Məhkəmə qərarları › İş №e-2(004)-2569/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-2569/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-2569/2022 15.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Bakı Kommersiya Məhkəməsi tərəfindən Yasamal Rayon Məhkəməsinə göndərilmiş iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işin baxılmağa qəbul edilməsi mümkünlüyünü yoxlayaraq QƏRARA ALDİM: İddiaçı cavabdehə qarşı cavabdehin üzərinə iddiaçıya dəymiş ziyanın 3.654.188,82 manat pul vəsaitinin iddiaçının hesablaşma hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 07 saylı 06.06.2011-ci il tarixli podrat müqaviləsinə əsasən cavabdeh əsaslı təmir-tikinti işlərinin görülməsini, iddiaçı isə həmin işlərin dəyərinin ödənilməsini öhdələrinə götürmüşlər. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş, təmir-tikinti işlərini keyfiyyətsiz qüsurlarla yerinə yetirmişdir. Həmin qüsurlar iddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən aradan qaldırılmamış və həmin qüsarların aradan qaldırılması üçün lazımi vəsait də cavabdeh tərəfindən ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsi hazırkı mülki işin ümumi məhkəməyə aid olmasını hesab edərək özünün 21.02.2022-ci il tarixli 2-2(113)-43/2022 saylı qərardadı ilə işi aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 saylı Qərarının 23-cü bəndində mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı məhkəmələrə izah edilmişdir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Həmçinin, nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 26.2-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının (Vergilər Nazirliyinin) vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizələrinə kommersiya işi kimi kommersiya məhkəmələrində baxılmasının mümkünlüyü nəzərdə tutulmaqla dövlət orqanının kommersiya mübahisəsində tərəf olması istisna edilməmişdir. Hazırkı mülki iş üzrə işdə iştirak edən şəxslər hüquqi şəxslərdir. Mübahisənin predmetini tərəflər arasında mülki hüquqi əqddən yaranmış tələb təşkil edir. İddiaçının sahibkarlıq subyekti olan cavabdehə qarşı tələbi iqtisadi məzmunludur. Odur ki, hesab edirəm ki, tərəflər arasında yaranmış mübahisəyə kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəllənin 32.7.-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Məhkəmələr arasında fikir ayrılığı olduğundan mülki iş aidiyyət məsələsinin həll edilməsi üçün kassasiya instansiyası məhkəməsinə göndərilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7, 263- 264-cü maddələrinə əsasən QƏRARA ALDİM: Mülki iş aidiyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim Təhminə Xəlilova İş № 2(004)-2569/2022 Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı Bakı Kommersiya Məhkəməsi tərəfindən Yasamal Rayon Məhkəməsinə göndərilmiş iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi zərər tələbinə dair mülki işin baxılmağa qəbul edilməsi mümkünlüyünü 15 aprel 2022-ci il tarixdə saat 14:00-da Bakı şəhərində məhkəmənin binasında yoxlayaraq məhkəmədən kənar ayrıca prosessual hərəkət edərək, mülki işin aidiyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət 15 aprel 2022-ci il tarixdə saat 14:20-də başa çatdı. Protokol 15 aprel 2022-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar