Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2572/2024 09.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mənzildən çıxarılma tələbi barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzildə yaşayış və istifadə hüququnun tanınması tələbi barədə qarşılıqlı iddia tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı mənzildən çıxarılma barədə ilkin iddia tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, 07 noyabr 2014-cü il təvəllüdlü övladı - X3 bütün əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34 saylı mənzilindən məcburi şəkildə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsindəki 40 saylı evin 34 saylı mənzil (bundan sonra mübahisəli mənzil) iddiaçının xüsusi mülkiyyətindədir. Həmin mənzil 16 noyabr 2002-ci il tarixdə BŞİH Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xüsusi mülkiyyət kimi iddiaçının adına hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə seriya ÖM, 123830 nömrəli Qeydiyat Vəsiqəsi verilmişdir. 2013-cü ildə iddiaçının ailə dostu X2 Ayaz Firudin oğlu evləndiyi üçün, iddiaçı ona həmin mənzildə bir müddət yaşamalarına icazə vermişdir. Bununla da, X4 Cavabdeh ilə evləndikdən sonra və birgə nikahlarından 2014-cü ildə doğulmuş X6 da onlarla birgə həmin mənzildə yaşamışlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Ayaz Əfəndizadə 2023-cü ilin avqust ayından həmin mənzildə yaşamır. Bundan başqa iddiaçının oğlu Əliyev Fikrətin də nikahı pozulmuşdur və bu səbəbdən də, onun yaşaması üçün mənzilə ehtiyacı yaranmışdır. Qeyd olunanlar səbəbindən iddiaçı cavabdehdən mənzildən çıxmasını xahiş etmişdir, lakin iddiaçı çıxmaq istəmədiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən – mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən мülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Göründüyü kimi cavabdeh iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan mənzili zəbt edib və iddiaçının mənzilə köçüb yaşamağa və mülkiyyətindən istədiyi kimi istifadə edib sərəncam verməyə imkan vermir. Cavabdehin bu hərəkətləri iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Həmçinin məhkəmənin nəzərinə çatdırmışdır ki, cavabdeh bu müddət ərzində əvəzsiz olaraq və qarşılığında hər hansı pul vəsaiti ödəməyərək iddiaçıya məxsus mənzildə yaşamışdır. İddiaçı ilə cavabdehin keçmiş qaynanası Lalə Süleymanova arasında müvafiq razılıq olmuşdur ki, yeni ailə qurmuş Ayaz və Günel mənzil məsələləri həll olunanadək mübahisəli mənzildə yaşasınlar. Lakin hazırda iddiaçının mübahisəli mənzilə ehtiyacı yarandığı üçün, eyni zamanda Ayaz və Günel boşandıqları üçün, iddiaçının mülkiyyətçi kimi cavabdehdən mənzili boşaltmağı tələb etməyə tam haqqı və hüququ var. Cavabdehin mübahisəli mənzilə hər hansı hüququ yoxdur və belə bir hüquq heç vaxt olmamışdır. Cavabdeh iddiaçının ailə üzvü deyil və onlar arasında hər hansı qohumluq əlaqəsi mövcud deyil. Eyni zamanda tərəflər arasında cavabdehin mübahisəli mənzilə istifadə hüququnun yaranması üçün əsas olan hər hansı notariat qaydada müqavilə də bağlanılmamışdır. Beləliklə cavabdehin mübahisəli mənzildə yaşamaq üçün hər hansı hüquqi əsası olmadığı üçün, o, və yetkinlik yaşına çatmayan övladı məcburi şəkildə əşyaları ilə birlikdə mübahisəli mənzildən çıxarılmalıdır. Qarşılılqı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzildə yaşayış və istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və qızı xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelinin cavabdeh İddiaçı Ramil qızının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, 34 saylı mənzilində yaşamaq və həmin mənzildə istifadə hüququnun tanınmasının təmin edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mənzildə yaşamaq və mənzildə istifadə hüququnun tanınması iddianın predmetini təşkil edir. İddia qiymətləndirilməyən olduğu üçün onun qiyməti yoxdur. O, və övladı xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, 34 saylı mənzilində yaşamaq və həmin mənzildə istifadə hüququnun tanınmasını tələb edir. O, və X4 ilə məktəb vaxtından tanış olmuşlar və təxminən 2007-ci ildə nişanlanmışlar. Buna baxmayaraq beş il sonra evlənmişlər. Çünki ailələri arasında razılıq əldə olunmuşdur ki, yaşayacaqları mənzil alınıb təmir olunandan sonra evlənib həmin mənzilə köçəcəklər. Bu məqsədlə qaynanası X5 xx.xx.2007-ci ildə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı 132 saylı mənzili "xxxx" MTK-dan almışdır. Lakin həmin mənzil kreditlə götürülmüşdü, onun təmir edilməsi ləngiyirdi, yalnız 2012-ci ilin iyununda mənzilin pulunun tam ödənilməsi başa çatdı. Beləliklə elə o, vaxtdan Hüseynova Lalə onun Ayaz ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən mənzilə köçürülməyinə razılıq vermişdi. Təxminən 2011-ci ildə onların ailələri - onun və Ayazın valideynləri, o cümlədən o, və Ayaz qərara gəldilər ki, onlar Xətai rayonu, Gəncə prospektində yerləşən mənzili Ayazın doğulub yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi, 40 saylı binada qonşu olduğu İddiaçı 34 saylı mənzili ilə dəyişdirsinlər. Hər iki tərəf buna razılaşdı. Beləliklə hər iki tərəf faktiki olaraq mənzilləri dəyişdirdi. Çünki Xətai rayonu, Gəncə prospektində yerləşən mənzilə dair çıxarış alınması o vaxt və indi mümkün olmadığına görə rəsmi şəkildə dəyişdirmə baş tutmamışdır. Nəhayət onlar X4 ilə xx.xx.2013-cü ildə Bakı şəhəri, Həsən Əliyev küçəsində yerləşən Asan Xidmət Mərkəzində nikahlarını qeyd etdirməklə evləndilər və xx.xx.2013-cü ildə el adəti ilə toy edib həmin günü Ayaz ilə birlikdə ünvan 1 ünvanına gəlin köçdü. O, və qızı indiyədək həmin ünvanda yaşayırlar. Bütün cehiz əşyalarını bu ünvana gətirmişdir. Beləliklə İddiaçı, onun oğlu Əliyev Fikrət və arvadı Əliyeva Məryəm Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, İddiaçı məxsus olan 34 saylı mənzili ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Hüseynova Laləyə məxsus olan 132 saylı mənzili dəyişdilər. Əliyev Fikrət və arvadı Əliyeva Məryəm təxminən 2011-ci ildən həmin mənzili təmir etməyə, təxminən 2012-cil ildə isə orada yaşamağa başlamışlar. 3-4 il bundan qabaq Əliyev Fikrət və Əliyeva Məryəm boşandılar, sonradan Əliyeva Məryəm Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980/81-ci məhəllədə yerləşən binanın 2-ci girişindəki 120.37 kv.m-dən ibarət olan 4 otaqlı Hüseynova Laləyə məxsus olan 132 saylı mənzili kirayə verdi, əldə etdiyi sonuncu məlumata görə Əliyeva Məryəm və 3 uşağı hazırda həmin mənzildə yaşayırlar. Birgə nikah dövründə xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adel doğulmuşdur. Qızı Səbail rayonunda yerləşən 160 nömrəli tam orta məktəbdə 3-cü sinifdə təhsil alır. O, və Ayaz 10 il birgə nikahda olmuş, lakin ona xəyanət etməsinə görə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə boşanmışlar. Həmin qətnamə ilə xx.xx.2014-cü il təvəllüdlü Əfəndizadə Adelin onun yanında yaşaması qərara alınmışdır. Aralarında yaranmış münaqişə əlaqədar olaraq Ayaz birgə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, 34 saylı mənzilindən köçmüşdür. Belə ki, xx.xx.2023-cü ildə ona xəsarət yetirməsinə görə Yasamal RPİ-nin 28-ci PB-nə ondan şikayət etmişdir. Həmin gün bölmənin təhqiqatçısı Azər müəllimə izahat vermişdir. Təxminən xx.xx.2023-cü ildə ekspertizadan keçmiş və ekspert rəyi ilə baş, üz və qol nahiyələrinə, eyni zamanda dodağına xəsarətlərin vurulması öz təsdiqini tapmışdır. Lakin ondan üzr istədiyinə görə Ayaz barəsində şikayətini geri götürmüşdür. İddiaçı ünvan 1 ünvandan onun məcburi şəkildə çıxarılmağı barədə Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır, mülki iş xx.xx.2024-cü il tarixdən məhkəmənin icraatındadır. Hazırda onun və yeganə övladının yaşamağa yeri yoxdur. Yuxarıda göstərilən qanunlara, o cümlədən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.7-ci maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 20-ci maddələrinə əsasən onun və qızının Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 40 saylı evin, 34 saylı mənzilində yaşamaq və həmin mənzildə istifadə hüququnun tanınmasını tələb etmək hüququ vardır. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirakının mümkün olmayacağını, bu səbəbdən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında işdirak etmiş iddiaçının nümayəndəsi ilkin iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat vermiş, qarşılıqlı iddia tələbini isə əsassız olduğundan etiraf etməyərək, məhkəmədən ilkin iddia tələbinin təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə ilkin iddia üzrə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddia tələbinə etiraz edərək, qarşılıqlı iddia tələbinin təmin edilməsi, ilkin iddia tələbinin isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 123830 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 40 saylı ev 16 noyabr 2002-ci il tarixdən İddiaçı mülkiyyətindədir. - AZ-İ 493844 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında bağlanmış nikah Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 104 nömrə ilə qeyd edilmişdir. - AZ-İİİ 442579 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 07 noyabr 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası isə Cavabdehdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 40 saylı ev Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 123830 nömrəli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı mülkiyyətindədir və 16 noyabr 2002-ci il tarixdə adına qeydiyyata alınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X4 ilə nikaha daxil olmuş və tərəflərin birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. X4 ilə Cavabdeh 2013-cu ildən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34 saylı mənzilə köçərək orada yaşamış, cavabdeh hal-hazırda da, yetkinlik yaşına çatmayan övladı X6 ilə iddiaçıya məxsus mübahisəli mənzildə yaşayır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-cü maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, «Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Belə ki, daşınmaz əşyalar üzərində mülkiyyət hüququnun yüklü hala gəlməsinə səbəb olan məhdud əşya hüquqları, bir qayda olaraq, sözügedən daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında (Mülki Məcəllənin 144.1-ci maddəsi) və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır (Mülki Məcəllənin 14.3-cü maddəsi). Həmçinin, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış məhdud əşya hüquqları bağlı olduqları daşınmaz əşyaya olan mülkiyyət hüququnun özgəninkiləşdirilməsi halında xitam olmadıqları kimi (Mülki Məcəllənin 158.3-cü maddəsi), istənilən üçüncü şəxslərə qarşı da irəli sürülə bilərlər (Mülki Məcəllənin 158.4-cü maddəsi). Beləliklə, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur». Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140, 141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir. Bu maddələrə müvafiq olaraq daşınmaz əmlaka dair qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlar notariat qaydasında təsdiq olunmalı və dövlət reyestrində qeydə alınmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi qüvvəsi məcburi olan qərarlarında formalaşdırılmış və məhkəmələr tərəfindən rəhbər tutulmalı hüquqi mövqeyi ondan ibarətdir ki, yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq daşınmaz əşyanın mülkiyyətçisi ilə notariat qaydasında bağlanan müqavilə əsasında və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. Göründüyü kimi Qanunvericilik hətta şəxs mənzildə qeydiyyatda olarsa belə, onun qeydiyyatda olmasını yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi əsası olaraq nəzərdə tumamış, həmin hüququn əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən müqavilənin olması ilə şərtləndirilmişdir. İşin mübahisəsiz hallı ondan ibarətdir ki, mübahisəli mənzil ilkin iddia üzrə iddiaçının adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun mülkiyyətindədir, cavabdeh iddiaçının ailə üzvü deyil, onun şifahi razılığı əsasında müvəqqəti olaraq 2013-cu il tarixdən sonra ona məxsus olan mənzildə məskunlaşmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Göründüyü kimi qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən edərək, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynlərini aid etmişdir. İşin halları ilə müəyyən edilmişdir ki, ilkin iddia üzrə Cavabdeh mənzilin sahibi olan iddiaçının ailə üzvü deyil və cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq ilkin iddia tələbi üzrə belə nəticəyə gəlir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, ilkin iddia üzrə Cavabdeh azyaşlı övladı 07 noyabr 2014-cü il təvəllüdlü X6 və bütün əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34 saylı mənzildən çıxarılmalıdır. Məhkəmə qarşılılqı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzildə yaşayış və istifadə hüququnun tanınması barədə qarşılıqlı iddia tələbi ilə bağlı, yuxarıda qeyd edilmiş maddi hüquq normalarını nəzərə alaraq belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında Cavabdeh mübahisəli mənzildə ümumiyyətdə pasport qeydiyyatında olmamaqla, ünvan 3 ünvanında yerləşən mənzildə pasport qeydiyyatında olması, cavabdehin, İddiaçı yaxını, X2 Ayaz Firudin oğlu ilə xx.xx.2013-cü il tarixdə nikah münasibətlərinə girərək müvəqqəti olaraq mübahisəli mənzilə köçməsi və həmin tarixdən də, orada yaşaması müəyyən edildi. Məhkəmə qarşılıqlı iddiaçının qarşılıqlı iddia tələbinin əsaslarını təşkil edən dəlillərinə münasibət bildirərək qeyd edir ki, qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə həmin halları təsdiq edən sübutlar təqdim edilməmişdir. Beləliklədə bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ilkin iddia tələbi təmin edilməli, ilkin iddia üzrə Cavabdeh azyaşlı övladı 07 noyabr 2014-cü il təvəllüdlü X6 və bütün əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34 saylı mənzildən çıxarılmalı, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlkin iddia üzrə Cavabdeh azyaşlı övladı 07 noyabr 2014-cü il təvəllüdlü X6 və bütün əşyaları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən 40 saylı evin 34 saylı mənzildən çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mənzildə yaşayış və istifadə hüququnun tanınması tələbi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №e-2(004)-2572/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2572/2024
09.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver