Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3220/2025 01.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “2019-2023-cü illər üzrə artıq işlədiyi müddət üçün ödənilməmiş əmək haqqı və son haqq hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “2019-2023-cü illər üzrə artıq işlədiyi müddət üçün ödənilməmiş əmək haqqı və son haqq hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq Parakəndə satış mağazalarının Abçabədi mağazasında “gözətçi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. Onun əmək müqaviləsi əvvəl “tam ştat”, daha sonra isə “yarım ştat” formasında rəsmiləşdirilmiş və iş vaxtı gündüz saatları kimi qeyd edilsə də, o, müvafiq illər ərzində hər axşam saat 18-dən səhər saat 09-dək gözətçi kimi əmək funksiyalarını icra etmişdir. Lakin, ona əmək haqqı müqaviləyə uyğun ödənilmişdir. Bu səbəbdən, müvafiq dövr üzrə ödənilməmiş 26172,81 manat əmək haqqı və istifadə etmədiyi 4 il üçün ödənilməmiş məzuniyyət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə yazılı müraciət edərək icraatında olan işlərlə bağlı məhkəmə iclasının üst-üstə düşməsi səbəbindən iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili, həmçinin iddiaçının özü ilə razılaşdırılmış və tarix müəyyən edilmişdir. Həmçinin, iddiaçı tərəf keçirilmiş 2 (iki) məhkəmə hazırlıq iclaslarında arqumentlərini ətraflı şəkildə məhkəməyə bildirmişlər. Odur ki, vəsatət təmin edilməmişdir. Cavabdeh MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı ərizə ilə müraciət edərək tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbi təmin edilməməlidir. Mübahisənin qanuni əsasının aşağıdakı hüquq normaları təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində “fərdi əmək mübahisəsinə baxan orqan” dedikdə, əmək mübahisələrinə həm məhkəməyə qədər baxan orqanı, həm də məhkəmələri nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, X3 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq Parakəndə satış mağazalarının Abçabədi mağazasında “gözətçi” vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə əmək müqaviləsinə xitam verilmişdir. Deməli, iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdə başlanmışdır. Hazırki mübahisənin predmeti həmin dövrlər üzrə ödənilməmiş və ya əksik ödənilmiş əmək haqqı təşkil edir. İddiaçı mübahisə üzrə xx.xx.2024-cü il tarixdə mediasiya prosesini başlatmış, proses xx.xx.5025-ci il tarixdə bitmiş, iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf yazılı ərizə təqdim edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Nəticə etibarilə, iddia əmək münasibətlərindən əmələ gələn tələb üzrə iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən X3 Xidmətinə müraciətlərin edilməsi iddia müddətinin dayandırılmasına münasibətdə hər hansı hüquqi əsası yaratmır və hüquqi nəticəyə səbəb olmur. İddiaçı tərəf arqument olaraq bildirir ki, cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməklə dolayı yolla iddia tələbinin əsaslı olduğunu qəbul edir və hüquqdan sui-istifadə edərək iddia müddətinin tətbiq edilməsini xahiş edir. Həmin arqumentə münasibətdə məhkəmə qeyd edir ki, iddia müddətinin tətbiq edilməsi barədə ərizənin təqdim edilməsi cavabdehin qanunla müəyyən edilmiş hüququdur və bu hüquqdan istifadə etmək hər hansı üsulla məhdudlaşdırılmamışdır. Mübahisəyə qanun çərçivəsində baxılmalı və hüquq normalarının imperativ şərtləri əsasında mübahisə həll edilməlidir. Bundan əlavə, iddiaçının iddia tələbi öz-özlüyündə əsassızdır. Belə ki, tələb üzrə əsaslı və mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında izahatı alınmış şahidlərin izahatlarının təhlili nəticəsində müəyyən edilir ki, şahidlərin ifadələri dolayı xarakterlidir və iddia tələbinin təmin edilməsi üçün kifayət etmir. İddiaçıya izah edilir ki, hazırki iddia tələbinin təmin edilməməsi iddiaçının işəgötürən barədə müvafiq dövlət orqanlarına şikayət ərizəsi ilə müraciət etməsinə maneə deyildir. İddianın təmin edilməməsi digər məsuliyyət növlərinin (inzibati, cinayət və s.) istisna edilməsinə səbəb olmur. Bu səbəbdən, mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları deyil, sahəni normativ hüquqi akt olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinin dispozitiv şərtləri tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, hüquq normaları konkret və müəyyən olmaqla bütün subyektlərə eyni qaydada tətbiq olunmalı, məhkəmənin əsassız mülahizəsi ilə geniş mənada və ya səhv təfsir edilməməlidir. Hüquqi müəyyənlik prinsipi rəhbər tutulmaqla aydın, anlaşılan, müəyyən olan hüquq norması hüquq tətbiq edən məhkəmələr tərəfindən şərtsiz tətbiq edilməlidir. Yalnız hüquq normaları arasında ziddiyyət (kolliziya) olduqda və ya tənzimləyici norma olmadıqda məhkəmə tərəfindən müvafiq anologiya (hüququn və ya qanunun anologiyası) üzrə təfsir tətbiq edilə bilər. Qanunu (hüququ) bilməmək məsuliyyətdən azad etmir. Nəticədə, cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsi tətbiq olunmalı, iddia müddəti ötürülmüş hesab edilməlidir. Beləliklə, məhkəmə iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi üzrə iddiaçı tərəfindən 1 (bir) illik iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “2019-2023-cü illər üzrə artıq işlədiyi müddət üçün ödənilməmiş əmək haqqı və son haqq hesabına ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3220/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3220/2025
01.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver