Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3441/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh X3 Kompleksi MMC-ə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 Kompleksi MMC-ə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onun işdən azad olunmağına dair əmrini ləğv edib onu işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun illərdi Azərpampıq Aqrar sənaye Kompleksi MMC-də işləyir. Uzun illərdi onun heç bir töhməti və ya xəbərdarlığı omayıb. xx.xx.2024-cü ildə ona xəbərdarlıq edilərək ixtisara düşəcəyini bildirmişlər. O, buna etiraz edərək etirazını bildirmişdir. Bununla əlagədar mediasiya təşkilatına müraciət etmiş, cavabdeh təşkilat əmri verilməmişdən əvvəl İlkin mediasiya sesiyasına gəlməmişlər. xx.xx.2025-ci il tarixdə onun əmək kitabcası ona verildi və o, yenidən işə bərpa olunmağı üçün mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh təşkilat yenidən mediasiya sesiyasında iştirak etməmiş və bundan sonra məhkəməyə müraciət etmişdir. Bu günlərdə bilmişdir ki, onu ixtisara saldıqdan sonra onun ştatını bərpa edib onun işcisini onun yerinə götürmüşlər. Əgər ştat cədvəli ləğv olunmuşdursa tam ləğv olunmalı idi, yox sonradan ştat cədvəli yaradılacaydısa niyə onu uzaqlaşdırırdılar. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər bir şəxs işləmək hüququna malikdir. Amma cavabdeh heç bir əsas olmadan onu ixtisar adı ilə işdən cıxarıb digər bir işcini işə götürmüşdür. Cavabdeh “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti AZEMİS elektron kabinet vasitəsilə 24 iyun 2025-ci il tarixdə iddia müddətinin tətbiqi barədə vəsatət ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, icraatda olan e-2(004)-3441/2025 nömrəli iş üzrə iddia müddəti ötmüşdür. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi, İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Bununla bağlı əmr və xitam bildirişi həmin gün ƏMAS portalı üzərindən iddiaçının elektron kabinetinə göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.2-ci maddəsinə görə, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Eyni məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarına görə, “Fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyrimüəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü hissəsinə görə isə məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Bununla yanaşı Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə müvafiq olaraq, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.” Qeyd olunan normaları nəzərə alsaq, məlum olur ki, iddiaçının iddia müddətinin axımı xx.xx.2024-cü il tarixindən başlamış və xx.xx.2024-cü il tarixində bitmişdir. Yuxarıda yazılanları və Mülki Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini nəzərə alaraq, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, 2010-cu ildən cavabdeh qurumda böyük laborant vəzifəsində işləmişdir. 2024-cü ilin oktyabr ayında müdir və kadrlar şöbəsinin rəhbəri vəzifəsinin ixtisara düşdüyünü dedilər. O, işdən çıxdıqdan sonra isə, onun yerinə onun köməkçisi olan və heç bir ali təhsili olmayan işçini təyin ediblər. Qeyd edir ki, öyük laborant vəzifəsi ixtisar olunsa da, o, orada laborant kimi işləyə bilərdi. Lakin ona heç bir başqa vəzifə təklif edilməyib. Onu əmrlə tanış etməyiblər. Xəbərdarlığı isə sonradan poçt vasitəsilə göndəriblər. İxtisası texnik-texnoloqdur. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Sədrlik dənin sualına cavab olaraq bildirir ki, xx.xx.2024-cü ildə ona xəbərdarlıq edilərək ixtisara düşəcəyini bildirmişlər. Həmin gündən sonra isə işə gəlməməyi dedilər. Həmin müddətlərdə isə ona əmək haqqı hesablanmışdır. Son haqq hesab 27 noyabr 2024-cü il tarixdə ona ödənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək iddia müddətinin tətbiqi barədə ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin əsassız olduğundan və iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - işəgötürən “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında arasında bağlanmış 00031/21 saylı, 11 iyun 2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı böyük laborant vəzifəsinə işə qəbul edilmiş və müqavilə 11 sentyabr 2021-ci il tarixədək bağlanılmışdır. - işəgötürən “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1-2024-174 saylı, 10 oktyabr 2024-cü il tarixli ştat vahidlərinin ixtisar edilməsi haqqında əmrinə əsasən Cəmiyyətin Ağdam PİTM, Tərtər PİTM və Goranboy PİTM filiallarında Pambığın qəbulu, saxlanılması və laborator nəzarət sahəsində olan böyük laborant vəzifəsi üzrə ştat vahidlərinin ləğv edilməsi əmr edilmişdir. - işəgötürən “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanladığı 10 oktyabr 2024-cü il tarixli xəbərdarlıq məktubuna əsasən böyük laborant vəzifəsi üzrə ştat vahidi ixtisara olunduğu və 6 təqvim həftəsindən sonra işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - işəgötürən “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin K-1-13-2024-202 saylı, 14 noyabr 2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştatın ixtisar edilməsi) uyğun olaraq İddiaçı ilə “X3 Kompleksi” MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilmiş və son haqq-hesab ödənilmişdir. - işəgötürən “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı ünvanladığı 27 noyabr 2024-cü il tarixli məktubuna əsasən onun tərəfindən əmək kitabçası “X3 Kompleksi” MMC-nin X4 və Tədarükü Məntəqəsi filialının İnibati təminat bölməsindən təhvil alınmamış və həmin filiala yaxınlaşaraq əmək kitabçasının təhvil alınması bildirilmişdir. - işəgötürən “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 iyun 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Cəmiyyətlərində həmkarlar ittifaqı yaradılmamışdır və fəaliyyət göstərmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə “X3 Kompleksi” MMC arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq böyük laborant vəzifəsinə təyin olunmuşdur. “X3 Kompleksi” MMC-nin 1-2024-174 saylı, 10 oktyabr 2024-cü il tarixli ştat vahidlərinin ixtisar edilməsi haqqında əmrinə əsasən Cəmiyyətin Ağdam PİTM, Tərtər PİTM və Goranboy PİTM filiallarında Pambığın qəbulu, saxlanılması və laborator nəzarət sahəsində olan böyük laborant vəzifəsi üzrə ştat vahidlərinin ləğv edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq “X3 Kompleksi” MMC tərəfindən 10 oktyabr 2024-cü il tarixli xəbərdarlıq məktubu İddiaçı qeydiyyatda olduğu ünvana sürətli poçtla göndərilmiş və xəbərdarlıq məktubunun xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən alınması barədə 481314 nömrəli qəbzdə qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (ştatın ixtisar edilməsi) uyğun olaraq İddiaçı ilə “X3 Kompleksi” MMC arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş və son haqq-hesab ödənilmişdir. Məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, ilk növbədə məhkəmə qeyd edir ki, iddiaçının özünün məhkəmə iclasında bildirdiyi kimi, sözügedən əmrdən 2024-cü ilin oktyabr-noyabr ayında məlumatı olmuşdur. Belə ki, ona işdən çıxarılacaq və ştatının ləğv olunduğu 10 oktyabr 2024-cü ildə iş yerində ona bildirilmiş, daha sonra sürətli poçt vasitsəilə göndərilmişdir. Son-haqq hesab 27 noyabr 2024-cü il tarixdə iddiaçının hesabına köçürülmüşdür. Göründüyü kimi iddiaçı işdən ştatın ləğvi ilə çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına (məhkəmədə verdiyi izahatları ilə, istər son haqq-hesabın köçürülməsi bunu sübut edir) baxmayaraq Mediasiya Şurasına 21 fevral 2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 02 ay sonra mediasiya şurasına müraciət etmişdir. Bundan əlavə Mediasiya arayışı 07 aprel 2025-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, məhkəməyə 1 ay sonra müraciət etmişdir. Beləliklə, məhkəmə İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı fərdi əmək mübahisəsinin həll edilməsi üçün hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2025-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdehin nümayəndəsi və vəkili R.Əmirova yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “X3 Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Əmək Məcəlləsinin 70 “b” bəndinə əsasən işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli K-1-13-2024-202 saylı əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından), iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin: - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3 Kompleksi MMC-ə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-3441/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3441/2025
04.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver