad xəttin demontaj işləri İddiaçı tərəfindən icra edilmişdir. Müəyyən edilmişdir ki, demontaj işləri icra edilərkən boruların kəsilməsi düzgün həyata keçirilməmiş, borularda pəncərələr normadan böyük ölçüdə kəsilmiş və eyni zamanda boruların kəsilməsi zamanı yaranmış boru hissələri və demontaj olunmuş boruların bir hissəsi qanunsuz olaraq yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmışdır. Fakt müəyyən edilmiş və aparılmış boru və digər parçalar geri qaytarılmışdır. Yol verilmiş pozuntu nəticəsində müəssisənin, mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirilmişdir. İş materiallarında olan 29/K nömrəli, xx.xx.2023-cü il tarixli əmrə əsasən ilə “Bakı Sukanal” İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2023-cü il tarixindən ləğv edililmişdir. İş materiallarında olan Bakı şəhəri Sukanal müəssisələri Həmkarlar İttifaqının “Bakı Şəhər Komitəsi” tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli 2 nömrəli məktubdan görünür ki, araşdırma zamanı “Bakı Sukanal” İdarəsinin 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən əmək vəzifəsini kobud pozduğu müəyyənləşdirildi. İddiaçı ilə “Bakı Sukanal” İdarəsi arasında olan əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tələblərinə uyğun olaraq ləğv edilməsinə etiraz etmirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmrlə bağlı məlumatlandırma və əmək kitabçasının təqdim edilməsi ilə əlaqədar aktdan görünür ki, əmək vəzifələrini kobud şəkildə pozduğuna görə xx.xx.2023-cü il tarixindən əmək müqaviləsi ləğv edilmiş 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı oğli ilə xx.xx.2023-cü il saat 17:00 radələrində telefon əlaqəsi saxlanıldı, barəsində imzalanmış xx.xx.2023-cü il tarixli, 29/K saylı əmrlə bağlı məlumatlandırıldı, əmr və əmək kitabçasının götürməli olması diqqətinə çatdırıldı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pozuntu faktı barədə akta əsasən müəyyən edilir ki, yaradılmış 13106997 nömrəli iş əmri əsasında 8(11) saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin ərazisində yerləşən və istismardan çıxarılmış diametri 500 mm olan polad boruların demontaj işləri 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı tərəfindən icra edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində demontaj işləri düzgün həyata keçirilməmiş, borlarda pəncərələr normadan böyük ölçüdə kəsilmiş, demontaj olunmuş borulardan 2 ədəd boru satış məqsədi ilə rahat daşınması üçün müxtəlif hissələrə bölünmüş və eyni zamanda boruların kəsilməsi zamanı yaranmış boru hissələri və demontaj olunmuş borulardan bir hissə işə rəhbərlik edən 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı tərəfindən yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmış və pozuntu faktı müəyyən edildikdən sonra qanunsuz olaraq satılmış boru və digər parçalar geri qaytarılaraq 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin 11 saylı nasosxanasının ərazisinə yığılmışdır. İş materiallarında olan İddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, törətdiyi əməllərdən peşmanlıq keçirir və bir daha belə hallara yol verməyəcəyini bildirir. Eyni zamanda öhdəsində 2 azyaşlı uşaq olduğunu nəzərə alaraq ona uyğun bir işlə etmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndinə əsasən işçi tərəfindən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Cavabdeh ASC “Bakı Sukanal” İdarəsində sahə rəsi vəzifəsinə təyin edilmişdir. İş materiallarına təqdim edilmiş xx.xx.2023-cü il tarixli pozuntu faktı barədə aktdan görünür ki, yaradılmış 13106997 nömrəli iş əmri əsasında 8(11) saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin ərazisində yerləşən və istismardan çıxarılmış diametri 500 mm olan polad boruların demontaj işləri 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı tərəfindən icra edilmişdir. Müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixində demontaj işləri düzgün həyata keçirilməmiş, borlarda pəncərələr normadan böyük ölçüdə kəsilmiş, demontaj olunmuş borulardan 2 ədəd boru satış məqsədi ilə rahat daşınması üçün müxtəlif hissələrə bölünmüş və eyni zamanda boruların kəsilməsi zamanı yaranmış boru hissələri və demontaj olunmuş borulardan bir hissə işə rəhbərlik edən 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin rəisi İddiaçı tərəfindən yaxınlıqda yerləşən metal qəbul məntəqəsinə satılmış və pozuntu faktı müəyyən edildikdən sonra qanunsuz olaraq satılmış boru və digər parçalar geri qaytarılaraq 8 saylı kanalizasiya nasosxanalarının istismarı sahəsinin 11 saylı nasosxanasının ərazisinə yığılmışdır. Akt əsasında müəyyən edilən hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmçinin bu pozuntu nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gəlmişdir. Həmçinin iş materiallarına əlavə edilən İddiaçı tərəfindən ünvanlanmış xx.xx.2023cü il tarixli ərizə ilə peşmanlığını bildirməsi akt əsasında müəyyən edilən halların iddiaçı tərəfindən törədilməsini təsdiq edir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirlən şahidin ifadəsi ziddiyyətli olmuş, şahid F.N.Dadaşov İddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmaması ilə bağlı halları təsdiq edə bilməmiş, buna görə də məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq həmin ifadələri inandırıcı hesab etmir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar