Məhkəmə qərarları › İş №e-2(004)-3065/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3065/2025

25.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3065/2025 25.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: zərər) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 220 manat, mənəvi zərərə görə 9450 manat, hüquqi yardıma çəkilən xərcə görə 330 manat, cəmi 10000 manat və dövlət rüsumunun əvəzi olaraq 120 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1998-ci ildən "xxxx" MMC-nin (bundan sonra: Azercell) abonentidir (+**********11). İddiaçı xx.xx.2024-xx.xx.2024 tarixlərində Litva Respublikasında işgüzar səfərdə olarkən Azercellin rouminq xidmətindən istifadə etməyə çalışmış, lakin bu xidmət faktiki olaraq göstərilməmişdir. İddiaçı Azercell-in rouminq xidmətindən istifadə edə bilmək məqsədilə rouminq internet paketlərindən iki dəfə satın almışdır: əvvəlcə 1 GB, daha sonra isə 100 MB-lıq həcmində paketlər üçün ümumilikdə 24 manat ödəniş etmişdir. Lakin xidmətin işləməməsi səbəbindən bu paketlərdən istifadə mümkün olmamışdır. Nəticədə, iddiaçı Litvada olarkən rabitə əlaqəsini təmin etmək məqsədilə məcburən Wi-Fi bağlantılarından əlavə olaraq yerli xidmətlərə müraciət etmiş və bu məqsədlə 100 avro (təxminən 196 manat) dəyərində əlavə telefon xərcləri etmişdir. Beləliklə, maddi zərər ümumilikdə 220 manatdan ibarət olmuşdur. Xidmətin keyfiyyətsiz göstərilməsi barədə dəfələrlə Azercell-in müştəri xidmətlərinə yazılı formada müraciət edilmişdir. Cavablar isə yalnız texniki təlimatlarla məhdudlaşmış, effektiv və məsuliyyətli həll yolları təklif edilməmişdir. İddiaçı Azercell-in təklif etdiyi bütün texniki tədbirləri – simkartın çıxarılıb daxil edilməsi, operatorun manual seçilməsi, şəbəkə rejiminin LTE-yə keçirilməsi və digər parametrlərin aktivləşdirilməsi – tətbiq etsə də, problem aradan qalxmamışdır. Xidmətin işləmədiyi müddətdə Azərbaycandan ona zəng etmək istəyən şəxslər əlaqə saxlaya bilməmiş, bir çox vacib zənglər ona çatmamışdır. İddiaçının öz mobil nömrəsinə gələn zənglər sistem tərəfindən Dublin (İrlandiya) və başqa ölkələrə məxsus nömrə kimi göstərilmiş və zəngin ünvanı düzgün tanınmamışdır. Bu isə birbaşa işgüzar əlaqələrdə ləngiməyə, etibarsızlıq yaradılmasına və şəxsi nüfuzuna zərbə vurulmasına səbəb olmuşdur. İddiaçı Litvada olduğu müddətdə tam texniki göstəricilərlə işlək olan ikinci simkart (Nar Mobile) vasitəsilə eyni cihazda tam funksional rabitədən istifadə etmişdir ki, bu da problemin telefondan və ya istifadəçinin texniki biliklərindən qaynaqlanmadığını sübut edir.

3. Daha sonra cavabdehin nümayəndəsi iddia tələbinə etirazla bağlı ərizə təqdim edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaının əsasını təşkil edən hallar barədə dəlilləri əsassızdır. X1 istifadəsinə verilmiş 050 210 16 11 nömrədə rominq xidməti çərçivəsində xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək Türkiyənin “Türkcell”, “Vodafone”, Litvanın “BİTE”, “Omnitel Telia”, “Tele2” operatorlarına məxsus mobil rabitə şəbəkəsindən istifadə olunmuşdur. 050 210 16 11 nömrənin xx.xx.2024-cü il tarixli hesabfakturasına aid izahlı fakturada əsk olunan bütün zənglər (digər xidmətlərdən istifadə və Rominq xidməti çərçivəsində internet xidmətindən istifadə də daxil olmaqla) məhz həmin nömrədən həyata keçirilmişdir. 050 210 16 11 nömrəyə Rominq xidməti ilə əlaqədar xx.xx.2024-cü il tarixi saat 04:54-də, xx.xx.2024-cü il tarixi saat 15:44-də müvafiq məzmunlu (“Türkiyeye xos gelmisiniz! Artiq Turkiyede BUTUN operatorlarin shebekelerinde 1GB=19.9 AZN ve 400 MB=9.90 AZN internet paketlerinden faydalana bilersiniz! 14 gunluk 1GB paketine qoshulmaq uchun *100*1001#YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES yigin. Olke uzre standart rominq tarifler: chixan zeng 1 deq=1AZN, 1SMS=0.15AZN, 1MB=0,99AZN. AzerbaycaninTurkiyedeki sefirliyi: +**********79. Seferiniz ugurlu olsun! www.azercell.com/roaming”), xx.xx.2024-cü il tarixi saat 11:22-də (“Litvaya xosh gelmisiniz! Azerellden yenilik! Yalniz Omnitel ve Bite shebekelerinde 1GB=19.9 AZN internet paketinden faydalana bilersiniz! Qoshulmaq uchun *100*1001#YES yigin. Olke uzre standart tarifler: cixan zeng 1deq = 1.50AZN, 1SMS=0.20AZN, 1MB=3.50AZN (paketsiz ve ya diger shebekelerde istifade zamani). Azerbaycanin Litvadaki sefirliyi: +**********1. Seferiniz ugurlu olsun! www.azercell.com/roaming”) məlumat SMS-ləri göndərilmişdir. Rominq xidməti ilə bağlı Cavabdeh MMC-nin mobil rabitə şəbəkəsində hər hansı çətinlik aşkar edilməmişdir. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 3.5-ci maddəsinə əsasən “Azercell” tərəfindən təqdim edilən xidmətlərin məhz təsvir edildiyi kimi həyata keçirilməsinə yalnız “Azercell”in telekommunikasiya şəbəkəsi daxilində təminat verilir. Zənglərin müddətləri isə hesablanarkən cavab siqnalı və zəngi qəbul edən nömrədə göstərilən xidmətlərdən (faks, nömrəni avtomatik müəyyən edən cihazlar, Abunəçi olmaqdıqda onu əvəz edən və məlumatın ötürülməsini təmin edən qurğular, avtomatik cavab qurğusu ilə təchiz edilmiş avadanlıqlar, məlumatı ötürən aparatlar və ya xidmətlər-modem, sms ismarışları mərkəzi, wap-poçt, səsli poçt terminalı və s.) asılı olaraq, rabitə əlaqəsi yaranmış hesab ediləcək və müvafiq xidmət haqqı hesablanmağa başlayacaqdır. Bundan başqa Abunə Müqaviləsinin müddəalarına əsasən Cavabdeh MMC telefon danışıqları və ya mesajların (İnternet şəbəkəsi üzərindən və ya digər operatorların şəbəkəsindən istifadə edilməklə həyata keçirilənlər də daxil olmaqla) məzmunu ilə bağlı yaranan zərərə görə məsuliyyət daşımır. 050 210 16 11 nömrədə Kabinetim vasitəsilə xx.xx.2024-cü il tarixi saat 02:15-də İGB-İıq Rominq internet paketi aktiv edilmişdir. Cavab olaraq xx.xx.2024-cü il tarixi saat 02:15-də müvafiq mətnli bildiriş SMS-i ("Hormetli Abunechi, 1GB rouminq internet paketi aktiv edildi! Paketden 14 gun erzinde istifadə ede bilersiniz. Olkeler ve mobil operatorlarin siyahisi uchun linke daxil olun: https://bit.ly/roaming-data-az DİQQET: Azercell tetbiqinden istifade ederek rouminq xettine nezaret ersiniz.") bildiriş SMS-i nömrəyə təqdim edilmişdir. 050 *** ** ** nömrəyə təqdim edilmiş 1GB həcmli Rominq internet paketinin xx.xx.2024-cü il tarixi saat 04:54-dən xx.xx.2024-cü il tarixi saat 00:59- dək Lİtvanın "BİTE", "Omnitel Telia", "Tele2" operatorlarına məxsus mobil rabitə şəbəkəsində və Türkiyənin "Vodafone" operatoruna məxsus mobil rabitə şəbəkəsində ümumilikdə 1007,21 MB həcmi istifadə edilmişdir. 050 *** ** ** nömrəyə xx.xx.2024-cü il tarixi saat 01:02-də Kabinetim vasitəsilə 1GB həcmli Rominq internet paketinə abunəlik ləğv edilmiş və buna dair müvafiq mətnli bildiriş SMS-i (“Sizin 1GB rominq internet paketiniz legv olundu. İnternetden istifade cari tarifinize uyğun hesablanacaq. Yeni paketin sifarishi ucun: 14 gunluk 1GB paketine qoshulmaq uchun *100*10014YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES, 1 gunluk 100MB paketine qoshulmaq uchun *100*101itYES yigin.") nömrəyə göndərilmişdir. Bundan başqa 050 *** ** ** nömrədə xx.xx.2024-cü il tarixi saat 12:49-da Litvanın "BİTE" operatoruna məxsus mobil rabitə şəbəkəsində rominq xidməti çərçivəsində 1 SMS göndərilmiş və tariflərə müvafiq olaraq da haqq (0.2 manat) hesablanmışdır. 050 *** ** ** nömrədə Kabinetim vasitəsilə xx.xx.2024-cü il tarixi saat 01:03-də 100 MB-lıq Rominq internet paketi aktiv edilmişdir. Cavab olaraq xx.xx.2024-cü il tarixi saat 01:03-də müvafiq mətnli bildiriş SMS-i ("Hormetli Abunechi, 100MB rouminq internet paketi aktiv edildi! Paketden 1 gun erzinde istifade ede bilersiniz. Olkeler ve mobil operatorlarin siyahisi uchun linke daxil olun: https://bit.ly/roaming-data-az DİQQET: Azercell tetbiqinden istifade ederek rouminq xettine nezaret ede bilersiniz.") bildiriş SMS-i nömrəyə təqdim edilmişdir. 050 *** ** ** nömrəyə təqdim edilmiş 100 MB həcmli Rominq internet paketinin xx.xx.2024cü il tarixi saat 08:30-dan saat 18:31-dək Litvanın BİTE operatoruna, Türkiyənin "Türkcell" operatoruna məxsus mobil rabitə şəbəkəsində ümumilikdə 94,19 MB həcmi istifadə edilmişdir. 050 *** ** ** nömrəyə xx.xx.2024-cü il tarixi saat 01:03-də 100 MB həcmli Rominq İnternet paketinin istifadə müddətinin bitməsi ilə əlaqədar müvafiq mətnli bildiriş SMS-i ("Sizin 100MB rominq internet paketiniz ləğv olundu. İnternetden istifade cari tarifinize uyğun hesablanacaq. Yeni paketin sifarishi ucun: 14 gunluk 1GB paketine qoshulmaq uchun *100*1001#YES, 3 gunluk 400MB paketine qoshulmaq uchun *100*401#YES, 1 gunluk 100MB paketine qoshulmaq uchun *100*1014YES yigin.") nömrəyə göndərilmişdir. Bundan sonra 050 210 16 11 nömrədə hər hansı digər həcmli X3 paketinin sifariş edilməsinə, Mobil İnternet, rominq xidmətlərindən istifadə imkanının və ya ümumiyyətlə xidmət göstərilməsinin dayandırılırılmasına dair "xxxx" MMC-yə hər hansı abunəçi müraciəti daxil olmayıb. Abunəçi sərbəst şəkildə xidmətdən istifadə həddi barədə özü cavabdehin təqdim etdiyi xidmətlər vasitəsi ilə, həmçinin istifadə etdiyi ağıllı mobil telefonun (smartphone) funksiyaları vasitəsi ilə məlumat əldə edə bilər və balans hesabatlarını cavabdehdən müstəqil şəkildə idarə etmək imkanına malikdir. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.1,-ci maddəsinə əsasən "Fakturalı Xətt sistemində: Hesab-fakturada əks olunan borc məbləği və ya kredit limitin aşma halı olarsa, həmin borc istifadə qaydalarında göstərilən müddətdə (o cümlədən son ödəmə tarixinədək) ödənilməzsə, "AZERCELL" Abunəçinin istifadəsində olan nömrənin rabitə xəttini birtərəfli bağlaya bilər. Nömrədən istifadəyə qoyulan məhdudiyyət, borc və gecikmə faizi və ya müvafiq kredit limit üzrə tələb olunan avas məbləği "AZERCELL"-ə ödənildikdən sonra nömrənin rabitə xətti tam olaraq (ikitərəfli) açılmaqla aradan qaldırılır". Abunə Müqaviləsinin 4.5,-ci maddəsinə əsasən "AZERCELL" öz mülahizəsinə əsasən Abunəçinin mobil telefon danışıqlarına (digər xidmətlərdən istifadə imkanı da daxil olmaqla) müəyyən kredit limiti təyin etmək və həmin kredit limiti keçilməsi son ödəmə tarixindən əvvəl baş versə də, əlavə vəsait ödənilənədək nömrəyə xidmət göstərilməsini məhdudlaşdırmaq hüququ malikdir". Göründüyü kimi, kredit limiti keçildikdə nömrənin bağlanması "Azercell Telekom” MMC-nin öhdəliyi deyil, hüququdur. Mobil İnternet xidmətindən istifadəni isə cihazın menyusu vasitəsi ilə müvafiq sazlamanı həyata keçirməklə dayandırmaq və ya aktiv etmək mümkündür. Müvafiq nömrədə istifadə edilən cihazın sazlanması, müxtəlif proqram təminatlarının avtomatik yenilənmə, o cümlədən qarantiya (zəmanət) şərtləri ilə bağlı məlumatlar əldə edilməsi üçün, həmçinin istifadə qaydaları və s. barədə öz istək və mülahizələriniz ilə əlaqədar servis məntəqələrinə müraciət etməyi tövsiyə edə bilərik. "xxxx" MMC tərəfindən təqdim etdiyi telekommunika xidmətlərindən (o cümlədən Mobil İnternet xidmətindən) istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin internet xidmətindən istifadə zamanı mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat veriləcəyi öhdəlik götürülməmişdir. Yuxarıda da qeyd edildiyi kimi, abunəçilərə nömrədən zənglər həyata keçirərkən, sms sorğular göndərərkən göndərərkən diqqətli olmağı, müvafiq xidmətdən istifadə qaydaları və tarifləri ilə əvvəlcədən tanış olmağı, istifadə etmək istənilən xidmətin yığım qaydalarına dəqiq riayət etmək tövsiyə edilir. Abunə Müqaviləsinin müddəalarına əsasən hər hansı məlumatın, məbləğin abunəçi tərəfindən anlaşılmaması, yaxud şübhə altına alınması həmin məbləğin ödənilməməsi üçün əsas Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanunu 34.2.4-cü maddəsinə əsasən operator, provayder ilə bağlanmış müqavilələrin şərtlərinə əməl etmək, o cümlədən istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını vaxtlı-vaxtında ödəmək abunəçilərin vəzifələrinə daxildir. Göründüyü kimi "xxxx" MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə, müqavilə şərtlərinə uyğun olaraq abunəçiyə nömrəni istifadəyə vermiş, rabitə xəttini açaraq ona xidmət göstərmiş, xidmət sonlandırılmış və bu xidmətin müqabilində xidmət haqqı hesablanmışdır. Xidmət haqqının ödənilməsi iddiaçın öhdəliyidir və bu öhdəlik onun tərəfindən icra edilməlidir. Cavabdeh təqdim etdiyi telekommunikasiya xidmətlərindən istifadə zamanı, istifadə müəyyən həcmə çatdıqda abunəçiyə xəbərdarlıq ediləcəyinə dair, həmçinin rominq xidmətindən istifadə zamanı müvafiq ölkədə fəaliyyət göstərən operatorlarda mövcud tariflərə dair abunəçi müraciəti olmadıqda məlumat vermək öhdəliyi götürmədiyindən, belə vəzifə qanunla nəzərdə tutulmadığından abunəçi sərbəst şəkildə xidmətdən istifadə həddi barədə özü cavabdehin təqdim etdiyi xidmətlər vasitəsi ilə, həmçinin istifadə etdiyi ağıllı mobil telefonun (smartphone) funsksiyaları vasitəsi ilə məlumat əldə edə bildiyi və balans hesabatlarını cavabdehdən müstəqil şəkildə idarə edə bildiyi üçün, hesablaşmaları yalnız nömrənin balansına yüklənən məbləğ əsasında və həddində xidmətlərdən istifadə müqabilində həyata keçirmək üçün fakturasız (SimSim) xətt sisteminə keçmək imkanı olduğundan iddiaçının dəlilləri əsassıdzdır. İddiaçının heç bir hüquqi və faktiki əsası olmayan tələbi təmin edilə bilməz.

İİ.Tərəflərin mövqeləri:

5. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilin iddianın təmin edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək etirazda göstərilən halları təsdiq etmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Cavabdeh tərəfindən təqdim olunmuş CD diskə əsasən müəyyən olunur ki, iddiaçıya məxsus 050 210 16 11 nömrəyə xx.xx.2024-cü il tarixdə zənglər daxil olmuş, həmçinin həmin nömrədən zənglər xaric edilmişdir.

9. İddiaçı ilə cavabdeh arasında mail yazışmalarına əsasən iddiaçı Litvada rouminq xidmətindən istifadə edə bilməməsi ilə bağlı məlumat bildirmişdir.

10. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi rədd olunmalıdır.

11. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Həmin Məcəllənin 386.1-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

14. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

18. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

19. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

20. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

21. Həmin Məcəllənin 784.1-ci maddəsinə əsasən vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır.

22. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2024-xx.xx.2024 tarixlərində Litva Respublikasında işgüzar səfərdə olarkən Azercellin rouminq xidmətindən istifadə etməyə çalışan zaman faktiki olaraq xidmət göstərilmədiyini, Azercell-in rouminq xidmətindən istifadə edə bilmək məqsədilə rouminq internet paketlərindən iki dəfə satın alaraq əvvəlcə 1 GB, daha sonra isə 100 MB-lıq həcmində paketlər üçün ümumilikdə 24 manat ödəniş etdiyini, lakin xidmətin işləməməsi səbəbindən bu paketlərdən istifadənin mümkün olmadığını, nəticədə, iddiaçı Litvada olarkən rabitə əlaqəsini təmin etmək məqsədilə məcburən Wi-Fi bağlantılarından əlavə olaraq yerli xidmətlərə müraciət etdiyini və bu məqsədlə 100 avro (təxminən 196 manat) dəyərində əlavə telefon xərcləri etdiyini bildirsə də, iddiasının əsasını təşkil edən hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sübutlara əsasən iddiaçıya məxsus nömrədən zənglərin daxil olduğu, internet paketindən istifadə olunduğu müəyyən edilmişdir.

23. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Göründüyü kimi prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur. Eyni zamanda həmin sübutlar həqiqəti əks etdirməli və təkzibolunmaz şəkildə iddia edən şəxsin dəlillərini təsdiq etməlidir.

26. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

27. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

28. Konstitusiya Məhkəməsinin Plenumu “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında isə qeyd etmişdir ki, MPMə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz.

29. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X2 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

30. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir.

31. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar