Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-288/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti
1. İddiaçı cavabdeh “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və mənəvi zərər” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Enerjetika İnstitutu MMC 23 iyul 2024-cü il tarixli 88/K saylı əmrinin ləğv edilməsi; onun 23 iyul 2024-cü il tarixdən Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Enerjetika İnstitutu MMC-nin “Enerjisistemi ekoloji problemlər şöbəsinə” aparıcı mühəndis vəzifəsinə işə bərpa edilməsi və həmin müddətin əmək stajına aid edilməsi; əvvəlki dövrlər 23 iyul 2024-cü il tarixdən qətnamə qanuni qüvvəsin alan günə qədər olan müddət ərzində əmək haqqında edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma hallarına görə əmək haqqının cavabdehdən tutularaq ona ödənilməsi; işgüzuzar nüfuzuna və ona vurulmuş mənəvi zərərə görə 10.000 manat hüquqi yardıma görə Bakı şəhər 18 saylı Vəkil Bürosuna ödənilmiş 400 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmək fəaliyyətinə xx.xx.2004-cü il tarixdə Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Enerjetika İnstitutu MMC-də “İstilik enerjetikası və ətraf mühitin mühafizəsi şöbəsində mühəndis vəzifəsinə qəbul edilərək başlamışdır. Daha sonra xx.xx.2006-cı il tarixdə Əmək Məcəlləsinin 68 maddəsinin a bəndinə əsasən vəzifəsindən azad edilmişdir. xx.xx.2006-cı il tairxdə İstilik enerjetikası şöbəsinə mühəndis təyin edilmişdir. xx.xx.2011-ci ildə həmin MMC də İstilik enerjetikası labaratoriyasına əməyin ödəniş dərəcəsi 9 dərəcə tətbiq edilməklə mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2013cü ildə Yeni Təşkilatın struktur tətbiqi ilə əlaqədar Ekologiya və Ətraf mühitin qorunması şöbəsinə mühəndis vəzifəsinə təyin edilib. xx.xx.2013-cü ildə Həmin Şöbənin adı dəyişdirilərək ekologiya şöbəsi adlandırılmışdır. xx.xx.2013-cü ildə Həmin şöbədə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə Yeni İdarəetmə strukturunun tətbiq edilməsi ilə əlaqədar olaraq, Enerjisistemi ekeloji problemlər şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir. 23.07 2024-cü il tairxdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsi ləğv edilərək işdən azad edilmişdir. Əmək fəaliyyətinə həmin müəssisədə başlamaqla 20 ildir ki, həmin müəssisədə fəaliyyət göstərir. Müəssisədə ştat cədvəli ixtasara düşdüyü anda onun başqa işlə təmin olunmağı mümkün idi və onun himayəsində 2 övladı vardır. Bundan başqa işəgötürən tərəfindən onun əmək stajı, ailə vəziyyəti və digər üzürlü səbəblər də nəzərə alınmamışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün tərəfindən Medisiya təşkilatına müraciət edilmiş cavabdeh iştirak etmədiyi üçün Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən MŞB/3\2024-00560 saylı müvafiq arayış verilmişdir.
3. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMCnin Elmi Tədqiqat heyətinin strukturunun optimallaşdırması haqqında MMC-nin direktorunun 29 yanvar 2024-cü il tarixli 05 saylı əmrinə ilə MMC-də elmi təqdiqat heyətinin əmək fəlaiyyətinin qiymətləndirilməsinin aparılması, elmi heyətin iş həcmlərinə uyğun ştat vahidlərinin yenidən formalaşdırılması ilə bağlı təklifllərin təqdim edilməsi MMCnin Elmi işlər üzrə direktor müavininə tapşırılmışdır. “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMC-nin direktorunun Elmi Tədqiqat heyətinin strukturunun təkmilləşdirilməsi haqqında 13 may 2024- cü il tarixli 52/k saylı əmrinə əsasən MMC-nin bir sıra sahələrində dəyişikliklərin aparılması, o cümlədən MMC-nin Enerjisistemin ekoloji problemləri şöbəsinin iş həcminin az olması nəzərə alınaraq 1(bir) aparıcı mühəndis ştatının ləğv edilməsi qərara alınmışdır. Sonradan əmək qanunverciliyinin tələblərinə uyğun olaraq 20 may 2024- cü il tarixdə MMC-nin Enerjisistemin ekoloji problemləri şöbəsinin aparıcı mühəndisi X3 müvafiq əmrə əsasən Enerjisistemin ekoloji problemləri şöbəsinin aparıcı mühəndis ştatının ləğv edildiyi, xəbardarlığı aldığı gündən 9 (doqquz) təqvim həftəsində sonra onunla bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam ediləcəyi, xəbardarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla hər iş həftəsində bir iş günü müddətində iş axtarmağa ona imkan yaradılacağı, həmçinin barədə xəbərdarlıq məktubu təqdim edilmişdir. İddiaçı həmin xəbardarlıqla tanış olmuş, lakin xəbardarlığa imza etməkdən imtina edərək MMC-nin Kadrlar üzrə baş mütəxəssis V.Məmmədovaya qarşı nalayiq ifadələr işlədib onu təhqir edərək otağı tərk etmişdir. Qeyd edilən hadisə ilə bağlı MMC-nin əməkdaşlarının iştirakı ilə elə həmin gün akt tərtib edilmişdir. Sonradan “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMC-nin 17 may 2024-cü il tarixli 13-9-124/01-850 saylı məktubla MMC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə müraciət olun “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMC-nin direktorunun Elmi Tədqiqat heyətinin strukturunun təkmilləşdirilməsi haqqında 13 may 2024-cü il tarixli 52/k saylı əmrinə əsasən əmrdə göstərilən ştat vahidlərinin və həmin ştatlarda çalışan işçilərin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onlarla bağlanmış əmək müqaviləsinə xitam verilməsini müzakirə edərək qanuna müvafiq “razılaşma” və “razılaşmama” barədə qərar verilməsi xahiş olunmuşdur. “Azərbaycan Elmi-Tədqiqat və LayihəX4” MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 17 may 2024-cü il tarixli 107 saylı iclasında “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMC-nin direktorunun Elmi Tədqiqat heyətinin strukturunun təkmilləşdirilməsi haqqında 13 may 2024-cü il tarixli 52/k saylı əmrinə əsasən əmrdə göstərilən ştat vahidlərinin və həmin ştatlarda çalışan işçilərin o cümlədən X2 AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə Həmkarlar İttifaqı Komitəsi tərəfindən razılıq verilmişdir. “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMCnin 23 iyul 2024-cü il tarixli 88/k saylı əmri ilə MMC-nin Enerjisistemin ekoloji problemləri şöbəsinin aparıcı mühəndisi X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir. İddiaçı iddia ərizəsində öhdəsində iki azyaşlı uşağının olmasını və AR Əmək Məclləsinin 78.2-ci maddəsinin tələblərini əsas gətirərək onunla bağlanılmış əmək müqaviləsinin xitam verilməsinin qanunsuz olduğunu qeyd etmişdir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus kadrların uçotu vərəqəsinin təhlili zamanı məlum olur ki, iddiaçının öhdəsində 2008 və 2019-cu il təvəllüdlü iki övladı vardır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zaman onun övladlarından X6 2024-cü ilin iyun ayının 2-də 16 yaşının tamam olduğunu nəzərə alsaq, iddiaçının şöbədəki digər işçilərlə peşəkarlıq səviyyəsini eyni olsa belə işdə saxlanılmalı olan şəxslər kateqoriyasına daxil olmadığını məlum olur. AR Əmək Məcəlləsinin 78.1-ci maddəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. İstinad edilən maddənin məzmunundan görünür ki, peşəkarlıq səviyyəsinin müəyyən edilməsi hüququnun məhz işəgötürənə məxsus olması xüsusi olaraq qeyd edilmiş və işçinin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsinə dair işəgötürənə münasibətdə hər hansı imperativ norma nəzərdə tutulmamışdır. ƏM-nin 78-ci maddəsinin maddəsinin məzmunundan həmçinin o da aydın olur ki, işçilərin peşəkarlıq səviyyəsini müəyyən etmək özünün işəgötürənin müstəsna hüququ olduğu kimi təbii olaraq peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işdə saxlanılması, habelə işçilər arasında peşəkarlıq səviyyəsinin eyni olub-olmadığını müəyyən etmək birbaşa olaraq işəgötürənin səlahiyyətinə aid olan məsələdir. Məhkəmənin nəzərinə onu da çatdırmaq istəyirik ki, peşəkarlıq dedikdə işçinin hər hansı bir iş üzrə təkcə bilik və bacarıqları deyil, həmçinin onun əmək intizamı,işə davamiyyəti kimi digər əhəmiyyət kəsb eədn meyarlar da başa düşülməlidir. Çünki məhz adı çəkilən bütün bu göstəricilər bütövlükdə işçinin peşakarlıq səviyyəsi barədə düzgün qiymət verməyə əsas verir. Məhkəməyə təqdim etdiyimiz sübutlardan aydın olur ki, onunla bir şöbədə işləyən işçilər xx.xx.2022-ci il tarixdə ərizə MMC-nin rəhbərliyinə müraciət edərək , İddiaçı dəfələrlə işlədiyi şöbənin işçilərini təhdid etmiş, nalayiq ifadələr işlətmiş, özünü aqressiv apararaq şöbənin normal iş ahəngini pozmuşdur. Ərizədə həmçinin İddiaçı heç bir layihə sənədinin tərtibində iştirak etməməsi də işçilər tərəfindən vurğulanmışdır. Hətta müxtəlif vaxtlarda işə gec gəldiyi, həmçinin iş vaxtı yatdığı üçün ona müxtəlif vaxtlarda xəbərdarlıq olunmuşdur.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2006-cı il tarixli əmək müqaviləsinə əsasən iddiaçı istilik energetikası laboratoriyasında mühəndis vəzifəsinə işə qəbul olunmuşdur.
10. Müqavilənin 2.3-cü bəndinə əsasən bu əmək müqaviləsi 9 il müddətinə bağlanmışdır.
11. Müqavilənin 2.4-cü bəndinə əsasən işçi xx.xx.2006-cı il tarixdən işə başlayır.
12. "xxxx" MMC-nin Elmi Tədqiqat heyətinin strukturunun optimallaşdırılması haqqında 29 yanvar 2024-cü il tarixli 05 nömrəli əmrinə əsasən 14 gün ərzində institutun elmi tədqiqat heyətinin əmək fəaliyyətinin qiymətləndirilməsi aparılması, bu fəaliyyətin "xxxx" ASC-nin qarşısında duran hədəflərə və ya ölkənin enerji sisteminin problemlərinə və inkişafına aidiyyat müəyyən edilməsi, elmi tədqiqat heyətinin hər bir əməkdaşının son 1 (bir) il ərzində elmi tədqiqat mövzusu və ya icra etdiyi işlər barədə məlumatlar təqdim edilməsi, aidiyyati mütəxəssislər ilə birlikdə (baş iqtisadçı və kadrlar üzrə baş mütəxəssiz elmi heyətin iş həcmlərinə baxılsın və iş həcmlərinə uyğun ştat vahidlərinin yenidən formalaşdırılması ilə bağlı təkliflərini təqdim edilməsi, elmi tədqiqat heyətinin yeni ştat cədvəli hazırlanması və təsdiq üçün təqdim edilməsi, elmi tədqiqat heyətinin yenidən komplektləşdirilməsi ilə bağlı təkliflərin təqdim edilməsinin “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMC-nin Elmi işlər üzrə direktor müavini A.Babayevə taşırılsı əmr edilmişdir.
13. "xxxx" MMC-nin 13 may 2024-cü il tarixli, 52/k nömrəli əmrinə əsasən “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMC-nin aşağıda adı çəkilən sahələrində dəyişikliklərin aparılması təmin edilmiş, enerjisistemin rejimləri şöbəsi – şöbənin iş həcminin az olması nəzərə alınaraq, 2 (iki) aparıcı mühəndis və 1 (bir) texnik ştat vahidi, enerjisistemin perspektiv inkişafı şöbəsi – şöbənin iş həcminin az olması nəzərə alınaraq, 1 (bir) baş mütəxəssiz ştat vahidi, enerjisistemin etibarlılığı və ifrat gərginlikdən mühafizə şöbəsi – şöbənin iş həcminin az olması nəzərə alınaraq, 2 (iki) aparıcı mühəndis ştat vahidi, enerjisistemin ekoloji problemləri şöbəsi – şöbənin iş həcminin az olması nəzərə alınaraq, 1 (bir) aparıcı mühəndis ştat vahidi ləğv edilmişdir.
14. "xxxx" MMC-nin 23 iyul 2024-cü il tarixli, 88/k nömrəli əmrinə əsasən Enerjisistemin ekoloji problemləri şöbəsinin aparıcı mühəndisi X7 ilə bağlanmış əmək müqaviləsi 23 iyul 2024-cü il tarixindən əmək qanunvericiliyinin tələblərinə riayət olunmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edilmişdir.
15. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrdə “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMC-nin Enerjisistemin ekoloji problemləri şöbəsinin aparıcı mühəndisi İddiaçı ştatın ixtisarı ilə bağlı rəsmi xəbərdarlıq təqdim edildi. İddiaçı bizim iştirakımız ilə xəbərdarlığı oxuyub yazılanlarla tanış oldu. Lakin İddiaçı həmin xəbərdarlıqla razılaşmayıb, imza atdıqdan imtina edərək Kadrlar üzrə baş mütəxəssis V.Məmmədovaya qarşı nalayiq ifadələr işlədib onu təhqir etməklə otağı tərk etdi.
16. İddiaçı ünvanlanmış 20 may 2024-cü il tarixli xəbərdarlığa əsasən müəyyən edilir ki, “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMC-nin xx.xx.2024-cü il tarixli 52/K saylı əmrinə əsasən Enerjisistemin ekoloji problemləri şöbəsində aparıcı mühəndis vəzifəsi ləğv olunmuşdur. Bu xəbərdarlığı aldığı gündən 9 (doqquz) təqvim həftəsindən sonra onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəkdir. Ona sözügedən xəbərdarlıq müddəti ərzində iradəsinə uyğun olaraq əvvəlcədən razılaşdırılmış gündə əmək haqqı saxlanılmaqla qanunvericilikdə müəyyən edilmiş müddət ərzində hər iş həftəsində bir iş günü müddətində əmək funksiyalarınızda icrasından azad edilərək iş axtarmağa imkan yaradılır. Eyni zamanda qeyd olunur ki, yazılı razılığı olduğu təqdirdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinin tələbinə uyğun olaraq, hazırki xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 (iki) misli miqdarında bir dəfəlik ödəniş edilməklə onunla bağlanılmış əmək müqaviləsinə həmin məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilə bilər.
17. "xxxx" MMC-nin kadrlar üzrə baş mütəxəssisi X8 tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş təqdimata əsasən xx.xx.2022-ci il tarixində saat 15:00 radələrində iş vaxtı işlədiyi iş otağının qarşısından keçərkən Enerjisistemin ekoloji problemləri şöbəsinin aparıcı mühəndisi X1 müqaviləsi üzrə əmək intizamını və müəssisədaxili nizam-intizam qaydalarını pozaraq yatdığının şahidi olması, bununla bağlı ona tərəfindən şifahi xəbərdarlıq edilməsi, şahidlərin imzası ilə akt tərtib edilməsi bildirilmiş və bunları nəzərə alaraq İddiaçı ilə bağlı gələcəkdə bu kimi halın bir daha baş verməməsi üçün müvafiq tədbir görülməsinə göstəriş verilməsi xahiş edilmişdir.
18. "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli akta əsasən müəyyən edilir ki xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Kadrlar üzrə baş mütəxəssis V.Məmmədovaya “Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMC-nin Enerjisistemin ekoloji problemləri şöbəsinin aparıcı mühəndisi X2 oturduğu otağın yanından keçərkən, İddiaçı işlədiyi iş otağında iş vaxtı otaqda digər əməkdaşların olmasına baxmayaraq, qeyri etik formada oturduğu kresloda yayılaraq uzanmış vəziyyətdə yatdığını görmüşdür. Bununla bağlı otağa daxil olaraq, İddiaçı müəssisədaxili nizam intizam qaydalarını pozması ilə bağlı iş otağında iş vaxtı yatmaması ilə bağlı xəbərdarlıq etmiş və iş vaxtı yatmaq deyil işləmək lazımdır bildirmişdir. Lakin İddiaçı buna məhəl qoymayaraq iş otağında özünü apara bilməyərək qışqırmış, bağırmış, hədə-qorxu gələrək, digər əməkdaşların iş görmələrinə mane olaraq müəssisədaxili nizam-intizam qaydalarını pozmuşdur. Bütün qeyd olunanlara əsasən İddiaçı gələcəkdə bu kimi halların bir daha baş verməməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
19. "xxxx" MMC-nin “Enerjisistemin ekoloji problemləri” şöbəsinin rəisi R.F.Kəlbəliyev tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli təqdimata əsasən müəyyən edilir ki, enerjisistemin ekoloji problemləri şöbəsinin aparıcı mühəndisi İddiaçı mütəmadi olaraq nizam-intizamı pozaraq, şöbənin digər əməkdaşlarının işlərinə müdaxilə edərək, işçilərin öz vəzifə borclarını yerinə yetirməyə maneə törədir. Şöbənin əməkdaşları tərəfindən çoxlu sayda şikayətlərə və işçi mühitin daimi pozulmasını nəzərə alaraq, tədbir görülməsi xahiş edilmişdir.
20. "xxxx" MMC-nin direktor vəzifəsini icra edən Aytək Babayevaya ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəyə əsasən müəyyən edilir ki, şöbənin əməkdaşı İddiaçı uzun müddətdir şöbənin işçilərini təhdid edir, nalayiq ifadələr işlədir, ümumi işə mane olan hərəkətlərə yol verir. Bildiririk ki, şöbədə aparılan heç bir layihə sənədinin tərtibatında bu günə qədər iştirak etməyib. Özünü çox aqresiv aparır, gündəlik işlərimizə böyük maneçilik törədir. Dəfələrlə onu nizam intizama dəvət etsək də, mümkün olmayıb. İddiaçı hərəkətlərinə qiymət verib ona qarşı tədbirlər görülməsi xahiş edilmişdir.
21. "xxxx" MMC-nin Enerjisistemin ekoloji problemləri” şöbəsinin rəisi Rüfət Kəlbəliyev tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş təqdimata əsasən müəyyən edilir ki, enerjisistemin ekoloji problemləri şöbəsinin aparıcı mühəndisi Zülfiyyə Salmanova 2003-cü ildə Azərbaycan Texniki Universitetinin İstilik energetikası ixtisasını bitirmişdir. Şöbənin 2024-cü il üçün iş planında aparıcı mühəndis İddiaçı yerinə yetirəbiləcəyi iş həcmi yoxdur. Ötən müddət ərzində Zülfiyyə Salmanova mütəmadi olaraq nizam-intizam qaydalarına əməl etməyib və şöbənin iş ahəngini pozub. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Zülfiyyə Salmanovanın fəaliyyətinin daha səmərəli təşkil edilməsi üçün müvafiq tədbir görülməsi xahiş edilmişdir.
22. "xxxx" MMC-nin Həmkarlar İttifaqı Komitəsinin 107 saylı iclasının 17 may 2024cü il tarixli protokolundan çıxarışa əsasən Azərbaycan Elmi-Tədqiqat və Layihə-X4” MMCnin xx.xx.2024-cü il tarixli 52/K saylı əmrinə əsasən siyahıda qeyd olunan ştat vahidlərinin və həmin ştatda çalışan ad və soyadları aşağıda qeyd edilən əməkdaşların əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “b” bəndi əsasən xitam verilməsinə razılıq verilməsi, əmək müqaviləsinə xitam verilməsi zamanı Azərbaycan Respublikası ƏM-nin 77-ci maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü bəndləri nəzərdə tutulmuş maddələrə riayət edilməsi tövsiyə olunması qərara alınmışdır.
23. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən müəyyən edilir ki, Enerjisistemin ekoloji problemləri şöbəsinin aparıcı mühəndisi X5 işə mütəmadi gecikir.
24. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli izahata əsasən səhər uşaq özünü pis hiss etdiyi üçün işə 20 dəqiqə gecikdiyini bildirmişdir.
25. "xxxx" MMC-nin Elmi-tədqiqat heyətinin ştat ədəlindən 30 sentyabr 2024-cü il tarixli çıxarışa əsasən müəyyən olunur ki, həmin heyət 29 nəfərdən ibarətdir.
26. 2023-cü və 2024-cü illər üzrə “Enerjisistemin ekoloji problemləri” şöbəsi tərəfindən yerinə yetirilən işlər barədə təqdimatda, həmin şöbənin əməkdaşları tərəfindən yerinə yetirilən layihələr göstərilmiş, həmin layihələr sırasında iddiaçı X2 iştirakı ilə yerinə yetirilən heç bir layihə əks olunmamışdır.
27. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, o, enerjisistemin ekoloji problemləri şöbəsinin rəisidir. Son 2 ildə iddiaçı iş görməyib, ona iş tapşırmamışlar, çünki ilk vaxtlar tapşırdıqları işləri görməkdən imtina etmişdir, daha sonra iddiaçı nizam-intizamı pozmuş, vaxtında işə gəlməmiş, işdən vaxtından tez çıxmışdır. İddiaçının atası hörmətli prosfessor olduğu üçün hörmət edib güzəşt etmişlər. O, 2009-cu ilən həmin şöbəyə direktor təyin olunmuşdur. Həmin şöbədə daha çox təcrübəsi olan işçi var. Hazırda şöbədə işdə saxlanılan aparıcı mühəndis vəzifəsindən olan şəxslər onlarla birlikdə ezamiyyətdə olurlar, hər biri daim işləyir. İddiaçıya iş tapşırıldıqdan sonra müşahidə edilirdi ki, həmin işi görməyə qabiliyyəti yoxdur. İşçilərin hansı işi görməsi ilə bağlı təqdimat tərtib olunur, İddiaçı son 2 ildə heç bir iş görməyib.
28. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, o, cavabdeh müəssisədə kadrlar üzrə baş mütəxəssis vəzifəsində çalışır. 2020-ci ildən cavabdeh müəssisədə işləyir. Bir dəfə iddiaçını yatarkən görüb və ona bildirib ki, iş yerində iş vaxtı yatmaq olmaz. İddiaçı ona etiraz edib, o akt tərtib edib. Daha sonra işçilər ona iş ahənginin pozulması ilə bağlı şikayətlər ediblər. İddiaçının azyaşlı uşağının olması kimi hallar nəzərə alınırdı. Daha sonra rəsmi qərarla ştat ixtisarı ilə əmək müqaviləsinə xitam verildi. İddiaçı rəsmi qaydada xəbərdar olunarkən imza atmaqdan imtina etmiş, bununla bağlı tərəfindən akt tərtib olunmuşdur. İşdə saxlanılan aparıcı mühəndislər işlərini düzgün şəkildə görürlər, ezamiyyətə də gedirlər. 2020-ci ildən bəri şirkətdə attestasiya olmayıb. İddiaçı hər gün işə gecikir, ona bir müddət güzəşt edilib. Lakin bu hallar mütəmadi təkrarlanır.
29. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, o, cavabdeh müəssisədə böyük elmi işçi vəzifəsində çalışır. İddiaçı şöbədə özünü düzgün aparmırdı. İddiaçıya güzəştlər edilib, lakin bu hallar mütəmadi olaraq davam edib. Otaqda işlər kollektiv görülür, lakin heç bir sənəddə onun imzası yoxdur. Özünü düzgün aparmadığı üçün ona iş də tapşırılmırdı. İşlər Azərbaycan dilində aparılırdı. 16 ildir iddiaçı ilə işləyir. Şöbədə işləyən aparıcı mühəndislər işini düzgün görürlər.
30. Məhkəmə tərəflərin nümayəndələrinin, şahidlərin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
31. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
32. Həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilə bilər.
33. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
34. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
35. Həmin Məcəllənin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
36. Həmin Məcəllənin 77-ci maddəsinin 2-ci hissəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
37. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
38. Həmin Məcəllənin 77-ci maddəsinin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.
39. Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
40. Həmin Məcəllənin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə işdə saxlanmasına üstünlük verir.
41. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
42. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.2004-cü il tarixdə Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Enerjetika İnstitutu MMC-də “İstilik enerjetikası və ətraf mühitin mühafizəsi şöbəsində mühəndis vəzifəsinə qəbul edilmiş, daha sonra xx.xx.2006-cı il tarixdə Əmək Məcəlləsinin 68 maddəsinin a bəndinə əsasən vəzifəsindən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə İstilik enerjetikası şöbəsinə mühəndis təyin edilmiş, xx.xx.2011-ci ildə həmin MMC də İstilik enerjetikası labaratoriyasına əməyin ödəniş dərəcəsi 9 dərəcə tətbiq edilməklə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2013cü ildə Yeni Təşkilatın struktur tətbiqi ilə əlaqədar Ekologiya və Ətraf mühitin qorunması şöbəsinə mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2013-cü ildə həmin şöbənin adı dəyişdirilərək ekologiya şöbəsi adlandırılmış, xx.xx.2013-cü ildə həmin şöbədə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə Yeni İdarəetmə strukturunun tətbiq edilməsi ilə əlaqədar olaraq, Enerjisistemi ekeloji problemlər şöbəsinə aparıcı mühəndis vəzifəsinə təyin edilmişdir. "xxxx" MMC-nin Elmi Tədqiqat heyətinin strukturunun optimallaşdırılması haqqında 29 yanvar 2024-cü il tarixli 05 nömrəli əmrinə əsasən elmi tədqiqat heyətinin yeni ştat cədvəli hazırlanmış və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
43. Məhkəmə qeyd edir ki, ixtisar etmək işəgötürənin hüququdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndinə görə “...işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək’' işəgötürənin əsas hüquqları kimi təsbit olunmuşdur. Əmək Məcəlləsində işəgötürənin bu hüququnun məhdudlaşdırılması və yaxud şərtləndirilməsinə dair müddəa yoxdur. Əmək Məcəlləsi ilə işəgötürənə verilən bu hüquqdan istifadə edilərək, Azərbaycan Elmi-Tədqiqat və Layihə- Axtarış İnstitutu” MMC-nin Elmi Tədqiqat heyətinin strukturunun optimallaşdırılması məqsədilə müəyyən ştat vahidlərinin ləğv edilməsi barədə Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış İnstitutu” MMC tərəfindən qərar verilmişdir. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən “İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, ... işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür”. Məcəllənin 77ci maddəsinin tələblərinə müvafiq olaraq, əmək müqaviləsinə xitam verilən işçinin təminatları gözlənilmişdir. İşçi doqquz təqvim həftəsi əvvəldən rəsmi xəbərdarlıq edilmiş və ona işdənçıxma müavinəti ödənilmişdir.
44. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1, 2 və 3-cü hissələrinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq işdənçıxarma müavinəti ödənilir.Həmin Məcəllənin 78-ci maddəsinin 1-ci hissəsinə görə isə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Göründüyü kimi, işçilərin əmək hüquqlarının müdafiəsi məqsədi ilə qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən bir sıra təminatlar nəzərdə tutulmuşdur. Əmək hüquqlarının müdafiəsinə və əhalinin məşğulluğunun təmin olunmasına yönəlmiş dövlət siyasətini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, işəgötürən tərəfindən əmək müqaviləsi yuxarıda göstərilən əsaslarla ləğv edilərkən əmək qanunvericiliyinin göstərilən normalarının tələblərinə ciddi əməl edilməlidir.
45. Hazırki işin hallarından da görünür ki, iddiaçı 9 təqvim təqvim həftəsi qabaq xəbərdarlıq edilmiş, lakin iddiaçı bu barədə xəbərdarlığa imza çəkməkdən imtina etmiş, bu barədə akt tərtib edilmişdir. İddiaçı xəbərdarlığın ona təqdim edilmədiyini bildirsə də, lakin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında xx.xx.2024-cü il tarixdə artıq ona ixtisara düşməsi ilə bağlı məsələnin məlum olduğunu, ona iş vaxtı ərzində 1 saat başqa iş axtarması ilə bağlı şərait yaradılsa da, lakin buna razı olmadığını bildirmişdir.
46. Digər tərəfdən iddiaçı himayəsində 16 yaşına çatmayan iki uşağının olduğunu bildirsə də, lakin iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən yazılmış tərcümeyi haldan görünür ki, xx.xx.2024-cü il tarixdə artıq onun bir övladının 16 yaşı tamam olmuşdur. Həmçinin, həmin maddədən görünür ki, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda həmin maddədə qeyd olunan kateqoriyaya aid işçilərin işdə saxlanmasına üstünlük verir.
47. Bununla bağlı məhkəmə bir daha qeyd edir ki, Əmək Məcəlləsinin 78-ci maddəsinə görə, işçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir və işdə saxlanılma üstünlüyü hüququna sahib olan şəxslərin seçimi zamanı işəgötürənin mülahizə sərbəstliyi vardır.
48. Digər tərəfdən məhkəmə iclasında dindirilən iddiaçı işlədiyi müddət ərzində aparıcı mühəndis ixtisası üzrə işləməsinə baxmayaraq, tərcümə işlərini gördüyünü bildirmiş, ona təqdim olunan sənədləri rus dilindən azərbaycan dilinə tərcümə etdiyini bildirmişdir. Həmçinin, məhkəmə iddiaçıya onun tərəfindən görülən layihələri təqdim etməsini təklif etdikdə, layihələrin nüsxələrini özündə saxlamadığından heç bir layihə təqdim edə bilmədiyini qeyd etmiş, işlədiyi dövrdə heç bir elmi məqaləsinin çap olunmadığını bildirmişdir. İşin hallarında görünür ki, iddiaçı işdə saxlanılan digər şəxslərdən peşəkarlıq səviyyəsinin daha yüksək olduğunu sübut edə bilməmişdir.
49. Əmək qanunveriliyin yuxarıda istinad olunan normalarının tələblərindən göründüyü kimi, əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onları əmək qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilmişdir. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə işəgötürən bu barədə işçini rəsmi qaydada xəbərdar etməlidir. Eyni zamanda, bu əsasla işçi ilə əmək müqaviləsini ləğv edilərkən, işəgötürən tərəfindən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmalıdır. İş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsi ləğv edilərkən əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə əməl edilmiş, yəni qabaqcadan həmkarlar ittifaqı təşkilatının razılığı alınmış, iddiaçıya bu barədə 9 təqvim həftəsi əvvəl xəbərdarlıq edilmiş və daha sonra onunla əmək münasibətlərinə xitam verilmişdir.
50. Bundan başqa iddiaçı iddia ərizəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun ödənilməsi tələbini qoysa da, məhkəmə iddia tələbinin mənəvi ziyana görə kompensasiya tutulması hissəsini də aşağıda qeyd olunanlar baxımından əsaslı hesab etmir.
51. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”
52. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”.
53. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
54. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı təqsirli hərəkət müəyyən edilmədiyindən iddiaçının mənəvi ziyan tələbi də əsaslı hesab edilə bilməz.
55. Beləliklə göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işəburaxma müddətinə görə əmək haqqının ödənilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
56. Bundan başqa iddia ərizəsində 400 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması da tələb edilir.
57. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən həmin xərc iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
60. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ülkər Xəlil