Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2959/2024 03.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi, tutmanın mallara yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi, tutmanın mallara yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 7500 (yeddi min beş yüz) manat məbləğində əsas borcun, 2250 (iki min iki yüz əlli) manat cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 500 (beş yüz) manat məbləğində saxlama haqqının və ödənilmiş 117,5 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun Cavabdeh tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2023-cü il tarixli “Malların anbarda saxlama” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (500 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər Müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 7500 (yeddi min beş yüz) manat təşkil etməkdədir. Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il tarixində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. xx.xx.2023-cü il tarixli Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 17425 (on yeddi min dörd yüz iyirmi beş) manat təşkil etsə də, güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 30 %-i həcmində, yəni cəmi 2250 manat dəbbə pulu tələb edilməkdədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06 yanvar 2023-cü il tarixli malların anbarda saxlama müqaviləsindən görünür ki, Bu Müqaviləyə əsasən, saxlayıcı (anbar sahibi) sifariş əsasında Tapşıranın ona verdiyi daşınar əşyaları (bundan sonra “Mallar”ı) özünə məxsus anbarda saxlamağı. Tapşıran isə bunun müqabilində bu Müqavilə müəyyən olunmuş qayda və müddətdə saxlama haqqı ödəməyi öhdəsinə götürür. Tərəflər malların saxlayıcının Xırdalan şəhərində yerləşən ünvanda olan anbarında saxlamaq barədə razılığa gəlmişdirlər. Müqavilənin 5.1-ci bəndinə əsasən, bu Müqaviləyə əsasən malların anbarda saxlama haqqı aylıq 500 manat məbləğində müəyyən edilir və öncədən ödənilir. Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə Saxlayıcı Tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli "Malların anbarda saxlama” Müqaviləsinə əsasən malların saxlanılması üçün İddiaçı MMC saxlanc anbarını Cavabdeh istifadəsinə vermişdir. Bu müddət ərzində Cavabdeh tərəfindən saxlama haqqı olaraq ümumilikdə 500 (beş yüz) manat məbləğində ödəniş edilmişdir. Müqavilənin 5.4-cü bəndinə əsasən hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i həcmində cərimə hesablanır. Cavabdeh ödəniş üzrə xx.xx.2024-cü il tarixinədək 444 gün gecikməsi müşahidə edilir. Cavabdeh İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixinə 7500 (yeddi min beş yüz) manat əsas borcu, 2250 (iki min iki yüz əlli) manat cərimə məbləği təşkil edir. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh 3 iş günü müddətində gecikmiş anbarda saxlama haqqı məbləği olaraq 7000 manat ödənilməsi xahiş edilmiş, ödənilmədiyi təqdirdə, cərimə məbləği də hesablanacaq cəmi məbləğ anbarda yerləşdirilmiş mallara yönəldiləcək və mallar satışa çıxarılacaqdır. Bu əsasla, məhkəməyə müraciət ediləcəyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 117,50 (bir yüz on yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. 827-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir. 830.1-ci maddəsinə əsasən, əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir. 830.3-cü maddəsinə əsasən, saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Onun bağlanılmasının zəruri şərtləri qanunvericiliklə müəyyən edilmişdir və onlardan biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını özündə ehtiva edir. Tərəflər arasında hazırki mübahisənin yaranmasına əsas aralarında bağlanmış 06 yanvar 2023-cü il tarixli malların anbarda saxlanması müqaviləsi olmuşdur. Cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, malları iddiaçının saxlanc anbarında saxlamasına baxmayaraq müqavilə ilə aylıq ödənişləri nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödəniş üzrə 444 gün gecikməsi müşahidə edilir. Cavabdeh İddiaçı MMC-yə 7500 (yeddi min beş yüz) manat əsas borcu, 2250 (iki min iki yüz əlli) manat cərimə məbləği təşkil edir. Məhkəmə iddia tələbinin 2250 manat cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 2250 manat məbləğində deyil, 750 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Həmçinin tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 (üç) ay ərzində Tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə saxlayıcı – iddiaçı tapşıranı - cavabdehi yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər. Müqavilənin göstərilən şərtinə əsasən, məhkəmə hesab edir ki, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 117,50 manat dövlət rüsumunun 100 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 7500 (yeddi min beş yüz) manat məbləğində əsas borc, 750 (yeddi yüz əlli) manat cərimə, qətnamə icra olunan günə kimi hər ay 500 (beş yüz) manat məbləğində saxlama haqqı və ödənilmiş 117,50 (yüz on yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilməli, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulmalı, borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli və ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixinə hesablanmış 7500 (yeddi min beş yüz) manat məbləğində əsas borc, 750 (yeddi yüz əlli) manat cərimə, qətnamə icra olunan günə kimi hər ay 500 (beş yüz) manat məbləğində saxlama haqqı və ödənilmiş 117,50 (yüz on yeddi manat əlli qəpik) manat məbləğində dövlət rüsumunun 100 (yüz) manat hissəsi tutularaq İddiaçı MMC-yə ödənilsin. Borc məbləği anbarda saxlanılan mallara yönəldilsin. Malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc Cavabdeh ümumi qaydada tutulsun. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2959/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2959/2024
03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver