Məhkəmə qərarları › İş №e-2(004)-3225/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3225/2022

24.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3225/2022 24.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi ilə, İddiaçı «X3 Azərbaycan» QSC-nin cavabdeh Hüseynova (Məlikova) Sədaqət Musa qızına qarşı borcun tutulması tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC cavabdeh Hüseynova (Məlikova) Sədaqət Musa qızına qarşı borcun tutulması tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Hüseynova (Məlikova) Sədaqət Musa qızından 62.17 manat məbləğində maddi zərərin və dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması (ödənilməsi) barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh Hüseynova (Məlikova) Sədaqət Musa qızına məhkəmə tərəfindən rəsmi qaydada qeydiyyatda olduğu ünvan üzrə və eləcə də, qeydiyyatda olduğu ünvan üzrə mənzil kommunal təsərrüfatı birliyi vasitəsi ilə bildiriş göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə, qanunvericiliklə müəyyən edilmiş müddətdə iddia tələbi ilə bağlı hər hansı bir etiraz daxil olmamışdır. Məhkəmə iş materillarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, “X2” MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2016-cı il tarixli hüquqi xidmət haqqında müqaviləyə əsasən büronun müqavilə üzrə istifadə olunan kreditlərdən yaranan borclarının alınması üçün göstəriləcəyi hüquqi xidmətlərin əvəzində bank bir aylıq dövrdə həyata keçirilən ümumi borc yığılmasından cəmi 15% nisbətində hüquqi xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan «X3 Azərbaycan» QSC tərəfindən tərtib olunmuş maliyyə arayışından görünür ki, «X3 Azərbaycan» QSC ilə “X2” MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin şərtlərinə uyğun olaraq borcalan Cavabdeh tərəfindən borcun banka ödətdirilməsini “X2” MMC təmin etmişdir. Cavabdehə ödətdirilmiş məbləğ 414.51 manat, bank tərəfindən “X2” MMC-yə ödənilmiş xidmət haqqının məbləği isə 62.17 manat təşkil edir. İş materialları ilə həmçinin o da müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli 2(004)-750/2020 saylı qətnaməsi üzrə borclu Cavabdeh 394.51 manat pulun və 20 manat dövlət rüsumunun «X3 Azərbaycan» QSC-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli 2(004)-750/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcra məmurunun qərarı ilə məcburi icra tədbiri icra sənədi üzrə tutulmalar borclunun əmək haqqının 50 faizinə yönəldimiş və borc tam ödənildikdən sonra icra vərəqi üzrə xx.xx.2021-ci il tarixdə icraata xitam verilmişdir. “İcra haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli 2(004)-750/2020 saylı qətnaməsinə əsasən borcludan 394.51 manat pul kreditorun xeyrinə tutulmuş, qətnamə qanunvericiliyin tələbinə uyğun olaraq icraya yönəldilmiş, tələb edilən borc, icra məmurunun qərarına əsasən borclu Cavabdeh əmək haqqına yönəldilərək icra edilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsi icraya yönəldiləndən sonra qanunla müəyyən olunmuş müddətdə təmin edilmiş, borcun ödətdirilməsində “X1” MMC-nin hər hansı rolu olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, vaxtında icra olunmuş məhkəmə aktının icra etdirilməsinə görə borcludan əlavə vəsait tutulması ədalətli deyil. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddiaçı «X3 Azərbaycan» QSC-nin cavabdeh Hüseynova (Məlikova) Sədaqət Musa qızına qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı «X3 Azərbaycan» QSC-yə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC-nin cavabdeh Hüseynova (Məlikova) Sədaqət Musa qızına qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı «X3 Azərbaycan» QSC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar