Məhkəmə qərarları › İş №e-2(004)-3484/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3484/2025

18.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3484/2025 18.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbi barədə ərizəsinə dair iş üzrə (açar sözlər: nikahın etibarsızlığı) Hakim Əsədzadə Aytəkin Aqil oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-T seriyalı, 611410 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə rəsmi nikaha daxil olmuş və bu barədə akt qeydləri kitabında 4189 nömrə ilə qeydiyyat aparılmışdır.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə 4189 nömrəli qeydlə Cavabdeh ilə bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Ərizənin əsaslarına görə, İddiaçı ilə xx.xx.2023-cu il tarixdə Cavabdeh arasında 3 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 4189 nömrəli qeydlə rəsmi nikah bağlanmışdır. Lakin qeyd olunan nikah Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26.1.3-cü maddəsinə əsasən etibarsız sayılmalıdır. Bu nikah onun və cavabdehin iradəsinə zidd olaraq, valideynlərin təkidi və psixoloji təzyiqi nəticəsində bağlanmışdır. Bunu valideynləri də təsdiq edə bilərlər. Nikahın bağlanması zamanı onun və cavabdehin həqiqi və sərbəst iradəsi olmamış, ailə qurmaq niyyəti ümumiyyətlə mövcud olmamışdır. Sadəcə nişan olmuşdur. Nikahdan sonra faktiki olaraq ər-arvad münasibətləri yaranmamışdır, birgə yaşayış və ümumi ailə təsərrüfatı aparılmamışdır. Bir müddət sonra ayrı düşüncəli insanlar olduğunu anlamışlar, nişanı ikisinin də istəyi ilə qaytarmışdır. Faktiki olaraq ər-arvad münasibətləri yaranmadığından keçmiş nişanlısının adına söz çıxmamasına, onun və cavabdehin gələcəkdə başqa bir şəxslə ailə qurarkən rəsmi olaraq boşanmış bir şəxs kimi yox, subay biri kimi ailə qurması üçün belə bir iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

b) iddiaya qarşı etiraz

4. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştiakçılarının izahatları

5. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin məzmununa uyğun izahat verərək nikahın etibarsız hesab edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinin təmin edilməsinə etiraz etməyərək, izahatında göstərdi ki, onlar ailələrin məsləhəti və təkidi ilə evlənmişlər, aralarında ailə münasibəti olmamış, həm iddiaçı, həm o istəksiz olmuşlar.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, cavabdeh onun bacısıdır. Tərəflər nişanlı olublar, lakin ər-arvad münasibətləri olmamışdır. Onlar valideynlərin məsləhəti ilə evlənmişlər, lakin sonradan həm iddiaçı, həm onun bacısı istəksiz olmuşlar.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. İ. Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir; Maddə 34. İİ. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 11.1. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13.3-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir; Maddə 25.1. Bu məcəllənin 10–12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır; Maddə 25.2. Nikah məhkəmə qaydasında etibarsız sayılır; Maddə 26.1. Aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad).

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

12. Məhkəmə iddia ərizəsi və əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməməlidir.

13. Hazırda tərəflərin hər ikisi saxta nikah bağladıqlarını, yəni ailə qurmaq niyyəti olmadan valideynlərin təsiri ilə nikah bağladıqlarını bildirirlər.

14. Əvvəla, tərəflərin qeyd etdikləri dəlillər, yəni valideynlərin təsiri ilə nikah bağlanması, onların heç birinin nikaha daxil olmaq barədə könüllü iradə ifadələrinin olmaması işdəki sübutlarla öz təsdiqini tapmır. Tərəflərin izahatlarından məlum olur ki, valideynlərin məsləhəti ilə tərəflər nikaha daxil olsalar da sonradan aralarında anlaşılmazlıq-istəksizlik yaranmış, buna görə də münasibətlərin davam etdirilməsi mümkünsüz olmuşdur.

15. Digər tərəfdən, nikahın saxta olması təsdiq olunsa belə, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ərin və ya arvadın nikahın etibarsızlığını tələb etmək hüququ yaranır. Hazırki iş üzrə tərəflərin bəyan etdiklərinin həqiqi olduğu qəbul edilsə belə, hər ikisi saxta nikah bağladıqlarını əvvəldən bildikləri üçün onların belə bir tələblə məhkəməyə müraciət etmək hüquqları yoxdur.

16. Bu Ailə Məcəlləsinin 26.1.7-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddəyə əsasən saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) etibarsızlıqla bağlı tələb irəli sürə bilər.

17. MPM-in 52.5-ci maddəsinin tələbinə əsasən, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

18. Qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdeh iddianı etiraf etsə də, bu cür etiraf Ailə Məcəlləsinin normalarına zidd olduğundan məhkəmə tərəfindən qəbul edilə bilməz.

19. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilənlərə əsasən iddia rədd edilməlidir.

20. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİM Aytəkin Əsədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar