Məhkəmə qərarları › İş №e-2(004)-2874/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2874/2025

13.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2874/2025 13.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi və Maraqlı şəxs2 Sirac qızı olmaqla doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: doğum faktının müəyyən edilməsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi, ərizəçinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsi və Maraqlı şəxs2 Sirac qızı olmaqla doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Uşaqları İctimai Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzinə uşaq və valideynlərin (vətəndaşların) qəbul edilməsinə dair aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz RPŞ-nin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin əməkdaşı tərəfindən xx.xx.2017-ci il təvəllüdlü oğlan uşağı - təxmini adı Şahin təhvil verilmişdir.

2. Valideyn himayəsindən məhrum olmuş uşağın müəssisəyə yerləşdirilməsinə dair xx.xx.2024-cü il tarixli, 3-17-3/3-3-422/2024 nömrəli qərara əsasən valideyn himayəsindən məhrum olmuş şərti adı Şahin olan uşağın həssas ailə qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssəsisəsindən çıxarılaraq ünvan 1 ünvanında yerləşən “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin uşaq sığınacağına yerləşdirilmişdir.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-17/2-9789/2024 nömrəli məktubuna əsasən müəyyən edilir ki, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 15 fevral 2022-ci il tarixli, 1599 nömrəli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilən səlahiyyətlərdən irəli gələrək müəssisələrdə olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda Azərbaycan Uşaqları İctimai X1 məskunlaşmış Cabbarova Melisanın, “Ümid Yeri” uşaq sığınacağında məskunlaşmış Şahinin, X4, 2 saylı Uşaq Evində məskunlaşmış Məhəmmədin, 1 nömrəli Körpələr Evində məskunlaşmış Nəbiyeva Mavinin, X9, X10, X5, X7, X2 və X6 doğum haqqında şəhadətnamələrinin olmadığı müəyyən edilmişdir.

4. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-10/3594 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən doğumun qeydi üçün, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müracit etdiyi həkimin verdiyi № 103 formalı sənəd təqdim olunmalıdır. Göstərilən əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Doğum haqqında tibbi şəhadətnamələr təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınması imkanları xaricindədir, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunur.

5. Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən məhkəmə sorğusuna verilmiş xx.xx.2025ci il tarixli məktubdan görünür ki, şərti adı Şahin olan oğlan uşağının yanında aşkarlandığı şəxs barəsində cinayət işinin istintaqı aparılan Maraqlı şəxs2 Sirac qızı olmuşdur.

Ərizə tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) ərizə tələbi

6. Ərizəçi doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Əliyev Şahinin doğum tarixinin xx.xx.2017-ci il, atanın və ananın naməlum olması göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Ərizənin əsaslarına görə, “Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli, 1599 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmiş səlahiyyətlərdən irəli gələrək sosial xidmət müəssisələrində olan uşaqlarla aparılan işlər çərçivəsində hazırda “Ümid Yeri” Xeyriyyə Cəmiyyəti İctimai X1 məskunlaşmış şərti adı Şahin (soyad və ata adı məlum deyildir) olan uşağın doğum haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmişdir. Qiymətləndirmə zamanı müəyyən olunmuşdur ki, Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində özünü uşağın anası kimi təqdim edən X8 həbs olunduğu üçün adıçəkilən uşaq xx.xx.2022-ci il tarixdə Binəqədi Rayon Polis İdarəsi tərəfindən akt əsasında “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən uşaq sığınacağı - Reinteqrasiya Mərkəzinə (bundan sonra – İctimai Birlik) yerləşdirmişdir. Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin (bundan sonra – Agentlik) xx.xx.2024-cü il tarixli 3-17-3/3-3-422/2024 nömrəli qərarı əsasında isə uşağın X3 yerdəyişməsi həyata keçirilmişdir. İ.Quliyeva özünü uşağın anası kimi təqdim etməsinə baxmayaraq, bunu sübut edən hər hansısa bir sənəd təqdim edə bilməmiş, eləcə də adıçəkilən uşaq istər İctimai Birlikdə, istərsə də Sığınacaqda məskunlaşdığı müddət ərzində hər hansısa bir şəxs tərəfindən ziyarət edilməmişdir. Sözügedən uşağın doğumunun qeydə alınması üçün Nazirlik tərəfindən xx.xx.2024-cü il tarixli3-17/2- 9789/2024 nömrəli məktubla Yasamal Rayon Qeydiyyat Şöbəsinə müraciət olunmuşdur. Yasamal Rayon Qeydiyyat Şöbəsinin Nazirliyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16- 5/8-10/3594/24 nömrəli cavab məktubunda doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün doğumun qeydiyyata alınmasının mümkün olmadığı bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hazırda uşağın şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığı üçün onun övladlığa verilə bilən statusu almasının mümkün olmadığını, eləcə də təhsildən yayındığını nəzərə alaraq, qeyd edilən müddəaları rəhbər tutaraq uşağın doğum faktının müəyyən olunmasınının zəruri olduğunu bildirir.

b) ərizəyə qarşı etiraz

8. Ərizə tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə də məlumat verməmişlər.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; Maddə 115.1. Bu Məcəllənin 114.1-ci maddəsində göstərilən uşaqlar haqqında məlumatlara malik doğum evləri, məktəbəqədər, ümumtəhsil, müalicə və digər müəssisələrin vəzifəli şəxsləri və digər vətəndaşlar bu məlumatları müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; Maddə 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır; Maddə 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır; Maddə 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir; Maddə 166.2-1. Doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: -1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. - 4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

16. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.

17. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, şərti adı Şahin olan kişi cinsli azyaşlı uşaq Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanmış, uşaq sosial xidmət müəssisəsinə yerləşdirilmişdir. Uşağın valideynləri barədə məlumatlar mövcud deyil.

18. Ərizəçinin uşağın doğumunun qeydə alınması üçün müraciəti nəticəsiz qalmışdır. Bakı şəhəri Yasamal rayon Qediyyat şöbəsi tərəfindən doğum faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə uşağa doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Uşağın doğum aktı valideynləri tərəfindən müvafiq orqana müraciət edərək qeydə alınmadığına görə, ərizəçi uşağın doğulması haqqında hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir.

19. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır.

20. Odur ki, ərizə təmin edilməli, soyadı Əliyev, ata və ana adı naməlum olmaqla, xx.xx.2017-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən müəyyən edilməlidir.

21. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Şahinin soyadı Əliyev, ata və ana adı naməlum olmaqla, 30 iyul 2017-ci il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar