Məhkəmə qərarları › İş №e-2(004)-3186/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №e-2(004)-3186/2022

24.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(004)-3186/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Babazadə Gülnar Vidadi qızı İddiaçı cavabdehlər X1, X2 və X3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər X1, X2 və X3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal y/sahəsi, 175 E saylı evin, 83-cü mənzilinə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal y/sahəsi, ev 175 E, 83 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, Yeni Yasamal y/sahəsi, ev 175 E, 83 saylı mənzildə X4, X5, X6, X7 və X8 qeydiyyatdadırlar. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı cavabdehləri tanımır və hər hansı bir qohumluq əlaqəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, ... yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olubolmamasından asılı etməmişdir. Hazırki iddia tələbində olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan, orada faktiki olaraq yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Həmin Qərarın nəticə hissəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyilsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iddia ərizəsinə ümumi məhkəmədə baxılmalı olmadığından, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməli, iddiaçıya cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq inzibati orqana, həmin orqan tərəfindən imtina edildiyi halda inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəməyə müraciət etməsi izah olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər X1, X2 və X3 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı müvafiq inzibati orqana müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar