Məhkəmə qərarları › İş №e-2(004)-2996/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2996/2025

04.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2996/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Sosial Xidmətlər Agentliyi“ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Əhmədli Qəndab Ruslan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “Sosial Xidmətlər Agentliyi“ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı qızı cavabdeh “Sosial Xidmətlər Agentliyi“ X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində verilmiş əmək müqaviləsinin xitam verilməsi barədə 3-17-3/3-4-125/2025 saylı, 27 yanvar 2025 –ci il tarixli əmrin ləğv edilməsin, müvəqqəti əmək müqaviləsinin Əmək məcəlləsinin 45 ci maddəsinin 4 cü və 5 ci bəndlərinə zidd olduğu üçün qanunsuz hesab edilməsi və onunla müddətsiz əmək müqaviləsi bağlanaraq işə bərpa olunmağına, Əmək müqaviləsinə xitam verildiyi 27 yanvar 2025-ci il tarixdən itirdiyi əmək haqqlarının ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2006–cı il tarixdən müvafiq nazirliyin müxtəlif qurumlarında işləmişdir. 13 il 7 ay həmin qurumlarda dövlət qulluqçusu olaraq nazirliyin Qax rayon idarəsində çalışmışdır. 2021-ci il tarixdə nazirliyin struktur dəyişikliyi baş Verdi və o, nazirliyin yanında SXA-da fəaliyyət göstərməyə başladı. Lakin rəhbərlik bildirdi ki, müqavilələr 3 ayda bir yenilənəcək və beləliklə o, müddətli müqaviləni imzalamalı oldu. Beləliklə, onunla xx.xx.2021-ci il tarixdən başlayaraq mütəmadi olaraq son müqaviləyə xitam verilənədək müvvəqqəti müqavilələr bağlanılmışdır. Hər dəfə də o eyni vəzifəni icra etmişdir. Onun işi 18 yaşadək əlilliyi olan uşaqların qiymətləndirilməsi, repartiriant ailələri ilə iş, pobasiya və penitensiar olunmuş şəxslərlə, şəhid ailələri ilə işlərin aparılması və ümumi olaraq bu işlər üzrə hesabatların hazırlanmasından ibarət olmuşdur. Lakin xx.xx.2025-ci il tarixdə ona heç bir bir məlumamat verilmədən müqaviləsinə xitam verilmişdir. Onu da bildirir ki, 19 il nazirliyin qurumlarında işlədiyi dövrdə işində heç vaxt bir nöqsanı olmayıb, həmişə işinə məsuliyyətli yanaşmışdır. O, cavabdehə xx.xx.2025-c il tarixdə mediasiya təklifi göndərdi. Lakin onlar mediasiya təşkilatında da razılığa gələ bilmədilər, buna görə də o, məhkəməyə müraciət etməli oldu.

3. Cavabdehin iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd olunanlara dair bildirirlər ki, İddiaçı xx.xx.2006-cı il tarixdə əmək fəaliyyətinə başlamış və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda fəaliyyət göstərdiyi dövlət qulluğu vəzifəsinə “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.1-ci maddəsinə əsasən (dövlət qulluqçusunun öz arzusu ilə) xitam verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publikhüquqi şəxsi ilə müddətli əmək müqaviləsi bağlayaraq Qax rayon filialında işə başlamışdır. Daha sonra xx.xx.2021-ci il tarixində öz ərizəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanın 1-ci hissəsinə əsasən Dövlət Məşğulluq və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentlikləri ilə yanaşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun əsasında Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs və Nazirliyin tabeliyində yeni bir publik hüquqi şəxs olan Sosial Xidmətlər Agentliyi yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanın 5.1-ci bəndinə əsasən həmin Fərmanın 1-ci hissəsində nəzərdə tutulan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisidir, onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə keçmişdir. Həmin Fərmanın 5.2-ci bəndində qeyd edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəliklərinin, habelə tabeliyindəki sosial xidmət müəssisələrinin bütün əmlakı ilə birlikdə həmin Fərmanın 4-cü bəndində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçməsi ifadəsində Sosial Xidmətlər Agentliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi olması qeyd edilməmişdir. Həmin bənddə yalnız Agentliyin sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) sosial xidmət göstərməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlər görməsi nəzərdə tutulur. Göründüyü kimi sözügedən Fərmanın 5.1-ci bəndində digər qurumlara münasibətdə hüquqi varislik ilə əlaqədar məsələlərə toxunulduğu halda, Sosial Xidmətlər Agentliyinə münasibətdə qeyd edilən hal vurğulanmamışdır. Beləliklə, Sosial Xidmətlər Agentliyi Dövlət Sosial Müdafiə Fondunun hüquqi varisi deyildir. Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Agentlik sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə himayədar ailə və övladlığa götürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. İddiaçının müraciəti əsasında iddiaçı ilə Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən qarşılıqlı razılıq əsasında əmək müqaviləsi 3 ay müddətinə bağlanılaraq İddiaçı Sosial Xidmətlər Agentliyinin 19 saylı filialına (mövcud Şəki-Zaqatala regional filialı) mütəxəssis vəzifəsinə təyin edilmişdir. Həmin əmək müqaviləsinə bir neçə il ərzində əlavə və dəyişikliklər edilməklə əmək müqaviləsinin müddəti uzadılmış və ümumilikdə əmək müqaviləsinin ümumi müddəti 3 il 6 ay olmuşdur. iddiaçıya əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi ilə bağlı xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 73.1-ci maddəsində göstərilən qaydada yazılı xəbərdarlıq edildikdən sonra xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş və işçiyə son haqq hesab ödənilmişdir. Tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin şərtləri, müddətli xarakter daşıması iddiaçıya işlədiyi dövr ərzində aydın olmuş və müqavilə onun tərəfindən imzalanmışdır. İşçi ilə bağlanmış əmək müqaviləsinin ləğvi zamanı işəgötürən tərəfindən qanuni əsası olmayan hərəkət mövcud olmamış, işçi ilə əmək münasibətlərinə qanunun yol verdiyi əsaslarla və qaydada xitam verilmişdir. Göründüyü kimi, tərəflər (iddiaçı ilə cavabdeh) arasında daha əvvəl müddətsiz əmək münasibətləri mövcud olmadığından iddiaçı ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən müddətli əmək müqaviləsinin bağlanmasında hər hansı qanun pozuntusuna yol verilməmiş, bu səbəbdən də əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq xitam verilməsi qanuni hesab edilməlidir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Cavabdeh ilə X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci tarixdən 3 ay müddətinə Sosial Xidmətlər Agentliyinin 19 saylı filialına mütəxəssis vəzifəsinə təyin edilmişdir.

9. İddiaçı məxsus olan ******* saylı əmək kitabçasının surətinə əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə həmin tarixli əmrə əsasən Cavabdeh19 saylı filialına mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə həmin tarixli əmrə əsasən Şəki-Zaqatala regional filialına mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2025-ci il tarixdə həmin tarixli əmrə əsasən AR ƏM-in 68-ci maddəsinin “b” bəndinə əsasən müqavilənin müddətinin bitməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir.

10. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-3/3-4- 125/2025 nömrəli əmrə əsasən müəyyən edilir ki, “Şəki-Zaqatala regional filialı” bölməsində “mütəxəssis” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 68.2 “b” - əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixdən xitam verilmişdir.

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya verilmiş təşəkkürnamədən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaranmasının 105 illiyi münasibəti ilə və Nazirliyin fəaliyyət istiqamətləri üzrə səmərəli fəaliyyətinə, əhalinin sosial müdafiəsi, əmək, məşğulluq, pensiya, reabilitasiya sahələrində dövlət siyasətini həyata keçirilməsinə aktiv iştirakına görə təltif edilmişdir.

12. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

13. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

14. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

15. Həmin Məcəllənin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

16. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

17. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

18. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

19. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Sosial Xidmətlər Agentliyinin 19 saylı filialına mütəxəssis vəzifəsinə qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə 3-17-3/3-4-125/2025 nömrəli əmrə əsasən müəyyən edilir ki, “Şəki-Zaqatala regional filialı” bölməsində “mütəxəssis” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “AR ƏM-in 68.2 “b” - əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2025 tarixdən xitam verilmişdir.

20. Əvvəla, işdən görünür ki, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub.

21. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Yaddan çıxarmaq olmaz ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır.

22. İşin hallarından görünür ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmuş, bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı hallar müəyyən edilməmişdir. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o, halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub. Başqa sözlə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Lakin, bütün bunlara baxmayaraq işəgötürən, uzun illər həmin vəzifədə işləmiş iddiaçı ilə 1 aylıq sınaq müddəti olmaqla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlamış, sonradan bir neçə dəfə onula bağlamış əmək müqaviləsinin müddətini artırmış, sonuncu dəfə isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

23. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17- 3/3-4-125/2025 nömrəli əmri ləğv edilməli, İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməli, xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Xidmətlər Agentliyi“ X5 tərəfindən İddiaçı ödənilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-3/3-4-125/2025 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı hesablanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Sosial Xidmətlər Agentliyi“ X5 tərəfindən İddiaçı ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar