Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-257/2024 29.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X10, X7, X2, X3, X11, X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10, X7, X2, X3, X11, X1 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmaqla Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh və onun himayəsində olan övladları X14 və X8 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev 4 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 1999-cü il tarixli Qeydiyyat vəsiqəsinə əsasən 1/40 hissəsi onun xüsusi mülkiyyətindədir. Cavabdeh 2018-ci ilə kimi başqa ünvanda qeydiyyatda idi. Ondan ona digər bir mənzili bağışlayana qədər müvvəqəti olaraq qeydiyyata alınmasını xahiş etdiyindən və qızı olduğundan o, Bakıda xüsusi mülkiyyətində olan mənzilinə müvəqqəti qeydiyyata alınmasına 2018-ci il tarixində razılıq vermişdir. O, elə həmin ildə xüsusi mülkiyyətindən olan 61,10 kv.m olan mənzilin 1 otaq (y/s-17.2 kv.m) hissəsini qızına bağışlamışdır. Hazırda da bağışladığı mənzildə yaşayır və həmin mənzilə də qeydiyyata düşə bilər. Bundan əlavə onun əlavə üç otaqlı mənzili və bir neçə qeyri-yaşayış sahəsi vardır. Bütün bunlara baxmayaraq o, qərəzli olaraq onun xüsusi mülkiyyətində olan mənzilindən pasport qeydiyyatından çıxmır. O, ona bunu bildirdikdə isə onu döyür. Döyülməyi ilə bağlı o, polisə müraciət etmişdir. Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinin 08 avqust 2023cü il tarixli və 18 sentyabr 2023-cü il tarixli qərarlarında döyülməyi öz əksini tapmışdır. Lakin bundan sonra Cavabdeh onun xüsusi mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxmadı. Amma onun formal olaraq qeydiyyatı onun xüsusi mülkiyyəti olan mənzilindədir. O, Cavabdeh pasport qeydiyyatından çıxarılması ilə bağlı Yasamal rayon Polis İdarəsinə müraciət etsə də imtina edilmişdir. Göründüyü kimi, cavabdehlə mübahisəli mənzillə bağlı hüquq münasibəti 2021-ci ildə yaranmışdır. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh və onun himayəsində olan övladları X14 və X8 fərdi yaşayış evinin paylı mülkiyyət hüququ ilə 1999-cu il tarixli Qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətində olan 1/40 hissəsi üzrə ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz verərək bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh və onun himayəsində olan övladları X14 və X8 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsində göstərilənlərə öz etirazını bildirmişdir. Hal-hazırda İddiaçı onun, yəni Cavabdeh və onun himayəsində olan övladları X4 və X8 ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi barədə iddia tələbi əsassız, qanunsuz, qeyri-obyektiv və onun və övladlarının hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuş tələbdir. İlk öncə qeyd etmişdir ki, iddianın təmin edilməsi üçün baxılan hissədə cavabdehin sözügedən yaşayış evinə istifadə hüquqlarının yaranıbyaranmamasına qiymət verilməlidir. Belə ki, iddiaçının belə tələblə çıxış etməsi həmin hüququn yarandığına (yaxud mövcudluğuna) dəlalət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, iddiaçı - anası, İddiaçı və onun arasında qohumluq münasibəti mövcuddur. Sözügedən yaşayış sahəsi ailə üzvlərinin yaşayış evi olmuşdur. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən “Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə elmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.” Beləliklə, iddiaçının cavabdehə qarşı tələbi əsassızdır və iddianın təmin edilməsi qanuni əsas təşkil etmir. Hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi qanunsuz və əsassız olduğundan, cavabdehin hüquqlarını pozduğundan təmin olunmamalıdır. Məhkəmədən iddia ərizəsinə etirazının qəbul edilməsi, İddiaçı tərəfindən verilmiş iddia ərizəsinin təmin edilməməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iş materiallarında olan 1999-cu il tarixli qeydiyyat vəsiqəsinə əsasən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Əlibaba Abdullayev 4 ünvanında yerləşən fərdi yaşayış evinin 1/40 hissəsi üzrə mülkiyyətçisidir. Mənzil Kommunal Təsərrüfat Birliyinin sorğusuna əsasən cavabdeh və onun uşağı həmin mənzilə anasının razılığı ilə 2018-ci il tarixdə qeydiyyata düşmüşlər. Qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə mənzil də bağışlanmışdır. Həmçinin onların verdiyi sorğuya əsasən ƏMDK yanında DƏDRX-nin 01 saylı Bakı Ərazi İdarəsinin cavab məktubuna əsasən cavabdehin iddiaçının ona bağışladığı mənzildən əlavə bir qeyri-yaşayış sahəsi var, bundan başqa cavabdehin müqavilə əsasında əlavə bir mənzili də var. Bütün qeyd olunanlara əsasən bildirdi ki, cavabdehin yaşayış üçün yeri var, imkanı üçün qeyri-yaşayış sahəsi var, eyni zamanda iddiaçı tərəfindən ona bağışlanmış mənzil də var. Cavabdehin həmin ünvanda qeydiyyatda qalması iddiaçının hüquqlarını pozur. Eyni zamanda bildirdi ki, iş materiallarında Bakı Apellyasiya Məhkəməsinin şəxsin məsuliyyətə cəlb edilməsi barədə qanuni qüvvəyə minmiş qərarı var. Cavabdeh tərəfindən hazırlıq iclasında sübutlar təqdim olunmalı idi, lakin cavabdehin elektron kabinetinin olmasına baxmayaraq, o, məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh 2010-cu ildən, alilə qurduqdan sonra ər evinə köçmüş və həmin gündən də, bir gündı olsun mübahisəli evdə yaşamamışdır. Onda olan məlumata görə cavabdeh heç əvvəllərdə mübahisəli mənzildə yaşamamış, onlar ailəcə iddiaçının sonradan bir hissəsini cavabdehə bağışladığı mənzildə yaşamış, cavabdeh həmişə də o mənzildə qeydiyyatda olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddaya etiraz ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, iddiaçı onu ləyaqətsiz vərəsə kimi tanıtmaq istəyir, lakin o, heç vaxt anasını döyməyib, əksinə iddiaçı onu dəfələrlə döyüb və o, onlayn müraciət etdikdən sonra onların işinə məhkəmədə baxılmış və bu barədə qərar qəbul edilmişdir. Buna görə iddiaçı barəsində iki dəfə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd etmişdir ki, onun nə yaşamağa, nə də qeydiyyata düşməyə başqa yeri yoxdur. Onlar ailəcə həmişə hazırki mübahisəli evdə yaşamış, sonra atası ilə anası boşandığından atası rəsmi qeydiyyatda olduqları evdə qalmışdır. O, 2010-cu ildə ailə qursada, hazırda nikahı pozulmuşdur və himayəsində iki azyaşlı övladı var. Anası ona bağışladığı evi isə ona tasının isdəyi ilə bağışlamışdır. Hazırda həmin evi də satmışdırlar. Digər mənzil isə ona dövlət tərəfindən verilibdir. Mübahisəli mənzildə hazırda yaşamasa da, hesab edir ki, orda onunda haqqı vardır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları ünvan üzrə bildirişlər göndərilmiş, lakin bildirişlərin onlara çatdırılması mümkün olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya FM, 014054 saylı qeydiyyat vəsiqəsinə əsasən Abşeron küçəsindəki 22 otaqdan ibarət 358 saylı yaşayış sahəsinin 607,5 kv.m. ümumi sahəsindən (hazırki ünvan ünvan 3 İddiaçı adına, xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmiş və bu barədə 67 saylı reyestr kitabında 326 səhifəsində 30/471 qeydə alınma nömrəsi ilə xx.xx.1999-cu il tarixində qeydiyyat aparılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nörməli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 60, 3 nömrəli mənzil İddiaçı adına tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı tam mülkiyyət üzrə ona məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61,1 kv.m, yaşayış sahəsi 46,5 kv.m., yardımçı sahəsi 14,6 kv.m. olan 3 otaqlı mənzildən 17.2 kv.m. hissəsini qızı Cavabdeh hədiyyə etmişdir (bağışlamışdır). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 60, 3 nömrəli mənzilin 01 otağı (y/s- 17,2 kv.m.) Cavabdeh adına xx.xx.2018-ci il tarixdə, 02 otağı (y/s-29,3 kv.m., k/s-14,6 kv.m.) İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. - Yasamal RPİ-nin 28-ci PŞ-nin baş təhqiqatçısı Faiq Süleymanovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh müəyyən edilərək Azərbaycan Respublikası İXMnin 157-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması, həmçinin tərəflərin münaqişəli olduqlarından münaqişəli ailə kimi qeydiyyata alınmaları məsələsinin həlli üçün qərarın surətinin Yasamal RPİ-nin 28-ci PŞ-nin aidiyyatı əməkdaşlarına verilməsi qərara alınmışdır. - Yasamal RPİ-nin 28-ci PŞ-nin təhqiqatçısı Roman Məmmədovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarına əsasən qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq, vət. Cavabdeh və İddiaçı qarşılıqlı müraciətləri əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Cavabdeh və X9 barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci (döymə) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin aidiyyatı əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 01 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 60, 3 saylı mənzilin bir hissəsi (1 otaq, yaşayış sahəsi 17,2 kv.m.) Cavabdeh adına xx.xx.2018-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 71.6 kv.m. təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh adına xx.xx.2020-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 60 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 49 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən Cavabdeh xx.xx.2018-ci il tarixdən, X14 xx.xx.2018-ci il tarixdən, X15 xx.xx.2018-ci il tarixdən Bakı şəhəri, Yasamal rayonu, Ə.Abdullayev küçəsindəki 04 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. - “Elektron Məhkəmə İnformasiya” Sistemindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 60, 3 nömrəli mənzilin 3 otağı, 61,10 kv.m. ümumi sahəsi Cavabdeh mülkiyyətindədir. - Azərbaycan Respublikası “Qurtuluş-93” yaşayış kompleksinin arayışına əsasən Cavabdeh həqiqətən də, Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, 7 saylı evin 22 saylı mənzilində müqaviləyə əsasən yaşayır. -“Elektron Məhkəmə İnformasiya” Sistemindən Çıxarışa əsasən Cavabdeh iki övladı var: xx.xx.2011-ci il təvəllüdlü X14 və xx.xx.2011-ci il təvəllüdlü X15. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda — müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda — həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda — hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələri, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i.a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i.a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə — həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə — onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə — bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə — bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə — orada olduğu bütün müddətdə; 7) həbs olunduqda — istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət işi üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə — təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə görə isə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, «mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İcarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.». «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 nömrəli Qərarına əsasən kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələrilə əlaqədar, kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. İşin halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin 1/40 hissəsi İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. xx.xx.2018-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı tam mülkiyyət üzrə ona məxsus ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 61,1 kv.m, yaşayış sahəsi 46,5 kv.m., yardımçı sahəsi 14,6 kv.m. olan 3 otaqlı mənzildən 17.2 kv.m. hissəsini qızı Cavabdeh hədiyyə etmişdir (bağışlamışdır). O vaxta kimi Cavabdeh öz aşyaşlı övladları ilə birlikdə 2018-ci il tarixdə mübahisəli mənzilə iddiaçının razılığı ilə qeydiyyata düşmüşdür. Azərbaycan Respublikası “Qurtuluş-93” yaşayış kompleksinin arayışına əsasən Cavabdeh həqiqətən də, Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, 7 saylı evin 22 saylı mənzilində müqaviləyə əsasən yaşayır. Bundan əlavə ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 71.6 kv.m. təşkil edən qeyriyaşayış sahəsi də Cavabdeh mülkiyyətindədir. İşin bu halları tərəflərin etiraf edici izahatları ilə də, öz təsdiqini tapmışdır. Eyni zamanda işin araşdırılmış halları ilə o da, müəyyən edilmişdir ki, cavabdeh iddiaçının ailə üzvü olmaqla xx.xx.1983-cü il təvəllüdlüdür. Mübahisəli mənzilin 1/40 hissəsi İddiaçı adına, xüsusi mülkiyyət kimi, bu barədə 67 saylı reyestr kitabında 326 səhifəsində 30/471 qeydə alınma nömrəsi ilə xx.xx.1999-cu il tarixində qeydiyyatdan keçmişdir. Məhkəmə həmin dövrdə iddiaçının azyaşlı övladı olan cavabdehin də, ailə üzvü kimi ailəsi ilə birlikdə ərə gedenədək mübahisəli mənzildə yaşamasını ağlabatan hesab edir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə isə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” İşin halları ilə müəyən edilmişdir ki, cavabdeh 2010-cu il tarixdə ailə quraraq ər evinə köçmüş, iddiaçı cavabdehə başqa bir mənzil bağışlamış, bundan başqa müqavilə əsasında cavabdehin adına (istifadə və sahibliyində) Abşeron rayonu, Masazır kəndi, “Qurtuluş-93” yaşayış kompleksi, İstiqlaliyyət küçəsi, 7 saylı evin 22 saylı mənzili də, mövcuddur. Cavabdehin öz etirafına əsasən 2010-cu il tarixdən, yəni ailə qurduqdan sonra mübahisəli mənzildə yaşamır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh azyaşlı övladları X14 və X15 ilə birlikdə İddiaçı xüsusi mülkiyyət hüququ üzrə məxsus 1/40 hissədən ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh azyaşlı övladları X14 və X15 ilə birlikdə İddiaçı xüsusi mülkiyyət hüququ üzrə məxsus 1/40 hissədən ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-257/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-257/2024
29.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver