Məhkəmə qərarları › İş №e-2(004)-3285/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3285/2025

03.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3285/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 23 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 23 saylı Notariat Ofisinin Xüsusi notariusu X29 tərəfindən iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtinası barədə qərarının qanunsuz hesab edilməsi, İddiaçı Qurbanaliyevnanın mərhum-X5 vərəsəsi olması və iddiaçıya mərhumun ölümündən sonra miras kimi qalan ünvan 1 ünvanında yerləşən mənzildən tam hissədə pay almaq hüququnun olması barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 23 saylı Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Qurbanaliyevnanın xalası qızı X18 xx.xx.2025-ci il tarixində Bakı şəhərində vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən mənzil mərhum Yevgeniya Krılovanın mülkiyyətində idi. Miras qoyanın iddiaçı-İddiaçı başqa digər vərəsəsi yoxdur və sonuncu mirası faktiki olaraq qəbul etmişdir. Məhz bu səbəbdən iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin rəsmiləşdirilməsi məqsədilə notariat kontoruna müraciət etmişdir. Lakin Bakı şəhəri 23 saylı Notariat Ofisinin 21 aprel 2025-ci il tarixli məktubu ilə digər vərəsələrin mövcudluğu barədə məlumat təqdim edə bilməməsi əsas gətirilərək İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Aşağıdakılara əsasən hesab edir ki, notariusun imtinası əsassızdır. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsiniehtiva edir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Bu şəxslərə ölənin uşaqları, əri (arvadı), qardaş-bacıları, nənə - babaları və digər kateqoriya şəxslər aiddir. Göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir. Qeyd olunduğu kimi, qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə,ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləriardıcıllıqla nəzərə alınmışdır. Beləliklə, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti yalnızəvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbuletmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir. Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlımübahisə olmadığı təqdirdə mirasın qəbuledilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar. Hesab edir ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, notariuslar vərəsəlik şəhadətnaməsini verməlidirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlarda olan məlumata görə mərhumun bütün yaxın qohumları vəfat edib. Krılova Yevgeniya iddiaçının xalası qızı olub. Onun ailə üzvləri olan anası, atası və bacısı vəfat edib. Hazırda mübahisəli mənzildə iddiaçı yaşayır və evin açarları ondadır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamənin surətinə əsasən X34 23 may 1925-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X38, anası isə Aleksandra Zarkua. - İ-ЖГ № 278092 saylı, xx.xx.1975-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X35 ilə X34 arasında 14 oktyabr 1947-ci il tarixdə nikah bağlanmış və bu nikah 1127 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə “Krılov”, arvada “Krılova” soyadı verilmişdir. - doğum haqqında şəhadətnamənin surətinə əsasən X22 08 fevral 1948-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X35, anası isə X26. - doğum haqqında şəhadətnamənin surətinə əsasən X18 02 may 1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası X35, anası isə X23. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ЖГ № 372959 saylı, xx.xx.1976-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X35 12 oktyabr 1976-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ЖГ № 398063 saylı, xx.xx.1976-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X30 04 noyabr 1976-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İ-ИЕ № 306152 saylı, xx.xx.1959-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx xxxx 1959-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası isə X7. - Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş İİİ-ЖГ № 292379 saylı, xx.xx.1985-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X19 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - nikahın bağlanması haqqında 245 saylı, 17 aprel 1991-ci il tarixli akt qeydinə əsasən X24 ilə X22 arasında nikah bağlanmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, C.Bünyadzadə küçəsi, 15 saylı evin 42 saylı mənzili X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə reyestr kitabının 248 səhifəsində 36287 qeydəalma 30/36287 nömrəsi ilə xx.xx.1994-cü il tarixində qeydiyyat aparılmışdır. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 304468 saylı, 03 iyun 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X24 26 may 2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 654686 saylı, 20 dekabr 2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X22 xx.xx.2013-cü il tarixdə kəskin ağ ciyər ürək çatmamazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin İddiaçı ünvanladığı 10 iyul 2018-ci il tarixli arxiv arayışına əsasən “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərində 1927-ci ilə dair Bakı sovetinin inzibati şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında 11 iyul 1927-ci il tarixdə doğulan X15 təvəllüdü qeyd olunur. Atası: X32 – təvəllüdü – 1888-ci il, milliyyəti qeyd olunmayıb; anası: X16 - təvəllüdü – 1898-ci il, milliyyəti qeyd olunmayıb. - 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 974934 saylı, 09 oktyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X27 28 sentyabr 2018-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - 1 saylı Bakı “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 422145 saylı, 26 mart 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X4 17 mart 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 403590 saylı, 08 aprel 2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X18 xx.xx.2025-ci il tarixdə durğunluq ürək çatmamazlığı səbəbindən Bakı şəhərində vəfat etmişdir. - Bakı şəhəri 23 saylı Notariat ofisi tərəfindən verilmiş notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, İddiaçı miras qoyanın vərəsəsi kimi xx.xx.2025-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlaklardan ona çatan mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 23 saylı Notariat ofisinə ərizə ilə müraciət etmişdir. Vətəndaş İddiaçı digər vərəsələrin mövcudluğu barədə məlumat təqdim edə bilməmişdir. Bu səbəbdən də vətəndaş İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri Krılov Boris X2 xx.xx.1950-ci il təvəllüdlü Yevgeniya Krılovanın (xx.xx.2025-ci ildə vəfat etmişdir) doğumunun Yasamal rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Eyni zamanda bildirilmişdir ki, atası Krılov Aleksandr X1 xx.xx.1951-ci il təvəllüdlü Vladimir Krılovun doğumu Qusar rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. xx.xx.1953-cü il təvəllüdlü X9 doğumunun isə nikahı olmayan anadan olan uşağın doğumu kimi Şabran rayonunun Təzəkənd icra nümayəndəliyində qeydə alındığı və ana haqqında məlumat qrafasında X25 göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, informasiya sistemində Y.Krılovanın nikahı və övladları haqqında məlumat aşkar edilmədi. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən 1945-ci il təvəllüdlü X24 ilə 1948-ci il təvəllüdlü X12 nikahının xx.xx.1991-ci ildə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alındığı məlum olmuşdur. Həmçinin qeyd edilmişdir ki, informasiya sistemində valideynləri X35 ilə X17 xx.xx.1950-ci il təvəllüdlü X10 doğumu haqqında məlumat aşkar edilmişdir. Eyni zamanda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumata əsasən qeyd olunan şəxslərin adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli cavab məktubuna əsasən Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən 1945-ci il təvəllüdlü X24 ilə 1948-ci il təvəllüdlü X12 nikahının xx.xx.1991-ci ildə Nərimanov rayon qeydiyyat şöbəsində, habelə valideynləri X35 ilə X17 xx.xx.1950-ci il təvəllüdlü X10 doğumunun isə həmin ildə Yasamal rayon qeydiyyat şöbəsində qeydə alınmasına dair məlumat aşkar edilmişdir. Həmçinin informasiya sistemində atası X20 ilə X30 göstərilmiş xx.xx.1951-ci il təvəllüdlü Vladimir Krılov adlı şəxsin Qusar rayon qeydiyyat şöbəsi, habelə anası X30 qeyd edilməklə doğumu tək ana qaydasına qeydə alınmış xx.xx.1953-cü il təvəllüdlü X21 adlı şəxsin Şabran rayonunun Təzəkənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydlərinə dair məlumatlara rast gəlinmişdir. Bununla bağlı müvafiq məlumatlara dair akt qeydlərinin kserosurəti məhkəməyə təqdim olunur. Eyni zamanda qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində 75 il saxlanıldığını və bu müddət qurtardıqdan sonra qeydiyyat kitablarının saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verildiyini nəzərə alaraq X35 ilə Zarkua (Krılova) Tamara İvanovnanın doğumu haqqında məlumatın əldə edilməsi üçün sonuncu quruma müraciət etmək tövsiyə olunmuşdur. Bununla yanaşı “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən adıçəkilən şəxslərin adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. - 59 saylı doğum aktı qeydinə əsasən 1 iyul 1953-cü il təvəllüdlü Vasiliy Krılovun anası kimi 1928-ci il təvəllüdlü X30 qeyd edilmişdir. - 167 saylı doğum aktı qeydinə əsasən 14 avqust 1951-ci il təvəllüdlü Vladimir Krılovun atası kimi Aleksandr Krılov (25 yaş), anası kimi X30 (23 yaş) qeyd edilmişdir. - 894 saylı doğum aktı qeydinə əsasən 02 may 1950-ci il təvəllüdlü Yevgeniya Krılovanın atası kimi X35 (30 yaş), anası kimi X30 (25 yaş) qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1301.1-ci maddəsinə əsasən, əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Həmin Məcəllənin 1301.2-ci maddəsinə əsasən, əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Həmin Məcəllənin 1301.3-cü maddəsinə əsasən, əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, X18 xx.xx.2025-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 42 saylı mənzil mərhumun mülkiyyətində olmuşdur. Onun xalası qızı olan İddiaçı 5-ci növbə qanun üzrə vərəsədir. İddiaçı 21 aprel 2025-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisinə xx.xx.2025-ci il tarixdə vəfat etmiş X8 miras qalmış əmlaklardan ona çatan mirası qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmiş, lakin o, digər vərəsələrin mövcudluğu barədə məlumat təqdim edə bilmədiyindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, X5 atası X35 12 oktyabr 1976-cı il tarixdə, anası X30 04 noyabr 1976-cı il tarixdə Bakı şəhərində vəfat etmişlər. Mərhumun bacısı olan X22 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun həyat yoldaşı olan X24 26 may 2008-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçı olan İddiaçı anası X19 xx.xx.1985-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçının bacısı olan X4 17 mart 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Göründüyü kimi mərhum X5 Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən birinci, ikinci, üçüncü və dördüncü növbə üzrə qanun üzrə vərəsələri yoxdur. İddiaçı isə mərhumun xalası qızı kimi beşinci növbə vərəsəsidir. Məhkəmə eyni zamanda qeyd edir ki, məhkəmə araşdırması üçün sorğu əsasında təqdim edilmiş 59 saylı, 167 saylı və 894 saylı doğum akt qeydlərində qeyd olunmuş şəxslər 1928-ci il təvəllüdlü X30 başqa şəxsdir və hazırki işə heç bir aidiyyatı yoxdur. Belə ki, hazırki iş üzrə mərhumun anası X30 1925-ci təvvəllüdlüdür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı miras əmlak üzrə 5-ci növbə qanun üzrə vərəsələrin dairəsinə daxil olduğundan, iddia təmin edilməli, Bakı şəhəri 23 saylı Notariat ofisinin “notariat hərəkətinin aparılmasından imtina edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarı qanunsuz hesab edilməli, mərhum X13 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 15 ünvanında yerləşən 42 saylı mənzilə İddiaçı miras əmlakda tam hissədə pay hüququ müəyyən edilməli və həmin əmlaka iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 23 saylı Notariat ofisinin üzərinə qoyulmalıdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 23 saylı Notariat ofisinin “notariat hərəkətinin aparılmasından imtina edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarı qanunsuz hesab edilsin. Mərhum X13 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, ev 15 ünvanında yerləşən 42 saylı mənzilə İddiaçı miras əmlakda tam hissədə pay hüququ müəyyən edilsin və həmin əmlaka iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 23 saylı Notariat ofisinin üzərinə qoyulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar