Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3104/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC cəlb edilməklə Cavabdeh ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh ASC və "xxxx" MMC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməsi, Azərbaycan Kredit Bürosunda məlumatların yenilənərək aktiv öhdəliyinin silinməsi və iddia verilməsinə görə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı hesabına köçürülməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd olunan AKB-nin (Azərbaycan Kredit Bürosu) cavabdeh qismində deyil mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi nəzərə alınmağını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh ASC –dən 28 faizlə 18 ay müddətinə 1900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditin təminatı olaraq İddiaçı ilə xx.xx.2013- cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. İddiaçı "xxxx" ASC, Məhkəmədə iddia qaldıraraq 1900 ABŞ dolları olan borc məbləğinin X1 və zamin İddiaçı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qanunvericiliyə əsasən borc tələbinin iddia müddəti ötürüldüyündən Gəncə şəhəri Nizami Rayon Məhkəməsi işə baxaraq, belə nəticəyə gəlmişdir ki, mübahisə tərəfi olan cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsaslı sayılaraq təmin edilməli, iddia müddətinin keçməsi ilə bağlı iddiadan imtina barədə qərar çıxarılmalıdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2582/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı Gəncə Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2582/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, bank zamin İddiaçı qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Qanunverciliyin bu tələbini əsasə gətirərək, xx.xx.2024-cü il tarixində həm "xxxx" ASC-yə həm də Mərkəzi Banka rəsmi müraciət edərək, Mərkəzləşdirilmiş Kredit Reyestrində olan aktiv öhdəliklərimin silinməsi və zaminlik müqaviləsi üzrə tələb etmə müddətinin bitdiyi gündən hesablanmış geçikmə günlərinin silinməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Müraciətinə əsasən, həm "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, həm də AKB (Azərbaycan Kredit Bürosu) tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubunda, qüvvəyə minmiş məhkəmə qərarı əsasında zaminliyə xitam verilməsi qət ediləcəyi və bu qərarla tərtib olunmuş icra sənədinin Banka təqdim ediləcəyi təqdirdə Mərkəzləşdirilmiş Kredit Reyestrində məlumatların yenilənməsi həyata keçiriləcəyi qeyd edilmişdir. Göstərilən normaların tələbi baxımından zaminə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən xx.xx.2013-cı il tarixli zaminlik müqaviləsi üzrə zaminliyə xitam verilməlidir. Bütün bunları nəzərə alaraq, Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin 2(044)-2582/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə onun zaminlik müqaviləsinin xitam edildiyinə baxmayaraq Mərkəzləşdirilmiş Kredit Reyestrində aktiv öhdəliklərinin olması ilə əlaqədar yalnış məlumatlar öz əksini tapır. Hesab olunur ki, Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçının Mərkəzləşdirilmiş Kredit Reyestrində olan aktiv öhdəliklərim silinməli və zaminlik müqaviləsi üzrə tələb etmə müddətinin bitdiyi gündən hesablanmış gecikmə günləri silinməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə əsasən, zamin İddiaçı kreditor "xxxx" İKB ASC qarşısında borclu X2 10-M-1-0-836-13 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam həcmdə icra etməsi üçün tam məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilənin şərtlərinə görə zamin kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2582/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X4 və İddiaçı müştərək qaydada xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, 367,97 ABŞ dolları əsas borcun, 590,19 ABŞ dolları faiz borcu, 2939,48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 194 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə 4091,64 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddiası cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-515/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh ASC tərəfindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2582/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2582/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda, zaminliyə xitam verilir. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair AR Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC X3 18 ay müddətinə 28 faiz dərəcəsi ilə 1900 ABŞ dolları məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq İddiaçı ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2582/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ASC-nin cavabdehlər X4 və İddiaçı müştərək qaydada xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən, 367,97 ABŞ dolları əsas borcun, 590,19 ABŞ dolları faiz borcu, 2939,48 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 194 ABŞ dolları əldən çıxmış fayda olmaqla ümumilikdə 4091,64 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair iddiası cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi əsaslı hesab edildiyindən təmin edilməmişdir. Cavabdeh ASC tərəfindən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2582/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, müqavilə tələbləri üzrə qanunvericiliklə müəyyən edilmiş üç illik iddia iddia müddəti keçdiyindən cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsasında əsas tələb, yəni kredit müqaviləsi üzrə öhdəliklərə idda müddəti tətbiq edilməklə iddia rədd edilmişdir. Əsas tələb üzrə iddia müddəti keçdiyindən əlavə tələb zaminlik üzrə də iddia müddəti keçmiş hesab olunur. Həmçinin, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyi hallarda zaminliyə xitam verilir. Bundan başqa iddiaçı Azərbaycan Kredit Bürosunda məlumatların yenilənərək aktiv öhdəliyinin silinməsi öhdəliyinin Cavabdeh ASC-nin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bu hissədə məhkəmə qeyd edir ki, bank kredit tarixçələrini təşkil edən məlumatı kredit bürosuna təqdim etməli, kredit bürosu məlumatların yenilənməsini həyata keçirtməlidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanılmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsinə xitam verilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №e-2(004)-3104/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3104/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver