Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3336/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 29 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən 200000 (iki yüz min) ABŞ dolları borc, borca görə əlavə illik 5% hesablanmaqla 4166 (dörd min yüz altmış altı) manat məbləğində pul, əldən çıxmış faydaya görə 10000 (on min) manat pul və iddia ərizəsinə görə ödənilmiş 645 (altı yüz qırx beş) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 MMC arasında 29 sentyabr 2022-ci il tarixli, Borcun ödənilməsi ilə bağlı qarşılıqlı öhdəliklərin icrası üzrə əqd bağlanmış və Bakı şəhəri 5 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmişdir. Tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən cavabdehlərin 200000 (iki yüz min) ABŞ dolları məbləğində borcun geri qaytarılmasında yaşadığı maliyyə çətinliyi səbəbindən, cavabdehin sifariş olunmuş və dəyəri ödənilmiş ona məxsus və Gürcüstan Respublikasının Poti şəhərində gömrükdə saxlanılan malları borcun qarşılığında iddaçıya təqdim etməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən mallar cavabdeh tərəfindən Azərbaycan Respublikasına daxil edildikdən sonra iddiaçıya təhvil veriləcəkdir və sözü gedən mallara qarşı heç bir tələbi olmayacaqdır. Müqavilənin 8.2-ci maddəsinə əsasən bu müqavilə tərəflər arasında 1.1-ci bənddə nəzərdə tutulan borc öhdəliyini təsdiq edən əsas razılaşmadır. Müqavilənin 8.4-cü maddəsinə əsasən isə bu müqaviləyə xitam verilməsi və ya tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi cavabdehlərin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan borc öhdəliyindən azad etmir. Həmçinin müqavilənin 8.5-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 (Ş/V:AA*******) öhdəlik götürür və təminat verir ki, bu müqavilənin 1.1-ci bəndində qeyd olunan borc Cavabdeh2 MMC tərəfindən bu müqavilədə nəzərdə tutulan qaydada və ya digər qaydadacari ilin sonunadək (xx.xx.2022) qaytarılmadıqda o fiziki şəxs olaraq borcun ona məxsus olduğunu qəbul edir, təsisçisi və direktoru olduğu Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır və onun tərəfindən qaytarılacaqdır. İddiaçı tərəfindən nəzərdə tutulan malların gətirilməsi tələb edilsə də, Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 şirkətinin, eləcə də özünün maddi vəziyyətinin gərgin olduğunu əsas gətirərək, 200000 (iki yüz min) ABŞ dolları borcun nağd qaydada ödəyəcəyini bildirmiş, lakin bu günədək hər hansı ödəniş etməmişdir. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak etməklə izahat verərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iclasında iştirak etməklə izahat verərək tələbin təmin olunmamasını xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan Tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilmiş 29 sentyabr 2022-ci il tarixli müqaviləsinin 8.2-ci maddəsinə əsasən bu müqavilə tərəflər arasında 1.1-ci bənddə nəzərdə tutulan borc öhdəliyini təsdiq edən əsas razılaşmadır. Həmin Müqavilənin 8.4-cü maddəsinə əsasən isə bu müqaviləyə xitam verilməsi və ya tərəflərin müqavilə üzrə öhdəliklərini icra etməməsi cavabdehlərin bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan borc öhdəliyindən azad etmir. Həmin Müqavilənin 8.5-ci maddəsinə əsasən Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 (Ş/V:AA*******) öhdəlik götürür və təminat verir ki, bu müqavilənin 1.1-ci bəndində qeyd olunan borc Cavabdeh2 MMC tərəfindən bu müqavilədə nəzərdə tutulan qaydada və ya digər qaydadacari ilin sonunadək (xx.xx.2022) qaytarılmadıqda o fiziki şəxs olaraq borcun ona məxsus olduğunu qəbul edir, təsisçisi və direktoru olduğu Cavabdeh2 MMC ilə birgə məsuliyyət daşıyır və onun tərəfindən qaytarılacaqdır. İş materiallarına cavabdeh tərəfindən təqdim edilmiş 2019-cu il tarixə aid olan müxtəlif ödəniş qəbzləri əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli müqavilənin şərtləri və aşağıdakı hüquq normaları çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən, qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Zərər qismində həm real zərər, həm də əldən çıxmış fayda çıxış edir. Məhkəmə qeyd edir ki, delikt hüquq institunun 3 dispozitiv şərti (hər üçü eyni vaxtda mövcud olmalıdır) vardır: 1. Zərər vuran şəxsin (cavabdeh) təqsiri olmalıdır. 2. Digər şəxsə maddi və ya mənəvi zərər vurulmalıdır. 3. Təqsirli əməllə (hərəkət və ya hərəkətsizlik) nəticə arasında səbəbli əlaqə olmalıdır. İddia tələbi üzrə 2-ci dispozitiv şərtin mövcud olması ehtimalını (prezumpsiya) nəzərə alsaq belə, 1 və 3-cü dispozitiv şərtlər yerinə yetirilmir. Odur ki, cavabdehin məsuliyyətinin maddi hüquqi əsası mövcud deyildir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, tərəflər arasında uzun müddətdir ki, birgə fəaliyyət münasibətləri vardır (müvafiq biznes fəaliyyəti ilə məşğul olurlar). Tərəflər arasında bağlanmış notarial qaydada təsdiq edilmiş 29 sentyabr 2022-ci il tarixli müqavilənin şərtlərinə əsasən müəyyən edilir ki, Cavabdeh2 MMC İddiaçı 200000 ABŞ dolları həcmində borcunun olduğunu qəbul etmiş və həmin məbləğin əvəzinə müvafiq əşyaları iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 MMC-nin təsisçisi və direktoru Cavabdeh1 həmin öhdəlik üzrə birgə məsuliyyət götürməklə zamin qismində müqavilə münasibətlərinə daxil olmuşdur. Lakin, cavabdehlər (əsas borclu və zamin) müqavilə üzrə öhdəliklərinə əməl etməmişlər. Sözügedən əsas borcun yaranmasına əsas olan müvafiq müqavilələrin şifahi formada bağlanması ehtimal edilir (yazılı müqavilə təqdim edilməmişdir, bu da müqavilələrin etibarsızlığına və əsassız varlanmaya dəlalət edir). Lakin, məhkəmə mübahisəni etibarsızlıq kontekstindən yox, tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli müqavilə şərtləri və borcun etirafı çərçivəsində həll etməyi qanuni və əsaslı hesab edir. Cavabdehin vəkili tərəfindən həmin öhdəliyin icrası ilə bağlı müvafiq qəbzlər təqdim edilsə də, müəyyən edilir ki, sözügedən qəbzlər üzrə ödəniş tarixləri 2019cu ilə aid olsa da, həmin öhdəliyin tənzimlənməsi ilə bağlı müqavilə 29 sentyabr 2022-ci il tarixdə bağlanmışdır. Deməli, sözügedən qəbzlər üzrə ödənişlər tərəflər arasında mövcud olmuş digər biznes münasibətlərinə aid edilməli, konkret öhdəlik üzrə 200.000 ABŞ dolları öhdəliyin hissəvi icrası kimi nəzərə alınmamalıdır. Odur ki, iddia tələbi 200000 ABŞ dollarının geri qaytarılması və cavabdehlər tərəfindən öhdəliyin vaxtında icra edilməməsi ilə bağlı əlavə illik 5% hesablanmaqla 4166 manat hissəsində əsaslı hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış fayda qismində 10.000 manat pulun tutulması hissəsində sübuta yetirilmir, iddiaçı tərəfindən bu barədə sübut təqdim edilməmiş, əsaslı mülahizələr bildirməmişdir. Odur ki, iddia tələbi sözügedən hissədə təmin edilməməlidir. Dövlət aparatının hissəsi olaraq məhkəmələr hüquqtətbiqetmə fəaliyyəti ilə mülki hüquq münasibətlərinin subyektlərinin hüquqi intizamlanması, qanunçuluq prinsipinə əməl etmələrinin təmin edilməsi məqsədilə hüquqi müəyyən, qüvvədə olan hüquq normalarının tətbiqini şərtsiz olaraq təmin etməlidirlər. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. İddia ərizəsində qeyd olunan xüsusatları təkzib edən sübutlar cavabdehlər tərəfindən məhkəməyə təqdim edilməmişdir. Mülki proses iştirakçıları (xüsusilə cavabdeh) prosessual aktivlik nümayiş etdirməklə iddia tələbinin təkzib edilməsi ilə bağlı sübutetmə fəaliyyətini təşkil etməlidir. Məhkəmənin işdəki tədqiq edilmiş iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Hazırki iddia tələbi üzrə öhdəliyinin icrasının təmin edilməsinin sübut edilməsi yükü cavabdehin üzərindədir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Cavabdehlər tərəfindən mülki iş üzrə icraatın dayandırılması istiqamətində vəsatətlər verilsə də, məhkəmə tərəfindən vəsatətlər təmin edilməmişdir. Belə ki, əqdin etibarsızlığı ilə xüsusata hazırki tələbin əqdə əsaslanması nəzərə alınmaqla məhkəmənin öz təşəbbüsü ilə hüquqi qiymət verilmiş və tərəflər arasında bağlanmış 29 sentyabr 2022-ci il tarixli müqavilə etibarlı hesab edilmişdir (etibarsızlıq xüsusatı müəyyən edilmir). Həmçinin, vəkil tərəfindən verilmiş vəsatət üzrə müqaviləyə xitam verilməsi xüsusatı ilə bağlı əgər öhdəliyə xitam verilməsi halları mövcuddursa da, cavabdeh həmin halları hazırki mübahisə üzrə təqdim etməli və öhdəliyin icra olunubolunmamasına hazırki mülki iş üzrə məhkəmə tərəfindən hüquqi qiymət verilməli idi. Tərəflər prosessual hüquqlarından sui-istifadə etməməli, məhkəmə isə süründürməçiliyə şərait yaratmamaqla “prosessual qənaət” prinsipinin tələblərinə əsasən mülki iş üzrə tələbə ağlabatan müddətdə baxaraq qərar qəbul etməli, ədalət mühakiməsi üzrə üzərinə düşən vəzifələri layiqincə icra etməlidir. Vəkil Nümayəndə xx.xx.2024-cü il tarixdə keçirilmiş sonuncu məhkəmə iclasında məhkəmənin cavabdeh tərəfin hüquqlarının təmin edilməsinə maneə törətdiyini bildirsə də, məhkəmə izah edir ki, mülki iş üzrə məhz cavabdeh tərəfin iştirakını təmin etmək məqsədilə ümumilikdə 4 (dörd) hazırlıq, 2 (iki) məhkəmə baxış iclası keçirilmişdir. Həmin iclasların 2-sində həmin vəkil iştirak etməmişdir. Vəkil isə xx.xx.2024-cü il tarixdə mülki iş üzrə icraata qoşulmuş, iş üzrə “Elektron məhkəmə” informasiya sistemində daxil edilmişdir. Yəni, vəkilin 3 ay 28 gün müdafiə imkanı olmuşdur. Bu müddət ərzində vəkil elektron sistemə həm sübutlarını əlavə etmək, həm qarşılıqlı iddia vermək və digər prosessual hüquqlarından tam sərbəst istifadə etmək imkan olmuşdur. Lakin, bunları etməmişdir. Vəkil bunu onunla izah etmişdir ki, fəaliyyət göstərməyən müəssisə barədə sübutları (ödəniş qəbzləri, gömrük bəyannamələri və s.) toplayıb təqdim etmək çətindir, uzun zaman tələb edilir. Məhkəmə də izah edir ki, məhkəmə mülki işə müəyyən edilmiş prosessual müddətlər (4 ay) daxilində baxıb qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən təmin olunması xüsusatı nəzərə alınmaqla iddiaçı tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 645 (altı yüz qırx beş) manat məhkəmə xərcinin 600 (altı yüz) manat hissəsi cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 29 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən 200000 (iki yüz min) ABŞ dolları pul (qətnamənin icra ediləcəyi günə uyğun manatın məzənnəsinə müvafiq olaraq), borca görə əlavə illik 5% hesablanmaqla 4166 (dörd min yüz altmış altı) manat məbləğində pul və ödənilmiş 645 (altı yüz qırx beş) manat dövlət rüsumunun 600 (altı yüz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı “pul” tələbinə iddiası qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 müştərək qaydada 29 sentyabr 2022-ci il tarixli müqaviləyə əsasən 200000 (iki yüz min) ABŞ dolları pul (qətnamənin icra ediləcəyi günə uyğun manatın məzənnəsinə müvafiq olaraq), borca görə əlavə illik 5% hesablanmaqla 4166 (dörd min yüz altmış altı) manat məbləğində pul və ödənilmiş 645 (altı yüz qırx beş) manat dövlət rüsumunun 600 (altı yüz) manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3336/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3336/2024
06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver