Məhkəmə qərarları › İş №e-2(004)-259/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-259/2025

17.01.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-259/2025 17.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki iş (açar sözlər: mənzildən çıxarılma) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İlkin iddia üzrə iddiaçı ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “kompensasiya ödənilməklə mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh Balaağa qızının və onun ailə üzvlərinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən müqavilədə qeyd olunan kompensasiya məbləğinin ödənilməsi ilə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 nömrəli vəxx.xx.2021-ci il tarixli, 150 nömrəli Sərəncamlarına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 5,29 ha torpaq sahəsini icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi İddiaçı MMC-nə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-a yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bu tədbirlər çərçivəsində Cavabdeh Balağa qızı ilə xx.xx.2024-cü il tarixində cəmiyyətimiz arasında K/199 saylı əvəzləşmə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili iddiaçıya təhvil verməli iddiaçı isə bunun əvəzində ona 120 000(yüz iyirmi min) manat dəyərində kompensasiya ödəməlidir. Tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış K/199 saylı müqavilənin 3.5-ci maddəsinə əsasən cavabdeh söküntüsü nəzərdə tutulan mənzili müqavilə bağlanıldıqdan sonra 10 gün ərzində təhvil verməli və 3.1-ci maddədə qeyd olunan məbləği iddiaçıdan tələb etməlidir. Lakin cavabdeh müqavilədən irəli gələn öhdəliyi yerinə yetirə bilməmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, tikinti sahəsinə düşən ərazidəki sakinlərlə qarşılıqlı razılığa gəlinmişdir. Fərdi yaşayış evləri sökülmüş sakinlərə tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillərlə təmin ediləcəkləri barəsində iddiaçı öhdəlik götürmüşdür. Evlərinin sökülməsi ilə razılıq əldə edilmiş sakinlər tezliklə binanın tikilməsi və yeni mənzillərinə köçmələrini gözləyirlər. Lakin cavabdehlə razılıq əldə etmək mümkün olmaması həmin sakinlərin haqlı mənafeyi və mülkiyyət hüquqlarını kobud surətdə pozur. İllərdir ki, öz yaşayış sahələrinin yaxşılaşdırılmasını gözləyən və artıq şirkətimizlə müqavilə bağlamış şəxslər cavabdeh kimi bir neçə sakinlərin hüquqdan sui-istifadə hallarına görə öz arzularına çata bilmirlər. İddiaçı Bakı şəhərinin görkəminə uyğun olmayan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən yüksək mərtəbəli binaların tikilməsi, şəhərin abadlaşdırılması və yaşıllaşdırılması barəsindəki sərəncama uyğun olaraq tələbləri yerinə yetirir. Müasir binaların tikilməsi eyni zamanda yüzlərlə insanların işlə təmin edilməsi və hər tikilən yeni binaya görə dövlətə birbaşa milyonlara vergi ödənilməsi deməkdir. Göründüyü kimi sərəncamın tərəfimizdən icra edilməsi həm iqtisadi cəhətdən səmərəli olmaqla yanaşı həm də insanların müasir tələblərinə cavab verən evlərlə təmin olunması və eyni zamanda Respublikanın paytaxtı olan Bakı şəhərinin abadlaşdırılması, gözəlləşdirilməsi deməkdir.

3. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabden İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 51 saylı evlə bağlı iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MMC arasında 31 may 2024-cü il tarixli, K/199 N-li əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MMC arasında 31 may 2024-cü il tarixli, K/199 N-li əvəzləşmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndində göstərilib ki, ünvan 3 ünvanında yerləşən “Mülkiyyətçi”nin sahiblik və istifadəsində olan 60 kv.m sahəsi olan mənzil əvəzinə ona 120.000 (yüz iyirmi min) manat kompensasiya verir. Qeyd edirik ki, Bakı şəhəri, Yasamal rayonu, C.Məmmədquluzadə küçəsi 51 saylı ev iddiaçı Xanımana Abdullayeaya məxsusdur. İddiaçı ailə üzvləri və digər şəxslərlə həmin evdə yaşayır. İddiaçının yaşadığı evin yerləşdiyi sahədə cavabdeh çoxmərtəbəli yaşayış binası inşa etməlidir. İddiaçı cavabdehlə razılaşıb ki, cavabdeh yeni inşa olunacaq binadan iddiaçıya 20 faiz əlavə olmaqla yeni mənzil verəcəkdir və eləcə də yeni binadan mənzil verməklə yanaşı aylıq kirayə haqqı da ödəyəcək. Lakin, cavabdeh iddiaçını 80 yaşlı, savadsız qadın olmasından istifadə edərək onu aldadıb, onunla razılaşdıqları kimi, yaşayış sahəsi əvəzində yeni binadan mənzil ayrılmasına dair müddəa deyil, iddiaçının mənzilinin əvəzində onun real dəyərindən qat-qat aşağı olan 120.000 manat pul verilməsi kimi iddiaçının iradə ifadəsinə uyğun olmayan, razılaşdırılmayan müddəa əlavə ediblər. Qeyd edildiyi kimi iddiaçı ahıl yaşdadır. Onun 80 yaşı var, savadsızdır. Cavabdeh tərəf onun bu yaşında və savadsız olmasından istifadə ediblər, onu aldadıblar. Beləliklə, cavabdeh təşkilat iddiaçını aldadıb, sonuncunun arzuladığı müqaviləni deyil, başqa müavilə bağlamışlar. Odur ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı MMC arasında 31 may 2024cü il tarixli, K/199 N-li əvəzləşmə müqaviləsi etibarsız sayılmalıdır.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

III.Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 18.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçivani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.

9. Bakı Şəhər İcra Hakimiyyəti ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli torpaq icarə müqaviləsinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhəri, Yasamal rayonu, İ.İsmayılov, C.Məmmədquluzadə, Z.Əhmədbəyov, S.Salayev, F.İbrahimbəyov, M.Naxçıvani və Ə.Abdullayev küçələrinin ərazisində yerləşən 43200 m2 torpaq sahəsini 49 il müddətinə İddiaçı MMC-nin istifadəsinə verir.

10. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli K/199 nömrəli müqaviləyə əsasən İddiaçı MMC ünvan 4 ünvanında yerləşən Cavabdeh sahiblik və istifadəsində olan 60 m2 sahəsi olan mənzilin əvəzinə ona 120000 manat kompensasiya verir.

11. Müqavilənin 4.1.1-ci bəndinə əsasən mülkiyyətçi müqavilə üzrə nəzərdə tutulmuş ödənişi mənzil təhvil verildikdən sonra tələb etmək hüququna malikdir.

12. Müqavilənin 7.1-ci bəndinə əsasən bu müqaviləni imzalamaqla, mülkiyyətçi mənzilə dair bütün sahiblik hüququnu, mənzili boşaldıb təhvil verdikdən sonra isə istifadə və sərəncam hüququnu layihəçiyə ötürür.

13. Məhkəmə iş materialları araşdırıb tərəflərin izahatlarını dinləyib onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia üzrə iddia ərizəsi təmin olunmalı, qarşılıqlı iddia ərizəsi isə təmin olunmamalıdır.

14. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

17. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

18. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.

19. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli 265 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçivani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.32 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmişdir. Daha sonra İddiaçı MMC ünvan 2 ünvanında yerləşən 60 m2 sahəsi olan mənzilin mülkiyyətçisi olan Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə K/199 nömrəli əvəzləşmə müqaviləsi bağlayaraq həmin mənzilin əvəzində ona 120000 manat kompensasiya verilməsinə razılaşmışlar.

21. Məhkəmə işin hallarını sadalanan qanunvericilik normalarını araşdıraraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etməmişdir.

22. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia təmin edilməli, ilkin iddia üzrə cavabdehlər Cavabdeh Balaağa qızı və onun ailə üzvləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı tərəfindən 120.000 manat məbləğində kompensasiya məbləği ödənilməklə çıxarılmalıdır.

23. Məhkəmə həmçinin hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin olunmamalıdır.

24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir.

25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsində əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

27. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

28. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

29. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

30. Həmin Məcəllənin 339.1-ci maddəsində qeyd olunmuşdur ki, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

31. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

32. Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.

33. Həmin Məcəllənin 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

34. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir.

35. Həmin Məcəllənin 339.6-cü maddəsinə əsasən bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

36. Məhkəmə ilk növbədə qeyd edir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

37. Əqdin etibarsızlığı dedikdə isə- tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur.

38. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasından bağlanmış xx.xx.2024-cü il tarixli K/199 nömrəli əvəzləşmə müqaviləsinə əsasən İddiaçı MMC ünvan 4 ünvanında yerləşən Cavabdeh sahiblik və istifadəsində olan 60 m2 sahəsi olan mənzilin əvəzinə ona 120000 manat kompensasiya verir. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən yeni inşa olunacaq binadan ona 20% əlavə olmaqla, yeni mənzil veriləcəyini, eləcə də bununla yanaşı ona aylıq kirayə haqqı da ödəniləcəyi barədə razılığa gəldiklərini bildirsə də, dediyini hallar nə müqavilədə, nə də başqa mötəbər sənəddə öz əksini tapmışdır.

39. Məhkəmə qeyd edir ki, iddiaçının etibarsız olduğunu iddia etdiyi əqd etibarsızlığın mübahisə edilən növünə aiddir. Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış müqavilə mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

40. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçının mülkiyyətində olan mənzilin əvəzinə yeni inşa olunacaq binadan ona 20% əlavə olmaqla, yeni mənzil verilməsi və ona aylıq kirayə haqqı ödənilməsi barədə tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır.

41. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

42. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbindəki hallara dair mötəbər, təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı, məhkəmə bildirir ki, çıxarılmış məhkəmə qərarı tərəflərin mülahizələri əsasında deyil, dəqiq və mötəbər sübutlar əsasında çıxarılır.

43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

45. Məhkəmə həmçinin qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tələb etmədiyindən, qarşılıqlı iddia isə təmin olunmadığından ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıya və qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməlidir.

46. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

V. Nəticə:

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia tələbi təmin edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh Balaağa qızı və onun ailə üzvləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı tərəfindən 120.000 manat məbləğində kompensasiya məbləği ödənilməklə çıxarılsın. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar