Məhkəmə qərarları › İş №e-2(004)-2869/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2869/2025

14.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2869/2025 14.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv olunması, işə bərpa, məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 18-1- 91/3-1-455/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Ə.Qarayev adına 2 nömrəli X7 X8 şöbəsində Həkim-infeksionist vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iyirmi ildən artıq müddətdir ki, səhiyyə sahəsində fəaliyyət göstərir. İşlədiyi müddətdə o, müxtəlif konfranslarda iştirak edərək sertifikatlar əldə etmiş, heç bir intizam tənbehinə məruz qalmamışdır. Lakin onunla işəgötürən arasında bəzi mübahisələr meydana çıxmışdır. Belə ki, adı çəkilən xəstəxanada analiz qabı olmadığı üçün gecə vaxtı müraciət edən xəstədən analiz götürmək mümkün olmamışdır. O, haqlı olaraq bu məsələnin məsuliyyətinin xəstəxananın üzərinə düşdüyünü bildirdiyi halda, rəhbərlik tərəfindən ondan izahat tələb olunmuşdur. Buna baxmayaraq, bu məsələ onun xeyirinə həll olunmuşdur. Beləliklə, işəgötürənin ona qarşı qərəzli hərəkətləri başlamışdır. O, uzun müddətdir ki, fəaliyyət göstərməsinə baxmayaraq, işəgötürən tərəfindən ona əsassız olaraq qərəzli şəkildə müddətli əmək müqaviləsi bağlamaq təklif edilmiş, müqavilə ilə razılaşmadığı təqdirdə onun əmək haqqını azaldacağı, hətta işdən çıxaracağı barədə hədələmişdir. O, haqlı olaraq bu təkliflə razılaşmamış, işəgötürəndən müddətsiz əmək müqaviləsi bağlanılmasını tələb etmişdir. İşəgötürən öz yaxınlarını müəssisəyə işə götürərkən əmək fəaliyyətlərinin az olmasına baxmayaraq, onlarla müddətsiz əmək müqaviləsi bağlamış və beləliklə, ayrı-seçkiliyə səbəb olmuşdur. Onun şəhadətnaməsinin vaxtı xx.xx.2024-cü ildə bitmiş, elə həmin gün o, sertifikasiya imtahanına daxil olmuş, lakin müvəffəqiyyət əldə edə bilməmişdir. Buna baxmayaraq, qanunvericilik tərəfindən təkrar sertifikasiyadan keçmək üçün imkan yaradılmış və işçinin iş yeri saxlanılmaqla təkrar müraciət hüququ nəzərdə tutulmuşdur. Ə.Qarayev adına 2 nömrəli X7 X10 şöbəsində Həkim-infeksionist vəzifəsində işləyərkən, işlədiyi müəssisəyə onun “Virus hepatitləri və HİV infeksiyası” üzrə ixtisasartırma kursu keçməyi üçün Cavabdeh PHŞ-nin 134-K nömrəli xx.xx.2024-cü il tarixli Əmri daxil olmuşdur. Həmin Əmrə əsasən, o, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmişdir. Onun “X5” qanunun müvafiq maddəsinə uyğun olaraq sertifikasiyasının bitdiyi tarixdən təkrar sertifikasiya olunması üçün altı aylıq müddət nəzərdə tutulmuşdur və həmin müddətin son tarixi xx.xx.2025-ci tarixdir. Müvafiq qanunvericiliyə uyğun olaraq təkrar sertifikasiyanın keçirilməsi üçün məlumatlandırmaq və müvafiq tədbirləri görmək işəgötürənin öhdəliyinə daxil olduğu halda işəgötürən bu məsələyə məsuliyyətsiz şəkildə yanaşmışdır. Belə ki, sertifikasiyanın keçirilməsinin son tarixinin xx.xx.2025-ci il tarixi olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə işəgötürən ona bilərəkdən sertifikasiya imtahanı tarixini hər gün sertifikasiya imtahanı keçirildiyi halda, xx.xx.2025-ci il tarixinə aldığını bildirmişdir. Bunun nəticəsində xx.xx.2025-ci ildə altı aylıq təkrar sertifikasiyadan keçmə müddəti ötürülmüş və işəgötürən əsassız olaraq onun əmək müqaviləsinə xitam vermişdir. Lakin, onun AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılarkən bu barədə işəgötürən əmri əsasında attestasiya komissiyası təşkil edilməli olduğu halda, belə bir tədbir görülməmiş və o, əsassız olaraq işdən çıxarılmışdır. Göstərilən hallar, onun əmək münasibətlərindən irəli gələn hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Qeyd olunan işin faktiki halları və qüvvədə olan qanunvericilik normalarının təhlili göstərir ki, Cavabdeh PHŞ-nin İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə verdiyi əmri əsassızdır. Əvvəla, işəgötürən qərəzli olaraq onunla illərlə fəaliyyət göstərməsinə baxmayaraq, qərəzli şəkildə müddətli əmək müqaviləsi bağlamağa çalışmışdır. Bu da AR Əmək Məcəlləsinin 45.3-cü maddəsində qeyd olunan “müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz” müddəasına tamamilə ziddir. Bundan əlavə, həmin maddənin 4-cü hissəsində qeyd olunur ki, “əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır”. Buna baxmayaraq, işəgötürən onu müddətli əmək müqaviləsi bağlamaqçün qanunsuz yollara əl atmışdır. X3 Haqqında Qanunun 48-ci maddəsində işçinin ixtisasının artırılması vəzifəsinin işəgötürənin üzərinə düşdüyü qeyd olunur. Eyni Qanunun 49-1-ci maddəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması üçün dövri olaraq beş ildən bir sertifikasiyaya cəlb olunmaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun eyni maddəsinə əsasən, sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Onun adı çəkilən orqanın 134-K nömrəli əmrində göstərilən kursu müvəffəqiyyətlə keçməsinə baxmayaraq, işəgötürənin etinasız yanaşmasına görə onun sertifikasiya imtahanına daxil olma müddəti doğru tarixə alınmamış və bunun nəticəsində İddiaçı altı aylıq təkrar sertifikasiyadan keçmə müddətini ötürmüşdür. Halbuki sertifikasiya imtahanları hər gün keçirilir və işəgötürən qəsdən imtahan tarixini onun təkrar sertifikasiya imtahanının son keçirilmə tarixindən sonrakı vaxta almışdır. Göstərilən hallar onun AR Əmək Məcəlləsinin “ı” bəndində qeyd olunan işçinin peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq hüququnu pozulmasına səbəb olmuşdur. İşəgötürənin məsuliyyətsizliyi nəticəsində İddiaçı əsassız olaraq AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən çıxarılmış və əmək müqaviləsinə xitam verilmişdir. Həmin maddədə bu barədə səlahiyyətli orqanın qərarının olması qeyd olunsa da, belə bir qərar mövcud olmamışdır. Yəni, işəgötürənin əmrinə əsasən, attestasiya komissiyası təşkil edilməli olsa da, işəgötürən bu məsələyə laqeyd yanaşmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 71.3-cü maddəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalı olduğu halda bu məsələyə diqqət yetirməmişdir. Tərəflərindən xx.xx.2025-ci il tarixinda AR Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsi və AR X6 28.1-ci maddələrinə əsasən, 11 saylı Mediasiya Təşkilatına müraciət edilərək qarşı tərəfə təklif göndərilmişdir. İlkin mediasiya sessiyasında qarşı tərəf iştirak etməmişdir və ilkin mediasiya sessiyasının keçirilməsi barədə xx.xx.2025-ci il tarixli arayış əldə olunmuşdur. Qeyd olunan bu hallar Cavabdeh müvəkkilim barəsində verdiyi əmrinin ləğv edilməsini, onun əmək müqaviləsinin bərpa edilməsini və itirilmiş əmək haqqının əvəzinin ödənilməsini zəruri edir. Cavabdeh iddiaya etirazını məhkəməyə təqdim edərək, İddiaçı iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh PHŞ və onun tabeliyində olan Ə.Qarayev adına 2 nömrəli X12 arasında heç vaxt mübahisə olmamış, ona və digər işçilərə qarşı qərəzli münasibətə, hər hansı bir ayrı-seçkiliyə yol verilməmişdir. Ona heç vaxt müddətli əmək müqaviləsi bağlamaq təklif edilməmiş, işlədiyi kollektivdə heç vaxt və heç kim tərəfindən hədə-qorxuya və təzyiqə məruz qalmamış, habelə işlədiyi xəstəxanada “analiz qabı olmadığı üçün gecə vaxtı müraciət edən xəstədən analiz götürmək mümkün olmamışdır. Haqlı olaraq bu məsələnin məsuliyyətinin xəstəxananın üzərinə düşdüyünü bildirdiyi halda rəhbərlik tərəfindən ondan izahat tələb olunmuşdur”- a dair iddiaları isə özünün ehtimalı və uydurmasından başqa heç nə deyildir. Bundan başqa, Mərkəzdə işə qəbulla əlaqədar heç vaxt hər hansı ayrı-seçkiliyə yol verilməmiş və işə qəbul şəffaf qaydada, habelə, TƏBİB-in “İşə qəbul qaydaları”na əsasən həyata keçirilmişdir. Bundan başqa, Səhiyyə Nazirliyinin elektron məktubuna əsasən Cavabdeh PHŞ-in direktorunun 04 oktyabr 2024-cü il tarixli 18-1-91/3-1-830/2024- cü il nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixində “Yolxucu xəstəliklər” ixtisası üzrə sertifikasiya imtahanında qeyriməqbul bal topladığı üçün iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmışdır. Bundan başqa, iddia ərizəsində “X5” Qanunun müvafiq maddəsinə uyğun olaraq sertifikasiyasının bitdiyi tarixdən təkrar sertifikasiya olunması üçün altı aylıq müddət nəzərdə tutulmuşdur və həmin müddətin son tarixi xx.xx.2025-ci tarixdir. Müvafiq qanunvericiliyə uyğun olaraq təkrar sertifikasiyanın keçirilməsi üçün məlumatlandırmaq və müvafiq tədbirləri görmək işəgötürənin öhdəliyinə daxil olduğu halda işəgötürən bu məsələyə məsuliyyətsiz şəkildə yanaşmışdır. Belə ki, sertifikasiyanın keçirilməsinin son tarixinin xx.xx.2025-ci il tarixi olmasına baxmayaraq, xx.xx.2025-ci il tarixdə işəgötürən müvəkkilimə bilərəkdən sertifikasiya imtahanı tarixini hər gün sertifikasiya imtahanı keçirildiyi halda, xx.xx.2025-ci il tarixinə aldığını bildirmişdir. Bunun nəticəsində xx.xx.2025-ci ildə altı aylıq təkrar sertifikasiyadan keçmə müddəti ötürülümüş və işəgötürən əsassız olaraq İddiaçı əmək müqaviləsinə xitam vermişdir. Lakin, müvəkkilim AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılarkən bu barədə işəgötürən əmri əsasında attestasiya komissiyası təşkil edilməli olduğu halda, belə bir tədbir görülməmiş və İddiaçı əsassız olaraq işdən çıxarılmışdır” müddəaları da kökündən yanlışdır və həqiqəti əks etdirmir. Belə ki, “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin 7-ci hissəsinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətdə iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Həmçinin, sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Odur ki, iddia ərizəsində “müvafiq qanunvericiliyə uyğun olaraq təkrar sertifikasiyanın keçirilməsi üçün məlumatlandırma və müvafiq tədbirləri görmək işəgötürənin öhdəliklərinə daxil olduğu halda, işəgötürən bu məsələyə məsuliyyətsiz yanaşmışdır” müddəası yuxarıda qeyd olunan normalara əsasən əsassız hesab edilməlidir. Nəticədə adları çəkilən Qanunların müvafiq normalarına uyğun olaraq təkrar sertifikasıyadan keçmək üçün müraciət hüququ yalnız İddiaçı özünə məxsus olmuş və bu hüquq işəgötürənə həvalə edilməmişdir. Həmçinin, sertifikasiyanın keçirilməsinin son tarixinin xx.xx.2025-ci il tarixi olması maraqlı şəxs kimi İddiaçı əvvəlcədən məlum olmuş və o, növbəti sertifikasiyadan keçməkdən düşünülmüş şəkildə yayınmışdır. İddia ərizəsində “xx.xx.2025-ci il tarixdə işəgötürən müvəkkilimə bilərəkdən sertifikasiya imtahanı tarixini hər gün sertifikasiya imtahanı keçirildiyi halda, xx.xx.2025-ci il tarixinə aldığını bildirmişdir”-ə dair qeyd edilənlər isə yalnız mülahizədir və özünü müdafiə xarakteri daşıyır. Həmin hallar heç vaxt baş verməmişdir. Cavabdeh PHŞ-in həmişə məqsədi və məramı sertifikasiya imtahanına cəlb olunanların müsbət və uğurlu nəticələr əldə etmələri olmuşdur. Həmçinin, iddia ərizəsində “İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxarılarkən bu barədə işəgötürən əmri əsasında attestasiya komissiyası təşkil edilməli olduğu halda, belə bir tədbir görülməmiş və İddiaçı əsassız olaraq işdən çıxarılmışdır” müddəası da əsassız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər attestasiya olunmurlar. Yəni, həmin Qanunun mənasına görə İddiaçı faktiki olaraq həmin vaxt praktik tibb fəaliyyəti ilə məşğul olduğundan onun attestasiyadan keçirilməsinə zərurət olmamışdır. Həm də İddiaçı sertifikasiya imtahanından keçmədiyi halda, onun attestasiyaya da cəlb olunması yolverilməzdir və qanunla qadağan olunur. Bundan başqa, iddia ərizəsində “işəgötürən qərəzli olaraq müvəkkilimlə illərlə fəaliyyət göstərməsinə baxmayaraq, qərəzli şəkildə müddətli əmək müqaviləsi bağlamağa çalışmışdır. Bu da Əmək Məcəlləsinin 45.3-cü maddəsində qeyd olunan “müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz” müddəasına tamamilə ziddir” müddəası da yanlışdır. Belə ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19n 6 aprel 2024- cü il tarixli əmri ilə Mərkəzin struktur və ştat cədvəli təsdiq edilmiş və işçilərin əmək münasibətləri həmin əmrə əsasən tənzimlənməklə Qarayev adına X13 “X20” X19n strukturundan Mərkəzə verilmişdir. İddiaçı da digər işçilər kimi ərizə yazaraq “X20” X22də olan əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və 06 iyun 2024-cü il tarixdə yazdığı ərizə əsasında X17 Klinik X1 şöbəsində həkim-infeksionist vəzifəsində 07 iyun 2024-cü il tarixdən işə başlamışdır. Həmçinin, iddia ərizəsində “işəgötürənin etinasız yanaşmasına görə onun sertifikasiya imtahanına daxil olma müddəti doğru tarixə alınmamış və bunun nəticəsində İddiaçı altı aylıq təkrar sertifikasiyadan keçmə müddətini ötürmüşdür” müddəası da əsassız hesab edilməlidir. Belə ki, həmin hallar yuxarıda göstərilən Qanunların müvafiq normalarına ziddir və bu zaman işəgötürənin qərəzli münasibətindən söhbət belə gedə bilməz. Bundan başqa, Aynurə Novzurova işlədiyi müddətdə işə davamiyyətdə də məsuliyyətsizlik etmiş və heç vaxt səmimi olmamışdır. Belə ki, o, Mərkəzə barəsində xəstəlik vərəqəsi açıldığı məlumatını vermiş, lakin xəstəlik vərəqəsini dəfələrlə deyilməsinə baxmayaraq təqdim etməmişdir. Odur ki, İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinin verilib-verilməməsi, verildiyi halda, buna əsas olan halların araşdırılması haqqında Cavabdeh PHŞ-in xx.xx.2024-cü il tarixli 18-1/1-17290/2024 nömrəli müraciətinə “TƏBİB” PHŞ-də baxılmış və sonuncunun 09 oktyabr 2024-cü il tarixli 18-1/2-9371/2024 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, əmək qabiliyyətinin olmaması vərəqəsini verən “X18” PHŞ-in məsul şəxsləri ilə əlaqə saxlanılmış, qeyd olunan məsələlər barəsində ətraflı məlumat alınmış, vətəndaşa məxsus TQS 025-in təqdim olunması xahiş olunmuşdur. Araşdırma zamanı ambulator tibbi kitabçada qeyd olunan tarixlərdə İddiaçı adına e-Təbib portalında heç bir qeydiyyatın aparılmadığı, xəstəlik vərəqəsinin müddətinin artırılması zamanı Həkim- Məsləhət Komissiyasının laborator və instrumental müayinələrə əsaslanmadığı müəyyən edilmişdir. Bununla yanaşı, İddiaçı müvafiq dövrlərdə işdə olmaması ilə bağlı qanunvericiliyə müvafiq qaydada tədbirlərin görülməsi tövsiyə edilmişdir. Bundan başqa, Nazlirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli, 425 nömrəli “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” Qərarının icrası məqsədilə İddiaçı elektron kabinetində əmək müqaviləsinin elekron əmək müqaviləsinə keçirilməsi barədə məlumat göndərilmiş və ona SİMA imza ilə həmin müqaviləni imzalaması barədə informasiya verilməsinə baxmayaraq, əmək müqaviləsi müddətsiz bağlanmadığı halda, imza atmayacağını bildirmiş və əmək müqaviləsinə xitam verilən günədək elektron əmək müqaviləsinə keçməmişdir. Bu hallar İddiaçı məsuliyyətsiz və qeyri səmimi bir işçi kimi xarakterizə edir. Həm də müəyyən edilmişdir ki, Cavabdeh PHŞ-nin 134-K nömrəli xx.xx.2024-cü il tarixli əmrinə əsasən, İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Cavabdeh PHŞ-ə ünvanlandığı xx.xx.2025-ci il tarixli 4/21/25 nömrəli məktubu ilə müəyyən edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edirlər. İddiaçı isə 6 ay müddətində təkrar sertifikasiyadan keçmədiyi üçün həmin Qaydanın 6.2-ci bəndinə və 2010-cu il 8 iyun tarixli 108 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməlidir. Həmin məktubun məzmunundan da göründüyü kimi, İddiaçı növbəti imtahanlarda iştirak etmək üçün Səhiyyə Nazirliyinə müraciət etməli idi və həmin imtahanlarla bağlı bütün məlumatlar həmin Nazirliyin müvafiq internet resurslarında yerləşdirildiyindən hər hansı bir məlumatı operativ olaraq oradan almaq olardı. İddiaçı isə bütün bunları etməyək, düşünülmüş şəkildə (özünü xəstəliyə vuraraq) növbəti imtahanlarda iştirak etməmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025- ci il tarixli, 18-1-91/3-1-455/2025 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Ə.Qarayev adına 2 nömrəli X7 X8 şöbəsində Həkiminfeksionist vəzifəsinə müddətsiz əmək müqaviləsi əsasında bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqı hesablanaraq iddiaçıya ödənilməsi barədə Qətnamə çıxarasınız.” redaksiyasına uyğun qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə prosesinin gedişində məlum olmuşdur ki, İddiaçı ona məxsus olmayan imza ilə onun əmək müqaviləsi müddətsizdən müddətliyə keçirilmişdir. Buna görə də, iddia tələbinin həcminin artırılmasına ehtiyac vardır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2(004)-2869/2025 nömrəli mülki iş üzrə müddətli əmək müqaviləsinin saxta olması səbəbindən iddia tələbi dəyişdirilmişdir. Hazırda onların şikayətləri ilə əlaqədar həmin fatklarla bağlı araşdırılma gedir. Ona görə də, iddia tələbini azaltmaq qərarına gəlmişlər. Odur ki, iddia tələbinin müddətsiz əmək müqaviləsi hissəsində azaldaraq, iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək, etirazın məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22 Cavabdeh xx.xx.2025-ci il tarixli, 18-1-91/3-1-455/2025 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrinə əsasən 1. Cavabdehn X21 X1 şöbəsinin həkim-infeksionisti İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə xx.xx.2025-ci ıl tarixdən xitam verilsin və tutduğu vəzifədən azad edilsin. 2. İddiaçı son haqq-hesabı qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilsin, əmək kitabçası və həmin əmrin surəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq, son iş günü verilsin. 3. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinə əsasən istifadə etmədiyi 22 təqvim günü əsas məzuniyyətə görə pul əvəzi ödənilsin. İş materiallarında olan İddiaçı Abdulla qızına məxsus ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.2025-ci il tarixli 455 nömrəli əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli AH 062673 nömrəli praktik tibbi və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sertifikasiya şəhadətnaməsinə əsasən İddiaçı həkimlərin sertifikasından keçmiş və ona Azərbaycan Respublikası ərazisində yoluxucu xəstəliklər ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X14 xx.xx.2024-cü il tarixli, 18-1/2-9371/2024 nömrəli müraciətin araşdırılmasının nəticələri haqqında müraciətə cavab məktubuna əsasən vətəndaş İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsinin verilib-verilməməsi, verildiyi halda buna əsas olan halların araşdırılması haqqında xx.xx.2024- cü il tarixli 18-1/1-17290/2024 nömrəli məktubuna “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X22də (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Müraciətin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə əmək qabiliyyətinin olmaması vərəqəsi verən “X18” X19n (Qaradağ TM) məsul şəxsləri ilə əlaqə saxlanılmış, qeyd olunan məsələlər barəsində ətraflı məlumat alınmış, vətəndaşa məxsus TQS 025-in təqdim edilməsi xahiş olunmuşdur. Araşdırma zamanı ambulator tibbi kitabçada qeyd olunan tarixlərdə vətəndaşın adına e-Təbib portalında heç bir qeydiyyatın aparılmadığı, xəstəlik vərəqəsinin müddətinin artırılması zamanı Həkim-Məsləhət Komissiyasının laborator və instumental müayinələrə əsaslanmadığı müəyyən edilmişdir. Bununla yanaşı, İddiaçı müvafiq dövrlərdə işdə olmaması ilə bağlı qanunvericiliyə müvafiq qaydada tədbirlər görməyinizi tövsiyə edirlər. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X22 Cavabdeh xx.xx.2024-cü il tarixli, 18-1-91/3-1-830/2024 nömrəli “Səhiyyə nazirliyinin elektron məktubuna əsasən İddiaçı praktik tibb fəaliyyətindən uzaqlaşdırılması haqqında” əmrinə əsasən Cavabdeh X22 X21 X1 şöbəsinin həkim-infeksionisti İddiaçı Azərbaycan Respublikası Əmək məcəlləsinin 67-ci maddəsinin 4-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixində "xxxx" ixtisası üzrə sertifikasiya imtahanında qeyri-məqbul bal topladığı üçün iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətinə praktik tibb fəaliyyətindən uzaqlaşdırılsın. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi barədə 18-1-91/3-1- 455/2025 nömrəli, xx.xx.2025-ci il tarixli 1. "Respublika Pediatriya Mərkəzi/Qarayev X13/Yoluxucu xəstəliklər şöbəsi" bölməsində "Həkim-infeksionist" vəzifəsində işləyən İddiaçı Əbdulla qızı ilə bağlanılmış xxxxxxx000600 nömrəli əmək müqaviləsinə, «AR ƏMnin 70. "c" - peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixindən xitam verilsin. 2. İşçinin xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 22 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə həvalə edilsin. İş materiallarında olan xx.xx.2024-cü il tarixli çıxarışa əsasən Bakı Cavabdeh PHŞnin direktoru A.Əhmədova “sertifikasiya ilə bağlı bildiriş” məzmununda mail ünvanlamışdır: “xx.xx.2024-cü il tarixində "xxxx" ixtisası üzrə test imtahanı keçirilib. Müəssisədə çalışan Yoluxucu xəstəliklər İddiaçı 38 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifikasiyadan keçməyən işçi hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət etməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən işçi Respublika Pediatriya Mərkəzi/Qarayev X13/Yoluxucu xəstəliklər şöbəsi, Əsas, Həkim-infeksionist vəzifəsinə (peşəsinə), işə qəbul (təyin) edilir. Əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 3 ay müddətinə bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X22 Cavabdeh xx.xx.2025-ci il tarixli, 18-1-91/2-1004/2025 nömrəli vəkilin sübutların təmin edilməsi barədə vəsatətinə cavaba əsasən Cavabdeh PHŞ-də işçilərlə bağlanılmış bütün əmək müqavilələri, o cümlədən İddiaçı ilə bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələbinə əsasən əmək müqaviləsi və həmin Məcəllənin 1 nömrəli Əlavəsinə əsasən tərtib edilmişdir. Qeyd olunan normalarda əmək müqavilələrinin nömrələnməsi tələb olunmur. Həmin müqavilələr, o cümlədən İddiaçı ilə bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və məşğulluq alt sistemi (ƏMAS) vasitəsilə həyata keçirilir. Məlumat üçün bildirilir ki, yuxarıda adı çəkilən sistemə işlənilmiş müqavilələrin heç biri qanunvericiliyin tələblərinə uyğun olaraq nömrələnmir və sistemin özü bu prosesi həyata keçirərkən müqavilələri müvafiq nömrələrlə təmin edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktın surətinə əsasən xx.xx.2024-cü il tarixində RPM-nin Ə.Qarayev adına 2 saylı UKX-nin X10 şöbəsində yoxlama aparılmışdır. Nəticəyə əsasən, müəyyən edilmişdir ki, Yoluxucu xəstəliklər şöbəsinin həkimi, İddiaçı xx.xx.2024-cü il tarixindən etibarən işə gəlmir. Aktın doğruluğunu imzalar ilə təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibb Müəssisələrinin Akkreditasiyası və X9” X14 xx.xx.2025-ci il tarixli, 3-28-35/2-89/2025 nömrəli İddiaçı ilə bağlı təkrar sorğuya cavab məktubuna əsasən İddiaçı sertifikasiya şəhadətnaməsinin etibarlılıq müddətinin xx.xx.2024-ci il tarixində bitməsini nəzərə alaraq, “Tibb müəssislərinin akkreditasiyası və X9” PHŞ-nin Səhiyyə mütəxəssislərinin sertifikasiyası şöbəsi tərəfindən 2024-cü il ərzində dəfələrlə (xx.xx.2024; xx.xx.2024; xx.xx.2024) imtahana buraxılış vərəqəsi təqdim edilməsinə baxmayaraq o, imtahanlarda üzrlü səbəb göstərilmədən iştirak etməmişdir. Şəxs sertifikasiya imtahanında xx.xx.2024cü il tarixində iştirak etmiş və qeyri-məqbul nəticə əldə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na əsasən tibb mütəxəssisi altı ay ərzində müvafiq ixtisas üzrə təkmilləşmə kursunu bitirdikdən sonra təkrar sertifikasiya imtahanında iştirak edə bilər. İddiaçı xx.xx.2025-ci il tarixində təkrar sertifikasiya imtahanında iştirak üçün buraxılış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyənin İnformasiya Sisteminin alt modulu olan X2 Sistemi vasitəsi real zaman rejimində tibb işçisi çalışdığı tibb müəssisəsinə göndərilib. Vətəndaş İddiaçı xx.xx.2025-ci il tarixində imtahanda iştirak edərək məqbul nəticə əldə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibb Müəssisələrinin Akkreditasiyası və X9” X14 xx.xx.2025-ci il tarixli, 3-28-35/2-96/2025 nömrəli İddiaçı ilə bağlı təkrar sorğuya cavab məktubuna əsasən İddiaçı sertifikasiya imtahanında təkrar iştirakı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na əsasən ixtisasartırma kursunu bitirdikdən sonra mümkündür. Şəxsin ixtisasartırma kursunda iştirakı barədə məlumat Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sisteminin “Tibb kadrlarının vahid registri” altsistemində qeyd edildikdən və kurs müdavimlərinə dair adlı siyahılar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən “Tibb müəssislərinin akkreditasiyası və X9” PHŞ-nin Səhiyyə mütəxəssislərinin sertifikasiyası şöbəsinə elektron poçt vasitəsilə göndərildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyənin İnformasiya Sisteminin alt modulu olan X2 Sistemi vasitəsi real zaman rejimində tibb işçisinin çalışdığı tibb müəssisəsinə göndərilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibb Müəssisələrinin Akkreditasiyası və X9” X14 xx.xx.2025-ci il tarixli, 3-28-35/2-101/2025 nömrəli İddiaçı ilə bağlı sorğuya cavab məktubuna əsasən İddiaçı sertifikasiya imtahanında təkrar iştirakı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na əsasən ixtisasartırma kursunu bitirdikdən sonra mümkündür. Şəxsin müvafiq ixtisas üzrə ixtisasartırma kursunda iştirak üçün qeydiyyatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyənin informasiya Sisteminin alt modulu olan X2 Sistemi vasitəsilə tibb işçisinin çalışdığı tibb müəssisəsi tərəfindən həyata keçirilir. Şəxsin ixtisasartırma kursunu bitirdikdən sonra bu haqda məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə informasiya Sisteminin “Tibb kadrlarının vahid registri” altsistemində qeyd edilir, həmçinin kurs müdavimlərinə dair adlı siyahılar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən “Tibb müəssislərinin akkreditasiyası və X9" PHŞ-nin Səhiyyə mütəxəssislərinin sertifikasiyası şöbəsinə elektron poçt vasitəsilə göndərilir. Bu məlumatlar əldə edildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sisteminin alt modulu olan X2 Sistemi vasitəsi real zaman rejimində tibb işçisinin çalışdığı tibb müəssisəsinə imtahan tarixinə dair buraxılış vərəqəsi elektron formatda göndərilir. Qeyd edilənləri nəzərə alaraq, tibb müəssisələrində çalışan tibb işçilərinin sertifikasiya imtahanına cəlb edilməsi adları yuxarıda qeyd edilmiş elektron informasiya sistemləri vasitəsilə həyata keçirilir və imtahan tarixi haqqında məlumatlar tibb müəssisəsinə bildirilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 67-ci maddəsinin 1-ci hissəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 67-ci maddəsinin 6-cı hissəsinə əsasən attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 67-1-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinin tələblərinə uyğun olaraq davamlı peşəkar inkişafının qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Sertifikasiya imtahanına cəlb edilən şəxslərə onların ixtisasına bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və dini etiqadlarına görə qiymətləndirilməsi yolverilməzdir. 67-1-ci maddəsinin 3-cü hissəsinə əsasən tibb və ya səhiyyə ixtisasları üzrə ali və ya orta ixtisas təhsili olan şəxslərdən normativ hüquqi aktlara uyğun olaraq müvafiq peşə-ixtisas və ya elmi-ixtisas dərəcəsinin verildiyi gündən beş il müddətində sertifikasiya şəhadətnaməsi tələb olunmur. 67-1-ci maddəsinin 4-cü hissəsinə əsasən sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər altı ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. 67-1-ci maddəsinin 5-ci hissəsinə əsasən sertifikasiya imtahanından “X3 haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 70-ci maddənin Qeydinə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. “X3 haqqında” Azərbaycan Respublikası Qanununun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiya imtahanından keçməyən işçi təkrar sertifikasiya imtahanından keçənə qədər 6 (altı) ay müddətində iş yeri və aylıq tarif (vəzifə) maaşı saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya imtahanı üçün müraciət edə bilər. Sertifikasiya imtahanından təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 6-cı maddəsinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilatisərəncamverici səlahiyyətlərə malik olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il Qərarında qeyd olunmuşdur ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Cavabdehndə Yoluxucu xəstəliklər şöbəsinə həkim-infeksionist vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə "xxxx" ixtisası üzrə sertifikasiya imtahanında iştirak etmiş, test tapşırıqları hissəsi üzrə keçid balı 40 olduğu halda 38 bal toplamaqla qeyri-məqbul nəticə əldə etmiş, qeyri-məqbul bal topladığı üçün iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmış və Cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmişdir. xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibb Müəssisələrinin Akkreditasiyası və X9” X19 tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixinə təyin edilmiş təkrar sertifikasiya imtahanında iştirak üçün buraxılış tibb işçisinin çalışdığı tibb müəssisəsinə, yəni Cavabdeh PHŞ-nə göndərilmişdir. Təkrar sertifikasiya üçün nəzərdə tutulmuş 6 (altı) aylıq müddət xx.xx.2025-ci il tarixdə bitdiyinə görə, Cavabdeh xx.xx.2025-ci il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrə əsasən İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə təkrar sertifikasiya imtahanında iştirak edərək məqbul nəticə əldə etmiş, həkimlərin sertifikasiyasından keçmiş və ona yoluxucu xəstəliklər ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Hazırda İddiaçı Cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 18-1-91/3-1-455/2025 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmaya görə ödənilməmiş əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı 17 mart 2025-ci il tarixdən əvvəl təkrar sertifikasiya imtahanında öz təşəbbüsü ilə iştirak edə bilməsi, öz təşəbbüsü ilə sertifikasiya imtahanında iştirak üçün müraciət edə və müvafiq gün təyin etdirə bilməsi barədə məlumatların əldə edilməsi məqsədilə sorğu göndərilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibb Müəssisələrinin Akkreditasiyası və X9” X14 sorğuya cavab məktubuna əsasən İddiaçı sertifikasiya imtahanında təkrar iştirakı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”na əsasən ixtisasartırma kursunu bitirdikdən sonra mümkündür. Şəxsin müvafiq ixtisas üzrə ixtisasartırma kursunda iştirak üçün qeydiyyatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyənin informasiya Sisteminin alt modulu olan X2 Sistemi vasitəsilə tibb işçisinin çalışdığı tibb müəssisəsi tərəfindən həyata keçirilir. Şəxsin ixtisasartırma kursunu bitirdikdən sonra bu haqda məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə informasiya Sisteminin “Tibb kadrlarının vahid registri” altsistemində qeyd edilir, həmçinin kurs müdavimlərinə dair adlı siyahılar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən “Tibb müəssislərinin akkreditasiyası və X9" PHŞ-nin Səhiyyə mütəxəssislərinin sertifikasiyası şöbəsinə elektron poçt vasitəsilə göndərilir. Bu məlumatlar əldə edildikdən sonra Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sisteminin alt modulu olan X2 Sistemi vasitəsi real zaman rejimində tibb işçisinin çalışdığı tibb müəssisəsinə imtahan tarixinə dair buraxılış vərəqəsi elektron formatda göndərilir. Qeyd edilənləri nəzərə alaraq, tibb müəssisələrində çalışan tibb işçilərinin sertifikasiya imtahanına cəlb edilməsi adları yuxarıda qeyd edilmiş elektron informasiya sistemləri vasitəsilə həyata keçirilir və imtahan tarixi haqqında məlumatlar tibb müəssisəsinə bildirilir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə sertifikasiya imtahanından keçməyən işçinin təkrar sertifikasiya imtahanında iştirakı ixtisasartırma kursunu bitirdikdən sonra mümkündür və işçinin müvafiq ixtisas üzrə ixtisasartırma kursunda iştirak üçün qeydiyyatı tibb işçisinin çalışdığı tibb müəssisəsi tərəfindən həyata keçirilir. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə keçirilən sertifikasiya imtahanında qeyri-məqbul nəticə əldə etdikdən sonra Cavabdeh PHŞ-nin əmri ilə iş yeri saxlanılmaq şərti ilə 6 ay müddətə praktik tibb fəaliyyətindən uzaqlaşdırılmış, daha sonra Cavabdeh PHŞ-nin xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasartırma kursu keçmiş, kursu bitirdikdən sonra xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tibb Müəssisələrinin Akkreditasiyası və X9” X19 tərəfindən İddiaçı xx.xx.2025-ci il tarixinə təyin edilmiş təkrar sertifikasiya imtahanında iştirak üçün buraxılış Cavabdeh PHŞ-nə göndərilmişdir. Cavabdeh PHŞ İddiaçı təkrar sertifikasiya imtahanının xx.xx.2025-ci il tarixində olacağını bildiyi halda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025ci il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə ilkin sertifikasıya imtahanından sonra 6 (altı) aylıq müddətdə təkrar sertifikasıyadan keçmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam vermişdir. AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Cavabdeh PHŞ isə səlahiyyətli orqan tərəfindən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə müvafiq qərar qəbul edilmədən, sadəcə səlahiyyətli orqan tərəfindən göndərilmiş məktub əsasında İddiaçı əmək müqailəsinə xitam vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, AR Əmək Məcəlləsinin 70-ci maddəsi imperativ deyil, dispozitiv normadır. İmperativ norma məcburi xarakter daşıyan hüquqi göstərişdir. Bu tip normalar subyektlərə müəyyən davranış modelini istisnasız və dəyişdirilməz formada diktə edir. Dispozitiv norma isə tərəflərə müəyyən sərbəstlik tanıyan hüquqi göstərişdir. Bu cür normalar əsas davranış qaydasını müəyyən etsə də, subyektlərə öz iradələri əsasında həmin qaydaları dəyişmək və ya fərqli formada tətbiq etmək imkanı verir. İşəgötürən Cavabdeh PHŞ sertifikasiya imtahanından keçməyən işçi İddiaçı 6 (altı) ay müddətində təkrar sertifikasıya imtahanından keçmədiyinə görə onun təkrar sertifikasiya imtahanının xx.xx.2025-ci il tarixdə olacağını xx.xx.2025-ci il tarixindən bildiyi halda, bununla bağlı heç bir tədbir görməmiş, əksinə Əmək Məcəlləsinin 70-ci maddəsinin dispozitiv norma olmasına baxmayaraq, imtahan nəticələrini gözləmədən xx.xx.2025-ci il tarixdə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam vermişdir. Məhkəmə hesab edir ki, belə şəraitdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi işçinin əmək hüquqlarının pozulması, işçinin təqsiri olmadan əmək hüququndan məhrum edilməsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, sadalanan qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli, 18-1- 91/3-1-455/2025 nömrəli “əmək müqailəsinə xitam verilməsi haqqında” əmri ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə, yəni Cavabdeh Ə.Qarayev adına 2 nömrəli X7 Yoluxucu Xəstəliklər şöbəsində həkim-infeksionist vəzifəsinə bərpa edilməli və Cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli, 18-1- 91/3-1-455/2025 nömrəli “əmək müqailəsinə xitam verilməsi haqqında” əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə, yəni Cavabdeh Ə.Qarayev adına 2 nömrəli X7 Yoluxucu Xəstəliklər şöbəsində həkim-infeksionist vəzifəsinə bərpa edilsin. Cavabdeh tərəfindən məcburi iş buraxma müddəti üçün ödənilməli olan əmək haqqı hesablanaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar