Məhkəmə qərarları › İş №e-2(004)-299/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-299/2024

03.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-299/2024 03.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan mənzil üçün artıq alınan 14988,53 (on dörd min doqquz yüz səksən səkkiz manat əlli üç qəpik) manat məbləğində pulun və ödənilmiş 135 (bir yüz otuz) manat dövlət rüsumunun Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə 0840 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 3 otaqlı, tam yəni ümumi sahəsi 108,53 kvadratmetr olan 102116,00 (bir yüz iki min yüz on altı) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin 100%-i yəni 102116,00 (bir yüz iki min yüz on altı) manat ödənişi həyata keçirilməlidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 940,90 (doqquz yüz qırx manat, 90 qəpik) təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəlikləri tam yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil təhvil verməmiş, mənzilin isə ümumi sahəsinin 92,60 kv.metr təşkil edir. Halbuki, həmin müqavilənin 1.7-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 108,53 kvadratmetr olduğu göstərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin 1.7-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili təhvil vermişdir. Bundan əlavə müqavilənin 1.8-ci bəndində mənzilin yaşayış sahəsinin 63,03 kvadratmetr olduğu göstərildiyi halda AR ƏMDK-nin yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim olunmuş texniki pasportda mənzilin yaşayış sahəsinin 56.3 kvadrat metr olduğu müəyyən edilmişdir. Yəni, cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməmiş və nəticədə iddiaçının hüquqlarını pozmuş, bununla da ona əhəmiyyətli dərəcədə maddi ziyan vurmuşdur. Hesab edir ki, iddiaçıya təhvil verilmiş mənzil müqavilədə göstərilən paramertlərə uyğun olmadığından müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Qeyd olunur ki, iddiaçı qismən mülkiyyətindən məhrum edilmiş və tələb Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin təsiri altına düşür. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər» müddəalarına uyğun olaraq pozulmuş hüquqların bərpa olunması tələbi ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən hesab edir ki, ünvan 1 ünvanında yerləşən 3 otaqlı ümumi sahəsi 108,53 kvadratmetr olan mənzil üçün artıq ödənilən 15.93 kv.m sahənin dəyəri artıq alınmaqla ümumilikdə 14988,53 manat (15.93X940,90=14988,53) pulun və ödənilmiş 135 (bir yüz otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmalıdır. İddiaçının nümayəndəsi və eyni zamanda vəkili X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh MTK-ya məhkəmə iclasının vaxtı və yeri barədə hüquqi ünvanın olduğu ünvan üzrə bildiriş göndərilmiş, (həmçinin elektron kabinetə yerləşdirilmək və sms göndərilməklə) lakin cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C ünvanında yerləşən 2 saylı mənzil (yeni qaydalarla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60B, M16, m2) İddiaçı mülkiyyətindədir. Mənzilin sahəsi 92,60 kv.m. təşkil edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 0840 saylı podrat müqaviləsinə əsasən müəyyən edilir ki, müqavilə tərəfləri sifarişçi İddiaçı və podratçı Cavabdeh MTK-dır. Məhkəmə həmin müqaviləni podrat müqaviləsi kimi qiymətləndirir, podrat münasibətləri üzrə hüquq normalarını müqaviləyə tətbiq etməyi əsaslı hesab edir. Müqavilənin 2.1-ci bəndinə görə, iddiaçı mənzilin sahəsinin hər kvadrat metri üçün 940,90 manat (ƏDV daxil) olmaqla, dəyərini 102116,00 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin sahəsinin hesablanması üzrə xüsusi şərtlər müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60B ünvanı, O blokunun 16-cı mərtəbəsində yerləşən 2 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60B, M16, mənzil 2) faktiki ümumi sahəsi içdən içə (daxili arakəsmələr, yəni tikinti altı sahələr nəzərə alınmamaqla, müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 96,3 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60B ünvanı, O blokunun 16cı mərtəbəsində yerləşən 2 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 60B, M16, mənzil 2) daxili arakəsmələrin altına düşən sahənin 2,76 kv.m olduğunu nəzərə alaraq, həmin mənzilin faktiki ümumi sahəsi içdən içə (daxili arakəsmələr, yəni tikinti altı sahələr nəzərə alınmaqla) 99,06 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 0840 saylı, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən müqavilədə təhvil verilməsi nəzərdə tutulan (mənzilin tam sahəsi 108,53 kv.m., yaşayış sahəsi 63,03 kv.m.) sahə ilə mənzilin faktiki mövcud sahəsi arasında fərq olduğu, yaranmış fərqin 12,23 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq norması və tərəflər arasında bağlanmış yuxarıda qeyd olunan xx.xx.2018-ci il tarixli 0840 nömrəli Podrat müqaviləsinin şərtləri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 776.1-ci maddəsinə əsasən, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən, podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Beləliklə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə 0840 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh MTK (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 3 ünvanında yerləşən 3 otaqlı, tam yəni ümumi sahəsi 108,53 kvadratmetr olan 102.116,00 (yüz iki min yüz on altı) manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməli, iddiaçı isə qarşılığında həmin mənzilin dəyərinin ödənişi həyata keçirməlilidir. Müqavilə üzrə mənzilin hər kvadrat metrinin qiyməti ƏDV daxil olmaqla 940,90 (doqquz yüz qırx manat 90 qəpik) manat təşkil edir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam olaraq iddiaçı tərəfindən ödənilmiş və müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin mənzilə iddiaçı çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş etməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona təhvil verilməmiş, mənzilin isə ümumi sahəsinin 92,60 kv.metr təşkil edir. Həmin müqavilənin 1.7-ci bəndinə əsasən göstərilən mənzilin tam sahəsinin 108,53 kvadratmetr olduğu göstərilmişdir. Göründüyü kimi, iddiaçı müqavilənin tələblərini tam olaraq icra etsədə cavabdeh müqavilənin şərtlərini pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzili ona təhvil vermişdir. Məhkəmə qeyd edir ki, müqavilə öhdəlikləri üzrə fərqin 12.23 kv.m. olması və hər kvadrat metri üçün 940,90 manat təşkil etməsi nəzərə alınmaqla cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə 11507,20 manat əsassız pul vəsaiti ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyini əsaslı hesab edir. Bu səbəbdən, iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki iş üzrə ətraflı araşdırma aparılmasının təmin edilməsi, sübutların tam toplanması və tədqiq edilməsi məqsədilə 2 (iki) məhkəmə hazırlıq iclası və 1 (bir) məhkəmə baxış iclasının keçirilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia tələbinin təkzib edilməsi istiqamətində sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, hazırki mülki iş üzrə sübutetmə yükü cavabdehin üzərindədir. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əsas götürür. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun 31,36 (otuz bir manat 36 qəpik) manatı iddiaçıya aid edilməli, qalan 103,64 (yüz üç manat 64 qəpik) manatı isə Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MTK-dan 11507,20 (on bir min beş yüz yeddi manat 20 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MTK-dan 11507,20 (on bir min beş yüz yeddi manat 20 qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində dövlət rüsumunun 31,36 (otuz bir manat 36 qəpik) manatı iddiaçıya aid edilsin, qalan 103,64 (yüz üç manat 64 qəpik) manatı isə Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulsun. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Cavabdeh MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (VÖİN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar