Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2868/2025 11.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: nikah haqqında şəhadətnamə) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında olan xx.xx.1995–ci il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində 422 sayı ilə dövlət qeydiyyatına alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının xalası qızıdır. 1995-ci illərdə iddiaçının atasının evlə bağlı müraciəti olduğu üçün evə əlavə qeydiyyata salınması üçün ailə üzvü lazım olduğu üçün ailələr arasında qərara gəlmişlər ki, iddiaçı ilə cavabdehin arasında formal olaraq rəsmi nikah qeyd etdirsinlər. Bu nikahın formal olduğunu hər iki tərəf bilmişdir. Çünki onların öz aralarında faktiki nikaha daxil olmaq kimi fikirləri olmamışdır. Sadəcə olaraq, iddiaçı atasının sözündən çıxa bilməyərək, bu barədə formal nikah qeydinə razılıq vermişdir. Rəsmi nikah bağlansa da, onların aralarında ərarvad münasibətləri yaranmamış və onlar faktiki olaraq ailə qurmamışlar. Bundan sonra, iddiaçı Azərbaycan Respublikasından kənarda bir müddət yaşamışdır. Cavabdeh isə başqa bir şəxslə dini kəbinkəsmə (dini nikah) yolu ilə faktiki ailə qurmuşlar. Bu ailə həyatından cavabdehin xx.xx.2006-cı il təvəllüdlü X4 adlı övladı da var. İddiaçı ilə cavabdeh xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Lakin tərəflər nikaha daxil olduqdan sonra bir yerdə ailə kimi yaşamamış, birgə təsərrüfat aparmamışlar. Tərəflərin ailə qurmaq niyyəti yoxdur. Məhkəmədən kənar qayda da cavabdeh ona qarşı verilən iddianı tam etiraf edir, iddiaçı ilə aralarında olan nikahın etibarsız sayılmasına etiraz etmir. Bundan başqa, bu halı təsdiq edən şahidləri də var.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə məlumat verməmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etdiyini bildirmişdir.
6. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
II. Məhkəmə baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-16-5/8-15-595/25 nömrəli arayışdan görünür ki, iddiaçı və cavabdeh xx.xx.1995ci il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 422 nömrə ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra ərə Rzayev və arvada Rzayeva soyadı verilmişdir.
9. Bakı şəhəri Yasamal Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 462463 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. X1, anası Cavabdehdır.
10. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirmişdir ki, cavabdehin anasıdır, qardaşının ailəsinin ev məsələsi ilə bağlı onlara kömək etmək məqsədilə belə addım atıldığını, qızı ilə Firdovsi arasında bağlanmış nikahın formal olduğunu, onların heç vaxt münasibətlərinin olmadığını bildirmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır. Onların ev məsələləri ilə bağlı daha artıq ev sahəsi almaq üçün qardaşı ilə Zülfiyyəni formal nikaha salmaq barədə razılaşmışlar. Lakin bağlanmış nikah formal olmuş, Zülfiyyə 1 gün belə onların evində gəlin kimi qalmamışdır.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. Cavabdehi tanımır. Onu heç vaxt Firdovsinin evində görməmişdir.
13. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, iddiaçının atası, Cavabdeh isə onun bacısı qızıdır. 1973-cü ildə həyat yoldaşımla ailə qurmuş, həmin vaxt evi olmamış, 1978-ci ildə ona fonddan 1 otaqlı ev vermişlər. Bir müddət sonra Nəsimi Rayon İcra başçısına ərizə yazaraq ailəsinin 4 nəfər olmasını, 1 otağın onlar üçün kiçik olduğunu, onlara böyük sahəli ev vermələrini xahiş etmişdir. Daha sonra həyat yoldaşı ona Zülfiyyə ilə Firdovsinin nikaha daxil olmasını və beləliklə ailə üzvlərinin sayının 5 nəfər olmasını göstərmələrini demişdir. Bundan sonra Firovsi ilə Zülfiyyənin nikaha daxil olduqlarını, lakin nikaha daxil olsalar da, həmin nikahın formal olduğunu, onların bir gün belə eyni evdə yaşamadıqlarını, toy mərasiminin keçirilmədiyini bildirmişdir.
14. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır.
15. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir.
16. Konstitusiyanın 34-cü maddəsinin İİ-İİİ hissələrinə əsasən, nikah könüllü razılıq əsasında bağlanır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir.
18. Həmin Məcəllənin 17.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər.
19. Sözügedən Məcəllənin 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
20. Həmin Məcəllənin 26.1. və 26.1.7-ci maddəsinə əsasən isə, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər.
21. Hazırda tərəflərin hər ikisi saxta nikah bağladıqlarını, yəni ailə qurmaq niyyəti olmadan nikah bağladıqlarını bildirirlər. Nikahın saxta olması təsdiq olunmasa belə, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ərin və ya arvadın nikahın etibarsızlığını tələb etmək hüququ yaranır. Hazırki iş üzrə tərəflərin bəyan etdiklərinin həqiqi olduğu qəbul edilsə belə, hər ikisi saxta nikah bağladıqlarını əvvəldən bildikləri üçün onların belə bir tələblə məhkəməyə müraciət etmək hüquqları yoxdur.
22. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa, hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
23. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, aralarında bu cür münasibətlər qurarkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddiaların rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin və ailə münasibətlərinin iştirakçıları aralarında bu cür münasibətlər qurularkən hüququn prinsipləri və qanunvericiliyin tələbləri baxımından intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki prosessual hüquqda iddianın rədd edilməsi institutunun yaranmasına da zərurət və əsas olmazdı.
24. Bununla belə, qanunvericiliklə nəzərdə tutulmuş nikahın etibarsızlığına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır.
25. Belə ki, məhkəmə qeyd edir ki, nikah, hüquqi əhəmiyyəti olan fakt olaraq qeydə alındığı andan hüquqi nəticələrə səbəb olduğundan, onun etibarsızlığı halları da mötəbər sübutlardan asılı olmaqla, nikah münasibətlərindən ehtimal olunan hüquqi nəticələrin istisnasının şübhə doğurmayan hallarına mütənasib olaraq qiymətləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri formal mülahizələrdən ibarətdir və bunlar tərəflər arasında bağlanmış və qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmış nikahın özü-özlüyündə etibarsız hesab edilməsi üçün əsas kimi qəbul oluna bilməz.
26. Məhkəmə cavabdehin iddia tələbinin qəbul edilməsini etiraf kimi qəbul edilməsinə münasibətdə qeyd edir ki, əvvəla, ailənin cəmiyyətin özəyi kimi, həmçinin, nikah və ailənin dövlətin himayəsində olmasının konstitusion hüquqi təsbiti, bu münasibətlər üzrə meydana çıxmış ziddiyyətli təzahürlərin həllini, dövlət və cəmiyyət maraqlarından asılı edir ki, bu da etirafın məhkəmə tərəfindən nəzərə alınmasını mümkünsüz edir, ikincisi, hazırki işdə tərəflərin izahatlarının eynilik təşkil etməsi iddia tələbi üzrə qarşı tərəfin cavabdehliyini istisna edir ki, bu da iddiaçı ilə yanaşı, cavabdeh kimi cəlb edilmiş tərəfi sübutetmə vəzifəsi ilə yüklü edir. Lakin qeyd edildiyi kimi, tərəflər iş materiallarına belə sübutlar əlavə etməmişlər ki, bu da cavabdehin ərizəsinin etiraf kimi təsdiq edilməsini istisna edir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinin tələbinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
28. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
29. Burada qeyd edilməlidir ki, hazırki iş üzrə cavabdeh iddianı etiraf etsə də, bu cür etiraf Ailə Məcəlləsinin normalarına zidd olduğundan məhkəmə tərəfindən təsdiq oluna bilməz
30. Odur ki, iddia təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
IV. Nəticə:
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil