Məhkəmə qərarları › İş №e-2(004)-3179/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3179/2024

31.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3179/2024 31.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 5 nömrəli evin 21 nömrəli mənzilindən Cavabdeh çıxarılması, mənzilin Cavabdeh tərəfindən İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh ilə 03 iyun 2003-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Onların bu nikahından xx.xx.2004-cü il təvəllüdlü Müjgan Ağazadə və xx.xx.2016-cı il təvəllüdlü Uğur Ağazadə anadan olmuşlar. Bir müddət mehriban yaşasalar da, sonradan aralarındakı münasibətlər pozulmuş və onlar faktiki ayrılmışlar. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuş, tərəflərin birgə nikahından olan Uğur anası Cavabdeh yanında saxlanılmış və onun yerkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ondan Cavabdeh xeyrinə alimentin tutulması müəyyən edilmişdir. O və Cavabdeh arasında olan nikahın pozulması barədə AZ-İ seriyalı 489337 №-li şəhadətnamə verilmişdir. Həmçinin bildirir ki, hazırki iddia ərizəsi ilə cavabdehin çıxarılması tələb olunan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 5 №-li evin 18 №-li mənzili, tərəflərin birgə nikahı dövründə onun adına rəsmilləşdirilsə də, həmin mənzil ona hədiyyə olunan əmlakdır. Belə ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə sonradan “payçı” adlanacaq X3 (İddiaçı anası) arasında bağlanmış 22 oktyabr 2013-cü il tarixli, 13 nömrəli kooperativ mənzil istehlak muqaviləsinə əsasən həmin müqavilənin 1.1-ci bəndinə əsasən "xxxx" MTK ona ayrılmış, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 5 ünvanda “Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 018 saylı mənzilini Gülüstan Ağazadəyə təklif edir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Kooperativ” inşa ediləcək binanın 1-ci girişin, 6-cı mərtəbəsində, 58,2 kv.m. ibarət, 1 otaqlı, 18 saylı mənzili “Payçıya” təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən “Payçı” müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 50% miqdarında önəniş edir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsi tikilib başa çatana qədər ödəyir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri həm Kooperativ həm sonuncu isə mənzilin dəyərini MTK-ya tam ödəmişdir. Gülüstan Ağazadə mənzili əldə etdikdən sonra təmir etdirmiş və övladı İddiaçı ailə üzvləri ilə birlikdə müvəqqəti yaşamaq üçün mənzilə buraxmışdır. Sözügedən mənzil üzərində X1 (iddiaçının anası) adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 16 fevral 2021-ci il tarixdə qeydiyyata alınmışdır. 22 fevral 2021-ci il tarixdə Gülüstan Ağazadə, bağışlama müqaviləsi əsasında mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 5 №-li evin 18 №-li mənzilini ona hədiyyə etmişdir. Bağışlama müqaviləsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 5 №-li evin 18 №-li mənzil üzərində onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 26 fevral 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və bu barədə onun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarış verilmişdir. Göründüyü kimi, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 5 №-li evin 18 №-li mənzil üzərində onun mülkiyyət hüququnun qeydə alındığı tarix iş üzrə tərəflərin birgə nikahda olduqları dövrə təsadüf etsə də, mənzil iddiaçının mülkiyyətinə əvəzsiz əqd - bağışlama müqaviləsi əsasında keçmişdir. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi,o və Cavabdeh arasında bağlanmış nikah məhkəmə yolu, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Bununla da, onlar arasındakı etibarlı ailə münasibətlərinə xitam verilmişdir. Lakin bunlara baxmayaraq, Cavabdeh övladları Müjgan və Uğur ilə birlikdə ona məxsus mənzildə yaşamağa davam edirlər. O, mənzili boşaldılaraq təhvil verilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh mənzildən çıxmaması onun mülkiyyət hüququnu məhdudlaşdırır, əlavə ödənişlərə cəlb olunmasına səbəb olur. Cavabdeh mənzili könüllü boşaltmaqdan, mənzildən çıxmaqdan imtina etdiklərinə görə, o, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh mübahisəli mənzildə yaşasa da, onun ilə ailə münasibətlərinə artıq xitam verilmişdir. Cavabdehin, ona məxsus mənzilə münasibətdə istifadə hüququ barədə notariat qaydasında təsdiqlənmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış yazılı razılaşmaları isə mövcud deyildir. Belə olan halda hesab edilməlidir ki, Cavabdeh həmin mənzildə yaşaması üçün hüquqi əsas yoxdur və cavabdehin mənzildə yaşamaqda davam etməsi onun konstitusion hüquqlarını, o cümlədən mülkiyyət hüququnu pozur. Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən 5 nömrəli evin 18 nömrəli mənzilindən Cavabdeh çıxarıması, mənzilin Cavabdeh tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh və onun səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda məhkəmə işə baxmağa haqlıdır. İş materiallarında olan "xxxx" Mənzil Tikinti Kooperativi ilə X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 13 nömrəli kooperativ mənzil istehlak müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi ünvan 1 ünvanda “Payçı”ların vəsaiti hesabına inşa ediləcək yaşayış binasının 018 saylı mənzilini təklif edir. Müqavilənin 2.2-ci bəndinə əsasən “Kooperativ” inşa ediləcək binanın 1-ci girişin, 6-cı mərtəbəsində, 1 otaqlı, ümumi sahəsi 58,2 m2 olan, 18 saylı mənzili “Payçıya” təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 3.1ci bəndinə əsasən “Payçı” müqavilə bağlanan gün mənzilin proqnozlaşdırılmış dəyərinin 50% miqdarında ödəniş edir. Müqavilənin 3.2-ci bəndinə əsasən mənzilin dəyərinin qalan hissəsini bərabər hissələrlə, binanın son mərtəbəsi tikilib başa çatana qədər ödəyir. İş materiallarında olan "xxxx" Mənzil-İstehlak Kooperativi ilə Yeni Yasamal, D.Bünyadzadə küçəsi, ev 5, 18 saylı mənzilin sakini X3 arasında bağlanmış V-18 nömrəli, 09 yanvar 2021-ci il tarixli müqaviləyə əsasən "xxxx" MTK və sakinlər arasında yaşayış binasının istismarı üzrə xərclərin strukturu, digər zəruri xidmətlərin göstərilməsi, eləcə də tərəflərin digər vəzifə və öhdəlikləri müəyyən edilmişdir. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən hədiyyə verən X3 ünvan 2 ünvanda yerləşən, ümumi sahəsi 54.60 kv/m olan mənzili oğlu hədiyyə alan İddiaçı bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 54.60 m2 olan mənzil xüsusi mülkiyyət kimi X2 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 54.60 m2 olan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-468/2024 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə əldə etdiyi, hazırda İddiaçı adına olan ünvan 4 ünvanda yerləşən mənzilin alınmasına, təmir edilməsinə və saxlanılmasına çəkilən xərclərin bu günə olan bazar qiyməti ilə hesablanaraq ½ hissədə cavabdehdən alınıb ona verilməsi tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)- 3101/2024 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)-468/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ 489337 saylı nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən İddiaçı və Cavabdeh arasında olan nikaha xx.xx.2024-cü il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 266 nömrə ilə qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29-cu maddəsinin İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 33-cü maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2003cü il tarixdə nikaha daxil olmuşlar və nikahlarına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İddiaçının anası X3 xx.xx.2013-cü il tarixli kooperativ mənzil istehlak müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 5, giriş-1, 18 saylı mənzili əldə etmiş, mənzili əldə etdikdən sonra oğlu İddiaçı ailə üzvləri ilə birlikdə yaşamaq üçün mənzilə buraxmışdır. Sözügedən mənzil ilkin olaraq iddiaçının anası X2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, daha sonra X3 mənzili xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında oğlu İddiaçı bağışlamışdır. Mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda da iddiaçının mülkiyyətindədir. Cavabdeh övladları X4 və X6 ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatdadırlar və faktiki olaraq orada yaşayırlar. Hazırda İddiaçı Cavabdeh mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə əsasən Cavabdeh mənzilin mülkiyyətçisi olan İddiaçı keçmiş arvadı olmaqla artıq ailə üzvü hesab olunmur və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mənzildən istifadə ilə bağlı münasibətlər 2009-cu il oktyabrın 1-i tarixdən sonra yarandığından Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 5, giriş-1, 18 saylı mənzildən çıxarılmalı və mənzil İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 5, giriş-1, 18 saylı mənzildən çıxarılsın və mənzil İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minirİddia təmin edilsin. Hakim : Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar