Məhkəmə qərarları › İş №e-2(004)-3012/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3012/2022

30.08.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3012/2022 30.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC Nəqliyyat və Texniki İdarəsinin 261-K N-li, xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrin ləğv edilərək iddiaçının işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2012-ci ildə Cavabdeh ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 №-li nəqliyyat sahəsinə 5-ci dərəcəli ekskvator maşinsti işinə qəbul edilmiş və onunla müddətsiz əmək müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək vəzifəsini kobud şəkildə pozduğuna görə) xitam verilmişdir (Əmr № 26/k, xx.xx.2022-ci il). İddiaçı cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 26/k saylı əmrlə razılaşmır. Belə ki, o əmək müqaviləsi ilə üzərinə düşən əmək funksiyalarını tam icra etmişdir. İş zamanı əmək vəzifələrini pozmamışdır. İşdən azad edilərkən həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq araşdırma aparılsa da, araşdırma birtərəfli aparılmış, iddiaçının işdən çıxarılmağına aydınlıq gətirilməmişdir. İş yeri üzrə rəhbərlik onunla qərəzli rəftar etmiş, onun işdən kənarlaşmağı üçün bəhanələr axtarmışdır. Bir neçə il bundan əvvəl Quba rayonunda ezamiyyətdə olarkən idarənin baş mühəndisi ilə aralarında baş vermiş insident zamanı o, iddiaçının ünvanına nalayiq söyüşlər işlətmişdir. İddiaçı buna etiraz etdiyinə görə müdiriyyət tərəfindən ona töhmət elan edilmişdir. O vaxtdan rəhbərlik tərəfindən ona qərəzli münasibət yaranmışdır. Abşeron rayonu ərazisində işləyərkən də ondan qeyri-rəsmi olaraq əlavə pul istəmişlər. O, məcburi köçkün olduğunu, aldığı əmək haqqı ilə güclə dolandığını onlara bildirmişdir. Bundan əlavə iş zamanı ərazi üzrə Binəqədi rayonunun Su Kanal İdarəsində xidmətdə olarkən Yol Polis Xidməti əməkdaşları onun idarə etdiyi traktoru saxlayaraq cərimə meydançasına aparmışlar. Cərimə meydançasına aparılmağına səbəb yol polisi əməkdaşının dediyinə görə, ağır tonnajlı traktorla ümumi istifadədə olan asfalt yola çıxması səbəb olmuşdur. Yol polis əməkdaşı idarə etdiyi traktoru cərimə meydançasında 30 dəqiqə saxladıqdan sonra sənədlərinə baxış keçirərək ona qaytarmış və o, bundan sonra xidmətinə davam etmişdir. Buna baxmayaraq iş yeri üzrə rəhbərlik onu işə buraxmamış və səbəb kimi guya onun sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinə qanunsuz əsaslanaraq onu işdən azad etmişdir. Həmçinin bunun nəticəsi olaraq Cavabdeh ASC Nəqliyyat və Texniki İdarəsinin 261-K №-li, xx.xx.2022-ci il tarixli “əmək müqaviləsinin ləğv edilməsi” haqqında” əmrinə əsasən, onunla 2 №-li Nəqliyyat Sexinin HMK-102B markalı, 10-N-420 dövlət qeydiyyat nişanlı ekskavatorunun 5-ci dərəcəli maşinisti arasında bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək vəzifələrini kobud şəkildə pozduğuma görə (alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi) xx.xx.2022-ci il tarixdən ləğv edilməsi, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 41 təqvim günü pul əvəzi kimi ödənilməsi əmri verilmişdir. Bu əmri əsassız və qanunsuz hesab edir. Çünki o, sərxoş olmamışdır, işə gec gəlməyinə səbəb yuxarıda qeyd etdiyi səbəbdən olmuşdur. Həmçinin onun sərxoş olmağı müdriyyət tərəfindən sübuta yetirilməmiş, həmçinin həmin əmri verməyə səbəb olan heç bir həkim rəyi də müvcud deyil. Əgər o, həmin tarixdə içkili olmuş olsa idi, X2 əməkdaşları tərəfindən ərtaflı araşdırılar və ya bununla bağlı müvafiq protokol yazılardı. Buradan da aydın görünür ki, rəhbərlik bütün bu qanunsuzluqları qərəzli şəkildə etmişdir. Ona görə də hesab edir ki, işdən çıxarılmağı əsassız və qanunsuzdur. Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru Gülnar Həsənovanın xx.xx.2022-ci il tarixdə təşkil etdiyi lkin mediasiya sessiyasında iştirak etmişdir. Cavabdeh həmin ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılsa da, mediasiya sesiyasına gəlməmişdir. Bunun nəticəsi olaraq Bakı 5 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən MŞB/5-01156 № li, xx.xx.2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış“ verilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə cavabdeh qərəzli olaraq onu işdən azad etmiş və bu zaman heç bir araşdırma aparmamışdır. Cavabdeh tərəfindən imzalanmış 14 mart 2022-ci il tarixli, 26/k saylı əmrin ləğv edilməsi, iddiaçının həmin tarixdən işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddia tələbini tam müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı ərizəsində qeyd etdiyi əmək müqaviləsi ilə üzərinə düşən əmək funksiyaları tam icra etməsi, iş vaxtı əmək vəzifələrinin pozmaması, işdən azad edilərkən həmkarlar ittifaqının üzvü olmasına baxmayaraq araşdırılma aparılmaması və işdən çıxarılmağına aydınlıq gətirilməməsi, iş üzrə rəhbərliyin onunla qərəzli rəftar etməsi, işdən kənarlaşdırılması üçün bəhanələr axtarılması üzrə iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçı işdə mütəmadi olaraq əmək müqaviləsi ilə üzərinə düşən əmək funksiyalarını tam icra etmədiyinə və iş vaxtı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə idarə rəhbərliyi tərəfindən ona xx.xx.2021-ci il tarixində 439 N-li əmrlə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən “töhmət”, xx.xx.2021-ci il tarixində 486 N-li əmrlə isə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. Bundan əlavə xx.xx.2021-ci il tarixində idarəyə 595 manat məbləğində maddi ziyan vurmuş və bu hal xx.xx.2021-ci tarixli, 546 N-li əmrlə rəsmiləşdirilmişdir. İşçi İddiaçı təhkim olunduğu idarə və müəssisələrdə əmək funksiyalarını tam icra etməməsi və iş vaxtı əmək vəzifələrini kobud şəkildə pozması ilə bağlı Cavabdeh ASC-nin "xxxx" Müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixli, ƏS-01/1-617 N-li “Abşeron Sukanal” İdarəsi tərəfindən xx.xx.2021ci il tarixli, 01/5-M-1042 N-li və xx.xx.2021-ci il tarixli, 01/5-M-1046 N-li məktublarla “Nəqliyyat və Xüsusi Texnika” idarəsinin rəhbərliyinə müraciət etmişlər. Sonuncu dəfə Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01-02/1- 131 N-li məktubda iddiaçının alkoqollu içki qəbul etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılaraq ekskavatorun cərimə meydançasına aparılması qeyd edilmiş və xx.xx.2022-ci il tarixində 2 N-li Nəqliyyat sexinin rəisi E.Süleymanov tərəfindən təqdimat yazılaraq müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Bununla əlaqədar olaraq araşdırma aparılmış, araşdırmanın nəticəsi olaraq “Nəqliyyat və Xüsusi Texnika” idarəsinin rəhbəri Həmkarlar İttifaqı Komitəsinə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə baxılması barədə təqdimatla müraciət etmişdir. Həsənov X1 İttifaqı Komitəsinin iclasına dəvət olunmuş, təqdimat tam araşdırılmış və bundan sonra onunla bağlanmış əmək müqaviləsinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi barədə xx.xx.2022-ci il tarixli, 05 N-li qərar qəbul edilərək işə götürənə məlumat verilmiş, 261-K Nli, xx.xx.2022-ci il tarixli əmrə əsasən iddiaçının əmək müqaviləsi ləğv edilmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürdüyünü bildirmişdir. İddiaçı məhkəməyə yalnız xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Odur ki, iddia ərizəsinə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşdə olan Cavabdeh ASC-nin Binəqədi Rayon Sukanal İdarəsinin xx.xx.2022-ci il tarixli 01-02/1-131 nömrəli məktubuna əsasən: Binəqədi Rayon SKİ-nə təhkim olunmuş Fuad Hüseynov xx.xx.2022-ci il tarixdə qazıntı işlərinin aparılması üçün Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 93 ünvanına gedərkən DYP əməkdaşları tərəfindən saxlanılmış, içkili olduğu müəyyən edilərək idarə etdiyi HMK 102 B markalı, dövlət qeydiyyat nişanı 10 N 420 olan nəqliyyat vasitəsi cərimə meydançasına aparılmışdır. Fuad Hüseynov işə gələrkən dəfələrlə ondan içki iyinin gəldiyi bilinmiş və belə halların bir də təkrarlanmaması barədə ona şifahi xəbərdarlıq edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq Fuad Hüseynov barədə ciddi tədbir görülməsi və onun bir daha Binəqədi Rayon SKİ-nə təhkim olunmaması bildirilmişdir. Cavabdeh ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2022-ci il tarixli 261- K saylı əmrinə əsasən - İddiaçı – 2 N-li Nəqliyyat Sexinin HMK-102B markalı 10-N-420 dövlət qeydiyyat nişanlı ekskavatorun 5-ci dərəcəli maşinisti ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozduğuna görə (alkoqollu içki qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi) xx.xx.2022-ci il tarixdən ləğv edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 41 təqvim günü pul əvəzi ödənilməsi əmr edilmişdir. Əsas: Həmkarlar Komitəsinin xx.xx.2022-ci il tarixli MQ-03 nömrəli protokolu və Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixli 01/1/01-1/1/3483 saylı məktubu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 328 saylı qərarına əsasən “Nəqliyyat və Xüsusi Texnika İdarəsi” hüquqi şəxs olmamaqla Cavabdeh ASC-nin strukturuna daxildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində göstərilmiş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Məcəllənin 72-ci maddəsində açıqlanmışlar. Həmin maddənin «b» bəndinə əsasən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması - işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Bundan əlavə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün – işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir: «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.» Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Mülki Məcəllənin 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə iddia müddətinin axımı dayandırılır. Həmin Məcəllənin 379.4-1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın (“Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı, “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı), 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, eyni zamanda iddia ərizəsindən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış”ı xx.xx.2022-ci il tarixdə almışdır. Məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ xx.xx.2022-ci il tarixədək olmuşdur. Lakin iddia ərizəsi elektron qaydada xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar