Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2989/2023 29.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC və Nəsimi rayon icra şöbəsi cəlb edilməklə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 622368,53 manatın, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 920 manat dövlət rüsumunun əvəzinin, cəmi 623288,53 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC "xxxx" MMC-yə qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 726418,12 manat məbləğində borcun, müqavilələr üzrə hesablanmış 72641,81 manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 4000 manat xərcin, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2022 saylı,xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, "xxxx" MMC-dən 761.794,48 manat məbləğində borcun, müqavilələr üzrə hesablanmış 38.089,72 manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 2.000 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 manat dövlət rüsumunun, ümumilikdə 802.978,70 (səkkiz yüz iki min doqquz yüz yetmiş səkkiz manat, yetmiş qəpik) manat pul vəsaitinin İddiaçının xeyrinə tutulması qət edilmişdir. "xxxx" MMC birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Sazişin 2.2-ci bəndinə görə, "xxxx" MMC iddiaçıya 152 S saylı, 21 may 2019-cu il tarixli alqı-satqı haqqında müqaviləyə və GD/19-016 saylı, 18 sentyabr 2019-cu il tarixli konsiqnasiya anbarında saxlama müqaviləsinə əsasən qalıq borcunu, yəni 761.794,48 (yeddi yüz altmış bir min yeddi yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində pulu hissəhissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür: - 10 fevral 2023-cu il tarixədək – 170.000 manat (ƏDV daxil); - 10 aprel 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 iyul 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 oktyabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 31 dekabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil). Bundan əlavə, sazişlə müəyyən olunmuşdur ki, "xxxx" MMC Sazişin 2.2-ci bəndində göstərilmiş ödəniş öhdəliklərini lazımınca icra etməzsə (hər hansı ödənişi vaxtında ödəməzsə və ya qismən ödəyərsə), bu halda iddiaçı qalıq borcun tamamilə ödənilməsi, o cümlədən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun xeyrinə tutulması qət edilmiş 38.089,72 manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 2.000 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 manat dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-2(103)- 82/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmaqla, iş üzrə icraata xitam verilmişdir. Sonradan, iddiaçı ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2023-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən, cavabdeh iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə öhdəliklərin 802.978,70 manat pulun ödənilməsinin icrasına görə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmənin nəzərinə çatdırır ki, "xxxx" MMC İddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliklərini pozmuşdur. Yəni, "xxxx" MMC barışıq sazişinə əsasən iddiaçıya bu günə kimi 317.948,62 manat (ƏDV daxil) ödəməli olduğu halda, cəmi 152.542,38 manat (ƏDV xaric) ödəniş etmiş, nəticədə sazişin 2.2-ci bəndi ilə müəyyən olumuş ödəniş öhdəliyini lazımınca icra etməmişdir. Bu səbəbdən İddiaçı barışıq sazişinin təsdiq olunmasına dair məhkəmə qərardadının icraya yönəldilməsi üçün məhkəməyə ərizə vermişdir. Hazırda barışıq sazişi üzrə "xxxx" MMC-nin İddiaçıya 581.184,31 manat (ƏDV daxil) qalıq borcu mövcuddur. İddiaçı cavabdehə pretenziya göndərməklə, zaminlik müqaviləsindən irəli gələn öhdəliyinin icra olunması xahiş etsə də, cavabdeh bu istiqamətdə hər hansı addım atmamışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, 622.368,53 manat məbləğində pul, habelə iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 920 manat dövlət rüsumunun əvəzi, ümumilikdə 623.288,53 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmədən xahiş edir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 622368,53 manatın, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 3500 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 920 manat dövlət rüsumunun əvəzinin, cəmi 626788,53 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə rəqdim edərək, Cavabdeh 618438,15 manatın, hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən çəkilmiş 3500 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 920 manat dövlət rüsumunun əvəzinin, cəmi 622858,15 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, "xxxx" MMC borcunu qəbul edir, borcun ödənilməsindən yayınmır. Sadəcə şirkətin maliyyə problemləri olduğu üçün ödənişlərin bir hissəsini gecikdirmişdir. Hal-hazırda şirkətin əmlakları üzrə həbs qoyulmuşdur. Yəni iddiaçı ödənişləri etməkdə davam edir. Buna görə də qalıq məbləğin Cavabdeh tutulmasına əsas və zərurət olmadığını bildirir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 yanvar 2023-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, İddiaçı, direktoru Nümayəndə şəxsində və digər tərəfdən cavabdeh "xxxx" X2, direktoru Cavabdeh şəxsində, iddiaçının cavabdehə qarşı "pul tələbinə dair" iddiası ilə bağlı tərəflər, öz aralarındakı mübahisənin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, 25.01,2023-cü il tarixli qərardadından müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilmiş, iş üzrə icraata xitam verilmiş, tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərinin təsdiq edilmişdir: "xxxx" MMC iddiaçıya 152 S saylı, 21 may 2019-cu il tarixli alqı-satqı haqqında müqaviləyə və GD/19-016 saylı, 18 sentyabr 2019-cu il tarixli konsiqnasiya anbarında saxlama müqaviləsinə əsasən qalıq borcunu, yəni 761.794,48 (yeddi yüz altmış bir min yeddi yüz doxsan dörd manat, qırx səkkiz qəpik) manat məbləğində pulu hissəhissə olmaqla, aşağıdakı müddətlərdə və məbləğdə tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür: - 10 fevral 2023-cu il tarixədək – 170.000 manat (ƏDV daxil); - 10 aprel 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 iyul 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 10 oktyabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil); - 31 dekabr 2023-cü il tarixədək – 147.948,62 manat (ƏDV daxil). Cavabdeh Sazişin 2.2-ci bəndində göstərilmiş ödəniş öhdəliklərini lazımınca icra etməzsə (hər hansı ödənişi vaxtında ödəməzsə və ya qismən ödəyərsə), bu halda İddiaçı qalıq borcun tamamilə ödənilməsi, o cümlədən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2848/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun xeyrinə tutulması qət edilmiş 38.089,72 manat məbləğində cərimənin (dəbbə pulunun), hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş 2.000 manatın, ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş 400 manat xərcin, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 694,50 manat dövlət rüsumunun əvəzinin "xxxx" MMC-dən tutulması üçün müvafiq icra sənədinin (vərəqəsinin) verilməsi məqsədilə məhkəməyə müraciət edəcəkdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin şəxs ilə borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 12 yanvar 2023-cü il tarixli Barışıq Sazişinə (bundan sonra Saziş) əsasən öhdəliklərin tam yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini (802978.70 manat məbləğində) öz üzərinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən, Sazişə görə borclu Şəxs ("xxxx" MMC) qarşısında öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Zamin (Cavabdeh) Şəxs ("xxxx" MMC) qarşısında borclunun öhdəliklərinə görə tam həcmdə məsuliyyət daşıyır. Müqavilənin 2.3-cü bəndinə əsasən, borclu zaminlikdə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər mülki qanunvericilikdə və ya bu müqavilədə və ya ona əlavədə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışdırsa, zamin və borclu birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan "xxxx" MMC-nin 29 noyabr 2023-cü il tarixli GD23/245 saylı arayışından görünür ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə (Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2- 2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təsdiq olunmuşdur) əsasən, "xxxx" MMC ümumilikdə 184540.55 AZN məbləğində pulu İddiaçı MMC-yə ödəmiş, qalan ödənişləri isə icra etməmişdir. Beləliklə, həmin barışıq sazişinin 2.2-ci bəndinin şərtinə uyğun olaraq, "xxxx" MMC-nin İddiaçı MMC-yə ödəməli olduğu pul məbləği aşağıdakı kimidir: 577253.93 manat (ƏDV daxil) - qalıq borc; 38.089,72 manat - cərimə (dəbbə pulu); - 2.000 manat - hüquqi xidmətlərin göstərilməsi üçün çəkilmiş xərc; 400 manat - ilkin mediasiya sessiyasının keçirilməsi üçün çəkilmiş xərc; - 694,50 manat - iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumu. Cəmi borcu 618438,15 (altı yüz on səkkiz min dörd yüz otuz səkkiz manat 15 qəpik) manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” 27 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, “İcra haqqında” Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra olunması üçün Yasamal rayon icra şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Yasamal Rayon icra şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 27.11,2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, 25.01,2023-cü il tarixli icra sənədi üzrə iş üzrə tələbkar İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli arayışına əsasən 618438.15 manat məbləğində borc vardır. İş materiallarında olan İddiaçı MMC “vəkalət verən” "xxxx" MMC “vəkalət alan” olmaqla imzalanmış 05 yanvar 2023-cü il tarixli XS-20/0123 nömrəli müqaviləyə 23 yanvar 2023-cü il tarixli 01 nömrəli əlavənin 4-cü bəndinə əsasən vəkalət verən vəkalət alana birdəfəlik 3500 manat pul ödəyir. İş materiallarında olan 26 may 2023-cü il tarixli ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" LLC-yə məxsus hesaba 4000 manat köçürülmüşdür. Ödənişin təyinatı kimi EBDG 272958 saylı xx.xx.2023 tarixli e-qaimə və XS 20 0123 saylı xx.xx.2023 tarixli müqavilə qeyd edilmişdir. İş materiallarında olan 24 may 2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən 1250 manat Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülmüşdür. Ödənişin təyinatı kimi EBDG443310 saylı xx.xx.2023 tarixli e-qaimə və 123 saylı xx.xx.2023 tarixli müqavilə üzrə xidmət haqqı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin İddiaçı MMC-nə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcun ödənilməsi üzrə xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi əsasında tam həcmdə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. "xxxx" MMC-nin bugünə olan borcu 618438,15 (altı yüz on səkkiz min dörd yüz otuz səkkiz manat 15 qəpik) manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında zaminlik müqaviləsindın irəli gələn öhdəliklərini icra etməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, göstərilmiş hüquqi yardıma görə 1250 (min iki yüz əlli) manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını ədalətli və ağlabatan hesab edir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 31 yanvar 2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)- 82/2023 saylı 25 yanvar 2023-cü il tarixli icra sənədi üzrə ödənilməmiş 618438,15 (altı yüz оn səkkiz min dörd yüz otuz səkkiz manat on beş qəpik) manat məbləğində pul, hüquqi xidmətə çəkilmiş xərcə görə 1250 (min iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 920 (doqquz yüz iyirmi) manat olmaqla, cəmi 620608,15 (altı yüz iyirmi min altı yüz səkkiz manat on beş qəpik) manat məbləğində pul İddiaçı MMC -nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 31 yanvar 2023-cü il tarixli zaminlik müqaviləsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-82/2023 saylı 25 yanvar 2023-cü il tarixli icra sənədi üzrə ödənilməmiş 618438,15 (altı yüz оn səkkiz min dörd yüz otuz səkkiz manat on beş qəpik) manat məbləğində pul, hüquqi xidmətə çəkilmiş xərcin görə 1250 (min iki yüz əlli) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 920 (doqquz yüz iyirmi) manat olmaqla, cəmi 620608,15 (altı yüz iyirmi min altı yüz səkkiz manat on beş qəpik) manat məbləğində pul İddiaçı MMC -nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2989/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2989/2023
29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver