Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3067/2025 30.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdən isə Cavabdeh MMC ilə bağlanılmış müddətli əmək müqaviləsi əsasında Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işləmişdir. İşlədiyi dövr ərzində isə əmək fəaliyyəti ilə bağlı iddiaçıya hər hansı irad və nöqsan tutulmamışdır. İddiaçı uzun müddətdir səhhəti ilə bağlı müxtəlif tibb məntəqələrində və reabilitasiya mərkəzlərində müalicələr alır və gündəlik həyati əhəmiyyətli dərmanlar qəbul edir. Tibbi sosial Ekspert komissiyasının qərarı ilə iddiaçıya ömürlük üçüncü dərəcəli əlillik dərəcəsi verilmişdir və iddiaçının əlill olmağı barədə işlədiyi müəssisə rəsmi qaydada məlumatlandırılmışdır. Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində işlədiyi müddət ərzində gündəlik işdə olmağı ilə əlaqədar işə davamiyyət jurnalına imza edilirdi və iddiaçı xx.xx.2025-ci il tarixədək hər gün davamiyyət jurnalına imza etməklə işləmişdir. Nəhayət xx.xx.2025-ci il tarixdə iddiaçı işə gəldikdə onun Cavabdeh MMC tərəfindən işdən azad edilməyi və bu səbəbdən artıq işə buraxılmayacağı bildirilmişdir. Bunun səbəblərini aydınlaşdırarkən məlum olmuşdur ki, iddiaçı xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsində faktiki işyerində əmək fəaliyyəti göstərməyinə baxmayaraq cavabdeh təşkilat iddiaçını 13 fevral 2025-ci il tarixdə işdən azad etmişdir. Lakin iddiaçıya xx.xx.2025-ci il tarixədək heç bir məlumat verilməmişdir. Belə ki, Cavabdeh MMC iddiaçının Sumqayıt şəhəri ərazisində təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsindən qanunsuz olaraq azad edilməyi barədə 13 fevral 2025-ci il tarixli, 3-17-7/3-4-1009/2025 saylı əmr vermiş və bu əmr iddiaçıya rəsmi qaydada 26 fevral 2025-ci il tarixdə təqdim edilmişdir. Cavabdeh MMC-nin 13 fevral 2025-ci il tarixli, 3-17-7/3-4-1009/2025 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müddətin qurtarması ilə işdən azad edilmişdir. Fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı qanunverciliyin tələblərinə uyğun olaraq cavabdehlərə “əmrin ləğv edilməsi, işə bərpa, məburi iş buraxmağa görə əmək haqqının və digər xərclərin ödənilməsinə dair” mediasiya prossesinin tətbiqi ilə bağlı təklif göndərilmiş, daha sonra isə aidiyyatı təsdiq edici sənədlərlə ilkin mediasiya sessiyası üçün ərizə Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət etmişfit. Bakı 18 saylı Mediasiya Təşkilatı tərəflərə bildiriş göndərərək xx.xx.2025-ci il tarixdə İMS-yə dəvət edilmişdir. Lakin keçirilmiş İMS-də tərəflər arasında heç bir razılıq əldə edilmədiyindən Bakı 18 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025ci il tarixli MŞB/18/2025-00224 müvafiq arayış verilmiş və mediasiya sessisyasının keçirilməsi ilə bağlı 60 manat xərclər iddiaçı tərəfindən ödənilmişdir. Aşağıdakı əsaslara görə Cavabdeh MMC iddiaçının 13 fevral 2025-ci il tarixli, 3-17-7/3-4-1009/2025 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən müddətin qurtarması ilə işdən azad edilməyi qanunsuz olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsi xx.xx.2024-cü il tarixdən dəyişdirildiyindən və iddiaçı bundan sonra xx.xx.2025-ci il tarixdə işdən azad edildiyindən ona münasibətbdə qanunverciliyin yeni dəyişikliyi tətbiq edilməlidir. Yəni Cavabdeh MMC Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndi ilə İddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verməsi üçün müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməsi imperativ formada şərtləndirilmişdir. Lakin Cavabdeh MMC iddiaçı ilə bağlanılmış müddətli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bir həftə əvvəlcədən xəbərdar etmədiyindən müqaviləyə müddətin bitməsi ilə əlaqədar xitam verilməsi tamamilə əsassız olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X2 iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 Xidməti məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və məhkəmə iclasında iştirak edilməməsi ilə bağlı məhkəməyə məlumat verməmişdir. İş materiallarına İşçi İddiaçı ilə İşəgötürən Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi əlavə edilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsi bağlanılaraq Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə işə qəbul edilmişdir. Həmin müqavilə 2 (iki) ay müddətinə bağlanmışdır. İş materiallarında olan Xidmət üçüm müraciətlə bağlı bildirişə əsasən müəyyən edilir ki, işəgötürən Cavabdeh MMC işçi İddiaçı xx.xx.2025-ci il tarixdə elektron qaydada bildiriş göndərməklə əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan İşəgötürən Cavabdeh MMC-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən müəyyən olunur ki, İşçi İddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən xitam verilmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, yəni, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İş materiallarına əsasən müəyyən olunur ki, mübahisə üzrə mediasiya prosedurasına əməl olunmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin aşağıdakı normaları təşkil edir. Maddə 8. 3-cü hissə. İllərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Maddə 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. Maddə 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Maddə 42. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 45. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 46. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Maddə 68. 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68. 2-ci hissə. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 73. 1-ci hissə. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 73. 2-ci hissə. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən icra olunan "İşsizin DOSTu” proqramına əsasən işəgötürən Cavabdeh MMC ilə işçi İddiaçı arasında sonuncu dəfə xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsi ölkə miqyasında icra olunan, əhalinin sosial rifahının yüksəldilməsi və dayanıqlı məşğulluğunun təmin edilməsini nəzərdə tutan müddətli layihənin həyata keçirilməsindən irəli gəlmiş, vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək və bir çox vətəndaşın həmin layihədən yaralanması layihənin əsas prioritetlərindən hesab edilmişdir. Əmək müqaviləsinə əsasən iddiaçı haqqı ödənilən ictimai işlərə cəlb edilmiş, Biləsuvar rayon Kommunal müəssisələr Kombinatında Təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təhkim edilmişdir. Sözügedən əmək müqaviləsi müddətli əmək müqaviləsi olmuşdur. Qanunvericiliyin tələbinə əsasən bu hal, yəni şəxsin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi əmək müqaviləsinin müddətli bağlanılmasına yol verilən hallar siyahısına daxil edilmişdir. Əmək müqaviləsi 2 ay müddətə nəzərdə tutulmuş, 2 aylıq müddət başa çatdıqdan sonra tərəflər əmək müqaviləsinə xitam verilməsini tələb etmədikləri halda müqavilənin eyni şərtlərlə il sonunadək uzadılması şərti qeyd edilmişdir. Beləliklə, həmin müqavilə əsasında tərəflər müqavilə münasibətlərini işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edildiyi 2025-ci ilin fevral ayınadək davam etdirmişlər. Lahiyənin mahiyyətindən irəli gələn xüsusatlar nəzərə alınmaqla və müqavilənin müddətinin bitməsinə əsaslanmaqla işçinin əmək müqaviləsinə işəgötürənin əmri ilə xitam verilmişdir. Əmək müqaviləsinin müddəti bitdiyi halda, həmçinin dövlət müəssisələrində işləyən işçi işçi 65 yaşına çatdıqda əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əsas hüquqlarından biridir. Məhkəmə nəzərə alır ki, hazırki mübahisə üzrə işəgötürən MMC olsa da, həmin MMC-nin fəaliyyət sosial yönümlü olmaqla dövlət layihəsidir (MMC-nin idarəretməsi dövlətə məxsusdur) və işçilərin təminatı vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə məhz dövlət tərəfindən həyata keçirilir. Məhkəmə hazırki hüquq münasibətlərinə formal olaraq deyil, mahiyyəti üzrə baxmaqla qiymətləndirməyi zəruri hesab edir. Məhkəmə nəzərə alır ki, dövlətin müvafiq sosial layihəsi üzrə işçi uzun müddət işləmiş və məşğulluğunu, maddi təminatını qarşılamışdır. Lakin, müvafiq sosial layihədən təkcə eyni vətəndaşlar deyil, müxtəlif digər vətəndaşlar da faydalanmalı, dövlət məhdudiyyətsiz formada qeyri-müəyyən müddətə əmək münasibətlərini davam etdirməkdə yüklənməməlidir. Nəzərə alınır ki, sözügedən sosial layihələr müvafiq dövrə tətbiq edilməklə məhdud (müvəqqəti) xarakterlidir və vətəndaşları işləməyə, əməyə təşviq edir, maddi təminatlarına dəstək verir. Dövləti daimi əsaslarla əmək müqaviləsi bağlamaqla mükəlləf etmək həmin layihənin sosial mahiyyətinə və işçilərin pozulmuş əmək hüquqlarının müdafiəsinin fəlsəfəsinə uyğun gəlmir. Nəzərə alınır ki, müddətli, xüsusən 1, 2, 3 aylıq qısa müddətli əmək müqavilələrinə məhkəmələrin yanaşması təcrübi olaraq fərqlidir və bu münasibətlərdən işçilərin müdafiəsinin maksimal təminatı qorunur. Yəni, məlumdur ki, heç kim 1-2-3 aylıq müqavilə bağlamaqda maraqlı deyil, hər kəs istəyər ki, (istisnalar xaric) əmək müqavilələri təminatlı, daimi və uzun müddətli olsun. Bununla da, işəgötürənlərin işçilər üzərindəki hüquqlarından sui-istifadə etmək imkanları qanunla və məhkəmə vasitəsilə məhdudlaşdırılır. Lakin, hazırki mübahisədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, bir tərəfdə (işəgötürən) dövlət və dövlətin sosial layihəsi dayanır. Dövlətin sosial siyasətinə uyğun olaraq büdcəsinin sosial yönümlə xərcləri müvafiq məbləğlərlə məhdudlaşır, xərclərin həddləri büdcə imkanları həddində dəyərləndirilir. Nəzərə alınır ki, hazırda həmin layihənin getdikcə məhdudlaşdırılması, analoji digər layihələrin tətbiq edilməsi, özünü məşğulluğun təmin edilməsi müvafiq dövlət orqanları tərəfindən planlaşdırılır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1335/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi 3 ulduz qərarda göstərilən hüquqi mövqeyi nəzərə alır. Məhkəmə nəzərə alır ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, yəni, xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olmuşdur. Onunla əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin bitməsi əsası əsası ilə xitam verilsə də (rəsmiləşdirilsə də), işçinin bir neçə ay öncə 65 yaşına çatması xüsusatı nəzərə alınır. Yəni, işçi 65 yaşına çatdıqda işəgötürənin işçi ilə əmək müqaviləsinə xitam vermək hüququ yaranır. Odur ki, hazırki mübahisə üzrə işçinin əmək müqaviləsinə xitam verilməsi qanuni hesab edilir. İddiaçının elektron kabinetinə cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmiş, həmçinin işçinin əmək funksiyalarını icra etdiyi müvafiq quruma mail (e-poçt) vasitəsilə xx.xx.2025-ci il tarixli məlumat göndərilməklə iddiaçının əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. İddiaçı isə özünün deməsinə görə əmək müqaviləsi mövcud olmadan əsassız olaraq xx.xx.2025ci il tarixədək əmək funksiyalarını icra etmişdir, lakin, bu halın özü belə mülki iş üzrə sübuta yetirilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3067/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3067/2025
30.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver