Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2624/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi, əmək haqqı, işə bərpa və s.” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi, əmək haqqı, işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat X6 X2 Qaz İstismar İdarəsinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə (əvvəlki işinə) bərpa olunmağına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə, əmək müqaviləsinin müddətsiz bağlanması öhdəliyinin işəgötürənin üzərinə qoyulması və ödənilən 60 manat mediasiya rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci il tarixində Cavabdeh MMC tərəfindən Lənkəran X5 İdarəsinə ictimai işlər üzrə köməkçi işinə qəbul olunmuşdur. Heç bir səbəb olmadan xx.xx.2025-ci il tarixində işdən azad olunmuşdur. İşdən azad olunmağına səbəb Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 28 iyun 2024-cü il il tarixli 1195-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə olunmuş son dəyişikliklərlə bağlı olmuşdur. Belə ki, Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Qeyd olunan dəyişiklikdən sonra ona məlum olmuşdur ki, onunla bağlanılan əmək müqaviləsi müddətli əmək müqaviləsidir. Buna qədər bağlanmış əmək müqaviləsindən məlumatı olmamış və 3 dəfə əmək müqaviləsinə edilmiş dəyişiklikdən də xəbərsiz olmuşdur. Əmək müqaviləsinin müddətli bağlanmasının yolverilməzliyi və qanunsuz olması barədə xx.xx.2024-cü il tarixində Cavabdeh MMC-yə rəsmi müraciət etmiş və müqavilənin bağlanmasına etirazını bildirmişdir. Sonradan Cavabdeh MMC-nin əməkdaşı (070) ***-**-** mobil telefondan ona zəng edərək əslində haqlı olduğunu bildirmiş və qeyd etmişdir ki, Azərbaycan Respublikasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunda o cümlədən, Cavabdeh MMC-də bağlanmış bütün müqavilələr müddətli əmək müqavilələridir. Əməkdaş tərəfindən rəhbərliklə danışıldıqdan sonra ona bildirilmişdir ki, bütün işçilərin müqavilələri müddətli olduğuna görə, onunla bağlanmış müqaviləni müddətsiz etmək olmaz. Eyni zamanda bildirilmişdir ki, müddətli müqavilə davam etdiriləcəkdir. Bundan sonra xx.xx.2025-ci il tarixində qərəzli olaraq həmin ayda tək o, işdən azad olunmuş və hətta sonrakı ayda da işdən azad olunan işçi olmamışdır. İşdən qərəzli şəkildə azad olunmağına səbəb yalnız qanuni tələbi ilə bağlı olmuşdur. Qanunsuz işdən azad olunmağı ilə bağlı tərəfindən ilk növbədə Cavabdeh MMC-yə rəsmi müraciət olunmuşdur. Eyni zamanda işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi barədə mediasiya təklifi verilmiş, bununla bağlı mediasiya iclası keçirilmiş və Bakı 13 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli prosesin davam etdirilə bilməməsi barədə arayışı təqdim olunmuşdur. İşdən azad olunmağı ilə bağlı Əmək Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulduğuna görə verilən əmr qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Onunla müqavilə bağlanarkən Cavabdeh MMC Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-ci bəndinə əsasən Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndini əsas götürərək əmək müqaviləsini 1 ay 1 gün müddətinə bağlamışdır. Əgər Cavabdeh MMC-nin qanunsuz istəyi və tələbi ilə razılaşsa belə, onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin e) bəndinə əsasən olmalı idi. Əmək Məcəlləsinin 47-ci maddəsinin e) bəndində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müddətli bağlanıla bilər. Lakin hazırki işin xarakterindən görünür ki, göstərilən xidmətlər davam etdirilir və daimi xarakterə malikdir. Yəni, hal hazırda Cavabdeh MMC ilə görülən işlər və bağlanılan müqavilələr davam etdirilir. Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Göründüyü kimi onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iş və göstərilən xidmətlər daimi xarakterə malik olduğu halda, Cavabdeh MMC tərəfindən əsassız olaraq Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndi əsas gətirilərək 1 ay 1 gün müddətinə bağlanılmışdır. Hamıya məlumdur ki, əmək münasibətlərində işçi ilə işəgötürən faktiki cəhətdən bərabər olmurlar. Yəni, işçi ilə işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcuddur. Müddətli əmək müqaviləsinin bağlanması işin daimi xarakter daşımadığı hallarda tərəflərin qarşılıqlı razılığı əsasında mümkün ola bilər. Əgər işin daimi xarakter daşıdığı əvvəlcədən bəlli olarsa, müqavilə müddətsiz bağlanmalıdır. Nəzərə almaq lazımdır ki, işçilərin daimi yerinə yetirdikləri işlər əksər vaxt müddətli əmək müqaviləsinin bağlanmasına zəmin yaratmır. Hazırki işdən də görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixində bağlanılmış müqavilə xx.xx.2025-ci il tarixinə kimi, yəni 4 il 1 ay müddətinə davam etmişdir. Hal hazırda da Cavabdeh MMC tərəfindən eyni işlər üzrə digər işçilərlə işlər davam etdirilir. Eyni zamanda Cavabdeh MMC rəsmi müraciətinə cavab olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-ci bəndinə əsasən ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Cavabdeh MMC tərəfindən yazılan bu cavabın heç bir əsası yoxdur. Əmək məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. xx.xx.2024-cü il tarixində dəyişdirilmiş əmək müqaviləsi də düzgün tərtib olunmamış, müqavilədə müqavilənin müddəti bölməsində əmək müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixinə göstərilmişdir. xx.xx.2021-ci il tarixində bağlanılan müqavilə xx.xx.2024-cü il tarixində dəyişdirilmişsə və yenidən müqavilə bağlanılmışdırsa, xx.xx.2021-ci il tarixə qədər ola bilməzdi. Qanunvericilik əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunduğunu və hüquqi qüvvəyə mindiyini qeyd edir. Belə olan təqdirdə müqavilənin xx.xx.2021-ci il tarixində bitməsi absurddur. Bundan başqa Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. Cavabdeh MMC tərəfindən bağlanılan müddətli əmək müqaviləsinin hansı zərurətdən (əmək funksiyası, işin mövsümi xarakterli olması və sair) çıxış edərək müddətli əmək müqaviləsi bağlanması göstərilməmişdir. Bütün bunlardan başqa Əmək Məcəlləsinin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır. xx.xx.2025-ci il tarixində xitam verilmiş əmək müqaviləsi ilə bağlı ona rəsmi olaraq işəgötürənin imzası ilə heç bir təsdiq olunmuş bildiriş göndərilməmiş və kağız daşıyıcıda da rəsmi xəbərdarlıq edilməmişdir. Eyni zamanda əmək kitabçası, əmrin surəti və son haqq hesab da ona verilməmişdir. Ümumiyyətlə, Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin tələbləri kobud surətdə pozulmuşdur. Cavabdeh MMC iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 30 oktyabr tarixli 602 nömrəli Sərəncamı ilə 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası təsdiq edilmişdir. “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prenzidentinin Sərəncamı sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılmasına yönəldiyindən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” məşğulluğun inkişafına dair işçi qüvvəsinin bacarıqlarının yüksəldilməsi, əmək məhsuldarlığının artırılması, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi təmin edilir. Sözügedən sərəncamın 4.4.5-ci maddəsinə əsasən işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunun çevik və səmərəli təşkili məqsədilə əmək birjalarının və haqqı ödənilən ictimai işlərin təşkili mexanizminin yeniləşdirilməsi əsas prioritetlərdən biridir. Bu dövlət proqramı 2019-2030-cu illəri əhatə etdiyindən, həmçinin sosial layihə olduğundan müvəqqəti xarakter daşıyır. Bu proqramdan irəli gələn məsələrin həll edilməsi və ən əsas da proqramdan hər bir vətəndaşın yaralanması əsas prioritetlərdən biridir. Azərbaycan Respublikasının Prezidentinin tapşırığına əsasən 2019-cu ilin əvvəlindən ictimai işlərin təşkili ilə bağlı yeni mexanizmi nəzərdə tutan “İşsizin DOSTu” proqramına başlanılmışdır. Həmin proqram Cavabdeh MMC tərəfindən icra olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Yuxarıda qeyd olunan Qanunların tələbləri nəzərə alınaraq tərəflərin qarşılıqlı razılığı ilə İddiaçıla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" X1 X5 İdarəsinə Lənkəran rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə İddiaçı göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) ödənilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “e” bəndinə əsasən haqqı ödənilən ictimai işlər görülərkən müddətli əmək müqaviləsinin bağlanılması nəzərdə tutulmuşdur. Qeyd edilən əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 1 ay müddətə nəzərdə tutulmuş, 1 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Tərəflər arasında bağlanılmış müqavilənin qeyd edilən bəndindən açıq-aydın görünür ki, müqavilə üzrə müəyyən edilmiş 1 (bir) aylıq müddət başa çatdıqda onun uzadılması eyni şərtlərlə, yəni 1 (bir) ay müddətinə uzadıla bilər. Məlumat üçün bildirmişdir ki, hazırki mübahisə üzrə cavabdeh MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Belə olan halda məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab etməlidir. Dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır, lakin müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınmalıdır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınmalıdır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır, lakin hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Hesab edir ki, yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, təmsil etdiyi şəxs əvvəllər "xxxx" ASC-də işləyib. 2021-ci ildə müəyyən kateqoriya işçiləri Cavabdeh MMC-yə verilməsi ilə bağlı təmsil etdiyi şəxs cavabdeh qurumda işə daxil olmuşdur. Bundan sonra iddiaçı ilə 1 aylıq əmək müqaviləsi bağlanılmış və bu müqavilə hər dəfə artırılırdı. Bundan başqa əmək haqqının dəyişməsi ilə bağlı da iddiaçı ilə müqavilə bir neçə dəfə dəyişdirilmişdir. İddiaçı müqavilənin müddətli olması barədə məlumatlı olmayıb. Heç müqavilənin nüsxəsi də ona verilməyib. Onlar tərəf olaraq rəsmi qaydada xx.xx.2024-cü ildə cavabdeh quruma iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi ilə bağlı müraciət etmişlər. Çünki bunun əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu düşünürdülər. Bundan başqa iddiaçı ilə bağlanılmış ilk əmək müqaviləsində göstərilmiş müddətin düzgün olmadığını və həmin düzəlişin də edilməsini xahiş etmişlər. Müraciətlərindən sonra onlarla əlaqə saxlanıldı və bildirildi ki, rəhbərliyin göstərişinə əsasən bütün işçilərlə müqavilə müddətli bağlanılır və narahatçılığa heç bir əsas yoxdur. Onlarda bununla razılaşdılar. Lakin ilk əmək müqaviləsində göstərilən müddətlə bağlı şikayətləri də təmin edilmədi. Bundan 1 ay sonra iddiaçını qərəzli olaraq işdən azad etdilər. İddiaçının işə bərpa edilməsi ilə bağlı cavabdeh quruma müraciət etdilər. Lakin onlar iddiaçını işə bərpa edə bilməyəcəklərini bildirdilər. Bundan sonra onlar məhkəməyə müraciət etdilər. Cavabdeh tərəf öz etirazında iddiaçının işdən azad edilməsi ilə bağlı xəbərdar etməsini qeyd etsə də, əslində iddiaçıya heç bir bildiriş gəlməyib. Həmçinin iddiaçının əmək kitabçası işdən çıxarıldıqdan sonra ona verilməyib. Bununla bağlı da cavabdeh quruma rəsmi müraciət etmişlər. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 iddia tələbinə etirazın məzmunu ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, təmsil etdiyi qurumda bağlanılmış bu tipli müqavilələr sosial layihə olduğu üçün müvəqqəti xarakter daşıyır. Sadəcə olaraq vətəndaşların rifahını yüksəltmək məqsədi daşıyır. İddiaçının hər bir şeydən xəbəri olub. Bildiriş də onun elektron kabinetinə yerləşdirilib. Ona verilən suallara cavab olaraq bildirdi ki, əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı bildiriş xx.xx.2025-ci ildə iddiaçıya göndərilib. İddiaçı ilə təmsil etdiyi qurum arasında heç bir qərəz olmayıb. Sadəcə olaraq müqavilənin müddəti bitdiyinə görə davam etmək istəməmişlər və buna görə də əmək müqaviləsinə xitam vermişlər. İlk müqavilədə olan yalnışlıq sistemin özünün etdiyi elektron xətadır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər üzrə köməkçi vəzifəsinə işə qəbul olunmuşdur. Müqavilənin 2.1-ci bəndinə əsasən bu əmək müqaviləsi 1 ay müddətinə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən 2.1-ci bənddə müəyyən edilmiş müddət başa çatdıqdan sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, onun qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə 30 dekabr 2021-ci il tarixinədək uzadıla bilər. Müqavilənin 2.3-cü bəndinə əsasən işçi 05 yanvar 2021-ci il tarixdən işə başlayır. Müqavilənin 3.1-ci bəndinə əsasən işçinin əmək funksiyaları – şəhər, rayon ərazisinin, küçə, park və meydanların abadlaşdırılması; yaşayış əraziləri, xəstəxana, məktəb, təhsil müəssisələri, yataqxana və pansionatlar, qocalar və əlillər üçün intenar evləri, habelə sosial sferanın digər obyektlərində cari təmiri; yol və körpülərin, istilik və qazanxana sistemlərinin cari təmiri; kənd təsərrüfatı müəssisələrinə köməklik göstərilməsi ilə əlaqədar işlər; təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması işləri; qocalara, əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq; digər sosial əhəmiyyətli işlərdən ibarətdir. - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən Lənkəran X5 İdarəsinə ictimai işlər üzrə köməkçi kimi qeyd edilmişdir. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən Lənkəran X5 İdarəsinə ictimai işlər üzrə köməkçi kimi qeyd edilmişdir. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən Lənkəran X5 İdarəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə kimi qeyd edilmişdir. - Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən Lənkəran X5 İdarəsinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə kimi qeyd edilmişdir. - “DOST” İş Mərkəzi” MMC-nin 05 fevral 2025-ci il tarixli, 3-17-7/3-4-817/2025 saylı əmrindən çıxarışa əsasən Cavabdeh MMC-də müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş "xxxx" X1 X4 İdarəsi üzrə Lənkəran şəhəri ərazisində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilməsi, İddiaçı xx.xx.2025-ci il tarixinə qədər olan son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr) ödənilməsi əmr edilmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi Cavabdeh MMC-nin İddiaçı sorğusuna cavab olaraq ünvanladığı 14 fevral 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, onunla Mərkəz arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "xxxx" X1 X5 İdarəsinə Lənkəran rayonu üzrə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) 1-ci bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcəyinə dair “Xidmət üçün müraciətlə bağlı” bildiriş xx.xx.2025-ci il tarixində Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemi vasitəsilə ona göndərilmiş, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə uyğun olaraq onunla Mərkəz arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. - xx.xx.2025-ci il tarixli, MŞB/13/2025-00229 saylı “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə uyğun olaraq, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi üzrə xx.xx.2025-ci il tarixində, 10:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyi barədə arayış verilmişdir. Həmin arayışdan, eyni zamanda görünür ki, əmək mübahisəsi üzrə mediasiyanın tətbiqi barədə təklif 25 fevral 2025-ci il tarixdə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübəsınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər – müvəqqəti məşğulluğun təmin edilməsi məqsədi ilə bu Qanuna uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nın 2.6-cı bəndinə əsasən isə ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Zəruri hallarda müəssisə və yerli qurumun və ya mərkəzin birgə razılığı ilə bu müddət artırıla bilər. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb olunmaqla ictimai işlər vəzifəsinə təyin edilmiş, onunla bağlanmış əmək müqaviləsi müddətli olmuşdur. 05 fevral 2025-ci il tarixli, 3-17-7/3-4-817/2025 nömrəli əmrlə iddiaçı AR ƏM-in 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib. Həmin hallardan biri kimi də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülməsidir. Digər tərəfdən iddiaçı ilə bağlanmış əmək müqaviləsi onunla işəgötürənin qarşılıqlı razılığı əsasında müddətli bağlanmış, həmin müqavilə iddiaçı tərəfindən imzalanmışdır. Müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır. İddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin xarakteri müvəqqəti xarakterli ictimai işlər olmuşdur. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən və iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-ə qarşı “əmrin ləğv edilməsi, əmək haqqı, işə bərpa və s.” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 60 manat mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2624/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2624/2025
29.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver