Məhkəmə qərarları › İş №e-2(004)-2854/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2854/2023

05.07.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2854/2023 05.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əvvəlki vəzifəsi olmuş X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma dövrü üçün əmək haqqının alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2006-ci ildən 2021-ci ilədək Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif (Topogeideziya və X2 taksator, baş taksator, 2010-2020-ci illərdə Şahdağ Milli Parkında sahə müfəttişi, direktor müavini, ŞRMTM-də direktor) vəzifələrdə işləmişdir. Azərbaycan Republikası Ekologiya və Təbii sərvətlər Nazirliyinin №1044/Ü saylı xx.xx.2021-ci il tarixli Əmri ilə göstərilmişdir “vətəndaş Nüşabə Əlisa qızının şikayət ərizələri əsasında müraciətin obyektiv araşdırılması, vəzifə səlahiyyətlərindən sui-istfafənin qarşısının alınması və nöqsanlara səbəb olan şəraitin aradan qaldırlması məqsədilə X7 Təsərrüfatı Mərkəzinin direktoru İddiaçı barəsində xidməti araşdırma təyin edilsin və xidməti araşdırma aparıldığı dövrdə İddiaçı səlahiyyətlərinin icrası dayandırılsın. İddiaçı səlahiyyətlərinin icrasının dayandırıldığı müddətdə X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq direktor müavini X3 həvalə edilsin. Rəhbərlik etdiyi dövrdə xx.xx.2019-cu il tarixdə iddiaçı ismayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin cavabdeh X1 qarşı fondu torpağından icarə müqaviləsində göstərilən sahədən artıq zəbt olunmuş ərazinin boşaldılması və istifadə olunmuş ərazidə qanunsuz tikililərin sökülməsi, ərazini təmizlənərək əvvəlki vəziyyətinə gətirilməsi tələbi İsmayıllı rayon məhkəməsi tərəfindən təmin edilmiş, xx.xx.2019-cu il 2(037)-5/2019 saylı müvafiq qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2085/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-2982/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Qərar qanuni qüvvəsini almışdır. Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi Fərid Nağıyevin imzası ilə ona göndərilmiş xx.xx.2022-ci il tarixli, №212026342 saylı məktubda göstərilmişdir ki, “Sizin Azərbaycan Respublikası Baş prokuroru yanında Korrpusiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanladığınız xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmış və müəyyən edilmişdir ki, Baş idarənin İstintaq idarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarla barənizdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.” Barəsində xidməti araşdırma aparıldığına görə səlahiyyətləri müvəqqəti dayandırılmış və həmin səlahiyyətlər müvəqqəti olaraq digər şəxsə həvalə olunmuşdur. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 572/K saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazda onunla əsaslandırılmışdır ki, İddiaçı işə bərpa olunması ilə bağlı iddiası tamamilə əsassızdır və formal mülahizələrə söykənir. Bildirirlər ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında 1 (bir) il müddətinə xx.xx.2021-ci il tarixli 303 nömrəli əmək müqaviləsi (kontraktı) bağlanılmışdır. Nazirliyin 2021-ci il 18 iyun tarixli 502/K nömrəli Əmri ilə İddiaçı X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Nazirliyin 2022-ci il 20 iyun tarixli 572/K nömrəli Əmri ilə X7 Təsərrüfatı Mərkəzinin müvəqqəti təyin edilmiş direktoru İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətinin bitməsi səbəbindən xx.xx.2022-ci il tarixindən xitam verilmişdir. Qeyd edirlər ki, 18-xx.xx.2022-ci il tarixləri müvafiq olaraq qeyri iş günlərinə (şənbə və bazar) təsadüf etmişdir. Göründüyü kimi İddiaçı Nazirliklə bağladığı müddətli əmək müqaviləsinin müddətinin bitməsinə əsasən xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır. Onu da qeyd edirlər ki, İddiaçı Nazirliyin 2022-ci il 20 iyun tarixli 572/K nömrəli Əmri ilə işdən azad edilməsinə baxmayaraq, iddia müddətini ötürərək mediasiya təşkilatına 2023-cü ilin mart ayında, məhkəməyə isə 2023-cü ilin may ayında müraciət etmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan və iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına 939 manat pul köçürülmüşdür. Həmin vaxt mühasiblə telefon danışıqları zamanı ona məlum olmuşdur ki, bu pul işdən çıxarılması ilə əlaqədar ödənilən son haqq-hesabdır. Sonradan digər şəxslərdən də eşitmişdir ki, onun əvəzinə direktor kimi başqa şəxs təyin olunmuşdur. Müqavilənin bir il müddətinə bağlanmasını, iyun ayında müqavilənin müddətinin bitməsini bilsə də cinayət işi onun xeyrinə yekunlaşdıqdan sonra müqavilə müddətinin uzadılacağını güman etmişdir. Bu səbəbdən cinayət işinin yekununu gözləmişdir. Prokurorluq orqanından bəraət məzmunlu məktubu aldıqdan sonra həmin məktubu öz ərizəsinə əlavə edərək cavabdehə işə bərpa olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ona xx.xx.2023-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, onun müraciətinə baxılmış, hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsində uyğun vakant vəzifə olmadığından işlə təmin olunması mümkün deyildir. Bu səbəbdən vakant yerlərin açılması üçün gözləmişdir. Hesab etmişdir ki, ixtisaslı kadr olaraq rayon ərazisində ona iş təklif ediləcəkdir. Lakin sonradan vakant yer olsa da işə bərpa olunmadığından işə bərpa tələbi ilə bağlı mediasiyaya müraciət etmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğundan və iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan işəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında arasında bağlanmış xx.xx.2010-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixinədək Şahdağ Milli Parkına sahə müfəttişi vəzifəsinə 3 aylıq sınaq müddəti ilə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin xx.xx.2010-cu il tarixli 77/ K nömrəli əmrindən görünür ki, İddiaçı Şahdağ Milli Parkına sahə müfəttişi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə ərizə ilə müraciət edərək Şahdağ Milli Parkına direktor müavini vəzifəsinə təyin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının xx.xx.2011-ci il tarixli 160/ K nömrəli əmrindən görünür ki, İddiaçı müvəqqəti olaraq Şahdağ Milli Parkına İsmayıllı rayonu üzrə direktor müavini vəzifəsi həvalə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin qorunması və Xüsusi Mühafizə olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin xx.xx.2018-ci il tarixli 71/ K nömrəli əmrindən görünür ki, Şahdağ Milli Parkının sahə müfəttişi İddiaçı ilə əmək müqaviləsinə onun öz xahişi ilə xitam verilmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında arasında bağlanmış xx.xx.2018-ci il tarixli 138 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixinədək Şahdağ Milli Parkına direktor müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edərək Şahdağ Milli Parkına İsmayıllı rayonu üzrə direktor müavini vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2018-ci il tarixli 238/ K nömrəli əmrindən görünür ki, İddiaçı Şahdağ Milli Parkına İsmayıllı rayonu üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şahdağ Milli Parkının xx.xx.2018-ci il tarixli 092 K nömrəli əmrindən görünür ki, İddiaçı Şahdağ Milli Parkına İsmayıllı rayonu üzrə direktor müavini vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında arasında bağlanmış xx.xx.2020-ci il tarixli 88 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixinədək X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2020-ci il tarixli 166/ K nömrəli əmrindən görünür ki, İddiaçı X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə müvəqqəti olaraq 3 ay müddətinə təyin edilmiş, həmin tarixdən Şahdağ Milli Parkının direktor müavini vəzifəsindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edərək X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixinədək X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2020-ci il tarixli 368/ K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 1 il uzadılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edərək onunla bağlanılmış əmək müqaviləsinin bir il müddətinə uzadılmasını xahiş etmişdir. İş materiallarında olan işəgötürən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İddiaçı arasında arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 303 nömrəli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixinədək X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2021-ci il tarixli 502/ K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti 1 il uzadılmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərizə ilə müraciət edərək onunla bağlanılmış əmək müqaviləsinin müddətinin uzadılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2022-ci il tarixli 572/ K nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə əsasən xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2019-cu il tarixli 305/Ü nömrəli əmrindən görünür ki, Şahdağ Milli Parkının direktor müavini İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “töhmət” verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 Təsərrüfatı Mərkəzinin məlumatından görünür ki, İddiaçı son haqqhesabı tutulmalar çıxıldıqdan sonra 939.09 manat xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktubların məzmunundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət edərək işə bərpa olunmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin №1044/Ü saylı xx.xx.2021-ci il tarixli Əmrində qeyd olunur ki, “vətəndaş Nüşabə Əlisa qızının şikayət ərizələri əsasında müraciətin obyektiv araşdırılması, vəzifə səlahiyyətlərindən sui-istifadənin qarşısının alınması və nöqsanlara səbəb olan şəraitin aradan qaldırlması məqsədilə X7 Təsərrüfatı Mərkəzinin direktoru İddiaçı barəsində xidməti araşdırma təyin edilsin və xidməti araşdırma aparıldığı dövrdə İddiaçı səlahiyyətlərinin icrası dayandırılsın. İddiaçı səlahiyyətlərinin icrasının dayandırıldığı müddətdə X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinin icrası müvəqqəti olaraq direktor müavini X3 həvalə edilsin.” İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, ********* saylı məktubunda göstərilmişdir ki, Baş idarənin İstintaq idarəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə xx.xx.2022-ci il tarixli qərarla İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilmişdir.” İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-14/2-Q-4331-1/2023 saylı məktubda göstərilmişdir ki, onun müraciətinə baxılmış, hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsində uyğun vakant vəzifə olmadığından işlə təmin olunmağı imkanları xaricindədir. Gələcəkdə uyğun iş yerləri yaranarsa müraciətinizə yenidən baxılacaqdır. Ali təhsilli olmağı nəzərə alınaraq Nazirliyin Aparatında və ya tabeli qurumlarında dövlət qulluğu sahəsində işlə təmin edilmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilmiş müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçməlidir. Nazirliyin strukturuna daxil olmayan mövcud tabeli qurumların, həmçinin Agentliklərin kadrlarla komplektləşdirilməsi həyata keçirilərkən vakant vəzifələr, onların tutulma şərtləri, lazımi sənədlər və qəbul üzrə keçirilərcək müsahibələr barədə məlumat Nazirliyin rəsmi internet səhifəsində elan ediləcəkdir.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən, aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi ilə əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumlarda müxtəlif vəzifələrdə çalışmış, 06 mart 2020-ci il tarixli əmrlə X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə müvəqqəti olaraq təyin edilmiş,xx.xx.2020-ci il tarixdə onunla bir illik əmək müqaviləsi bağlanmış, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi xx.xx.2020-ci il tarixli 368/ K nömrəli əmri əsasında onunla bağlanmış əmək müqaviləsinin müddəti 1 il uzadılmışdır. Nazirliyin xx.xx.2021-ci il tarixli 502/K nömrəli əmri əsasında Azərbaycan İddiaçı xx.xx.2022-ci il tarixinədək X7 Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 572/ K nömrəli əmri əsasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə müddətin bitməsinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin b bəndi ilə xitam verilmişdir. İddiaçı son haqq-hesabı tutulmalar çıxıldıqdan sonra - 939.09 manat xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına köçürülmüşdür. İddiaçının izahatı ilə də müyyən edilmişdir ki, iddiaçı bu pulun son haqq hesab olduğunu bilmiş, eyni zamanda onunla 1 il müddətinə müqavilə bağlandığından məlumatı olmuşdur. Bundan əlavə Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin xx.xx.2022-ci il tarixli məktubunu aldıqdan sonra xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məktublarla Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirliyinə işə bərpa olunması ilə bağlı müraciətlər etmişdir. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına (məhkəmədə verdiyi izahatları ilə, istər son haqq-hesabın köçürülməsi, işə bərpa olunması ilə bağlı müraciətləri, cavabdehin 16 yanvar 2023-cü il tarixli cavab məktubu bunu sübut edir) baxmayaraq Mediasiya Şurasına 29 mart 2023-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 09 ay sonra mediasiya şurasına müraciət etmişdir. Məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdehin nümayəndəsi və vəkili R.Əmirova yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin: - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Republikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli 572/K saylı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar