Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2837/2023 31.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “borcun silinməsi və maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T Dİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “borcun silinməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh MTK tərəfindən ona əsassız olaraq hesablanmış 6981 (altı min doqquz yüz səksən bir) manat məbləğində kommunal borcun silinməsi və ünvan 1 ünvanında inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın D blok, 9cu mərtəbəsində, ümumi sahəsi 140.57 kv.m olan 3 otaqdan ibarət 523 nömrəli mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılmasına Cavabdeh MTK-nın əməkdaşları və digər şəxslər tərəfindən maneələrin yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı onunla Cavabdeh MTK arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, MN-523/16 nömrəli mənzilin alğı-satqı müqaviləsinə uyğun olaraq Cavabdeh MTK özü tərəfindən ünvan 1 ünvanında inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın D blok, 9-cu mərtəbəsində, ümumi sahəsi 140.57 kv.m olan 3 otaqdan ibarət 523 nömrəli mənzili iddiaçıya (sifarişçiyə) verməyi, iddiaçı isə həmin mənzilin dəyərini hər 1 kv metri üçün 1.700 manat olmaqla ümumi dəyəri 238.969 (iki yüz otuz səkkiz min doqquz yüz altmış doqquz) manatı müqavilənin 1 nömrəli əlavəsində qeyd olunan ödəniş şərtləri əsasında MTK-ya ödəməyi öhdəsinə götürmüşdür. Bundan əlavə, Cavabdeh MTK tərəfindən iddiaçıya verilmiş xx.xx.2018-ci il tarixli, 402 nömrəli Maliyyə arayışında göstərilmişdir ki, ünvan 1də yerləşən “Renessans Palace” yaşayış kompleksi Cavabdeh MTK-ya məxsusdur. Həmin Kompleksdə 2 saylı bina, D bloku, 9 mərtəbə, 3 otaqdan ibarət ümumi sahəsi 140.57 kv.m olan 523 nömrəli mənzilin pay dəyəri iddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MTK-ya borcu yoxdur. O, yuxarıda qeyd olunan mənzillərə görə pay haqqını tam olaraq ödəyib qurtardığından həmin mənzillər onun mülkiyyəti kimi qiymətləndirilməlidir. Cavabdeh MTK tərəfindən özünə məxsus olan mənzildə təmir işləri aparmağına cavabdeh tərəfindən maneçilik törədilməsi bir mülkiyyətçi kimi iddiaçının həmin mənzil üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını pozur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2016-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh MTK tərəfindən inşa edilmiş “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində yerləşən 2 saylı binanın D blok, 9-cu mərtəbəsində, ümumi sahəsi 140.57 kv.m olan 3 otaqdan ibarət 523 nömrəli mənzil iddiaçıya 2019-cu il tarixdə təhvil verilmişdir. Mənzil təhvil verildikdən sonra iddiaçı mənzilin açarlarını əldə etməsinə baxmayaraq keçən dörd il müddət ərzində mənzilə getməmiş və orada hər hansı təmir işlərinə başlamamışdır. Yalnız 2023-cü ildə iddiaçı mənzildə təmir işləri başlamaq istədikdə cavabdeh tərəfindən kommunal xidmətə görə borcun olması iddia edilərək təmir işlərinin aparılmasına maneçilik yaratmışdır. Tərəflər şifahi qaydada razılığa gəlmək üçün iddiaçı ilk öncə sonuncu ilin xərcini ödəməyi könüllü olaraq təklif etsə də, lakin cavabdeh bununla razılaşmamış və 6981 manat borc tam şəkildə ödənildikdən sonra təmirə icazə verəcəyini bildirmişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh tərəfindən mənzil təhvil verildiyi vaxtdan hər hansı kommunal xərclə bağlı tələb irəli sürülməmiş, kommunal xidmətlə bağlı müqavilə bağlanması iddiaçıya təkli edilməmiş, müqavilənin bağlanmasına dair təklif barədə bildirişlər iddiaçıya təqdim edilməmişdir. Cavabdehin nümayəndəsinin müqavilə bağlanması və kommunal xərclə bağlı bildirişlərin iddiaçıya çatdırılması ilə bağlı izahatında qeyd olunan dəlillərlə razılaşmır, çünki buna dair sübut məhkəməyə təqdim edilməmişdir, eləcə də, cavabdehlə bağlanmış alqı-satqı müqaviləsindən göründüyü kimi tərəflərin əlaqə vasitələri orada qeyd olunmasına baxmayaraq cavabdeh tərəfindən iddiaçıya telefon vasitəsilə belə məlumat verilməmiş, onun yaşadığı ünvana bildiriş göndərilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sübutlara münasibətdə isə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə tərtib edilmiş “Kommunal xidmətlərin göstərilməsinə dair”müqavilənin bağlanması ilə bağlı məsələ hələ 2023-cü ildə orta çıxmışdır. Əgər həqiqətən kommunal xərclərlə bağlı tələb 2019-cu ildə var idisə, müqavilə öhdəliyinə uyğun olaraq 3 il ərzində cavabdeh qarşı tərəfə öhdəliyini yerinə yetirməsi üçün müraciət etməli və bunu bildirməli idi. Hazırda isə cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, onlar 2023-cü ildə tərtib edilmişdir. Dolayısı ilə müqavilənin bağlanması ilə bağlı cavabdeh iddiaçını rəsmi qaydada məlumatlandırmamışdır. Göstərilənlərlə yanaşı cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2019-cu il tarixli ümumi yığıncağın qərarında qeyd edilən kommunal xidmət haqqının hesablanması qaydası ilə də razılaşmır, çünki həmin qərarda da belə açıqlanmamışdır ki, hansı səbəbdən kommunal xərclər mənzilin hər kvadrat metr sahəsi üçün 1 (bir) manatdan hesablanır. Ümumi yığıncaq barədə isə iddiaçının məlumatı olmamışdır. Cavabdehin təqdim etdiyi xx.xx.2023cü il tarixli arayışda 6466,22 manat borcun hesablanması açıqlanmamışdır. Verilmiş suallara əsasən bildirir ki, mənzilin açarı iddiaçıya 2019-cu ildə verilsə də dəqiq tarixi xatırlamır. Bundan sonra iddiaçı 2 dəfə mənzildə olmuşdur. Açar iddiaçıya veriləndən 3 il sonra iddiaçı mənzili təmir etmək qərarına gəlmiş və mənzili təmir etmək istəyərkən cavabdeh təşkilat buna maneə olaraq, iddiaçının kommunal ödənişə görə borcunun olduğunu bildirmişdir. İddiaçı isə mənzilin təmirinin olmadığını və yaşayış olmadığını bildirmişdir. Yaxşı halda son 1 ilin pulunu və sayğacların ödənişini verə bilər ki, onun üçün mənzilin təmirinə şərait yaratsınlar. Qarşı tərəf isə buna etiraz dərək ödəniş olunmadığı halda qaz, işıq, su ilə bağlı problem yaranacağını, liftdən istifadəyə məhdudiyyət qoyacaqlarını bildirmişdir. Qeyd edir ki, tikinti materiallarının daşınmasında liftdən istifadə zəruridir. Bu məsələlərlə bağlı problem yarandığı üçün məhkəmədə iddia qaldırmışlar. Cavabdehə bir neçə dəfə şifahi qaydada müraciət etsə də onlarda qaydanın belə olduğunu, ancaq borc ödənildikdən sonra təmirə başlaya biləcəklərini bildirmişlər. Borcun rəsmi olaraq nə vaxtdan başlanması ilə bağlı iddiaçıya bildiriş verilməmişdir. Ümumi yığıncağın keçirilməsi barədə də məlumatı yoxdur və məlumat verilməmişdir. Əlavə olaraq bildirir ki, alğı-satqı müqaviləsinin 1.1-ci bəndində icraçı anlayışına aydınlıq gətirilib, cavabdehin nümayəndəsinin bildirdiyi digər təşkilat isə icraçı ola bilməz. Müqavilənin özündə icraçının kim olması birbaşa nəzərdə tutulmuşdur. Cavabdehin 2019-cu ildən hesablanmış borc tələbi üzrə isə iddia müddəti keçmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tələbinin ona mənzilində təmirlə bağlı hər hansı heç bir maneə yaradılması hissəsində tamamilə razılaşmır, çünki hüquqlarını müdafiə etdiyi MTK-da ümumiyyətlə təmir üçün icazə tələb olunmur. Bu halda iddiaçı mənzilin sahibi olaraq istədiyi vaxt mənzilində təmir işləri apara bilər. Hətta iddiaçı tərəf özü dəfələrlə izahatında bildirmişdir ki, bina yaşayış üçün 2019-cu ildə ona təhvil verilmişdir. 2019-cu ildən isə binada yaşayış vardır. Eyni zamanda tərəfin özünə də açarlar həmin zaman təhvil verilmişdir. İddia tələbin kommunal xərclərin silinməsi hissəsi ilə də razılaşmır. Əvvəla iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilməyərək borcla bağlı rəsmi qaydada müraciət edilməmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-ci il tarixli alqı-satqı müqaviləsində də qeyd edilir ki, onlar arasında yaranan bütün mübahisələr və anlaşılmazlıqlar, mümkün qədər danışıqlar yolu ilə həll olunmalıdır. Həmçinin həmin müqaviləyə görə sifarişçi olan-iddiaçı mənzili təhvil aldıqdan sonra 1 ay ərzində kommunal xidmətlərlə bağlı müqavilə bağlanmalıdır. İddiaçı tərəf isə qəsdən bundan boyun qaçırır. İddiaçıya isə müqavilə bağlanmalı ilə əlaqədar bildiriş göndərmək MTK-nın öhdəliyi və borcu deyildir. Çünki alğı-satqı müqaviləsində 1 ay ərzində müqavilə bağlamaq öhdəliyini iddiaçı öz üzərinə götürmüşdür. Dolayısı ilə alğı-satqı müqaviləsində MTK-ya kommunal xidmətlərlə bağlı müqavilə bağlanması üçün MTK-nın qarşı tərəfi axtarmaq öhdəliyi qoyulmamışdır. İddiaçı mənzili və açarlarını təhvil almışdır, hətta etiraf etmişdir ki, mənzilə gəlib-getmişdir. Mənzil iddiaçının mülkiyyətində və istifadəsindədir, bu gün də heç kəs ona mənzildən istifadəyə görə maneə törətməmişdir. İddiaçı hazırda da istənilən vaxt mənzilinə girib-çıxa və təmir işləri apara bilər. İddiaçı qəsdən kommunal xidmətlə bağlı müqavilə bağlamaqdan imtina etmişdir. Mənzil təhvil verildiyi vaxtdan iddiaçının MTK-ya kommunal xidmətlərə görə 6466,22 manat borcu yaranmışdır. Bu borc məbləği mənzil iddiaçıya təhvil verildiyi vaxtdan hesablanmaqla, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrü əhatə edir. Ay üzrə kommunal xidmət haqqı hər bir mənzil sahibinin ona məxsus mənzilin ümumi sahəsi nəzərə alınmaqla hər kvadrat metrinə görə 1 (bir) manatdan hesablanır. İddiaçı təxmini olaraq aylıq 140 manat ödəniş etməlidir. Bu isə ümumi yığıncağın qərarına əsasən müəyyən edilmişdir. Borcun silinməsi tələbi ilə bağlı iddia ərizəsi əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi verilən suallara əsasən xx.xx.2019-cu il tarixdən hazıradək kommunal xidmətlərə görə yaranmış borcun iddiaçıdan tələb edilməməsinin səbəbini onunla izah etmişdir ki, əvvəla MTK iddiaçını borcun tələb edilməsi üçün tapmamışdır. Digər tərəfdən isə hesab edir ki, qeyd olunan borcun tələb edilməsi ilə bağlı iddia müddəti keçə bilməz, çünki tərəflə kommunal xidmətin göstərilməsi ilə bağlı müqavilə ümumiyyətlə bağlanmamışdır. Yəni, iddiaçının 2019-cu ildə müqavilə bağlamaq öhdəliyi mənzil ona təhvil verildiyi vaxtdan yaransa da, lakin o, müqavilənin bağlanması ilə bağlı öhdəliyini yerinə yetirməmişdir. Eyni zamanda MTK-da 700-dən artıq sayda mənzil mövcuddur ki, MTK tərəfindən müqavilə bağlamayan mənzil sahibləri barəsində növbəlilik qaydasında aidiyyəti məhkəmələrdə iddia tələbləri irəli sürülmüşdür. Lakin hazırkı mülki iş üzrə iddiaçıya münasibətdə növbə çatmadığından ona qarşı hazıradək məhkəmədə iddia tələbi verilməmişdir. Gələcəkdə isə belə tələb vermək niyyəti vardır. İddiaçının ona təhvil verilmiş mənzildə yaşayış olub-olmaması barədə məlumatı yoxdur. Müqavilə və borcla bağlı bildirişlər əsasən mənzil sahiblərinə məxsus mənzillərin giriş qapısına qoyulur. Bildirişlər onların yaşayış ünvanlarına göndərilmir. İddiaçı isə izahatın bildirmişdir ki, mənzilə bir neçə dəfə gəlib-getmişlər. İddiaçıda mənzilin açarı olmuş və mənzili təhvil almışlar, o istədiyi vaxt mənzilinə girib-çıxa bilərdi. Binada mənzil sayı çox olduğundan hansı mənzildə yaşayışın olub-olmamasının uçotunu aparmaq qeyri-mümkündür. Hazırda binanın idarə edilməsi ilə MTK özü məşğuldur. Binada yerləşən mənzillərin 50%-dən çox hissəsi satılmadığından, binanın idarə edilməsi üçün MMMC yaradılmamış, həmçinin mənzil sahiblərinin özləri bu barədə tələb irəli sürməmişlər. Ona görə də bina MTK-nin özü tərəfindən idarə edilməyə davam edir. Binaya göstərilən kommunal xidmətlərin siyahısı isə “Kommunal xidmətlərin göstərilməsinə dair” müqavilənin məzmununda əks olunmuşdur. İddiaçı mənzildə yaşamasa da belə onun mənzilinin yerləşdiyi binanın saxlanılması üçün mütəmadi olaraq MTK tərəfindən maliyyə vasaiti sərf edilir ki, buna komendantın və digər işçilərin əmək haqqı məbləği, binanın texniki xidməti, işıqlandırılması, liftə qulluq və sair xidmətlər daxildir. MTK aylarla işçilərin maaşını ödəyə bilmir, çünki sakinlər kommunal xidmət haqqlarını vaxtında ödəmirlər. İddiaçı özü də neçə illərdir ki, kommunal xidmətə görə ödəniş etmir və iddia ərizəsində qeyd edilən məbləğ 219-cu ildən hazıradək yığılmış borc məbləğidir. Baxmayaraq ki, xeyli sayda digər mənzil sahiblərindən kommunal xidmətə görə müqavilə bağlanmışdır. Hesab edir ki, tərəflə bağlanmış xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsinin 3.4.3-cü bəndinin tələbinə görə yaşayış kompleksi təhvil verildikdən sonra 1 aydan gec olmamaq şərti ilə sifarişçi (yəni iddiaçı) icraçı (yəni cavabdeh) və ya icraçı tərəfindən müəyyən edilmiş şirkət ilə xidmət müqaviləsi bağlamalı və hər ay icraçıya müəyyən edilmiş kommunal haqqı ödəməlidir. Qeyd olunan müqavilə şərtindən aydın olur ki, kim ki, həmin xidmətləri icra edəcək, ödəniş də ona ödəniləcəkdir. Hazırda isə xidmət göstərən təşkilat MTK-dır. Binanın idarə edilməsi üçün digər şirkət isə müəyyən edilməmişdir. Qanunvericilikdə isə nəzərdə tutulur ki, mənzillərin əlli faizindən artığı satıldığı halda MTK ləğv edilməlidir. Bugünkü gün həmin şərait mövcud olmadığına görə MTK bugünkü gün həmin binanın idarə edilməsini həyata keçirir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olmaqla təmin edilməlidir. Belə ki, iş materiallarında olan - icraçı qismində Cavabdeh MTK ilə sifarişçi qismində İddiaçı arasında bağlanmış mənzilin alğı-satqısına dair xx.xx.2016-cı il tarixli, MN-523/16 saylı müqaviləyə əsasən müəyyən olunur ki, icraçı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə onun tərəfindən inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın D blok, 9-cu mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 140,57 m2 olan 523 nömrəli mənzili sifarişçiyə təhvil verməyi, sifarişçi isə hər m2 üçün 1.700 manat müəyyən edilməklə mənzilin ümumi dəyəri olan 238.969 manat məbləğində pulu icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.4.3-cü bəndinə əsasən tərəflər razılaşdırmışlar ki, yaşayış kompleksi təhvil verildikdən sonra 1 aydan gec olmamaq şərtilə Sifarişçi İcraçı və ya İcraçı tərəfindən müəyyən edilmiş şirkət ilə xidmət müqaviləsi bağlamalı və hər ay İcraçıya müəyyən olunmuş kommunal haqqı ödəməlidir. xx.xx.2016-cı il tarixli, MN-523/16 saylı alğı-satqı müqaviləsinə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, müqavilənin ümumi dəyəri olan 238,969 manata 35.900 manat avans ödəməklə 203.069 manat məbləğində pulun 25 ay ərzində hər ay 1492 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh MTK tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, 402 nömrəli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh MTK-ya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə onun tərəfindən inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın D blok, 9-cu mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 140,57 m2 olan 523 nömrəli mənzilin pay dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir və onun Cavabdeh MTK-ya borcu yoxdur. - Cavabdeh MTK tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı K-MN-523/23 müqaviləsi üzrə xx.xx.2019-xx.xx.2023-cü il tarixə qədər kommunal xidmətlərin göstərilməsinə görə olan borc 6466,22 (altı min dörd yüz altmış altı manat iyirmi iki qəpik) manat təşkil edir. - Cavabdeh MTK tərəfindən tərtib edilmiş xx.xx.2019-cü il tarixli “Kooperativ üzvlərinin ümumi yığıncağının” qərarından müəyyən edilir ki, ünvan 2 ünvanında inşa edilmiş “Renessans Palace” yaşayış kompleksində 2019-cu ilin sentyabr ayında mənzillərin istifadə verilməsi səbəbindən kommunal xidmətlər üçün xidmət haqlarının yığılmasına başlanılması və kommunal xidmətlərin dəyərinin mənzilin bir kvadrat metrinə görə 1 manat müəyyən edilməsi qərara alınmışdır. -Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Kommunal xidmətlərin göstərilməsinə dair” K_MN-523/23 saylı müqavilənin mətnindən müəyyən edilir ki, müqavilə iddiaçı və cavabdeh tərəfindən imzalanmamışdır. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə bağlanmış mənzilin alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə MTK tərəfindən inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın D blok, 9-cu mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 140,57 m2 olan 523 nömrəli mənzil dəyəri tam ödənilməklə iddiaçı tərəfindən əldə edilmiş və iddiaçının mənzilin dəyərinə dair borcu qalmamışdır. Qeyd olunan mənzil 2019-cu ildə iddiaçıya cavabdeh tərəfindən təhvil verilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ona şifahi qaydada verilmiş məlumatına əsasən əsassız olaraq hesablanmış 6981 manat borcun silinməsini və həmin borca görə cavabdeh tərəfindən mənzilin təmiri ilə bağlı ona yaradılmış maneələrin qadağan edilməsini xahiş edir. Cavabdeh isə kommunal xidmətlərin göstərilməsinə görə mənzil sahibi olan iddiaçıya onun tələbində göstərilmiş 6981 manat məbləğində deyil, xx.xx.2019-xx.xx.2023cü il tarixə qədər olan dövr üzrə 6466,22 manat borcun hesablanmasını etiraf edir. Lakin cavabdeh həmin borc məbləğinin əsaslı olması səbəbindən, eləcə də qeyd olunan borca görə mənzil sahibi olan iddiaçıya ona məxsus mənzildən istifadə, eləcə də təmirlə bağlı cavabdeh tərəfindən heç bir maneə yaradılmadığından, həmçinin buna dair iddiaçı tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilmədiyindən iddianın rədd olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, işin faktiki hallarından görünür ki, mübahisə predmeti olan mənzil hazırda iddiaçının faktiki sahibliyindədir. Cavabdehin nümayəndəsi iddiaçının mənzili 2019-cu ildən təhvil aldığını bildirir. İddiaçı isə məhkəmə iclasında ifadəsində bildirmişdir ki, mənzilin açarlarını 2019-cu ildə təhvil almış, lakin orada yaşamamış, mənzili rəsmi qaydada təhvil almamışdır. İddiaçı tərəfindən mənzilin ona 2019-cu ildə təhvil verilməsini etiraf etməklə dəqiq tarixini göstərməməsinə baxmayaraq, cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli “Kooperativ üzvlərinin ümumi yığıncağının” qərarından müəyyən edilir ki, qeyd olunan tarixdə mənzil iddiaçıya təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən ona şifahi qaydada verilmiş məlumatına əsasən əsassız olaraq hesablanmış 6981 manat borcun silinməsini tələb etməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan müəyyən edilir ki, iddiaçıya cavabdeh MTK tərəfindən xx.xx.2019-xx.xx.2023-cü illər üzrə cəmi 6466,22 manat məbləğində kommunal xidmətlərin göstərilməsinə dair borc hesablanmışdır. Qeyd olunan arayışda cavabdeh MTK iddiaçının adına olan K_MN- 523/23 saylı müqaviləyə istinad edilmişdir. İş materiallarından göründüyü kimi Cavabdeh MTK ilə İddiaçı arasında bağlanması nəzərdə tutularaq layihəsi hazırlanmış xx.xx.2023-cü il tarixli K_MN-523/23 saylı müqavilə ümumiyyətlə imzalanmamışdır. Belə olan halda, tərəflər arasında K_MN-523/23 saylı müqavilədən öhdəlik münasibətlərinin yaranması mümkün deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış mənzilin alğı-satqısına dair xx.xx.2016-cı il tarixli müqavilənin 3.4.3-cü bəndinə istinad edərək bildirmişdir ki, sifarişçi yaşayış kompleksi təhvil verildikdən 1 aydan gec olmamaq şərtilə icraçı və ya icraçı tərəfindən müəyyən edilmiş şirkət ilə xidmət müqaviləsi bağlamalı və hər ay icraçıya müəyyən olunmuş kommunal haqqı ödəməlidir. Qeyd olunan müqavilənin həmin maddəsinə müvafiq olaraq iddiaçı kommunal xidmətlərin göstərilməsi ilə bağlı, həmin xidmətləri göstərəcək icraçı olan cavabdehlə müqavilə bağlamaq öhdəliyi götürmüşdür. İddiaçının öz üzərinə götürdüyü bu öhdəliyə əməl etməməsi onu kommunal xidmətlərə görə haqqı ödəmək vəzifəsindən azad etmir. xx.xx.2019-cü il tarixli “Kooperativ üzvlərinin ümumi yığıncağının” qərarına əsasən isə 2019-cu ilin sentyabr ayında mənzillərin istifadə verilməsi səbəbindən kommunal xidmətlər üçün xidmət haqlarının yığılmasına başlanılması və kommunal xidmətlərin dəyərinin mənzilin bir kvadrat metrinə görə 1 manat müəyyən edilməsi qərara alınmışdır. Odur ki, göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddiaçıya ona məxsus ümumi sahəsi 140,57 m2 olan mənzil sahəsinə görə, hər ay 141 manatdan olmaqla, xx.xx.2019-xx.xx.2023-cü illər üzrə cəmi 6466,22 manat məbləğində kommunal xidmətlərin göstərilməsinə dair borc hesablanması əsaslıdır. Məhkəmə cavabdehin bu dəlilinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixdə bağlanmış mənzilin alğı-satqı müqaviləsinin 3.4.3-cü bəndində icraçı və ya icraçı tərəfindən müəyyən edilmiş şirkət ilə xidmət müqaviləsi bağlamalı olduğu qeyd olunsa da, işin halları ilə müəyyən edilir ki, iddiaçıya və MTK-ya aid olan digər mənzillərin mülkiyyətçilərinə müvafiq şirkət və ya idarəedici təşkilat təklif edilməmiş, razılaşdırılmamış və müqavilə bağlanmamış, buna görə də MTK-ya məxsus olan binada yerləşən mənzillərə dair kommunal borclar birbaşa olaraq MTK tərəfindən idarə edilməklə xidmət haqqları hesablanmışdır. Həmçinin cavabdeh tərəfindən buna dair, eləcə də iddiaçıya müqavilə bağlanması üçün təklif verilməsi və borcun tələb edilməsinə dair bildirişlərin ona təqdim edilməsi haqqında məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə cavabdehə bildirişlərin ona məxsus mənzilin qapısının qarşısına qoyulmasına dair dəlilini əsaslı hesab etmir. Məhkəmə qeyd edir ki, Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti sahə mülkiyyətçilərinin ümumi yığıncağına verilmişdir. Həmçinin binanın idarə edilməsi üsulunun seçilməsi səlahiyyəti sahə mülkiyyətçilərinə məxsusdur. Həmin Məcəllənin 44.6-cı maddəsinə görə isə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Məcəllənin tələbinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 141.4-cü maddəyə görə çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Həmin Məcəllənin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Beləliklə, mənzil qanunvericiliyinin normalarına əsasən mənzil tikinti kooperativinin kommunal xərclərlə bağlı haqqı toplamaq səlahiyyətinin olması müəyyən edilməmişdir. Eləcə də sahə mülkiyyətçilərinin belə bir səlahiyyəti MTK-ya vermək öhdəliyi yoxdur. Birmənalı olaraq kommunal xərclərə görə haqqın toplanılması hüququ binanın idarəedicisinə aiddir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə sırf mənzilin alğı-satqı ilə bağlı razılaşmadan ibarətdir. Həmin müqavilənin 3.4.3-cü bəndi qeyd olunan müqaviləsinin predmetinə aid olmayan məsələ ilə bağlı razılaşmadır. Belə ki, AR Mülki Məcəlləsinin 560.3.5.4-cü maddəsində qeyd olunur ki, əgər müqavilədə qoyulmuş şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olarlarsa qeyd olunan müddəa etibarsız hesab edilməlidir. Həmçinin bu hal hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, müqaviləyə belə bir şərtin qoyulması Mülki Məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərtlərinin tələblərini də pozmuş olur. Göründüyü kimi, xx.xx.2016-cı il tarixli müqavilənin 3.4.3-cü bəndi Ar Mənzil və Mülki Məcəllələrinin tələblərinə uyğun deyildir. Həmçinin qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Lakin məhkəmə iclası zamanı cavabdehin nümayəndəsi əsaslandırmışdır ki, kooperativə məxsus binada mənzillərin 50%-nin satışı həyata keçirilməmişdir, bu səbəbdən MTK ləğv edilməmişdir. Lakin o, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələblərin riayət olunmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin bu dəlilini əsaslı hesab etmir. Hazırkı halda isə mənzil mülkiyyətçisi qeyd olunan üsullardan birini seçməməklə yanaşı, MTK birbaşa olaraq binanın idarəsini öz üzərinə götürmüş, bununla bağlı müqavilə layihəsini hazırlamış, hətta kommunal haqları müəyyən edərək iddiaçıya borc hesablamışdır. Bununla bağlı olaraq, xüsusilə qeyd edilməlidir ki, çoxmənzilli binanın saxlanılmasının MTK-nın səlahiyyətinə aid edilməsi və ya bununla bağlı olaraq kooperativə ödəniş edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu halda cavabdeh MTK-nın çoxmənzilli binanın saxlanılması ilə bağlı fəaliyyət göstərməsi, kommunal borcları müəyyən edərək tələb etməsi və borc hesablaması səlahiyyəti olmadığından hazırkı halda cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc əsassızdır. İddiaçının digər tələbi isə cavabdeh MTK tərəfindən iddiaçıya məxsus mənzildə təmir işlərinin aparılmasına maneələrin yaradılmasının qadağan olunmasıdır. Məhkəmə qeyd edir ki, hər nə qədər cavabdeh tərəf iddiaçıya MTK tərəfindən mənzillə bağlı hər hansı maneənin yaradılması halının mövcud olmadığını bildirsə də, bu hissədə cavabdehin mülahizəsi inandırıcı hesab edilmir. Belə ki, iddiaçının məhkəmə qaydasında maneələrin aradan qaldırılmasını tələb etməsi, həmçinin bununla bağlı müvəqqəti təminat tədbirinə dair ərizə verməsi onu göstərir ki, iddiaçı həqiqətən də iddianın bu hissədə təmin edilməsində maraqlıdır. Yəni cavabdeh MTK tərəfindən iddiaçıya məxsus mənzilin istifadəsi ilə bağlı maneələrin yaradılması onun hüquqlarının pozulması ilə nəticələnir. Bu halda cavabdeh MTK-nın əməkdaşları və digər şəxslər maneələrin yaradılması qadağan edilməlidir. Məhkəmə cavabdeh tərəfin iddia ərizəsi verilərkən iddiaçının cavabdehlə məhkəməyə qədər nizamasalma qaydasında əməl etməməsi ilə MPM-in tələblərinin pozulması mülahizəsi ilə bağlı qeyd edir ki, hazırkı tələbdən göründüyü kimi tərəflər arasında mübahisə xx.xx.2016-cı il tarixli alqı-satqı müqavilədən irəli gələn öhdəliklərlə bağlı deyildir. Belə ki, qeyd olunan müqavilə tərəflər arasındakı mənzilin alınması, ödənişi və təhvili ilə bağlı münasibətləri tənzimləyir. Lakin tərəflər arasında kommunal xərclərlə bağlı münasibətlər xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsini predmeti olmadığından onun müddəları hazırkı mübahisəyə şamil edilə bilməz. Dolayısı ilə tərəflər arasında kommunal xərclərlə bağlı yaranan mübahisə üzrə pretenziya qaydası müəyyən edilməmişdir. Əvvəla, cavabdeh MTK-nın iddiaçı və digər mülkiyyətçilər ilə çoxmənzilli binanın saxlanmasına dair müqavilə bağlamaq səlahiyyəti olmamışdır. Buna baxmayaraq, müqavilədə qanunvericiliyin tələbinə zidd olaraq iddiaçının hər ay icraçıya – cavabdehə müəyyən olunmuş kommunal haqqını ödəmək öhdəliyi qoyulmuşdur. Məhkəmə qeyd edir ki, müqavilə bu hissədə ümumiyyətlə etibarsız olmaqla heç bir öhdəlik yarada bilməz. Bundan əlavə, mənzil mülkiyyətçisi – iddiaçı binanın saxlanılması ilə bağlı müvafiq şirkət və ya idarəedici təşkilatla hər hansı müqavilə bağlanmadığından mövcud mübahisə üzrə iddiaçının cavabdehlə məhkəməyəqədər nizamasalma qaydasına əməl etmək vəzifəsi meydana gəlməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin MPM-in tələblərinin pozulması əsası ilə iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı mülahizəsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 420.2-ci maddəsinə əsasən müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Həmin məcəllənin 560.3.5.4-cü maddəsinə əsasən hüquqdan sui-istfadə hallarından biri odur ki, müqavilənin bağlanmasının elə bir müəyyən şərtlə bağlılığı ki, həmin şərtə görə müqavilə üzrə tərəfdaşlar nə obyektiv surətdə, nə də ticarət adətlərinə görə müqavilənin predmeti ilə əlaqədar olmayan əlavə xidmətləri yerinə yetirməli olurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Həmin məcəllənin 43.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək, çoxmənzilli binanın idarəetmə üsulunu seçmək və bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər aiddir. Həmin məcəllənin 44.6-cı maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər və ya bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. Həmin məcəllənin 120.5-ci maddəsinə əsasən tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin məcəllənin 135.2.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan və 135.2.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MTK tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 6466,22 (altı min dörd yüz altmış altı manat iyirmi iki qəpik) manat məbləğində kommunal borc silinməli və ünvan 1 ünvanında inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın D blok, 9cu mərtəbəsində, ümumi sahəsi 140.57 kv.m olan 3 otaqdan ibarət 523 nömrəli mənzildə İddiaçı tərəfindən gələcəkdə təmir işlərinə aparılmasına Cavabdeh MTK-nın əməkdaşları və digər şəxslər tərəfindən maneələrin yaradılması qadağan edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, ödənillmiş dövlət rüsumu iddia tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MTK tərəfindən İddiaçı əsassız olaraq hesablanmış 6466,22 (altı min dörd yüz altmış altı manat iyirmi iki qəpik) manat məbləğində kommunal borc silinsin və ünvan 1 ünvanında inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın D blok, 9-cu mərtəbəsində, ümumi sahəsi 140.57 kv.m olan 3 otaqdan ibarət 523 nömrəli mənzildə İddiaçı tərəfindən gələcəkdə təmir işlərinə aparılmasına Cavabdeh MTKnın əməkdaşları və digər şəxslər tərəfindən maneələrin yaradılması qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №e-2(004)-2837/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2837/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver