Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3091/2025 12.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci girişi, İİ mərtəbəsində ümumi sahəsi 66.0 kv. m olan 1 otaqlı, 126 saylı mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci girişi, İİ mərtəbəsində ümumi sahəsi 66.0 kv. m olan 1 otaqlı, 126 saylı mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1997-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. X6 ilə Maraqlı şəxs MTK arasında 30 oktyabr 2007-ci il tarixində mənzilin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci girişi, İİ mərtəbəsində ümumi sahəsi 66.0 kv. m olan 1 otaqlı, 126 saylı mənzilin mülkiyyəti X5 (alıcıya) ötürülmüş, alıcı isə ilkin ödəniş məbləği ödəməklə, hər ay mənzilin ümumi dəyərinin 10 %-i məbləğində ödənişi hissə-hissə Maraqlı şəxs MTK-a (satıcıya) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə X6 birgə nikahda olduğundan sözügedən mənzil onların birgə mülkiyyəti hesab olunur. Alıcı tərəfindən ilkin ödəniş məbləği olaraq, 30 oktyabr 2007-ci ildə 20400 manat (iyirmi min dörd yüz) məbləğ ödənilmiş, daha sonra xx.xx.2007ci il tarixdə 1267 manat, xx.xx.2008-ci il tarixdə 1275 manat, xx.xx.2008-ci il tarixdə 1275 manat, xx.xx.2008-ci il tarixdə 1245 manat, xx.xx.2008-ci il tarixdə 1245 manat, xx.xx.2008-ci il tarixdə 1242 manat, xx.xx.2008-ci il tarixdə 1640 manat, xx.xx.2008-ci il tarixdə 2430 manat, xx.xx.2008-ci il tarixdə 3027 manat məbləğində olmaqla, cəmi 35046 manat məbləği, yəni mənzilin tam dəyərini Satıcıya ödəmişdir. X5 3 sentyabr 2008-ci il tarixdə son ödənişi də həyata keçirdiyi üçün MTK-ya heç bir borcu qalmadığına dair maliyyə arayışı təqdim edilmişdir. Mənzilin yerləşdiyi yaşayış binasının tikintisi uzun müddət başa çatmadığı üçün iddiaçı və ya onun əri İlham İsmayılov tərəfindən həmin mənzildə heç bir təmir işləri aparılmamış, onlar həmin mənzildən kənarda yaşamışdırlar. Sözügedən mənzil İddiaçı ilə həyat yoldaşı İlham İsmayılovun mülkiyyətində və qanuni sahibliyində olmasına baxmayaraq, son zamanlarda təsadüfən öyrənmişlər ki, həmin mənzilə qanunsuz olaraq başqası sahiblik etməklə mənzilin içini təmir etdirərək orada yaşamaqdadır. İddiaçı bu barədə Maraqlı şəxs MTK-nın komendantı Telman adlı şəxsə (telefon nömrəsi: +994 50 309 03 76) məlumat vermiş, o isə bu məlumatı təsdiq edərək həmin mənzildə cavabdeh – Cavabdeh2 yaşadığını bildirmişdir. Cavabdeh2la telefon nömrəsi ilə əlaqə saxlanılmış, o isə İddiaçı və həyat yoldaşına məxsus həmin mənzildə yaşadığını təsdiq etsə də, mənzili necə əldə etdiyi barədə məlumat verməmişdir. Dəfələrlə qeyd edilən telefon nömrələri ilə əlaqə saxlayıb məsələni aydınlaşdırmaq istənilsə də, müraciətlər cavabsız qalmışdır. Yuxarıda qeyd edilən xüsusatlarla bağlı Yasamal Rayon Polis İdarəsinə və Yasamal Rayon Prokurorluğuna şikayət ərizəsi göndərilmişdir. Azərbaycan Respublikası Yasamal Rayon Prokurorluğuna tərəfimizdən göndərilən şikayət ərizəsinə xx.xx.2025-ci il tarixində imzalanan və göndərilən 578-Ş-25 nömrəli cavaba əsasən, Maraqlı şəxs MTKnın direktoru olmuş X3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-61/2021 saylı hökmündə və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-133/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında X1 mənzillə bağlı xüsusata hüquqi qiymət verildiyi qeyd edilmişdir. Hazırkı iş üzrə, X6 tərəfindən Maraqlı şəxs MTK ilə xx.xx.2007-ci il tarixində bağlanmış müqavilə əsasında mənzilə dair pay haqqı tam şəkildə – yəni 35.046 AZN məbləğində olmaqla ödənilmişdir. Bu ödənişlərin həyata keçirilməsi MTK tərəfindən verilmiş maliyyə arayışları ilə (həmin maliyyə arayışları qoşmaya əlavə olunur) təsdiq olunur. Beləliklə, X4 üzərinə düşən öhdəlikləri tam yerinə yetirməsi nəticəsində, onun həmin mənzil üzərində mülkiyyət hüququ yaranmışdır. Bu, isə öz növbəsində həmin mənzilə dair mülkiyyət hüququnun X5, beləliklə, nikah dövründə əldə edildiyi üçün birgə mülkiyyəti (Ailə Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən edilmiş nikah dövründə əldə edilən əmlakın birgə mülkiyyəti prinsipi) əsasında həm də İddiaçı məxsus olduğunu sübut edir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-61/2021 №-li hökmünün 337-ci səhifənin 4-cü abzasına əsasən “Yaşayış binasında mənzil tikintisi haqqında” 30 oktyabr 2007-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışından görünür ki, Maraqlı şəxs MTK-nın sədri X3 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən həmin MTK-nın tikilməkdə olan binasının 2-ci mərtəbəsindəki 1 otaqlı, 66 m2 sahəli, ümumi dəyəri 35.046 manat təşkil edən 126 saylı mənzili X4 adına rəsmiləşdirmiş, sonuncu tərəfindən mənzilin pay dəyərindən 20.400 manat ödənilmişdir.(cild 25, iş vər 84-88) Həmin hökmün 112-ci səhifənin 2-ci abzasına əsasən, Maraqlı şəxs MTK-dan mənzil satışlarına dair Cahangir Alışova elan edilmiş ittihamın səksən səkkizinci epizodu, Habil Fətəliyevə elan edilmiş ittihamın yetmiş altıncı epizodu olan Maraqlı şəxs MTK-nın inşa etdiyi binanın binanın 2-ci mərtəbəsindəki 1 otaqlı, 66 m2 sahəli 126 №-li mənzillə bağlı bildirmişlər ki, mənzil ilkin olaraq podratçı X8 tərəfindən 2007-ci ildə X5 35046 manata satılmışdır. Mənzil hal-hazırda onun istifadəsindədir. Həmin hökmün qeyd olunan hissələrindən aydın olur ki, 126 nömrəli mənzil X4 adına rəsmiləşdirilmiş və istifadəsinə təhvil verilmişdir. Yasamal Rayon Prokurorluğuna verilmiş şikayətdən sonra məlum olmuşdur ki, Cavabdeh1 ilə Maraqlı şəxs MTK arasında 2007-ci ilin aprel ayında sözügedən mənzilin alqı-satqısına dair müqavilə imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Yəni, Mülki Məcəllənin qeyd olunan maddəsindən görünür ki, həmin maddənin verdiyi hüquq əmlakın (əşyanın) üçüncü şəxsin mülkiyyətinə keçməsi ilə ortadan qalxır. Odur ki, Cavabdeh1 mənzili tələb etmək hüququ həmin əmlakın (əşyanın) İlham İsmayılovun mülkiyyətinə verilməsi ilə ortadan qalxmışdır. (Bunu təsdiq edən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-61/2021 №-li hökmü qoşmaya əlavə olunur). Yeni Yasamal MTK-nın sədri X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli 1(101)- 61/2021 №-li Ağır Cinayətlər Məhkəməsinin hökmündə sözügedən mənzilin qeyri-qanuni olaraq birdən çox şəxsə satıldığı qeyd olunmuşdur. Lakin sözügedən hökmdə, iddiaçı ilə MTK arasında imzalanan müqavilədən sonrakı tarixlərdə imzalanmış bütün müqavilələrin yer almasına baxmayaraq, həmin müqavilələr içərisində cavabdehlərin adlarına və ya onlarla bağlanan müqaviləyə rast gəlinməmişdir. Yuxarıda qeyd edilən kimi, cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildə onun razılığı və xəbərdarlığı olmadan yaşayış sahəsinə daxil olmuş, orada təmir işləri aparmış və mənzildən şəxsi istifadəyə başlamışdır. Lakin, bildiririk ki, təmir işlərinin aparılması zamanı İddiaçı və ya onun həyat yoldaşından heç bir icazə alınmamışdır. Belə ki, iddiaçı mənzilə dair hər hansı təmir tapşırığı verməmiş, əksinə, mənzilə qanunsuz müdaxilə faktı ilə əlaqədar Yasamal Rayon Polis İdarəsi və Prokurorluğuna şikayətlə müraciət etmişdir. Odur ki, cavabdehlər tərəfindən həyata keçirilən təmir işləri, özgə işlərini tapşırıqsız aparma kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 1087.1-ci maddəsinə əsasən, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1089.3-cü maddəsinə əsasən, əgər işlərin aparılması sahibkarın elan edilmiş və ya başqa şəkildə aşkar olunmuş iradəsinə ziddirsə, icraçı zərəri qəsdən və ya ehtiyatsızlıq üzündən vurmamış olduqda belə, sahibkar qarşısında məsuliyyət daşıyır. Bu müddəaya əsasən, cavabdehlərin mənzildə hər hansı təmir işləri aparması və orada yaşaması iddiaçının açıq şəkildə əleyhinə olduğu bir hərəkət olmuşdur. Belə ki, iddiaçı bu faktı öyrəndikdən dərhal sonra məsələ ilə bağlı hüquqmühafizə orqanlarına müraciət edərək, bu məsələ ilə bağlı öz iradə ifadəsini bəyan etmişdir. Odur ki, iddiaçı sözügedən mənzilin cavabdehlərin hesabına əvvəlki vəziyyətinə qaytarılmasını tələb etməkdə haqlıdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. İddiaçı iddia edilən paylı mülkiyyətçi kimi hazırki iddia tələbi üzrə subyektiv hüququ vardır. Mülki işin mübahisəsiz hallarına (tərəflərin nümayəndələrinin məhkəmə iclaslarındaki izahatlarına əsasən) əsasən, İddiaçı xx.xx.1997-ci il tarixdə X6 ilə nikaha daxil olmuşdur. X6 ilə Maraqlı şəxs MTK arasında 30 oktyabr 2007-ci il tarixdə mənzilin alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci girişi, İİ mərtəbəsində ümumi sahəsi 66.0 kv. m olan 1 otaqlı, 126 saylı mənzilin mülkiyyəti X5 (alıcıya) ötürülmüş, alıcı isə ilkin ödəniş məbləği ödəməklə, hər ay mənzilin ümumi dəyərini tam ödəmişdir. Sözügedən mənzil Cavabdeh1 ilə Maraqlı şəxs MTK arasında 2007-ci ilin aprel ayında mənzilin alqı-satqısına dair müqaviləyə əsasən Cavabdeh1 satılmışdır. Sonuncu həmin mənzili tam təmir etdirməklə hal-hazıradək orada ailəsi ilə birlikdə yaşayır. Maraqlı şəxs MTK-nın rəhbərliyi eyni mənzilləri bir neçə nəfərə satdıqda təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(101)-61/2021 №-li hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29, 178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə məhkum edilmişdir. Sözügedən xüsusatları təsdiq edən müvafiq sübutlar iş materiallarına əlavə edilmişdir. Deməli, mübahisə predmeti olan fərdi müəyyən əşya kimi mənzil həm cavabdeh tərəfindən müvafiq müqavilə əsasında iddiaçıdan təxminən 6 ay öncə əldə edilmiş, yəni mülkiyyət hüququ daha öncə yaranmış, həm də cavabdeh sözügedən mənzili tam təmir etdirməklə uzun illərdir ki, orada ailəsi ilə birlikdə yaşayır. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Cavabdeh tərəfindən mənzilin əldə edilməsi ilə bağlı müqavilənin etibarsızlığı xüsusatı müəyyən edilmir. Mövcud məhkəmə təcrübəsi əsas götürülməklə həmin mənzilə dair cavabdehin mülkiyyət hüququnun daha öncə yaranması və cavabdehin həmin mənzili tam təmir etdirməklə orada uzun illərdir yaşaması nöqteyi-nəzərdən iddia tələbi əsassızdır. Məhkəmə hökmü, ibtidai istintaq orqanının müvafiq prosessual qərarları ilə müəyyən edilmiş xüsusatları (zərərçəkmiş şəxslərin siyahısı, bu barədə müvafiq qərarlar və s.) əsas götürməklə mülki məhkəmə icraatı, mülki qanunvericilik, mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə təcrübəsi üzrə halları kənara qoymaqla, mübahisəni sırf məhkəmə hökmündə müəyyən edilən faktiki hallardan asilə etməklə həll etmək mülki icraatın prinsiplərinə və ədalət mühakiməsi üzrə qarşıya qoyulan məqsədlərə uyğun deyildir. Bunun əski, MPM-in 82.4-cü maddəsinin tələblərinə əsasən preyudisiallıq institutunun mahiyyətinə uyğun deyildir. İddiaçı izah edilir ki, müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində vurulmuş zərərlə bağlı Maraqlı şəxs MTK-ya qarşı iddia tələbi üzrə məhkəməyə müraciət edilə bilər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə mülki işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 2-ci girişi, İİ mərtəbəsində ümumi sahəsi 66.0 kv. m olan 1 otaqlı, 126 saylı mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3091/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3091/2025
12.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver