Məhkəmə qərarları › İş №e-2(004)-2846/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2846/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2846/2023 06.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”-nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1157,54 manat dəyərində maddi ziyanın tam məbləğinin və 32 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən məhkəməyə əsaslandırılmış etiraz daxil olamamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 445.2.1, 448.1, 449.1, 449.4, 467, 577.1, 577.2, 600.1, 600.2, 600.5-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Belə ki, məhkəmə araşdırmasında müəyyən edildi ki, İddiaçı MMC (VÖEN: **********) şirkəti ilə xx.xx.1978-ci il təvəllüdlü Cavabdeh ilə əldə olunmuş razılığa əsasən, Alıcı qismində müxtəlif adda istehlak məhsullarını qəbul etmişdir və dəyərini Satıcı İddiaçı MMC şirkətinə ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla bağlı həmçinin xx.xx.2022-ci il tarixdə 3406 saylı “Üzləşmə Aktı” imzalanmışdır, lakin cavabdeh tərəfindən borc məbləğindən yalnız 857 manat hissəsini qalıq borc kimi etiraf edilərək təsdiq edilmişdir, qalan 300 manat məbləğində hissəsini isə cavabdeh İddiaçı MMC şirkətinin satış təmsilçisi işləmiş xx.xx.1995-ci il təvəllüdlü X1 ödədiyini bildirmişdir. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin İddiaçı MMC şirkətinə 1157,54 manat məbləğində mövcud borcu vardır. Borcun ödənilməsi ilə bağlı cavabdeh ilə dəfələrlə əlaqə saxlanılaraq danışıqların aparılmasına baxmayaraq, cavabdeh tətəfindən mövcud borcun qaytarılmasında heç bir irəliləyiş olmamışdır və borc məbləği ödənilməmişdir. Bununla da cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli üzləşmə aktına istinad edərək məhkəmə hesab edir ki, iddia tələbi qismən- cavabdehin etiraf etdiyi borc məbləği həcmində qanuni və əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh 3406 saylı, xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı” üzrə 857 manat məbləğində borc pul tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı sübut qismində yalnız maliyyə arayışı və üzləşmə aktı təqdim etməklə kifayətlənmişdir. Üzləşmə aktında da görünür ki, cavabdeh iddia tələbində göstərilən 1157,54 manat borc məbləğini yalnız 857 manat həcmində qəbul etmişdir. Eyni zamanda iddia tələbi qismən yəni 857 manat məbləğində təmin edildiyindən ödənilmiş dövlət rüsumu da tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq 30 manat məbləğində Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3406 saylı, xx.xx.2022-ci il tarixli “Üzləşmə aktı” üzrə 857 (səkkiz yüz əlli yeddi) manat məbləğində pul və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar