Məhkəmə qərarları › İş №e-2(004)-2580/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2580/2022

09.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2580/2022 09.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakı ilə İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 və Xəzər rayon Sukanal İdarəsi cəlb olunmaqla Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqı” tələbinə dair iddir ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli işdən azad edilmə barədə əmrin ləğv edilməsi, onun işə bərpa olunması və məcburi iş buraxma müddəti görə orta əmək haqqının ödənilməsi, mediasiya, poçt və hüquqi yardım üçün ödədiyi 166 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasına iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirir ki, İddiaçı xx.xx.2018-ci ildə Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin Müştəri xidmətləri şöbəsinə 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə götürülmüşdür. Daha sonra, iddiaçının müəssisə ilə bağlanmış əvvəlki əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmişdir. Belə ki, o, struktur dəyişiklikləri səbəbi ilə xx.xx.2019-cu il tarixdə Cavabdeh ASC-nin Nəzarət ölçü cihazları İdarəsi Fakturalamanın icrası şöbəsi Xəzər rayon Sukanal idarəsi üzrə fakturalama qrupuna 5-ci dərəcəli su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə xitam verilmişdir, belə ki o, müəssisədə həyata keçirilmiş struktur dəyişiklikləri səbəbindən xx.xx.2021-ci il tarixdən Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə işin təşkili şöbəsinin Fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə götürülmüşdür. Sözügedən vəzifə üzrə iddiaçının aylıq əmək haqqı bütün vergilər və digər ödəmələr daxil olmaqla 608 təşkil etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. İddiaçı hazırda bununla razılaşmır və işəgötürənin onu sözügedən əsasla işdən çıxarmasını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı müəssisədə işlədiyi dövrdə davamlı olaraq həftənin bazar günləri və iş saatlarından artıq saatlarda işə çıxmağa məcbur edilmişdir. Halbuki müəssisə ilə bağladığı əmək müqaviləsinə əsasən işçinin gündə 8 saatdan, həftə ərzində 40 saatdan çox olmayaraq işləməsi müəyyən edilmişdir. Eyni zamanda iş saatlarından artıq, həftənin bazar günləri işə cəlb olunmağa görə onların əmək haqqı ödənilməmişdir. İddiaçı iş yoldaşları ilə yaranmış vəziyyətə etiraz etməyi və iş saatlarından artıq işləməyin müqabilində əmək haqqlarına əlavə edilməsini tələb etməyi qərara almışlar. Məsələni rəhbərliyə bildirmək məqamı yaxınlaşdığı zaman digər işçilər geri çəkilmiş, iddiaçı sanki “meydanda tək qalmışdır”. Belə olan halda müəssisə rəhbərliyi tərəfindən işçiyə mənfi münasibət bəslənilmiş, o, davamlı olan təzyiqə məruz qalmış, iş zamanı yol verilmiş ən kiçik qüsurlarında da məzəmmət edilmişdir və “səni maddə ilə işdən qovacağıq, əmək kitabçanı korlayacağıq” deyə təhdidlərə məruz qalmışdır. Belə ki xx.xx.2021-ci il tarixdə səhər işə gələrkən cəmi iki dəqiqə gecikməyə görə “əmək funksiyasını kobud şəkildə pozduğuna görə” barəsində töhmət intizam tənbehi tətbiq olunmuş və sözügedən əmrdə onun xx.xx.2021-ci il tarixdə bütün günü işə gəlməməsi qeyd olunmuşdur, halbuki iddiaçı izahat yazıb işə 2(iki) dəqiqə gecikməyini bildirmişdir və üzr istəmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə səhər işə gələrkən iddiaçının avtomobili yolda xarab olmuş, hərəkətə davam edə bilmədiyi üçün avtomobili təcili təmirə aparmalı olmuş və iş yeri ilə əlaqə saxlayaraq bu barədə məlumat vermiş, daha sonra bu barədə izahat da yazmışdır. Lakin işəgötürən onun həmin tarixdə işə gəlməməsini “heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmək” kimi “dəyərləndirmiş” və onun səbəbsiz işə gəlməməsinin idarənin daxili nizam-intizam qaydalarının və əmək funksiyalarının pozuntusu kimi tövsif edərək barəsində “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi tətbiq olunmuşdur. Bundan sonra, yuxarıda qeyd edildiyi kimi İddiaçı “əmək vəzifələrini kobud surətdə pozması” əsası ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılmışdır. Qeyd edir ki, iddiaçı Cavabdeh ASC-də işlədiyi dövrdə heç vaxt ciddi pozuntulara yol verməmiş, iş yoldaşları ilə münaqişədə olmamış, hər zaman əmək funksiyalarını yüksək səviyyədə icra etmişdir. İş yerində daim nizam-intizamlı işçi olaraq tanınmış, heç bir zərərli vərdişi olmayan bir şəxsdir. Əlavə olaraq bildirir ki, həmçinin iddiaçı bildirir ki, elə vaxtlar olub ki, işə gəlməyib icazə alıb və icazə veriblər. Çünki iddiaçı ali təhsil alır və müəyyən vaxtlarda dərsdə olur. Hazırda abonentlərə verilən qəbzlərin üzərində hələ də İddiaçı adı gedir. Cavabdeh iddiaçını yarım ştat vəzifəyə də keçirə bilər. Abonentlər hələ də iddiçıya zəng vurub problemlərini bildirirlər, məsləhət alırlar. İddiaçı pis xidmət göstərmiş olsa idi, abonentlər hələ də ona zəng etməzdilər. Onun təhsili problemdirsə, o qiyabi təhsilə də keçə bilər. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, nümayəndə və vəkilinin dediklərini təsdiq edir. O, ali təhsil müəssisəsinə qəbul olunanda şöbə rəisinə yaxınlaşaraq bildirmişdir ki, ona kömək etsinlər, həm işini aparsın, həm də təhsilini alsın. Əgər edə bilmirlərsə o bir çarə fikirləşsin, ya işi, ya da təhsili ilə məşğul olsun. Ona bildirmişlər ki, eybi yoxdur, ona kömək edərlər, getsin oxusun. O da təhsili üçün illik ödənişi etmişdir. Sonra yarıda gəlib ona bildirmişlər ki, təhsili qırağa qoysun, ya iş, ya da təhsillə məğul olsun. O da təhsil haqqı olaraq pul ödəmişdir. Kredit ödədiyi üçün işi də, təhsili də qırağa qoya bilmir. İşə bərpa olunacağı təqdirdə qiyabi təhsilə keçəcəkdir. Suala cavab olaraq bildirir ki, işə giriş çıxış zamanı kart sistemi olmamışdır. Jurnala imza çəkmişlər. 10 mart tarixində işdə olub-olmamağı yadında deyil. Onlarda ümumiyyətlə terminallarla bağlı problem və çatışmazlıqlar var idi. Elə vaxt olurdu ki, terminalı olmamış, çıxıb işləyə bilməmişdir. Elə vaxt olmuşdur ki, terminal olmayıb öz mobil telefonuna yükləmişdir. Ola bilər, həmin tarixə düşə bilər. Ola bilər, işdə olmuşdur və ya problem idarənin özündə olub ki, o, işləyə bilməmişdir. 10 martla bağlı isə izahat tələb olunmamışdır. Normalda 2400 abonentə baxmalı olduğu halda 3500 dən artıq abonentə baxırdı. Bu hal digər işçilərdə də narazılıq yaradırdı, hətta bunu bildirmişlər. Bildirmişlər ki, onlara əlavə işçilər verilməlidir. Onlar həftənin bütün günü və bayram günlərini işləyirdilər. Ali təhsil müəssisəsinə işləyəişləyə qəbul olunmuşdur. Elə vaxtlar olurdu ki, bazar günü istirahət verirdilər, elə vaxt olurdu ki, 2 ay müddətində istirahət vermirdilər. Sonuncu dəfə 550 manat əmək haqqısı olmuşdur. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək bildirir ki, nəzarətçilər abonentlərə bildiriş paylayırlar. Nəzarətçilərdə terminallar olur. Təqdim etdiyi sənədlər terminalda oxunma sayı ilə bağlıdır. İşçi işə çıxdığı təqdirdə terminallarda qeydiyyat aparılır ki, hansı mənzillərdə olub, hansı mənzillərə bildiriş təqdim edib. İşçi işə çıxmadığı təqdirdə isə qarşısında sıfır göstərilir. Həmin terminalları onların sistemi qeydiyyata alır. İşçi işdədirsə, onlar onu artıq bilir, onu GPS-lə izləyirlər. İddiaçı əvvəl onların idarəsində işləmişdir. 2021-ci ilin dekabrında yenidən Xəzər Rayon Su Kanal idarəsində işçi kimi işə götürülüb. İşçi yanvar ayında iş buraxmalar etmiş, işə gəlməmişdir. Bununla bağlı izahat tələb etmişlər və o, izahatında bildirmişdir ki, o, universitetdə oxuyur, 2-ci və 5-ci gün ona güzəşt etsinlər. Onlar bunun mümkün olmadığını, təhsildən bir sənəd gətirib, ya oxumalı, ya da işləməli olduğunu, iki variantdan birini seçməli olduğunu bildirmişlər. Ondan sonra yenidən işə gəlməmişdir. Yanvar ayında iki dəfə işə gəlmədiyinə görə izahatı alınmış və töhmət verilmişdir. Onlar bir dəyişiklik olacağını gözləmiş lakin olmamışdır. Onlar həmkarlara müraciət etmişlər. Həmkarlar məktuba cavab vermişdir ki, heç bir səbəb olmadan üzrsüz səbəbdən işə gəlməmişdir. Bununla bağlı həmin proses gedən vaxt əmək müfəttişliyinə şikayət verdi. Onları araşdırmağa başladılar. 6-cı gün iş günləridir, terminallar işçilərdə olur. Terminallar idarə tərəfindən təqdim olunur. Həmin terminallarla bildiriş verirlər. İşçinin öz adına terminalı olur və həmin terminal heç kimə verilmir. Həmin vaxt işçi işə çıxmır. O, idarənin hüquqşünası olaraq, aşağı düşmüşdür, birinci yuxarı gəlmiş, iddiaçıya gecikdiyi üçün izahat yazmağını bildirmiş, o isə gələcəyini bildirib çıxıb getmişdir. Həmin vaxt otaqlarına düşmüşdür. Qrup rəhbərinə yaxınlaşaraq bildirmişdir ki, bu nə hörmətsizlikdir ki, o, idarənin hüquqşünası olaraq izahat yazmağını bildirir, amma o, bayıra çıxır. İddiaçı çıxıb qayıtdıqdan sonrada izahat yazmamışdır. Onu sonuncu mart ayında qeyd etmişdir. Əmək Müfəttişliyi araşdırma aparmış, onlar sənədləri təqdim etmişdir, Əmək Müfəttişliyi onıarın qanuna müvafiq iş gördüyünü araşdırmışdır. Onlar əmək məcəlləsinin tələblərini pozmamışdır. Onlar iddiaçının yaşının azlığını başa düşür. İddaçıya öz xahişi ilə çıxması üçün şərair yaratmışlar. İddiaçı rəhbərliyin verdiyi tapşırıqları icra etmirdi. İşçi işəgötürənlə bağladığı müqavilədəki öhdəliyini icra etməlidir. İşçi öhdəliklərini kobud şəkildə pozduğu üçün, onun rəhbərliyi tərəfindən-qrup rəhbəri, şöbə rəisi tərəfindən xidməti yazı ilə müraciət olunmuşdur, onlar da məcbur olaraq müvafiq qərar çıxarmışlar. Onlar orada kobud pozuntuya yol verməmişdir. Əmək məcəlləsi nəyi tələb edir, onlar ona əməl etmişdir. O, özü də iddiaçıya bildirmişdir ki, sənəd gətirsin, onlar onu buraxsın, getsin təhsilini alsın. Mart ayı ərəfələrində işçi işə gəlmirdi, artıq onun terminalı da alınmışdı. Həmin dövrlərdə rəhbərlik də işləməyə qoymurdu. Həmin vaxt müraciət olunmuşdu və həmkarlardan məktub gəlmişdi ki, öz xahişi ilə çıxsın maddə ilə çıxarmayaq. Yəni, bu xahiş olunmuşdur. Sonradan necə oldusa, ərizə yazmaqdan imtina etmişdir və Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etməyə məcbur olmuşlar. Vətəndaşların hələ də iddiaçıya zəng etməsi isə normal haldır. Çünki üç mindən artıq abonentlə ünsiyyətdə olmuşdur və bir neçə il işləmişdir. Qəbzlərdə iddiaçının adının keçməsi isə ola bilər ki, terminalda yenilənmə getməmişdir. Burda heç bir problem və ziyanı yoxdur. Burada məsələ işçinin işə beş on dəqiqə gecikməsi deyil. Uzun müddət işə gəlməməsidir. Şöbə rəisindən işiçinin harada olması soruşulduqda xəbəri olmamasını bildirir. İşçi əgər şöbə rəisinin onunla qərəzli olduğunu görürdüsə, onların şöbəsinə yaxınlaşardı. Qərəzli olaraq onların idarə rəhbəri imkan verməz ki, hansısa qrup rəhbərinin, şöbə rəisinin işçi xoşuna gəlmirsə, həmin işçi işdən azad olunsun. Suala cavab olaraq bildirir ki, işçinin hərəkətlərinin müəssisəyə ziyan vurması ilə bağlı bildirir ki, onlar kommunal müəssisədir. Onlarda bir işçi işə çıxmayanda oxunma sayı geriyə qalır, itki sayı artır. Hər ay abonentlərə gecikmədən bildirş təqdim edilməlidir. Bir işçi yubanma etdikdə abonentlərə bildiriş getmir. Onların da ümumi sayğacda itki faizi artır. Həm onların satışı geri düşür, həm də vətəndaşlar bildiriş vaxtında təqdim edilmədiyi üçün onların haqlı iradına səbəb olur. İşçinin hərəkətlərinin müəssisəyə hansı ziyanın vurmasının əmrdə əsaslandırılmaması barədə heç nə deyə bilmir, çünki əmri kadrlar tərtib edir. Əmək müfəttişliyi və rəhbərlik tərəfindən bu məsələ tam yoxlanıb ki, qanunamüvafiqdir. Bunun üçün barışıq mümkün deyil, qanunauyğun qərar çıxarılmasını xahiş edir. Nəzarətçinin normadan artıq abonentə nəzarət etməsi hər dəfə ola bilməz, ola bilsin ki, hansısa vaxt kimsə xəstə və ya məzuniyyətdə olduğundan həmin adamı müvəqqəti əvəz etmişdir. İddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 izahat verərək bildirir ki, qarşı tərəfin gələcəkdə qiyabi təhsilə keçəcəyini onlar müəyyən edə bilməz. Əyani oxuyan tələbə necə işləyə bilər? Onların iş qrafiki, iş prinsipi elədir ki, onun yarımştat işləməsi mümkün deyil. Nəzarətçi işi oturaq iş olsa idi yarımştat vəzifəyə keçirmək olardı. Lakin nəzarətçi abonentlərlə əlaqədə olan işdir. Burada yarımştat vəzifəsinə keçirilmək problem yaradır. İşçinin 1 gün işə gəlməməsi işin ahəngini pozur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən qismində Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsi ilə işçi qismində İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən İddiaçı Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi aylıq əmək haqqı 608 manat olmaqla, xx.xx.2022-ci il tarixədək bağlanmışdır. İş materiallarında olan X5 tərəfindən yazılmış xx.xx.2021-ci il tarixli izahatının surətinə əsasən o, hər həftənin 2-ci və 5-ci günləri saat 2-yə qədər dərsdə olduğundan işə gec çıxmağının nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2021-ci il tarixli, 48 nömrəli əmrinin surətinə əsasən İddiaçı o, öz vəzifə funksiyaları üzrə təlimatda nəzərdə tutulan vəzifələrini lazımi qaydada yerinə yetirmədiyindən, vəzifəsinə səhlənkar yanaşaraq səbəbsiz yerə işə gəlməyərək əmək funksiyalarını pozduğundan “töhmət” verilmişdir. İş materiallarında olan X5 tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli izahatının surətinə əsasən o, xx.xx.2022-ci il tarixdə avtomobilində yaranan texniki problemlər səbəbindən işə gələ bilmədiyindən bunun üzrlü hesab edilməsini xahiş etmişdir. İş materiallarında olan Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli, 02 nömrəli əmrinin surətinə əsasən İddiaçı o, xx.xx.2022-ci il tarixdə heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyalarını pozduğundan son xəbərdarlıqla “şiddətli töhmət” verilmişdir. İş materiallarında olan Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən X5 xx.xx.2022-ci il tarixdə davamiyyət qaydalarını pozaraq heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmişdir. Onun birbaşa qrup rəhbəri X4 Rəsul Adil oğlu ilə telefon nömrəsi ilə əlaqə saxlamaq istəmiş, lakin mümkün olmamışdır. O, üzrlü səbəb göstərmədən işə gəlməməsi ilə bağlı heç bir rəsmi sənəd və ya məlumat təqdim etməmişdir. Qrup rəhbəri X7 rayon Sukanal İdarəsinin rəhbərliyinə İddiaçı barəsində xidməti məlumatla müraciət etmişdir. İş materiallarında olan Xəzər rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli aktına əsasən X5 xx.xx.2022-ci il tarixdə davamiyyət qaydalarını pozaraq heç bir üzrlü səbəb olmadan bütün günü işə gəlməmişdir. Onun birbaşa qrup rəhbəri X4 Rəsul Adil oğlu ilə əlaqə saxlamış və üzrlü səbəbin olduğunu soruşsa da, o, üzrlü səbəb göstərmədən işə gəlməməsi ilə bağlı heç bir rəsmi sənəd və ya məlumat təqdim etməmişdir. Qrup rəhbəri X7 rayon Sukanal İdarəsinin rəhbərliyinə İddiaçı barəsində xidməti məlumatla müraciət etmişdir. İddiaçı izahat yazmaqdan imtina etmişdir. İş materiallarında olan Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun mühəndis-qrup rəhbəri Əfəndiyev Sabir tərəfindən idarə rəsisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli xidməti məlumata əsasən fakturalama qrupunun nəzarətçisi İddiaçı xx.xx.2022-ci il tarixdə davamiyyət qaydalarını pozaraq heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməmişdir. Telefon nömrəsi ilə dəfələrlə zəng olunsa da, əlaqə saxlamaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin xx.xx.2022-ci il tarixli, 188 nömrəli məktubuna əsasən Komitə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2022-ci il tarixli, 02/k nömrəli əmrin surətinə əsasən İddiaçı heç bir səbəb olmadan bütün iş günü işə gəlmədiyindən AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı 2018-ci ildən Cavabdeh ASC-də işləməyə başlamış, xx.xx.2021-ci il tarixli əmrə əsasən Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixli, 02/k saylı əmrə əsasən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin xx.xx.2022-ci il tarixli, 188 nömrəli məktubuna əsasən Komitə Cavabdeh ASC-nin Xəzər rayon Sukanal İdarəsinin Abonentlərlə iş şöbəsinin fakturalama qrupunun su kəməri təsərrüfatının nəzarətçisi İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə əmək müqaviləsinin tələblərini kobud şəkildə pozduğundan İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məhtubuna əsasən İddiaçı son haqq-hesabının əmək haqqı bank hesabına köçürüldüyü məlum olmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən İddiaçı tərəfindən 110 manat məbləğində pul “Sirius” Vəkil Bürosunun bank hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətinə əsasən İddiaçı tərəfindən Bakı 6 saylı Mediasiya Təkilatınına 56 manat ödənilmişdir. İşin müəyyən edilmiş halları odur ki, iddiaçı Cavabdeh ASC-də 2018-ci ildən işə başlamış və Xəzər rayon Sukanal İdarəsində xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək idarənin Abonentlərlə iş şöbəsinin fakturalama qrupuna 5-ci dərəcə ilə su kəməri təsərrüfatında nəzarətçi vəzifəsini icra etmişdir. İşlədiyi dövrdə iki dəfə işə gecikdiyindən izahatı alınaraq ona töhmət və şiddətli töhmət verilmişdir. İşəgötürənin xx.xx.2022-ci il tarixli əmrinə əsasən iddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı onun işdən azad edilməsi barədə xx.xx.2022-ci il tarixli, 02/k nömrəli əmrinin ləğv edilərək onun məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki iş yerinə və tutduğu vəzifəyə bərpa edilməsini xahiş edir. Cavabdeh iddiaçının işdən azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 02/k nömrəli əmrin əsaslı olduğunu bildirir və iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə aşağıdakı şərtlər daxilində yol verilir : a) işçi öz əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla yerinə yetirməməlidir, b) işçinin bu hərəkətləri nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalıdır, c) işçinin bu hərəkətləri nəticəsində mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əgər göstərilən şərtlərə əhəmiyyət vermədən əmək müqaviləsi ləğv edilərsə, bu zaman əmək müqaviləsinin ləğv edilməsi hüquqauyğun olmayacaqdır və həmin işçi ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi yolverilməzdir. Eyni zamanda əmək müqavilisinə xitam verilməsi barədə əmrdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Hazırda iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrdə yalnız işçinin üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi qeyd edilmiş, lakin işçinin işin ahəngini nədə pozması və onun hərəkətləri nəticəsində işəgötürənə nə kimi ziyan dəydiyi əsaslandırılmamışdır. Əmək Məcəlləsinin 80-ci maddəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir İş materiallarından görünür ki, işəgötürən tərəfindən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimat verilməmişdir. Belə ki, Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 188 saylı, 11 mart 2022-ci il tarixli məktubundan müəyyən olunur ki, işəgötürən tərəfindən göndərilmiş 10 mart 2022-ci il tarixli məktuba baxılaraq İddiaçı üzrsüz səbəbdən işə gəlmədiyinə görə onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə etiraz etmədikləri qeyd olunmuşdur. Məktubdan müəyyən olunduğu kimi, 10 martda işəgötürən Həmkarlar İttifaqı Respublika Komitəsinə məktubla müraciət etmiş, 1 gün sonra yəni 11 martda da Həmkarlar İttifaqı Respublika Komitəsi etiraz etmədiyini məktubla bildirmişdir. Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin iclas keçirməsi, iclasa İddiaçı dəvət olunması barədə iş materiallarına heç bir sübut əlavə olunmamışdır. Habelə, göründüyü kimi Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsi əsaslandırılmış qərar qəbul etməmişdir. Əmrdə də ancaq Azərbaycan Su Təsərrüfatı X1 Respublika Komitəsinin 11 mart 2022-ci il tarixli məktubuna istinad olunur. İş materiallarından görünür ki, 2 mart 2022-ci il tarixdə Əfəndiyev Sabir tərəfindən xidməti məlumat verilərək İddiaçı 2 martda üzrsüz səbəb göstərmədən işə gəlmədiyi və onunla əlaqə saxlamağın mümkün olmadığı qeyd olunmuşdur. Həmin tarixdə Hüseynli Emin, Nümayəndə2, Əfəndiyev Sabir tərəfindən eyni məzmunlu akt da tərtib olunmuşdur. İş materiallarından görünür ki, 10 mart 2022-ci il tarixdə Əfəndiyev Sabir tərəfindən xidməti məlumat verilərək İddiaçı 10 martda üzrsüz səbəb göstərmədən işə gəlmədiyi və onunla əlaqə saxlamağın mümkün olmadığı qeyd olunmuşdur. Həmin tarixdə Hüseynli Emin, Nümayəndə2, Əfəndiyev Sabir tərəfindən eyni məzmunlu akt da tərtib olunmuşdur. Lakin eyni tarixli, qeyd olunan şəxslər tərəfindən imzalanmış digər akta əsasən isə X2 Rəsul Adil oğlu ilə əlaqə saxladığı və sonuncunun izahat yazmaqdan imtina etdiyi qeyd olunmuşdur. Göründüyü kimi bir aktda qeyd olunur ki, əlaqə saxlamaq mümkün olmamış, digər aktda isə əlaqə saxlanıldığı və işçinin izahat verməkdən imtina etməsi qeyd olunur. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı 2 və 10 mart tarixdə işə gəlməməsi ilə bağlı izahat alınması və yaxud İddiaçı izahat verməkdən imtina etməsi təsdiq olunmur. Bundan əlavə cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, “mart ayı ərəfələrində işçi işə gəlmirdi, artıq onun terminalı da alınmışdı. Həmin dövrlərdə rəhbərlik də işləməyə qoymurdu.” Məhkəmə hesab edir ki, əgər mart ayında işçinin terminalı əlindən alınmışdırsa və rəhbərlik onu işləməyə qoymurdusa , işçinin əlindən alınmış terminal oxumasının işçinin işə gəlməməsinin sübutu olaraq məhkəməyə təqdim edilməsi və 2 və 10 mart tarixlərində işçinin üzrsüz səbəbdən işə gəlməməsilə bağlı aktlar tərtib edilməsi əsassızdır. Əmək Məcəlləsinin 11.1-ci maddəsinin d bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüququ vardır. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən töhmət verə, sonuncu sonuncu xəbərdarlıqla şiddətli töhmət verə, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə edə və onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək kimi inzibati tənbeh verə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. Həmin məcəllənin 187-ci maddəsinin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinə görə, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il kimi məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əks halda, əmək müqaviləsinin ləğv olunması ilə bağlı tərəflər arasında fərdi əmək mübahisəsi yaranarsa, digər əlavə araşdırma aparılmadan işə baxan məhkəmə tərəfindən əmrin (sərəncamın, qərarın) etibarsız hesab edilməsi barədə qətnamə (qərar) çıxarıla bilər. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, əmrdə onu imzalayan işəgötürənin atasının adı göstərilməmiş, habelə əmək müqaviləsinin ləğv edilməsi üçün əsas hesab olunan müəssisə həmkarlar ittifaqı təşkilatının qərarı əmrin məzmununa daxil edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İddiaçı həmçinin hüquqi yardım üçün ödənilmiş 110 manat, mediasiya xərcinin əvəzi olaraq 56 manat, olmaqla cəmi 166 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, hüquqi yardım üçün ödənilmiş 110 manat, mediasiya xərcinin əvəzi olaraq 56 manat, olmaqla cəmi 166 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını, həmçinin 56 manat məbləğində mediasiya ödənişini nəzərə alaraq qeyd edir ki, cavabdehdən ödənilməli olan dövlət rüsumunun əvəzi olaraq 44 manat məbləğində pul dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.1-ci bəndinə əsasən məhkəmədə verilən iddialara görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar məhkəməyə müraciət edərkən dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh ASC-nin Xəzər Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 02/k nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh ASC-nin Xəzər Rayon Su Kanal İdarəsinin fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa olunmalı, İddiaçı işdən çıxarıldığı xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilməli və Cavabdeh ASC-dən hüquqi yardım üçün ödənilmiş 110 manat, mediasiya xərcinin əvəzi olaraq 56 manat, cəmi 166 (yüz altmış altı) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, Cavabdeh ASC-dən 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ASC-nin Xəzər Rayon Su Kanal İdarəsinin əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli, 02/k nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh ASC-nin Xəzər Rayon Su Kanal İdarəsinin fakturalama qrupunun su kəməri təsərrüfatında nəzarətçi vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2022-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı ödənilsin. Cavabdeh ASC-dən hüquqi yardım üçün ödənilmiş 110 manat, mediasiya xərcinin əvəzi olaraq 56 manat, cəmi 166 (yüz altmış altı) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Cavabdeh ASC-dən 44 (qırx dörd) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar