Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-267/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: xidmət müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Qurbanova İlahə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 15.556,00 (on beş min beş yüz əlli altı) Avro və 12.665,17 (on iki min altı yüz altımış beş manat,on yeddi qəpik ) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 fevral tarixli, 3163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu Proqram çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində bakalavr və magistratura səviyyələri üzrə təhsilin maliyyələşdirilməsini tənzimləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 01 iyun tarixli, 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” cərçivəsində xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən, xarici ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələri üzrə təhsili maliyyələşdirən Azərbaycan Respublikası vətəndaşları olan gənclərin seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi seçim meyarları və prosedurları əsasında həyata keçirilir. Proqramın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımı şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəlilyinin artırılmasını təmin etməkdən ibarət olmuşdur. Qaydaların 1.3-cü bəndinə əsasən, Proqram iştirakçılarının xarici ali təhsil müəssisələrində bakalvriat və magistratura səviyyələri üzrə Azərbaycan Respublikasının Dövlət Neft Fondunun, beynəlxalq təşkilatların (fondların), mülkiyyət formasından asılı olmayaraq, xarici və ya yerli hüquqi və fiziki şəxslərin, habelə fiziki şəxslərin ianələri hesabına bu Qaydalarla məyyən edilmiş hallarda və qaydada maliyyələşdirilir. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə əsasən,Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi məzun olduqdan sonra ölkəyə qayıdaraq 5 (beş) il müddətinə əmək fəaliyyəti ilə məşğul olmaq şərtilə həyata keçirilir. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, proqram iştirakçısı və təhsili başa çatdıqdan sonra proqram iştirakçısı ilə əmək müqaviləsi bağlamağa razılıq vermiş Azərbaycan Respublikasının ali təhsil müəssisəsi arasında bağlanılan müqavilə (bundan sonra - müqavilə) əsasında həyata keçirilir. Müqavilənin forması Nazirlik tərəfindən müəyyən edilir. Bu Qaydaların 1.5-ci yarımbəndinə görə, Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Nazirliyin nəzdində X1 Qrupu tərəfindən idarə olunur. Qeyd edilən Qaydaların 1.4-cü bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşıCavabdeh arasında 8 avqust 2022-ci il tarixli, 13 saylı müqavilə bağlanılmışdır. “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalvriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş cavabdeh elm və təhsil nazirinin xx.xx.2022-cü il tarixli, F-473 nömrəli əmrinə əsasən xaricdə bakalavr təhsilin maliyyələşdirlməsi imkanını əldə etmişdir. Müqavilə şərtinə uyğun olaraq, cavabdeh sentyabr 2022-ci il tarixdən-sentyabr 2025-ci il tarixə kimi Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində “Mühəndislik texnalogiyası” bakalavr təhsil səviyyəsi üzrə təhsil almalı və Nazirlik isə bu təhsili maliyyələşdirməli idi. Cavabdehin müqavilə şərtlərinə uyğun olaraq maliyyələşməsinə baxmayaraq, ixtisas istiqamətini dəyişərək öz öhdəliklərini pozmuşdur. Müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəzərə alınaraq, Elm və Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 3- 29/3-2-201 F/2024 nömrəli əmrlə Əliyev X5 Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından xaric edilmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 3.2.2-ci yarımbəndində qeyd edilir ki, Proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qaytarılmasını ondan tələb etmək Nazirliyin hüququdur. Müqavilənin 6.2-ci yarımbəndində nəzərdə tutulmuşdur ki, proqram iştirakçısının adı Dövlət Proqramı çərçivəsində xaricdə təhsilalanların siyahısından çıxarıldıqda və ya o təhsilini başa vurduqdan sonra ən geci 2 ay müddətində ölkəyə qayıtmadıqda və ya təhsilini xaricdı davam etdirməkdən imtina etdikdə, Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarılmalıdır. Lakin, cavabdeh bu günə qədər həmin vəsaitin geri qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsi məqsədilə cavabdehə xx.xx.2024-cü il tarixli, 3-29-64/2-152/2024 saylı məktubla rəsmi qaydada müraciət edilərək onun təhsilinin təşkili ilə bağlı ödənilmiş 15.556,00 avro və 12.665,17 manat pul vəsaitinin geri qaytarlması tələb edilmişdir. Lakin cavabdeh tərəfindən məktubun alınmasına baxmayaraq, o ödənişdən yayınmışdır.
İİ. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
5. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 izahat verərək bildirmişdir ki, cavabdeh onun oğludur, müqavilə isə oğlu yetkinlik yaşına çatmadığından onun tərəfindən imzalanmışdır. Oğlu dövlət proqramı ilə 1 il müddətinə təhsil almış, lakin dərslərin çox ağır olması, tələbəyə heç bir şəraitin yaradılmaması ilə bağlı müqavilədə qeyd olunan ixtisasını dəyişərək həmin universitetin digər fakültəsində öz hesabına təhsili davam etmək qərarına gəlmişdir. Həmçinin qeyd edir ki, iddiaçı tərəfindən universitet və orada keçirilən dərslərin səviyyəsi barədə onlara heç bir məlumat verməmiş, sonradan isə həmin universiteti xaricdə təhsil proqramından çıxarılmışdır. Bir çox tələbə fakültədə dərslərin ağır olması səbəbi ilə bağlı ixtisaslarını dəyişmiş və öz hesablarına başqa ixtisas üzrə oxumağa davam etmişlər. Cavabdeh fakültəsin dəyişdirdikdə onlar bu barədə iddiaçıya məlumat vermişlər. Hazırda oğlunun təhsil xərcini, eləcə də digər övladının və himayəsində olan bacısı övladının təhsil xərclərini o qarşıladığı üçün tələb olunan məbləği birdəfəlik ödəyə bilmir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin Artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun xx.xx.2024-cü il tarixli, 3-29-64/2-152/2024 nömrəli məktubuna əsasən müəyyən olunur ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə Belçika Krallığının “KU Leuven” xarici ali təhsil müəssisəsində onun bakalavr təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Onunla bağlanmış ikitərəfli müqaviləyə əsasən təhsil müddətinin 2022-ci il sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir. Müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyinə görə Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarmağı tələb olunur.
8. Azərbaycan Respublikasının Elm və Təhsil naziri Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmrində dəyişikliyin edilməsi ilə bağlı X4 Qrupu, Hüquq şöbəsi, Beynəlxalq əməkdaşlıq şöbəsi və Maliyyə şöbəsi İ.Abaszadə, A.Əhməd, Ə.Əliyev, Cavabdeh, Z.Hacıyeva, L.Lətifova, H.Səfərli və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.-ci maddəsinə uyğun olaraq onların təhsillərinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülməsi əmr edilmişdir.
9. Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F- 473 №-li əmri ilə təsdiq edilmiş Azərbaycan Repsublikası Elm və Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üşün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən Proqram iştirakçısının Belçika Krallığınnın “KU Leuven” ali təhsil müəssisəsində “Mühəndislik texnologiyası” ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilin maliyyələşdirilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir.
10. Həmin Müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qayrarılmasını ondan tələb etmək Nazirliyin hüquqlarından biridir.
11. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı bu Müqavilə üzrə öhdəliklərini icra etmədikdə, İdarəetmə qrupu tərəfindən 1 ay ərzində xəbərdarlıq edilir və bu barədə ona bildiriş göndərilir. Proqram iştirakçısı idarəetmə qrupunun təqdim etdiyi bildiriş əsasında təhsilini səbəbindən asılı olmayaraq xaricdə davam etdirə bilmədikdə bu hal baş verdiyi tarixdən 2 ay müddətində geri qaytarmalıdır.
12. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabərliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə xx.xx.2022-ci il tarixli , 02 nömrəli reyestrə əsasən müəyyən olunur ki, Cavabdeh üçün 4116 avro məbləğində pul ödənilmişdir.
13. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabərliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə xx.xx.2022-ci il tarixli , 05 nömrəli reyestrə əsasən müəyyən olunur ki, Cavabdeh üçün 11440 avro məbləğində pul ödənilmişdir.
14. 22.12.2022-ci il tarixli 04 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların xərclərindən Cavabdeh şəxsi bank hesabına 11711,69 manat məbləğində pul köçürülmüşdür.
15. 2022-ci ilin dekabr ayında 08 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların xərclərindən Cavabdeh şəxsi bank hesabına 900,33 manat məbləğində pul köçürülmüşdür.
16. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
22. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
23. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
24. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
25. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Repsublikası Elm və Təhsil Nazirliyi ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üşün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 13 nömrəli müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində “Mühəndislik texnologiyası” ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsil alması və təhsilin iddiaçı tərəfindən maliyyələşdirilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı bu Müqavilə üzrə öhdəliklərini icra etmədikdə, İdarəetmə qrupu tərəfindən 1 ay ərzində xəbərdarlıq edilir və bu barədə ona bildiriş göndərilir. Proqram iştirakçısı idarəetmə qrupunun təqdim etdiyi bildiriş əsasında təhsilini səbəbindən asılı olmayaraq xaricdə davam etdirə bilmədikdə bu hal baş verdiyi tarixdən 2 ay müddətində geri qaytarılmalı olması qeyd olunmuşdur. Cavabdeh tərəfindən müvafiq ixtisas üzrə təhsilin davam etdirilməməsinə baxmayaraq, müqavilə üzrə yaranmış borc tərəfindən ödənilməmişdir.
27. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 15556 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 12665,17 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməlidir.
V Nəticə:
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 15556 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 12665,17 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil