Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3355/2025 14.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə (açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi, müddətli əmək müqaviləsi) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, Ələsgərov Pərvin Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinə qarşı əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə ”Azərsu” ASC-yə Su şəbəkələrinin texniki istismarı şöbəsinin mühəndisi vəzifəsinə işə qəbul edilmiş, sonrakı illərdə həmin qurumda müxtəlif şöbələrdə işini davam etdirmişdir.
2. “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 212-K nömrəli əmrinə əsasən İddiaçı - Strateji inkişaf və Asan mərkəzlərlə işin təşkili departamentinin texmiki şərtlərin hazırlanması və icrasının təşkili şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir.
3. İddiaçı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinə ünvanladığı xx.xx.2025ci il tarixli ərizə ilə Strateji inkişaf və Asan mərkəzlərlə işin təşkili şöbəsinin Texniki şərtlərin hazırlanması və icrasının təşkili sektoruna mühəndis vəzifəsinə işə qəbul edilməyini xahiş etmişdir.
4. “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 230-K nömrəli əmri ilə İddiaçı xx.xx.2024-cü il tarixdən strateji inkişaf və Asan mərkəzlərlə işin təşkili departamentinin Texniki şərtlərin hazırlanması və icrasının təşkili sektorunun mühəndisi vəzifəsinə təyin edilmişdir.
5. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə xx.xx.2024-cü il tarixli müddətli əmək müqaviləsi bağlanaraq xx.xx.2024-cü il tarixədək Texniki şərtlərin hazırlanması və icrasının təşkili şöbəsinin mühəndisi vəzifəsinə təyin edilmişdir.
6. xx.xx.2025-ci il tarixli, 3-53-3/2-2679/2024 nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında xəbərdarlıqdan görünür ki, İddiaçı əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitməsi, həmin tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir.
7. “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 67-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsini nəzərə alaraq əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.
İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları
a) iddia tələbi
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2025-ci il tarixli, 67-K nömrəli əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa olunma və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddianın əsaslarına görə, iddiaçı xx.xx.2013-cü il tarixdə 70-k nömrəli əmrlə "xxxx" ASC-nin Su bəndlərinin texniki istismarı şöbəsinə mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə 09/k nömrəli əmrlə texniki istehsalat şöbəsinə, xx.xx.2016cı il tarixdə 47 nömrəli əmrlə Yağış suları və kanalizasiya sistemlərinin idarə olunması şöbəsinə mühəndis vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə 272 nömrəli əmrlə Texniki şərtlərin hazırlanması şöbəsinə mühəndis vəzifəsinə, xx.xx.2022-ci il tarixdə 222 nömrəli əmrlə Strateji təşkili departamentinin texniki şərtlərin hazırlanması və icrasının təşkili şöbəsinə mühəndis vəzifəsinə keçirilmişdir. İddiaçı işlədiyi müddətdə daim öz əmək funksiyalarını vicdanla yerinə yetirmiş, kollektivdə nümunəvi işçi kimi fərqlənmiş və müsbət xarakterizə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında xx.xx.2023-cü il tarixli fərmanının 5.2-ci bəndinə əsasən "xxxx" ASC çevrilmə yolu ilə yenidən təşkil edilərək “İri şəhərlərin X1 Xidməti” Publik Hüquqi şəxsi olaraq fəaliyyətini davam etdirmişdir və onun hüquqi varisidir. Bundan sonra iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə 212-k nömrəli əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq xitam verilmiş və ertəsi gün heç bir fasilə olmadan xx.xx.2024-cü il tarixdə 230-k nömrəli əmrlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin X1 Xidməti” Publik Hüquqi şəxsinin Strateji inkişaf və Asan mərkəzlərlə işin təşkili sektoruna mühəndis vəzifəsinə təyin edilmişdir. Bu zaman iddiaçı beş ildən artıq həmin müəssisədə fasiləsiz işləməsinə baxmayaraq onunla müddətli müqavilə bağlanmışdır. Halbuki, iddiaçı yenidən eyni vəzifədə - yəni, Strateji inkişaf və Asan mərkəzlərlə işin təşkili departamentinin texniki şərtlərin hazırlanması və icrasının təşkili şöbəsinə mühəndis vəzifəsində işləməyə davam etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə isə 002/F nömrəli əmrlə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “İri Şəhərlərin X1 Xidməti” Publik Hüquqi şəxsinin Strateji inkişaf və Asan mərkəzlərlə işin təşkili sektoruna məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “İri Şəhərlərin X1 Xidməti” Publik Hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 3-53-3/2-2679/202 nömrəli məktubu əsasında İddiaçı xəbərdarlıq məktubu göndərilərək Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən bağlanılmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam ediləcəyi bildirilmişdir. xx.xx.2025-ci il tarixdə isə 67-k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi nəzərə alınaraq əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə də yuxarıda qeyd edilənlərə əsasən, cavabdeh təşkilat Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq iddiaçıya bir həftə qalmış xəbərdarlıq etmədiyinə görə əmək müqaviləsi yenidən özündə nəzərdə tutulmuş müddətə deyil, beş ildən artıq həmin müəssisədə fasiləsiz işlədiyinə görə müddətsiz bağlanmalıdır. Lakin, cavabdeh qanunsuz olaraq əmək müqaviləsinə xitam verilməsinə dair qərar çıxarmışdır.
b) iddiaya qarşı etiraz
10. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) məhkəmə icraat iştiakçılarının izahatları
11. Məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişlər.
12. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verib, iddianın təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ... Maddə 45. Əmək müqaviləsinin müddəti
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır;
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir;
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz;
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır;
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir; Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; Maddə 68.1. Əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası
1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur;
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər; Maddə 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83.2 Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir; Maddə 300.
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarı: “Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. ... Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir. ... Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir.”
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)- 4262/2023 nömrəli Qərarı: “- 72. Bu baxımdan, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. ... - 79. ... Məlum olduğu kimi, işçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.”
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
Məhkəmə baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
18. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2013-cü tarixdə cavabdeh qurumda işə başlamış, orada uzun illər fasiləsiz olaraq orada işləmişdir.
19. Cavabdeh qurumda təşkilati-sturuktur dəyişikliklər olduqdan sonra, “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 212-K nömrəli əmri iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, başqa işə keçməsi ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, həmin tarixdən yeni əmək müqaviləsi bağlanmaqla Strateji inkişaf və Asan mərkəzlərlə işin təşkili departamentinin Texniki şərtlərin hazırlanması və icrasının təşkili sektorunun mühəndisi vəzifəsinə təyin edilmişdir.
20. Əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, iddiaçı ilə bağlanmış yeni əmək müqaviləsi müddətli olmuş, müddətin qurtardığı tarix xx.xx.2024-cü il tarixi olmuşdur. Həmin tarixdən sonra da iddiaçı işini davam etdirsə də, xx.xx.2025-ci il tarixdə iddiaçıya əmək müqaviləsinin müddətinin xx.xx.2025-cü il tarixdə bitməsi, həmin tarixdə əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq göndərilmiş, xx.xx.2025-ci il tarixli, 67-K nömrəli əmr ilə isə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən, Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsini nəzərə alaraq əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdən xitam verilmişdir.
21. Hazırda iddiaçı əmək müqaviləsinin əsassız ləğv edildiyini irəli sürür.
22. Məhkəmə iddiaçı tərəfin dəlillərini, işin faktiki halları ilə birlikdə maddi-hüquqi əsaslar baxımından yoxlayaraq hesab edir ki, iddia təmin edilməlidir.
23. Belə ki, iddiaçının 11 ildən artıq müddətdə əvvəllər ”Azərsu” ASC, daha sonra “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsində fasiləsiz işlədiyi mübahisə edilmir.
24. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.
25. Məcəllənin 47-ci maddəsində müddətli əmək müqaviləsi bağlanmasına yol verilən halların dairəsi göstərilmiş, eyni zamanda tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasının mümkünlüyü də təsbit edilmişdir.
26. Hazırkı halda mübahisələndirilən əmr ilə ləğv edilmiş əmək müqaviləsi iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış, bundan əvvəl isə iddiaçı xx.xx.2024-cü ilədək, həmin qurumda Strateji inkişaf və Asan mərkəzlərlə işin təşkili departamentinin Texniki şərtlərin hazırlanması və icrasının təşkili sektorunun mühəndisi vəzifəsində işləmişdir.
27. Göründüyü kimi, iddiaçının eyni qurumla bağladığı müddətsiz müqavilə ləğv edilərək, cəmi bir gün sonra eyni vəzifə üzrə yeni müddətli əmək müqaviləsi bağlanmışdır. Bu isə qanunvericiliyin əmək münasibətləri sferasında verdiyi təminatlara, əmək münasibətlərinin təməl prinsiplərinə ziddir.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2024-cü il tarixli Qərarında da göstərilmişdir ki, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2023-cü il tarixli, 2(102)- 4262/2023 nömrəli Qərarında isə göstərilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsində işə başlama tarixinin göstərilməsindən asılı olmayaraq, iddiaçının müəssisədə nə vaxtdan işləməsi araşdırılmalıdır. Çünki Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə görə müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edirsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İşçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.
30. Hazırkı halda əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdə iddiaçının işə başlama tarixi xx.xx.2024-cü il tarixi göstərilsə də iddiaçı artıq uzun illər idi ki, həmin müəssisədə çalışırdı. İşçinin heç bir ağlabatan səbəb olmadan öz arzusu ilə əmək müqaviləsinə xitam verilməsini xahiş edib, bir gün sonra könüllü olaraq müddətli əmək müqaviləsi bağlaması isə əlbəttə ki, inandırıcı deyil. Hazırda müqavilənin ləğv edilməsi barədə əmrin mübahisələndirməsi də bütün proseslərin iddiaçının iradəsinə zidd həyata keçirildiyini təsdiq edir.
31. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumunun adıçəkilən qərarında da göstərildiyi kimi, Əmək Məcəlləsinin “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” adlı 1-ci Əlavəsinin 2.3-cü bəndinə əsasən əmək müqaviləsinin hansı səbəbə görə müddətli bağlanılması göstərilməlidir.
32. Hazırkı iş üzrə cavabdeh tərəfə məhkəmə iclasları barədə məlumat verilməsinə və çəkişmə prinsipinə uyğun öz dəlil və sübutlarını təqdim etməyə şərait yaradılmasına baxmayaraq, cavabdeh tərəfindən mübahisələndirilən əmrlə ləğv edilmiş müddətli əmək müqaviləsinin özü təqdim edilməmiş, nəticədə müddətsiz əmək müqaviləsinin hansı səbəblə bağlanması barədə müqavilədə qeyd olub-olmamasını araşdırmaq mümkün olmamışdır. İddiaçının müddətsiz əmək müqaviləsinin ləğv edilərək, cəmi bir gün sonra yeni müddətli əmək müqaviləsi bağlanmasının hansı zərurətdən irəli gəldiyi barədə hər hansı dəlil, mülahizə də irəli sürülməmişdir.
33. Bundan əlavə, əmək müqaviləsi ləğv edilərkən prosedur tələblərə də əməl edilməmişdir. Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.
34. Cavabdeh tərəfindən təqdim olunmuş xəbərdarlığın tərtib edilmə tarixi xx.xx.2025-ci il olmuş, yuxarıda göstərilən azı bir həftəlik müddət gözlənilmədən xx.xx.2025-ci il tarixdə isə əmək müqaviləsi ləğv edilmişdir.
35. Qeyd olunanlardan hasil olunan nəticə ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi qanunsuz olmuşdur.
36. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən pozuntulara yol verilmişdir ki, bu da əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğvinə, eyni zamanda iddiaçının əvvəlki vəzifə üzrə işə bərpa edilməsinə əsas verir.
37. İddia tələbinin məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi hissəsi də əsaslıdır, məcburi işburaxma dövrü üçün əmək haqqının iddiaçıya ödənilməsi təmin edilməlidir.
38. Məcəllənin 300-cü maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
39. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli 67-K nömrəli əmri ləğv edilməli, İddiaçı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin Strateji inkişaf və Ssan mərkəzlərlə işin təşkili şöbəsinin Texniki şərtlərin hazırlanması və icrasının təşkili sektorunun məsləhətçisi vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa edilməli və xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı İddiaçı ödənilməlidir.
40. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2025-ci il tarixli 67-K nömrəli əmri ləğv edilsin. İddiaçı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsinin Strateji inkişaf və Asan mərkəzlərlə işin təşkili şöbəsinin Texniki şərtlərin hazırlanması və icrasının təşkili sektorunun məsləhətçisi vəzifəsinə müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün əmək haqqı “İri Şəhərlərin X1 Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM Aytəkin Əsədzadə