Məhkəmə qərarları › İş №e-2(004)-3005/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3005/2025

31.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3005/2025 31.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1, 2 saylı evin 161 saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yeni Yasamal-1, 2 saylı evin 161 saylı mənzili Bakı şəhəri Nəsimi rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 137/8 saylı qərarı ilə atası X14 verilmişdir. Həmin qərar əsasında verilmiş xx.xx.1990-cı il tarixli, 015457 nömrəli orderdə ailə üzvləri kimi X21 d/t 1931-özü, X16 d/t 1940-arvadı, X27 d/t 1958-oğlu, X22 d/t 1975-oğlu, X32 d/t 1965-oğlu, X4 d/t 1966-gəlini, X34 d/t 1987nəvəsi qeyd olunmuşlar.Orderdə qeyd olunanlardan X23 xx.xx.1990-cı il tarixdə, X20 xx.xx.2011-ci il tarixdə, X27 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər, X32 ilə X2 nikahı xx.xx.2002-ci il tarixdə, Xüsusi Təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi xx.xx.2015-ci il tarixdə onunla bağlanmışdır. Mənzilin bütün kommunal xərclərini o, ödəyib. Hal-hazırda həmin yaşayış sahəsində ondan başqa X22 d/t xx.xx.1975, X32 d/t xx.xx.1965, X4 d/t xx.xx.1966, X34 d/t xx.xx.1987, X18 d/t xx.xx.2016, X24 d/t xx.xx.1991, X8 d/t xx.xx.2019 və X28 d/t xx.xx.2022 qeydiyyatdadırlar. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli , 2(004)-1289/2024 saylı qətnaməsilə cavabdehlər X2, X25 və X9 ünvan 1 ünvanında yerləşən 161 saylı mənzildən istifadə hüquqları itirilmiş hesab olunmuşdur. Cavabdeh X2 apellyasiya şikayəti də təmin olunmamışdır. Həmin mənzildə faktiki o, RF vətəndaşı olan arvadı X13, X32 və X3 arvadı X2 rəfiqəsi Cavabdeh yaşayırlar, belə ki, X4 uzun illərdir ki, mübahisəli mənzildən köçüb getməsinə baxmayaraq rəfiqəsi Cavabdeh xüsusi tapşırıq verərək mənzilinə yerləşdirmişdir ki, o mənzildə dözülməz atmosfer yaratsın və onun ürək xəstəliyindən əziyyət çəkdiyi üçün tez bir zamanda ölsün, X32 ilə X4 qeydiyyatda olduqlarına görə mənzilə tam sahiblənsinlər. Məhz bu məqsədlə onlar hər bir vəclə mübahisəli mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə mane olurlar. Onu Cavabdeh ölümə çatdırdığı təqdirdə X32 və Orucova X1 mənzilin satışından ona 20 000 manat xidmət haqqı olaraq pul verəcəklərinə vəd vermişlər. Cavabdeh öz üzərinə götürdüyü missiyanı çox məharətlə icra etdiyindən mənzildə yaşamaq mümkün deyil. Belə ki, cavabdehin mənzilə istifadə və yaşamaq hüququnun olmamasına baxmayaraq, mənzil sahiblərinin gününü qara edib, daima süni mübahisələr yaradır, onları təhdid edir, hədə biçir. Cavabdeh öz hərəkətləri ilə mənzildən hətta kommunal xidmətlərdən istifadə hüquqlarının məhdudlaşdırmışdır. Cavabdehin bu kimi hərəkətlərindən dəfələrlə hüquq-mühafizə orqanlarına şikayətləri olub, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(0-04)-474/15 saylı hökmünə əsasən Cavabdeh AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15% məbləğdə pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Buna baxmayaraq, cavabdeh islah olunmayıb yenə də xuliqan hərəkətlərini davam etdirməkdədir. Göründüyü kimi cavabdehin Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal -1, 2 saylı evin 161 saylı mənzilinə dair heç bir hüququ mövcud deyil, qeyri-qanuni olaraq yaşamaqda davam etdiyindən, cavabdeh məcburi qaydada şəxsi əşyaları ilə birlikdə mənzildən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli “Xüsusi təyinatlı yaşayış sahəsinin” kirayə müqaviləsinə əsasən kirayəyə verən Yasamal rayonun 19 saylı MİKS-in rəisi X10 ilə kirayəçi İddiaçı arasında bu müqavilə bağlanmışdır. Bu müqaviləyə görə Yasamal rayonu, Yeni Yasamal-1, 2 nömrəli evdə, 161 nömrəli mənzildə yerləşən 5 otaqlı mənzil, ümumi sahəsi 97 kv.metrdən ibarət yaşayış sahəsidir. Kirayəçinin ailə üzvləri X32, X22, X4, X34, X11 ibarətdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ 138704 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X32 və X4 arasında bağlanmış nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixində 82 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Orucov, qadına Orucova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(004)-474/15 nömrəli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 9 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmə əsasən məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Cavabdeh ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, təxminən üç ildir ki, Azad Orucov ilə qeyri-rəsmi ailə həyatı qurub onunla birlikdə yaşayır. Həmin evdə Azadın qardaşı Arif öz həyat yoldaşı Nailə Orucova birgə yaşayır. Mənzil beş otaqdan ibarətdir. Tez-tez aralarında ailə-məişət zəminində söz-söhbət yaranırmış. Buna da, səbəb məişət əşyaları, mətbəh və hamam otağından birgə istifadə zamanı yaranan anlaşılmazlıqlar olmuşdur. Onun orada yaşamağına Nailənin razı ola bilmədiyini və tez-tez ona söz atıb bezdirdiyini qeyd etmişdir. Sonuncu dəfə xx.xx.2015-ci il tarixdə səhər saat 09:00 radələrində yuxudan durub hamam otağına girmək istəyərkən, Nailə əlini belinə qoyub dəhlizdə yolu kəsmiş və ona yol verməmişdir. Bu hərəkətinə görə hirslənib o da Nailəni itələyib hamam otağına keçmişdir. Bu zaman Nailə qışqırmağa başlamışdır. Nailəni zərbə ilə vurmadığını, yalnız bərkdən itələdiyini bildirmişdir. Dırnaqları uzun olduğundan Nailənin üzünə ilişmiş və cızmışdır. Bildirmiş ki, əməlindən peşmandır və gələcəkdə belə hallara bir daha yol verməyəcəkdir. Həmçinin məhkəmə istintaqı dövründə dəfələrlə zərərçəkmiş şəxslə barışmaq istəmişdir, lakin Nailə Orucova onun barışıq təklifini heç vaxt qəbul etməmişdir. Həmin hökmə əsasən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 1996-cı ildən ünvan 2 ünvanında İddiaçı ilə yaşayır və 1984-cü ildən onunla evlidir. Üç ildir ki, həmin mənzildə Arifin qardaşı Azad Orucov qeyri-rəsmi qaydada Cavabdeh birlikdə ər-arvad münasibətində yaşayırlar. Bildirmişdir ki, Nigarla onun arasında tez-tez ailə-məişət zəminində söz-söhbət və mübahisələr yaranır. Göstərmiş ki, onların hər ikisi yəni, Azad və Nigar hər gün evdə spirtli içki içib nəlayiq sözlər danışırlar. Dəfələrlə aralarında yaranmış münaqişələr barədə polis bölməsinə müraciət olunmuşdur. Lakin buna baxmayaraq bu şəxslər yenədə öz əyyaşlığını və kobud hərəkətlərini davam etdirmişlər. Sonuncu dəfə xx.xx.2015-ci il tarixdə səhər saat 09:00 radələrində hamam otağından istifadə edən zaman, Cavabdeh onun yanına gəlib əxlaqsız sözlərlə onu təhqir etmişdir. Onun söyüşlərindən hirslənərək ona qışqırmış ki, hərəkətlərinə soy qoysun. Elə bu zaman bunu bəhanə edən Nigar üstünə hücum çəkib onun bədəninin müxtəlif nahiyyələrə zərbələr vurmağa başlamışdır. Onun əlindən bir təhər çıxıb öz otağına keçdiyini bildirmişdir. Bədənin müxtəlif yerlərindən xəsarətlər almışdır. Sual-cavab zamanı Cavabdeh qarşı şikayətçi olmasını və onunla barışmağın imkansız olduğunu bildirmişdir. İş materiallarında olan Bakı şəhəri 19 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystrı publik hüquqi şəxsin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 868 nömrəli müracətinə əsasən xx.xx.1990-cı il tarixdə vəfat etmiş 1931-ci il təvəllüdlü X6 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Bakı şəhəri 19 saylı Notariat Ofisinə oğlu İddiaçı tərəfindən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən olunmuşdur. Müvafiq sənədləşmə işlərinin aparılması üçün ünvan 4 ünvanında yerləşən mənzilə dair mərhum X12 adına çıxarış və texniki pasport verilməsini xahiş etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın DÖvlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-0-0019/2023 nömrəli müraciətə cavab məktubuna əsasən vərəsələrdən birinin (vərəsəlik dairəsinin müəyyən olunması barədə müvafiq notariat ofisinin məktubu) Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 2 saylı evin, 161 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərə həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə hüququ saxlanılan şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə notarial qaydade təsdiqlənmiş razılıq ərizələri və mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma əlavə olunmaqla “ASAN Xidmət” Mərkəzlərinə müraciət etməsi məqsədəuyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununuı 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyi minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayı sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və уa mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixdə verilmiş, ******* nömrəli arayışa əsasən İddiaçı Bakı şəhəri, Yeni Yasamal-1, ev.2, m.161 ünvanında xx.xx.2014-cü il tarixdən etibarən qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər: X32, xx.xx.1965; X4, xx.xx.1966; X36, xx.xx.2016; X34, xx.xx.1987; X8, xx.xx.2019; X24, xx.xx.1991; X22, xx.xx.1975. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən vətəndaş X5 29-cu PŞ-nə etdiyi müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərara əsasən vətəndaş N.Orucova 1996-cı ildən həyat yoldaşı İddiaçı ilə ünvan 7 ünvanında birgə yaşayırlar. X7 içki düşgünü olduğundan 2004-cü ildən rəsmi nikahı pozulandan sonra keçmiş arvadı X46Əbülfəz qızı bu mənzildən uşaqları ilə birlikdə köçmüşdür, lakin qeydiyyatdan çıxmamışlar. Daha sonra 2012-cı ildə İradə Orucova yaşadıqları mənzili ələ keçirmək niyyəti ilə öz rəfiqəsi Cavabdeh mənzilə gətirərək guya keçmiş əri Azad Orucovun qeyri-rəsmi arvadı kimi qələmə vermişdir. Halbuki məqsəd mənzildəki otaqları sahiblənmək olmuşdur, (guya arvadı olan) Cavabdehm (ərinin) Azad Orucovun istifadəsində olan otağa yox, o biri boş otağa yerləşdirmişdir, həmin gündəndə bu "ər-arvad” ayrı otaqlarda yaşamaqlarını davam edirlər. X41 Məmmədyarovuya vəd vermişdir ki, əyər o bu mənzildə dözülməz atmosfer yaradaraq onları mənzildən didərgin (və ya əri Arifi ölüm həddinə çatdıra bilsə, beləki Arif ürəkdən əməliyyat keçirib xəstədir və onların ailəsindən təkcə o bu özəlləşməmiş mənzildə qeydiyyatdadır) salsa və mənzilə tam sahiblənsələr ona xeyli miqdarda pul verəcəkdir Cavabdeh və Azad Orucovun bu xuliqan əməllərindən bezərək dəfələrlə polisə müraciət etdiklərini. Lakin bundan nəticə çıxarmayan Cavabdeh və Azad Orucov bu cinayətkar cütlük hal-hazıra kimi onları təhdid edirlər Məsələ o həddə çatmışdır ki, Azad Orucov onların hər ikisini baltalayacağı ilə dəflərlə hədələmişdir, bundan başqa Cavabdeh məni döymüşdür. N.Orucova cuzi xəsarət aldığı üçün MTE-dan keçməkdən imtina etmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-6725/2021 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X26, X15, Orucova iradə Əbülfəz qızına, X29 və Aysel Qasımovaya, üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı “yaşayış otaqlarından istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1289/2024 nömrəli qətnaməsinə əsasən iddia tələbinin qismən təmin edilərək, cavabdehlər X2, X25 və X9 ünvan 8 ünvanında yerləşən 161 saylı mənzildən istifadə hüquqlarının itirilmiş hesab olunması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-653/2025 nömrəli qətnaməsinə əsasən, cavabdeh X2 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Bundan başqa iş materiallarına video və səs yazılarını əks etdirən flash kart əlavə edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 5.2-ci maddəsinə əsasən mənzilə orada yaşayanların razılığı olmadan daxil olmağa qanunla nəzərdə tutulmuş hallarda və qaydada qəza vəziyyəti, təbii fəlakət, kütləvi iğtişaş zamanı və ya fövqəladə xarakterli digər şəraitdə yalnız vətəndaşların həyatı və (və ya) onların əmlakının xilas edilməsi, onların şəxsi təhlükəsizliyi və ya ictimai təhlükəsizliyin təmin edilməsi, habelə cinayət törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması, törədilməsində şübhə olmayan cinayət faktlarının qarşısının alınması və ya törədilmiş cinayətin, yaxud baş vermiş bədbəxt hadisənin şəraitinin müəyyənləşdirilməsi məqsədilə yol verilir. 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericirlikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyə əsasən MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması..... MM-in 228.5-ci maddəsində təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Həmin müddəanın mənasına görə mülkiyyətçi ilə birgə yaşayan əri, arvadı, valideynləri və uşaqlarının onunla bərabər yaşayış sahəsindən istifadə hüququ onların mülkiyyətçinin, icazəsi ilə yaşayış binasının tərkib hissəsinə köçərək orada daimi yaşamaqdan asılıdır. Bu mənada, nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əsasən müəyyən olunur ki, Cavabdeh xx.xx.2015-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən İddiaçı verilmiş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 2 saylı evin 161 saylı mənzildə 2000-ci il sentyabrın 1-dən sonra yaşamağa başlamışdır. Qanunvericiliyinin tələbinə görə 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun həll edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Qanunun mənasından göründüyü kimi 2000-ci il sentyabrın 1-dən sonra yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Bundan başqa, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. «Mülkiyyətçinin razılığı» dedikdə, 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşma nəzərdə tutulur. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ 2000-ci il sentyabrın 1-dən yaranır. Məhkəmə qeyd edir ki, Cavabdeh İddiaçı MM-in 228.5-ci maddəsi ilə müəyyən olunan mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) dairəsinə aid olmadığından, həmin mənzilə istifadə hüququnun yaranması üçün iddiaçı ilə aralarında notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalı idi və həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olmalı idi. İş materiallarına əsasən isə belə hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 2 saylı evin 161 saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 2 saylı evin 161 saylı mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minirİddia təmin edilsin. Hakim : Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar