Məhkəmə qərarları › İş №e-2(004)-2683/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2683/2022

11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2683/2022 11.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, iddiaçı "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, iddiaçı "YapıKredi Bank Azərbaycan” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "YapıKredi Bank Azərbaycan” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək (birgə) qaydada 8.000 manat məbləğində maddi zərərin və 100 manat dövlət rüsumu olmaqla, cəmi 8.100 manat məbləğində pul vəsaitinin ”YapıKredi Bank Azərbaycan” QSC xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və "xxxx" QSC arasında xx.xx.2015-ci il tarixli 215/380 saylı kredit müqaviləsi bağlanmışdır, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə həmçinin cavabdehlər X5 və Cavabdeh3 ilə bank arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər, əlavə olaraq borcalanın xx.xx.2015-ci il tarixli 215/380 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə xx.xx.2015-ci il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh2 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X3 məxsus Bakı şəhəri Nəsimi rayonu, Sarabski küşəsi 59-59A ünvanında yerləşən 112,1 kv.m qeyri-yaşayış sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdehlər öz ökdəliklərini lazımınca yerinə yetirmədikləri üçün "xxxx" QSC məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2017 saylı 07 avqust 2017-ci il tarilxli qətnaməsinə əsasən ümumilikdə 201.871,21 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilməsi və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş ipoteka predmetləri olan daşınmaz əmlaklara yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərrac təşkilatının hərracın nəticələri barədə xx.xx.2018-ci il tarixli 115/2 saylı yekun protokolu və xx.xx.2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin daşınmaz əmlakların bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni çıxarışlar verilmişdir. Lakin buna baxmayaraq adları yuxarıda qeyd olunmuş vətəndaşlar, əssasız olaraq iddiaçı "xxxx" QSC-yə məxsus olan daşınmaz əmlaklardan istifadə edərək daşınmaz əmlaklarda yaşamağa davam etmiş və daşınmaz əmlakın boşaldılmasından imtina etmişlər. Bununla bağlı iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşma imzalamışdır. Həmin əlavə razılaşmanın şərtlərinə əsasən daşınmaz əmlakların boşaldılması "xxxx" MMC-yə sifariş verilmişdir. "xxxx" MMC öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məcburi icra işlərinin təşkil edilməsi ilə bağlı öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək daşınmaz əmlakların boşaldılmasını təmin etmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşmanın 5.1.3.2 maddəsinin şərtinə görə boşaldılmış daşınmaz əmlaka görə 8.000 (səkkiz min manat 00 qəpik) manat məbləğində xidmət haqqı ödənilmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin 12-ci maddəsində qeyd edilmişdir ki: “Bu müqavilə üzrə verilmiş kreditlə bağlı “Borcverənin” tələb hüquqları qanunvericilklə nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsulla verilə (güzəşt edilə) bilər. Həmin müqavilənin 12.2-ci bəndinə əsasən, bu müqavilə üzrə “Borcalanın” öhdəliklərinin icra edilməsi və ya lazımınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qaytarılmasının təmin edilməsi məqsədilə kredit borcunun qaytarılması və/və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi ”Borcverən” tərəfindən müvafiq müqavilələr əsasında üçüncü şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər “Borcalandan”, zaminlərdən və yaxud da girova (ipotekaya) verilmiş və/və ya kreditin təminatı kimi çıxış edən digər əmlak (əşyalar) hesabına tutulacaqdır. xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinin 3.3-cü maddəsinə əsasən çəkilən və çəkilməli olan məsrəfləri/xərcləri “Borcalan”la yanaşı “zamindən” də tələb etmək (tutmaq/almaq) hüququna malikdir. Qeyd olunanlara əsasən, iddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək (birgə) qaydada 8.000 manat məbləğində maddi zərərin və 100 manat dövlət rüsumunun, cəmi 8.100 manat məbləğində pul vəsaitinin ”YapıKredi Bank Azərbaycan” QSC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı "YapıKredi Bank Azərbaycan” QSC-nin nümayəndəsi və Nümayəndə1 “Elektron məhkəmə informasiya sistemi” vasitəsi ilə, məhkəməyə iddia tələbinin artırılmasına dair əlavə ərizə verərək bildirmişdir ki, “X7 Azərbaycan” QSC tərəfindən xx.xx.2020-ci il tarixdə hərrac xərcləri ilə bağlı 10.588,98 (on min beş yüz səksən səkkiz manat doxsan səkkiz qəpik) manat xidmət haqqı, 1906,02 (bir min doqquz yüz altı manat iki qəpik) manat, eyni zamanda 18% əlavə dəyər vergisi olmaqla, cəmi 12.495 (on iki min dörd yüz doxsan beş) manat hərrac təşkilatı olan “X4” MMC-yə ödənilməsinə dair xx.xx.2020-ci il tarixli 762 saylı ödəniş tapşırığı verilmiş və həmin tarixdə bank köçürmə sənədi ilə qeyd edilən məbləğ təşkilatın bank hesabına ödənilmişdir. Odur ki, qeyd olunanlara əsasən cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək (birgə) qaydada icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin, yəni 8.000 manat məbləğində maddi zərərin və 100 manat dövlət rüsumu olmaqla, cəmi 8.100 manat məbləğində pul vəsaitinin, eyni zamanda cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh3 müştərək (birgə) qaydada hərracın keçirilməsi üçün çəkilən xərclərə görə 12.495 (on iki min dörd yüz doxsan beş) manat məbləğində və 127,48 manat dövlət rüsumunun "xxxx" QSC xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsi və iddia ərizəsinə əlavəyə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. O, izahatında həmçinin bildirdi ki, cavabdehlər tərəfindən icra hərəkətlərinin vaxtında yerinə yetirilməsi üçün "YapıKredi Bank Azərbaycan” QSC ilə "xxxx" MMC arasında hüquqi xidmətin göstərilməsi haqqında bağlanmış müqavilə üzrə 8.000 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bundan başqa ipoteka predmetinin hərracda satışı ilə bağlı ödənişlər cavabdehlər tərəfindən ödənilməli olduğu halda, onlar bu öhdəliklərini yerinə yetirmədikləri üçün "YapıKredi Bank Azərbaycan” QSC məcburiyyət qarşısında qalaraq hərracın keçirilməsi üçün xərclərə görə 12.495 (on iki min dörd yüz doxsan beş) manat məbləğində vəsaiti “X4” MMC-yə ödəmişdir. Belə ki, qeyri-yaşayış sahəsinin ilkin satışı qiyməti məhkəmə qətnaməsinə əsasən 392.000 manat müəyyən edilmiş, lakin ilkin hərracda satış mümkün olmadığından 249.900 manata "YapıKredi Bank Azərbaycan” QSC-yə təklif edilərək onun tərəfindən əldə edilmişdir. Bu vaxt satış qiymətinin 5%-ni təşkil edən 12.495 manat hərrac xərci olaraq hərracı təşkil edən “X4” MMC-nin hesabına iddiaçı tərəfindən ödənilmişdir. Kredit borcu 201.280 manat olduğundan qeyri-yaşayış sahəsinin satışından sonra qalıq qalan məbləğ cavabdehlərə geri qaytarılmış, lakin qətnamədə nəzərdə tutulmadığından hərrac xərcləri onlardan tutulmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 eyni məzmunlu izahatlar verərək bildirdilər ki, icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin, yəni 8.000 manat məbləğində maddi zərərin ödənilməsi hissəsində iddia tələbinə etiraz edirlər. Belə ki, onlar icra sənədini könüllü şəkildə icra etmiş və ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin boşaldılmasını özləri sərbəst şəkildə həyata keçirmişlər. Bundan başqa icra orqanı tərəfindən icra hərəkətlərinə görə qanunla nəzərdə tutulmuş xərclər 7% ödəniş cavabdehlərdən tutulmuşdur. Ona görə də iddia tələbini əsassız hesab edirlər və rədd edilməsini xahiş edirlər. Lakin hərrac xərclərinin ödənilməsi hissəsində iddia tələbinin həllini məhkəmənin mülahizəsinə buraxırlar. Verilmiş suallar əsasında bildirdilər ki, hərracın keçirilməsi ilə bağlı çəkilən xərclər onlardan tutulmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etraz edərək rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, icra hərəkətlərinin həyata keçirilməsi icra məmurunun vəzifəsidir, buna görə iddiaçı tərəfindən hər hansı hüquqi xidmət göstərən şirkətlə müqavilə bağlaması, bununla bağlı xərclərin ödənilməsini cavabdehlərdən tələb etməsi qanuna zidd olmaqla təmin edilə bilməz. Eyni zamanda hərrac xərclərinin ödənilməsi hissəsində iddia tələbi təmin edilə bilməz. Belə ki, hər iki tələb bir icraatda baxıla bilməz və həmin hissədə iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iddiaçının ərizəsini, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-354/2017 saylı 07 avqust 2017-ci il tarilxli qətnaməsinə əsasən ümumilikdə 201.871,21 manat məbləğində borcun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq "xxxx" QSC-yə ödənilməsi və eyni zamanda tutmanın banka kreditin təminatı kimi girov qoyulmuş ipoteka predmetləri daşınmaz əmlaklara yönəldilməsi və həmin əmlakın açıq hərracdan satılaraq satışdan əldə edilmiş məbləğlərdən banka ödənilməli olan borc dəyərində bankın xeyrinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya şöbəsinə yönəldilmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq tələbkar banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak hərrac təşkilatı olan “X4” MMC-nin “hərracın nəticələri barədə” xx.xx.2018-ci il tarixli 115/2 saylı yekun protokolu və xx.xx.2018-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən sözügedən daşınmaz əmlakların bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni çıxarışlar verilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küşəsi 59-59A ünvanında yerləşən binada 112,1 kv.m qeyri-yaşayış sahəsi hazırda "xxxx" QSC-nin mülkiyyətindədir. Həmçinin, iş materiallarında olan “X4” MMC-nin 115/2 saylı, xx.xx.2018-ci il tarixli “hərracın yekunları barədə protokol”undan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küşəsi 59-59A ünvanında yerləşən binada 112,1 kv.m qeyri-yaşayış sahəsi 249.900 manat məbləğində qiymətləndirilərək tələbkar "xxxx" QSC tərəfindən əldə edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC ilə "xxxx" MMC arasında hüquqi xidmət göstəriləməsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, “xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləyə əlavə razılaşmaya əsasən müəyyən edilir ki, daşınmaz əmlakların boşaldılması işi tələbkar "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə sifariş verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktdan görünür ki, 2021-ci ilin may ayı üzrə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küşəsi 59-59A ünvanında yerləşən binada 112,1 kv.m qeyri-yaşayış sahəsinin boşadılması ilə bağlı 8.000 AZN dəyərləndirilən xidmət icra edilərək sifarişçi "xxxx" QSC-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" QSC tərəfindən "xxxx" MMC-nin bank hesabına 8.000 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X7 Azərbaycan” QSC tərəfindən “X4” MMC-nin bank hesabına hərracın keçirilməsi ilə bağlı xidmət haqqı olaraq 10.588,98 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X4” MMC-yə ödənilmiş 10.588,98 manat pulun 18% ƏDV-si olan 1906,02 manat məbləğində pul vəsaiti X1 ödənilmişdir. Məhkəmə əvvəla iddia tələbinin məcburi icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə borcun ödənilməsinin təmin edilməsi icra məmuru tərəfindən həyata keçirilir. İcra məmurunun öz vəzifələrini lazımınca yerinə yetirməməsi ilə bağlı əmələ gələn zərər risklərinin müqavilənin standart şərtləri sayəsində borcluya həvalə edilməsi qanuna və hüquqa zidd olduğundan etibarsızdır. Həmçinin qanunvericilikdə icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid edilməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Göründüyü kimi, məhkəmə qərarının qanunla müəyyən edilmiş müddətlərdə və qaydada icra olunması üçün qanunvericilik tərəfindən dövlət orqanlarına zəruri olan bütün imkanlar yaradılmışdır. Belə olan halda dövlət orqanına aid vəzifənin, dolayısı ilə isteklakçının kredit müqaviləsi üzrə bank qarşısında yaranan borcların geri qaytarılması üçün göstəriləcək əlavə xidmətlərin istehlakçının üzərinə qoyulması qanunvericiliyin tələblərinə zidd olmaqla istehlakçıların hüquqlarının qorunması prinsipinə uyğun deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin Məcəllənin 420.3.5-ci maddəyə görə isə zərərin miqdarından çox olan məbləğin tələb edilməsinə dair razılaşma (zərərin əvəzinin ödənilməsinə dair yüksəldilmiş tələb) təklif etmiş tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər barəsində tətbiq etdiyi müqavilənin standart şərti etibarsız sayılır. Hazırki işin faktiki hallarından müəyyən edilir ki, qanunla nəzərdə tutulmuş 7% icra xərcləri borclular tərəfindən icra şöbəsinin depozit hesabına ödənilmişdir. İddiaçı isə həmin xərclərin deyil, icra zamanı "xxxx" MMC tərəfindən ona əlavə xidmət göstərilməsi ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tutulmasını tələb edir. Halbuki, qanunvericiliyə əsasən bu tip çəkilən xərclərin cavabdehdən tələb edilməsi hüququ nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi icra hərəkətlərinin həyata keçirilməsi üçün iddiaçıya əlavə xidmət göstərilməsi ilə bağlı çəkilən xərclərə görə 8.000 manat məbləğində maddi zərərin cavabdehlərdən tutulması hissəsində əsassız olduğundan təmin edilə bilməz və rədd edilməlidir. Məhkəmə iddia tələbinin hərracın həyata keçirilməsi ilə bağlı çəkilən xərclərin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: İşin faktiki hallarında müəyyən edildiyi kimi, hərrac təşkilatı “X4” MMC-yə hərracın keçirilməsi ilə bağlı çəkilən xərclər, yəni 10.588,98 (on min beş yüz səksən səkkiz manat doxsan səkkiz qəpik) manat xidmət haqqı və 18% əlavə dəyər vergisi olan 1906,02 (bir min doqquz yüz altı manat iki qəpik) manat həmin icra işi üzrə tələbkar "xxxx" QSC tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında məhkəmə və digər orqanları qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 79.1-ci maddəsinə əsasən, icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. Həmin Qanunun 79.2.1-ci maddəsinin tələbinə görə borclunun əmlakının satılması icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aiddir. Həmin Qanunun 81.1-ci maddəsinin tələbinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 4-cü maddəsinə əsasən ( ipoteka ilə təmin edilən tələbin həcmi) əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2. faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4. ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. 4.2-ci maddəyə görə Qanunun 4.1.4cü və ya 5-ci maddələrində nəzərdə tutulmuş tələblər istisna olmaqla, ipoteka müqaviləsində əsas öhdəliyin (bu Qanunun 4.1.1‒4.1.3-cü maddələrində nəzərdə tutulmuş tələblərin) konkret məbləği göstərilibsə, həmin öhdəlik yalnız bu məbləğdə təmin edilmiş sayılır. Həmin Qanunun 25.3.3-cü maddəsinə əsasən ipoteka qoyanın vəzifələrindən biri ipoteka predmeti olan əşya ilə bağlı vergilər, kommunal xərclər və bu kimi digər öhdəlikləri ödəməkdir. Həmin Qanunun 46.2-ci maddəsinə görə ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. Həmin Qanunun 47.2-ci maddəsinə ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. Azərbaycan Respublikası Mulkı-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə yuxarıda qeyd edilmiş qanunvericilik normalarının məzmunundan müəyyən edilir ki, məhkəmənin icra sənədi üzrə ipoteka predmetinə tutma yönəldikdə tutmanın yönəldilməsi ilə əlaqədar çəkilən xərclər ipoteka saxlayanın tələbinə əsasən ipoteka qoyan tərəfindən ödənilməlidir. Hazırki işin faktiki hallarından isə müəyyən edilir ki, qanunla nəzərdə tutulmuş 7% icra xərcləri borclular tərəfindən icra şöbəsinin depozit hesabına ödənilməsinə baxmayaraq onlar tərəfindən hərracın keçirilməsi ilə bağlı xərclər nə tələbkar "xxxx" QSCyə, nə də ki, icranı həyata keçirən icra şöbəsinin depozit hesabına ödənilməmişdir. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında verdikləri izahatların etiraf etmişlər ki, hərracın keçirilməsi ilə bağlı çəkilən xərclər onlardan tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi hərracın keçirilməsi ilə bağlı çəkilən xərclərə görə tutulması hissəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə təmin edilməli, 10.588,98 (on min beş yüz səksən səkkiz manat doxsan səkkiz qəpik) manat xidmət haqqı və 18% əlavə dəyər vergisi olan 1906,02 (bir min doqquz yüz altı manat iki qəpik) manat olmaqla, cəmi 12.495 (on iki min dörd yüz doxsan beş) manat pul vəsaiti, eləcə də məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 127,48 manat dövlət rüsumu müştərək qaydada onlardan tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, mülki iş üzrə icraat Cavabdeh3 münasibətdə hissəvi xitam verilməlidir. Belə ki, “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilmiş məlumat görünür ki, Cavabdeh3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol vermədikdə hakim iş üzrə icraata xitam verir. Hazırki işin faktiki hallarından isə görünür ki, iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş, Cavabdeh3 isə həmin tarixdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Belə olan halda isə hüquq varisliyinə yol verilmir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Məhkəmə həmçinin dövlət rüsumu ilə məsələyə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan (yəni iddia ərizəsinə əlavə) ödənilmiş 127,48 manat məbləğində dövlət rüsum cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. İlkin iddia ərizəsinin verilməsi ilə bağlı məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada hərracın keçirilməsi üçün çəkilən xərclərə görə 12.495 (on iki min dörd yüz doxsan beş) manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 127,48 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12.622,48 (on iki min altı yüz iyirmi iki manat qırx səkkiz qəpik) manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilməlidir. Mülki iş üzrə icraat Cavabdeh3 münasibətdə hissəvi xitam verilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220. 227, 233 və 360-ct maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada hərracın keçirilməsi üçün xərclərə görə 12495 (on iki min dörd yüz doxsan beş) manat və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 127,48 manat dövlət rüsumu olmaqla, ümumilikdə 12622,48 (on iki min altı yüz iyirmi iki manat qırx səkkiz qəpik) manat tutularaq iddiaçı "xxxx" QSC-yə ödənilsin. Mülki iş üzrə icraat Cavabdeh3 münasibətdə hissəvi xitam verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İlkin iddia ərizəsinin verilməsi ilə bağlı məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar