Məhkəmə qərarları › İş №e-2(004)-2839/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2839/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2839/2025 29.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə İddiaçı ilə Cavabdeh MMC-nin direktoru X1 ilə arasında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçıya Almaniyada peşə təhsili üçün Ausbildung proqramı üzrə xidmət göstərilməli idi. Müqaviləyə əsasən ilkin olaraq iddiaçı tərəfindən X4 MMC-nə 750 (yeddi yüz əlli ) manat ödənilmişdir. Belə ki, müqavilə şərtlərinə əsasən məbləğin qalıq hissəsi Almaniya Dövlətindən viza əldə etdikdən sonra ödənilməli idi. Lakin müqavilə imzalandıqdan sonra cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bundan sonra iddiaçı işin vəziyyəti ilə maraqlanmaq üçün X4 MMC-nin ofisinə yaxınlaşmışdır. Lakin, direktor tərəfindən iddiaçıya bildirilmişdir ki, hal-hazırda bəzi problemlər var və buna görə iddiaçıya yeni müqavilə imzalanması təklif edilmişdir. İddiaçı təkliflə razılaşmış və yenidən X4 MMC-nə ümumilikdə 2100 (iki min yüz) manat ödəmişdir. Lakin, həmin müqavilənin imzalanmasından sonra da cavabdeh MMC tərəfindən heç bir iş görülmədi. Və müqavilə müddətinin bitməsindən bugünədək iddiaçıya müxtəlif yalan vədlər verilmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə pretenziya məktubu göndərilsə də heç bir faydası olmamışdır. Beləliklə, Cavabdeh MMC-nin fəaliyyətsizliyi ucbatından iddiaçıya maddi və mənəvi ziyan dəymişdir. Beləliklə Mülki Məcəllənin tələbləri cavabdehlə iddiaçı arasında olan müqavilə münasibətlərini tənzimləyir. Müqavilə şərtlərinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, borclu tərəfindən isə müqavilə öhdəliyi kobud şəkildə pozulmuşdur. Belə ki, iddiaçı tərəfindən ümumilikdə Cavabdeh MMC-nə 2850 (iki min səkkiz yüz əlli) manat ödənilmişdir. Ödəniz qəbzləri iddia ərizəsinə əlavə olunur. Lakin indiyədək müqavilədə qeyd olunan heç bir xidmət cavabdeh şirkət tərəfindən göstərilməyib. Cavabdeh MMC tərəfindən göstərilən səhlənkarlığa görə dəfələrlə əsəb stress keçirərək mənəvi iztirablara məruz qalmışdır. Belə ki, bu səhlənkar şirkətin yalançı vədlərinə inanaraq bu sahə üzrə fəaliyyət göstərən digər şirkətlərə də müraciət edə bilməmiş, çünki bu iş üçün topladığı bütün məbləği X3 ödəmişdir. Buna görə də, mənəvi zərər olaraq 3000 (üç min) manat iddia tələbi irəli sürülür. İddiaçı məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1 nömrəli müqaviləyə əsasən müəyyən edilir ki, icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında icraçı Almaniyada Ausbildung peşə təhsili almaq istəyində olan sifarişçinin seçdiyi və təklif olunan peşəyə qəbul olunması üzrə vasitəçilik xidmətləri göstərməyi, sifarişçi isə müqavilədə razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndində tərəflərin hüquq və vəzifələri qeyd edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədədir. Həmin müqaviləsinin 3.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri 1500 manat təşkil edir. Ödənişin 50% hissəsi müqavilədə bağlananda dərhal ödənilir, ödəmənin qalan hissəsi təhsil müəssisəsindən qəbul gəldikdən sonra ödənilir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən müəyyən edilir ki, icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında icraçı Almaniyada Ausbildung peşə təhsili almaq istəyində olan sifarişçinin seçdiyi və təklif olunan peşəyə qəbul olunması üzrə vasitəçilik xidmətləri göstərməyi, sifarişçi isə müqavilədə razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndində tərəflərin hüquq və vəzifələri qeyd edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədədir. Həmin müqaviləsinin 3.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri 3700 manat təşkil edir. Ödənişin 50% hissəsi müqavilədə bağlananda dərhal ödənilir, ödəmənin qalan hissəsi iş prosesinə başlanıldıqdan 3 iş günü müddətində ödənilir. İş materiallarında olan ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, sifarişçi İddiaçı xx.xx.2024-cü il tarixdə 750 manat, xx.xx.2024-cü il tarixdə 1100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 600 manat olmaqla ümumilikdə 2850 manat ödəniş edilmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli yazılı bildiriş göndərilməklə cavabdehə pul məbləğinin ödənilməsi təklif edilmiş, lakin, müsbət nəticə əldə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Tərəflər arasında yaranmış münasibətlər tapşırıq müqaviləsi münasibətləridir və mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış müqavilələrinin şərtləri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsi (müqavilənin ləğvinə aid hissədə), tapşırıq müqaviləsi və zərərvurma (delikt) ilə bağlı normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 779.2-ci maddəsinə əsasən, vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, mənəvi zərərin əvəzi, bir qayda pulla müəyyən edilir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən zərər dedikdə, maddi (real zərər və əldən çıxmış fayda) və mənəvi zərər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, xx.xx.2024-cü il tarixli 1 nömrəli müqaviləyə əsasən icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında icraçı Almaniyada Ausbildung peşə təhsili almaq istəyində olan sifarişçinin seçdiyi və təklif olunan peşəyə qəbul olunması üzrə vasitəçilik xidmətləri göstərməyi, sifarişçi isə müqavilədə razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndində tərəflərin hüquq və vəzifələri qeyd edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri 1500 manat təşkil etmişdir. Ödənişin 50% hissəsi müqavilədə bağlananda dərhal, ödəmənin qalan hissəsi təhsil müəssisəsindən qəbul gəldikdən sonra ödənilməli idi. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən icraçı Cavabdeh MMC ilə sifarişçi İddiaçı arasında icraçı Almaniyada Ausbildung peşə təhsili almaq istəyində olan sifarişçinin seçdiyi və təklif olunan peşəyə qəbul olunması üzrə vasitəçilik xidmətləri göstərməyi, sifarişçi isə müqavilədə razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2-ci bəndində tərəflərin hüquq və vəzifələri qeyd edilmişdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, müqavilə imzalandığı andan qüvvəyə minir və xx.xx.2025-ci il tarixədək qüvvədə olmuşdur. Həmin müqaviləsinin 3.1-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri 3700 manat təşkil etmişdir. Ödənişin 50% hissəsi müqavilədə bağlananda dərhal, ödəmənin qalan hissəsi iş prosesinə başlanıldıqdan 3 iş günü müddətində ödənilməli idi. Ödəniş qəbzlərinə əsasən müəyyən edilir ki, sifarişçi İddiaçı tərəfindən icraçı Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixdə 750 manat, xx.xx.2024-cü il tarixdə 1100 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 600 manat olmaqla ümumilikdə 2850 manat ödəniş edilmişdir. Mülki iş üzrə müqavilə öhdəliklərinə əməl edilməsi, icra edilməsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərindədir. Lakin, icraçı qismində Cavabdeh MMC müqavilə öhdəliklərinə əməl etməmiş, vəzifələri üzrə müqavilə şərtlərini icra etməmişdir. Tərəflər arasındaki müqavilə öhdəlikləri iddiaçının iradə ifadəsi əsasında məhkəmədən kənar ləğv edilmişdir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş vəsait cavabdehdən tutulara geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. Mənəvi zərərin ödənilməsinin məqsədi şəxsin çəkdiyi mənəvi sarsıntıların tamamilə və ya qismən kompensasiya edilməsinə xidmət edir. Mənəvi zərər mahiyyətcə maddi zərərdən fərqli xüsusatlara malikdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri icra edilməsə də, mənəvi zərərin vurulması xüsusatları sübuta yetirilmir, bu barədə əsaslı sübutlar təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin qanuni əsası qismində delikt və ya əsassız varlanma deyil, məhz müqavilə öhdəliklərinin icra edilməməsi çıxış edir. Odur ki, iddia tələbi vurulmuş mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya materiallar məhkəməyə təqdim edilməmiş, məhkəmə iclaslarında iştirak edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 78.50 manat dövlət rüsumunun 49 (qırx doqquz) manat hissəsi cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən 2850 (iki min səkkiz yüz əlli) manat pul, ödənilmiş 78.50 manat dövlət rüsumunun 49 (qırx doqquz) manat hissəsi tutularaq tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh MMC-dən 2850 (iki min səkkiz yüz əlli) manat pul, ödənilmiş 78.50 manat dövlət rüsumunun 49 (qırx doqquz) manat hissəsi tutularaq tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar