Məhkəmə qərarları › İş №e-2(004)-3040/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3040/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3040/2023 19.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommunal xidmət haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kommunal xidmət haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kommunal xidmət haqqı qismində xx.xx.2023-cü il tarixinə 6832,48 (altı min səkkiz yüz otuz iki manat 48 qəpik) manat məbləğində yaranmış borcun, 683,24 (altı yüz səksən üç manat 24 qəpik) manat məbləğində dəbbə pulu, dövlət rüsumu üçün ödənilmiş 95,16 (doxsan beş manat 16 qəpik) manat, ümumilikdə 7610,88 (yeddi min altı yüz on manat 88 qəpik) manat pul vəsaitinin, Cavabdeh tutularaq, birdəfəlik və tam şəkildə "xxxx" MMM-in hesabına ödənilməsinə dair qətnamə çıxardılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" MMC-nin direktoru X1 AZEMİS vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin məhkəmədənkənar həll edilməsi prosesi başladığından iddia ərizəsinin əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, dövlət rüsumunun qaytarılması məsələləri həll edilməli, dövlət rüsumu kimi ödənilmiş 36 manat məbləğində pul iddiaçı "xxxx" MMC-nə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı kommunal xidmət haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" MMC tərəfindən 24 may 2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 95,16 (doxsan beş manat on altı qəpik) manat məbləğində pul Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC-nə qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar