Məhkəmə qərarları › İş №e-2(004)-3491/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3491/2023

28.09.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3491/2023 28.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X21 oğlunun katibliyi ilə, İddiaçının vəkili Vəkil2, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh “Bakı Dövlət Universitet” publik hüquqi şəxsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Bakı Dövlət Universitet” publik hüquqi şəxsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Bakı Dövlət Universitetinin rektoru X4 imzaladığı 10 mart 2023-cü il tarixli əmrin ləğv edilməsi; iddiaçının işə bərpa olunması; məcburi işburaxma dövrü üzrə əmək haqqı, digər ödənclər və hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (hazırki adı Bakı Dövlət Universiteti) baş müəllim vəzifəsinə qəbul olunmuş və 47 il orada qüsursuz fəaliyyət göstərmişdir. Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin 10 mart 2023-cü il tarixli əmri ilə onunla Bakı Dövlət Universiteti arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə göstərilir ki, “Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı 2022-ci il 10 noyabr tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. O, həmçinin əmək və tədris intizamını, BDU işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozaraq BDU-nun nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Bütün bunlar müvafiq şikayətlər, ərizələr, təqdimatlar, aktlar, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin 2023-cü il 27 fevral tarixli iclasının 70 saylı protokolundan çıxarış ilə təsdiq edilir”. xx.xx.2022-ci il tarixində Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanı X5 heç bir qanuni əsas olmadan iddiaçını auditoriyadan çıxarmaqla Universitetin binasından kənarlaşdırmış, onun əmək funksiyaların icrasına maneə yaratmışdır. Bundan sonra iddiaçı Bakı şəhər Yasamal rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. X1 rayon prokurorluğunda verdiyi izahatında guya iddiaçı barəsində tələbələr tərəfindən şikayətlər olması səbəbindən o, bir daha Tətbiqi riyaziyyat və kibernetika fakültəsində olan dərslərə buraxılmamışdır. Əmr ona 04 may 2023-cü il tarixində təqdim edilmişdir. Noyabr ayının əvvəllərində Bakı Dövlət Universitetinin X2 dekanı əmək funksiyalarının icrasını həyata keçirən zaman, yəni bilavasitə auditoriyada dərs aparan zaman, vəzifə səlahiyyətlərindən açıq aşkar kənara çıxaraq onu auditoriyadan məcburi çıxarmışdır. Bundan sonra o Bakı Dövlət Universitetinin rektorunun qəbuluna girmək istəmiş, lakin ona bunun üçün şərait yaradılmamışdır. O universitetin ərazisindən çıxarılmış və mühafizə xidməti onu bir daha Bakı Dövlət Universitetinin ərazisinə buraxmamışdır. Bu səbəbdən də şikayət ərizəsi ilə Bakı şəhər Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Əmrin məzmunundan belə görünür ki, guya iddiaçı 10 noyabr 2022-ci il tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Əmrdə həmçinin qeyd olunur ki, iddiaçı əmək və tədris intizamını, BDU işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozaraq BDU-nun nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş sübutlardan görünür ki, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı X5 tərəfindən iddiaçının əmək funksiyalarının icrasına qanunsuz və əsassız maneə yaradılmış, iddiaçı bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etməklə işəgötürənin bundan xəbərdar edilməsini təmin etmişdir. Əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83, 84, 187-ci maddərinin tələbləri pozulmaqla qəbul olunmuşdur. Belə ki, Əmr əsaslandırılmamışdır. Əmrdə onun konkret hansı hərəkətləri ilə müəssisənin nüfuzuna və mənafeyinə zərər vurmağı açıqlanmamışdır. Əmrdə müəssisənin hüquqi ünvanı və əmri imzalamış şəxsin ata adı göstərilməmişdir. Əmr verilməmişdən öncə onun izahatı alınmamış, bunun üçün ona təklif göndərilməmişdir. “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanı X5 onu əmək funksiyalarının icrasından qanunsuz kənarlaşdırmaqla vəzifə səlahiyyətlərini aşmış, lakin əmrdə onun “xidməti məlumatları”na hüquqi əsas kimi istinad olunmuşdur. Qeyd olunmalıdır ki, X1 rayon prokurorluğunda izahat verərək onu əmək funksiyalarının icrasına buraxmadığını bildirmişdir. Həmin şəxsin xidməti məlumatlarına əsaslanan Bakı Dövlət Universitetinin rektoru isə əmək funksiyalarını icra etmədiyini əsas gətirərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Əmrdə göstərilən digər xüsusatlar böhtan xarakterlidir və həqiqətə uyğun deyil. Daha sonra cavabdeh “Bakı Dövlət Universitet” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 İddiaçı cavabdeh “Bakı Dövlət Universitet” publik hüquqi şəxsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, iddia ərizəsi tamamilə əsassız fərziyələr əsasında tərtib edilmişdir. İddia ərizəsində qeyd edilir ki, guya, “Bakı Dövlət Universitetinin rektorunda iddiaçıya qarşı qərəzli münasibət yaranmış və buna görə də əmək fəaliyyətinə müxtəlif maneələr yaranmağa başlanmış, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona zaman-zaman əsassız təkliflər edilmiş, bütün bu təkliflər tərəfindən rədd edilmişdir”. Halbuki iddiaçıya işlədiyi dövr ərzində fəaliyyətinə hər hansı bir maneə yaradılmamış, ona əmək müqaviləsini xitam verilməsi ilə bağlı heç bir təklif olunmamışdır. Təbii ki, iddiaçının bunu təsdiq edəcək heç bir dəlil və sübutu yoxdur və ola da bilməz. Əksinə iddiaçı özü əmək vəzifələrini, və funksiyalarını icra etməkdən qəsdən yayındığı, işə məsuliyyətsiz yanaşdığı, əmək funksiyasını kobud surətdə pozaraq 10 noyabr 2022-ci il tarixindən 2023-cü ilin fevral ayına kimi işə gəlmədiyi üçün əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Bu barədə iddiaçının nümayəndəsi də məhkəmə iclasında etiraf etmiş, guya iddiaçının universitetə gəlməyinə mane olunduğunu bildirmişdir. Halbuki onun universitetə (iş yerinə) gəlməsinə heç bir maneçilik yaradılmamış, onun bu müddət ərzində bununla bağlı rektora (işəgötürənə) hər hansı bir müraciəti də olmamışdır. Mühafizə xidmətinin iddiaçını universitetin ərazisinə buraxmaması ilə bağlı iddiası da əsassızdır. Çünki birincisi iddiaçının universitetə buraxılmaması ilə bağlı mühafizə xidmətinə hər hansı bir göstəriş verilməmişdir. İkincisi, BDU-da turniket sistemi tətbiq edilir ki, universitet kartı olan hər kəs, mühafizə xidmətinin razılığından asılı olmayaraq kartını turniketə yaxınlaşdıraraq universitet ərazisinə girmək imkanına malikdir. Yalnız kartı olmayan və ya kənar şəxslərin universitet ərazisinə girişi təhsilalanların və işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırılmış olub, icazə sistemi ilə həyata keçirilir. Bundan başqa il ərzində hər həftənin cümə günləri Rektorun rəsmi qəbul günü olmuşdur və qəbul üçün müraciət edən istənilən şəxs rektor tərəfindən qəbul edilmişdir. İddiaçının isə rektorun qəbulunda olmaqla bağlı müraciəti isə ümumiyyətlə olmamışdır. Yasamal rayon prokurorluğuna müraciətin məzmunu isə ümumiyyətlə iddiaçının universitet ərazisinə daxil olmasına mane olunması və ya işəgötürənin ona qarşı qərəzli davranışı ilə deyil, Məhəmməd Mehdiyevin ona qarşı davranışı ilə bağlı olmuşdur. Bu da təbii ki, iki şəxsin arasında olan münasibət olub işəgötürənin mövqeyini əks etdirmir. Eləcə də iddiaçı BDU Həmkarlar İttifaqı Komitəsinin üzvü kimi hazırki iş üzrə Komitəyə də müraciət etməmiş və hətta onunla bağlı təqdimata baxılarkən rəsmi qaydada dəvət olunmasına baxmayaraq iclasda iştirak etməkdən imtina etmişdir. İddiaçının hər hansı bir şikayətlə başqa orqanlara, o cümlədən prokurorluq orqanlarına müraciət etməsi onun işəgötürənə, həmkarlara müraciət etməkdən azad etmir. İddia ərizəsində qeyd edilir ki, “iddiaçı bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etməklə işəgötürənin bundan xəbərdar edilməsini təmin etmişdir.” Halbuki bu barədə işəgötürənə heç bir müraciət edilməmişdir. İddiaçı BDU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasının əməkdaşı olmuşdur. İddia ərizəsində guya onun universitetdən uzaqlaşdırdığı deyilən Məhəmməd Mehdiyev isə “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanıdır və onun ümumiyyətlə işçi ilə bağlı universitetdən kənarlaşdırmaq səlahiyyəti yoxdur. Hətta iddiaçı bununla bağlı nə əməkdaşı olduğu fakültənin rəhbərliyinə, nə kafedranın rəhbərinə, nə də BDU-nun rəhbərliyinə heç bir müraciəti olmamışdır. Digər tərəfdən iddiaçı Fililogiya fakültəsinin əməkdaşı olaraq Tətbiqi riyaziyyat və kibernetika fakültəsi ilə yanaşı eyni zamanda Biologiya fakültəsində də dərs aparmışdır və o bu 4 aylıq müddət ərizəndə həmin fakültədəki dərslərinə belə gəlməmiş, həmçinin əmək funksiyasına daxil olan digər işləri də yerinə yetirməmiş, fakültənin və kafedranın iclasılarında, koordinatorluqda, imtahan yoxlamalarında, diplom işlərinin müdafiəsində də iştirak etməmişdir. İddiaçı dərslərə, iclaslara, imtahanlara gəlmədiyi üçün tədris prosesində ciddi problemlər yaranmış, dərs yükünün başqa müəllimlər tərəfindən aparılmasına məcbur qalınmışdır. İddiaçı barədə həm Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin, həm də Biologiya fakültəsinin tələbələrinin onlara qarşı qeyri-etik və qeyri-əxlaqi hərəkətlərə yol verməsi, onlara nalayiq ifadələr işlətməsi, keyfiyyətsiz dərs aparması və bu səbəbdən bəzi tələbə qızların onun dərslərində iştirak etməkdən imtina etməsi barədə çox sayda şikayət ərizələri daxil olmuşdur. Bu məsələlərin araşdırılması zamanı dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq İddiaçı BDU-ya dəvət edilsə də o, gəlməyəcəyini, hüquq mühafizə orqanlarına şikayət etdiyini, izahat verməkdən imtina etdiyini bildirmiş və Universitet rəhbərliyinə və işçilərinə qarşı nalayiq ifadələr işlətmişdir. İddiaçı 10 noyabr 2022-ci il tarixindən etibarən 2023-cü ilin fevral ayına kimi ümumiyyətlə iş yerinə gəlmədiyi üçün müraciətlərin araşdırılması o yalnız universitetə gəldikdən sonra mümkün olmuşdur. Lakin o, işçiləri təhqir edərək izahat verməkdən yenə də imtina etdiyi üçün bu fakt aktlaşdırılmışdır. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilən tələbələrin müraciəti isə 2019-cu ilə aid olmaqla, hazırki əmrin qanuniliyənə heç bir təsir göstərmir. Əksinə iddiaçının hətta 2019-cu ildə də hansısa pozuntulara yol verdiyini təsdiq edir. Əmrdə şəxsin ləyaqətini alçaldan məlumatların daxil edilməsi qadağandır. Ona görə tələbə qızların yazdığı şikayət ərizələrinə əsasən onlara qarşı etdiyi qeyri-etik və qeyri-əxalqi hərəkətlərin əmrə daxil edilməsi şəxsin ləyaqətini alçaldacağı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məlumatlar əmrdə göstərilməmişdir. BDU-nun Əmr blankı Aərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş BDU-nun rəsmi blankı olub, rekvizitlər müəyyənləşdirilmişdir. Əmri verən orqan və imzalayan şəxs də Əmrdə göstərilmişdir. İddiaçıya əmrin surətini və əmək kitabçasını götürməsi barədə dəfələrlə şifahi məlumat verilsə də o, işçiləri təhqir edərək bundan imtina etmişdir. Ona görə ona yazılı şəkildə də məlumat verilərək əmək kitabçasının poçt vasitəsi ilə göndərilməsinə icazə verməsi xahiş edilmişdir. Əmrdən göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməsi ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə həyata keçirilmişdir. Yəni həmin norma hər hansı inzibati tənbeh tədbiri kimi deyil, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi tətbiq edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi İddiaçıla bağlanılmış əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq xitam verilmiş və bu zaman hər hansı qanun və hüquq pozuntusuna yol verilməmiş, əmr qanuni və əsaslıdır. Bütün bunlar da iddianın qanunsuz və əsassız olduğunu təsdiq edir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “işə bərpa və sair tələblərə” dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 izahatında bildirmişdir ki, adi müəllim işdən çıxarıldığı üçün o hüquqlarını bilmir və hara müraciət etməli olduğunu da bilmirdi. Ona universitetə gəlməməli olduğu bildirilib. O da hüquq mühafizə orqanlarına müraciət edib. Şəxs özü də etiraf edib ki, iddiaçının auditoriyadan çıxarıb. Əmək Məcəlləsində də qeyd olunur ki, işəgötürən elə bir şərait yaratmalıdır ki, işçi öz əmək funksiyalarını yerinə yetirə bilsin. Burada dekanın hərəkətləri qanunazidd hərəkətlər olub və işçinin öz vəzifəsini yerinə yetirməyinə mane olub. Mülki Məcəllənin 1099-cu maddəsi dolayı yolla bunu təsdiq edir ki, işçinin vurduğu ziyan hüquqi şəxsin vurduğu ziyan kimi qəbul olunur. Faktiki olaraq ona dərsdən uzaqlaşdırıldığı deyilib. Bu da kifayət edir. Onun dərslərinin çox hissəsi tətbiqi-riyaziyyat fakültəsindədir və oradan da uzaqlaşdırılıb. Bu onun universitetdən uzaqlaşdırılması deməkdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatında bildirmişdir ki, iddiaçı onun atas;dır. 47 ildir ki, iddiaçı Bakı Dövlət Universitetində dərs deyir. X16 Universitetində başlayıb və qüsursuz işləmişdir. Buna baxmayaraq, 2022-ci ilin noyabr ayında onunla tətbiqi-riyaziyyat fakültəsinin dekanı Məhəmməd Mehdiyev adlı şəxs arasında münaqişə yaranmışdır. Mehdiyev Məhəmməd heç bir nizamnamə üzrə səlahiyyəti olmadan, Əmək Məcəlləsinə əsasən işəgötürən hesab olunmadığı, iddiaçının birbaşa rəhbəri olmadığı halda İddiaçı dərs deməli olduğu auditoriyaya buraxmayıb. Dərs prosesində gəlib və iddiaçını auditoriyadan çıxarıb. İddiaçı tətbiqi-riyaziyyat fakültəsindəki qruplara dərs deyirdi. Bir neçə nəfər şəxslə birlikdə həmin şəxs iddiaçıya dərs prosesində auditoriyadan çıxmasını bildirib, o da auditoriyanı tərk edib. Daha sonra rektora şikayətə getmək istəyərkən də ona şərait yaratmayıblar. İddiaçı isə oradan dərhal Yasamal Rayon Prokurorluğuna müraciət edib. Hesab edib ki, burada vəzifə səlahiyyətlərini aşma tərkibi var. Rektorun buna razılığının olması ilə bağlı hər hansı sübut olmayıb. Yasamal Rayon Prokurorluğunda da araşdırma zamanı Məhəmməd Mehdiyevi dəvət ediblər. İzahat verərək bildirib ki, guya hansısa tələbələrin onun barəsində şikayətləri olub, ona görə də iddiaçını dərslərə buraxmayıb. Məsələ budur ki, iddiaçı əmək funksiyasını 47 il ərzində davamlı şəkildə icra etdiyi halda hazırda icra edə bilmir. Məhəmməd Mehdiyev etiraf edir ki, onu auditoriyaya buraxmayıb. Digər tərəfdən rektor Elçin Babayev mart ayının 10-da əmr imzalayıb ki, noyabr ayından əmək funksiyalarını icra etmədiyinə görə İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Əsaslanılan sənəd də Məhəmməd Mehdiyevin xidməti məlumatları adlanan sənəddir. Sorğu versə də, o məlumatı əldə edə bilməmişdir. Məhəmməd Mehdiyev həm iddiaçını auditoriyaya girməyə icazə verməyib, həm də əmək funksiyasını yerinə yetirmədiyini deyib və bu barədə rektora bildirib. Bu səbəblə də onu işdən çıxarıblar. 8 noyabr 2022-ci il tarixdə Məhəmməd Mehdiyev iddiaçını auditoriyadan çıxarıb. Əmr 10 mart 2023-cü il tarixində imzalanıb. Məhəmməd Mehdiyev iddiaçını auditoriyaya buraxmadıqdan sonra iddiaçı işə gələ bilməyib. Çünki onu çox biabrçı şəkildə dərsdən çıxarıblar. O da şikayət verib. Onlar qərarı təqdim etmişlər. Qərar çıxıb bir dəfə izahatsız şəkildə. Həmin qərardan şikayət verilib, qərar Baş Prokurorluq tərəfindən ləğv olunub və yenidən araşdırmaya göndərilib. Həmin qərarla bağlı yenidən araşdırma aparılıb və Məhəmməd Mehdiyevi tapıb onun izahatını alıblar. Məhəmməd Mehdiyev də bunu etiraf edib. Nümayəndə kimi etibarnamə aldıqdan sonra iddiaçının birbaşa rəhbəri Abbas Abbasova zəng edib onunla danışmışdır. Həmin telefon danışığını qeydə almışdır və diskə yazaraq məhkəməyə təqdim etmişdir. Abbas Abbasov orada özü etiraf edir ki, Məhəmməd Mehdiyev iddiaçını auditoriyadan kənarlaşdırıb. Məhəmməd Mehdiyev barəsində rəsmi araşdırılma aparılmamış iddiaçı ilə bağlanılmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam olunmasını onlar qanunsuz hesab edirlər. Əmrin digər bir əsası isə universitetin etik davranış qaydalarını pozmasıdır. Onlar bunu nəyə görə nəzərdə tutduqlarını bilmirlər ola bilsin ki, prokurorluğa müraciət etdiyinə görə. Şəxs əgər universitetin etik davranış qaydasını pozursa, rektor da qeyd edirsə ki, noyabr ayından işə gəlmir, işə gəlmədiyi halda davranış qaydalarını necə poza bilər. Noyabra qədər pozubsa, intizam məsuliyyətinə cəlbetmə müddəti bir aydır. Birincisi, etik davranış qaydalarını pozmayıb, ikincisi, pozmuş olsa belə, bunu məlum olduğu vaxtdan 1 ay ərzində etmək olardı. Bundan əlavə şəxs özü əvvəllər də qeyd edib ki, 2019-cu ildə yenə də Məhəmməd Mehdiyevlə onun problemi olub, o hansısa tələbələrin ondan şikayət etdiyini qeyd etmişdi. Sonra həmin tələbələr bu sənədləri veriblər ki, iddiaçıya dair hər hansı şikayətləri yoxdur, onunla gözəl münasibətləri var. Bundan sonra həmin intizam məsələsi xitam olunmuşdur. Məhəmməd Mehdiyev iddiaçı ilə pis münasibətdə olduğuna görə ona əmək funksiyalarının icra olunmasına imkan yaratmamışdır. Özü də bunu izahatında etiraf edib. Onun belə bir səlahiyyəti yox idi. İddiaçının dövlətə ciddi xidmətləri olub, ulu öndərin tərcüməçisi olub. Azərbaycanın ən yaxşı ingilis dili müəllimlərindən və sinxron tərcüməçilərindən biridir. Yasamal Rayon Prokurorluğu işlə bağlı material ayırıb 28-ci Polis Bölməsinə vermişdi. Həmin polis bölməsinin təhqiqatçısı rədd qərarı çıxardı, o qərardan Baş Prokurorluğa şikayət vermiş, Baş Prokurorluq o qərarı ləğv edib təkrar araşdırmaya göndərmişdir. Həmin əmrdə vəzifə səlahiyyətlərini aşma cinayətinin əlamətlərinin olub-olmamasının yoxlanılması üçün yenidən araşdırmaya göndərilmişdir. Rüşvət alma ilə bağlı onun şübhələri araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Baş Prokurorluğun qərarın ləğvi ilə bağlı məktubunu təqdim edə bilər. İşin nəticəsi ilə bağlı məlumatı yoxdur. Məktubda iddiaçının dərsdən çıxarılması ilə bağlı şikayətinin olması qeyd olunur. Daha sonra prokurorluq hesab edib ki, müəllimin dərsdən çıxarılması ilə bağlı məsələ polisə aid olduğu üçün materiallar ayrılaraq ora göndərilib. Polis rədd edib və o ondan şikayət vermişdir. Baş Prokurorluq tərəfindən qərar ləğv olunub, araşdırılması üçün prokurorluğa göndərilib. Sonrakı proses onlara məlum deyil. Hər müəllimə dərslər müəyyən fakültə üzrə verilir. Onun dərsləri tətbiqiriyaziyyat və biologiya fakültəsi üzrə olub. Mühafizə xidməti onu qapıdan buraxmadığı üçün dərslərdə iştirak edə bilməyib. O görəndə ki, rektorun qəbuluna düşə bilmir, şikayət edə bilmir, Yasamal Rayon Prokurorluğuna müraciət edib. Həmçinin burada iddiçının təhqir olunması məsələsi də var. Bundan sonra mübahisə aradan qalxmamış müəllim ora gələ bilməyib. İddiaçı 47 il müəllim işləyib. Necə ola bilər ki, birdən birə dərsə getməsin. Onu faktiki olaraq əmək funksiyasının icrasından məhrum ediblər. Qarşı tərəfdən onun müraciətlərinə də cavab verilməyib, mediasiyaya da gələn olmayıb. Mümkün olarsa, məsələnin barışıq yolu ilə həll olunmasını istəyərlər. İddiaçı filologiya fakültəsinin əməkdaşıdır. Başqa fakültədə də dərs deyir, lakin ən çox dərsləri tətbiqi-riyaziyyat fakültəsindədir. Auditoriyadan çıxarılandan sonra yenidən universitetə gəlməyə cəhd edib, lakin onu universitetə buraxmayıblar. Universitetə mühafizə tərəfindən buraxılmaması ilə bağlı sübutumuz budur ki, bir dəfə həyat yoldaşı ilə birlikdə gəlib və ona bildiriblər ki, buraxılmır. Həyat yoldaşı buna şahiddir. Əmək mübahisəsi işəgötürənlə işçi arasında ola bilər. Burada əmək mübahisəsinin olması əvvəlcədən görünmür. Çünki işəgötürənin hər hansı iradəsi görünmür. Rektor rəsmi formada münasibət bildirsə idi, onda məhkəməyə və ya əmək mübahisələri ilə bağlı mediasiyaya müraciət etmək olardı. Lakin sadəcə olaraq səlahiyyəti olmayan şəxs tərəfindən iddiaçının əmək funksiyaları icra oluna bilməmişdir. Həmçinin rektor tərəfindən hər hansı xəbərdarlıq edilməyib. Yəni faktiki olaraq universitetin rəhbərliyi də bu mövqe ilə razılaşıb. O 26 may tarixində çatdırılma xəbərnaməsi ilə birlikdə vəkil sorğusunu təqdim edir. X8 barəsində hər hansı intizam tədbirinin görülüb görülməməsi barəsində ona məlumat verilməsini xahiş etmişdir. Bu günə qədər nə ona, nə də məhkəməyə bununla bağlı məlumat verilməyib. Xəbərnamələr səhv də düşə bilər. Çünki 24 və 25 may tarixli digər məktublar da var. Xəbərnamə 25 may tarixli məktuba aiddir. Sorğularına cavab verilməyib. Qarşı tərəf Məhəmməd Mehdiyevlə bağlı hər hansı tədbir görübsə, bu barədə məlumat təqdim etsin. Universitet dərs zamanı şəxsin dərsdən kənarlaşdırılması barədə məlumatlıdır. Məhəmməd Mehdiyev səlahiyyəti olmadığı halda iddiaçını dərsdən kənarlaşdırıb. Universitet bunu bilib onun barəsində hər hansı tədbir görüb, yoxsa yox. Əgər tədbir görübsə, bu onu təsdiq edir ki, Məhəmməd Mehdiyev qanunsuzluğa yol verib. Əgər tədbir görməyibsə, onda universitetin mövqeyi budur ki, Məhəmməd Mehdiyevlə razıdır. Buna görə də bu barədə sorğunu verilməsini xahiş edirlər. Ötən məhkəmə iclasında cavabdehin nümayəndəsi onun atasından şikayət etdiyini bildirirdi. Həmçinin bu şikayətin saxtalışdırılmış imza ilə başqa şəxs tərəfindən göndərilməsi ilə bağlı da onlar hüquq mühafizə orqanlarına müraciət edəcəklər. Təqdim etdiyi cavabdehin etirazına mülahizəsinə əsasən bildirmək istəyir ki, cavabdeh öz etirazını qanunla müəyyən olunmuş 20 günlük müddəti ötürdüyünə görə qəbul edilməməlidir. Belə ki, həm tərəfindən cavabdehə sorğu ünvanlanmış, həm də məhkəmə tərəfindən bildiriş göndərilmiş, eyni zamanda cavabdehin elektron kabinetinə bildiriş yerləşdirilmişdir. İşin halları ilə bağlı onu deyə bilər ki, 2022-ci ilin noyabr ayında onunla tətbiqi-riyaziyyat fakültəsinin dekanı Məhəmməd Mediyev adlı şəxs arasında münaqişə yaranmışdır. Mehdiyev Məhəmməd heç bir nizamnamə üzrə səlahiyyəti olmadan, Əmək Məcəlləsinə əsasən işəgötürən hesab olunmadığı, iddiaçının birbaşa rəhbəri olmadığı halda İddiaçı dərs deməli olduğu auditoriyaya buraxmayıb. Dərs prosesində gəlib və iddiaçını auditoriyadan çıxarıb. Daha sonra iddiaçı rektora şikayətə getmək istəyərkən də ona şərait yaratmayıblar. İddiaçı isə oradan dərhal Yasamal Rayon Prokurorluğuna müraciət edib. Hesab edib ki, burada vəzifə səlahiyyətlərini aşma tərkibi var. Rektorun buna razılığının olması ilə bağlı hər hansı sübut olmayıb. İddiaçıya hər hansı kafedra iclasına, seminara çağırılması barədə hər hansı şifahi və yazılı bildiriş göndərilməyib. Etirazda əvvəlcə bildirilir ki, bildirişlərə məhəl qoymamışdır. Daha sonra isə bildirilir ki, göstərişləri yerinə yetirməmişdir. İddiaçının iş yerinə gedə bilməməsini onlar əmək kitabçasının onun özü tərəfindən götürülməməsi ilə görə bilərlər. Çünki iddiaçı universitetin ərazisinə buraxılmayıb. Həmçinin etirazda bildirilmişdir ki, guya universitetin insan resursları və hüquq şöbəsindən iddiaçı ilə əlaqə saxlanılsa da, iddiaçı onları nalayiq ifadələrlə təhqir etmişdir. Halbuki bu göstərilənlər yalandır. Heç bir əsası yoxdur. Həmçinin iddiaçının dərslərə gəlməməsi ilə bağlı bildirilən nöqsan da əsasızdır. Belə ki, əgər iddiaçı dərslərə getməyibsə bununla bağlı araşdırma aparılmalı, ərizələrə baxılmalı və əmək məcəlləsinin müddətlərlə bağlı normalarına əməl edilməklə hüquqi qiymət verilməli idi. Etiraza əlavə edilmiş ərizələrdən görünür ki, onlar tətbiqi riyaziyyat və kibernetika fakültəsinin TK98 və biologiya fakültəsinin 169A və 174A qruplarının tələbələri tərəfindən yazılıb. TK98 qrupunun tələbələri öz şikayətlərini 3 noyabr tarixində vermişdir. Hansı ki, həmin günü dekan onu qanunsuz olaraq auditoriyadan çıxarmışdır. Eyni zamanda biologiya fakültəsinin 169A və 174A qrupunun tələbələri isə 18 noyabr 2022-ci ildə öz şikayət və ərizələrini yazıblar. İddiaçı şəxsən bildirir ki, o, bu yazılan şikayət və ərizələrlə razı deyil. Çünki 174A qrupunun tələbələrinin yazdıqları şikayətdə dərsin keyfiyyətindən razı olmadıqlarını bildirmişlər. Hansı ki, bu ərizələr 15 noyabr tarixində yazılmışdır və həmin tarixdə iddiaçı universitetə buraxılmadığına görə başqa müəllim onlara dərs demişdir. İddiaçı dərs demədiyi halda, həmin tələbələr necə olur ki, keçmişdəki dərslərdən narazı ola bilərlər. Bundan başqa iddiaçının konkret olaraq hansı nalayiq hərəkətlər etməsi barədə hər hansı bir ərizə və ya şikayət yoxdur. Yəni nalayiq və əxlaqsız hərəkət sayıla biləcək, ağılagələn hər hansı bir hərəkət iddiaçı tərəfindən edilməyib. Məsələn, yazılan şikayətlərdən birində qeyd olunur ki, iddiaçı, xanım tələbələrdən birinə gözəl və ağıllı qız olduğuna görə oğluna almaq istəyib. İddiaçı bildirir ki, o, belə bir ifadə işlətməyib, işlətsə belə burada hər hansı bir əxlaqsız təklif yoxdur. Xüsusi olaraq qeyd etmək istəyir ki, X2 dekanı Məhəmməd Mehdiyevin xidməti məlumatları 04 noyabr 2022-ci il tarixində, Biologiya fakültəsinin dekanı Afət Məmmədovanın xidməti məlumatı isə 18 noyabr 2022-ci il tarixində universitetin rektoruna verilmişdir. Bu daxilolma ştamplarında göstərilir. Bu xidməti məlumatlarda qeyd edilir ki, guya o müəllim adına layiq olmayan hərəkətlər etmişdir. Lakin BDU-nun rektoru onunla bağlanmış əmək müqaviləsinə 10 mart 2023-cü ildə yəni xidməti məlumatlar daxil olduqdan və guya intizam xətasının aşkar edilməsindən 126 gün sonra xitam vermişdir. Əgər iddiaçı tərəfindən hər hansı xətaya yol verilsə idi belə, ona əmək məcəlləsinin 187-ci maddəsinin normaları pozulduğuna görə intizam tənbehinin verilməsi yolverilməzdir. Məhəmməd Mehdiyev isə X2 dekanı vəzifəsində işlədiyinə görə onun işçini işdən kənarlaşdırmaq kimi səlahiyyəti yoxdur. O, iddiaçını işdən kənarlaşdırmağını Yasamal Rayon Prokurorluğunda etiraf etmişdir. Əmək Məcəlləsinin 62.5 maddəsinə əsasən işçi işdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qərəzli münasibətinə, qanunsuz hərəkətlərinə və s. əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpası və şərəf və ləyaqətinin qorunması üçün məhkəməyə müraciət edə bilər. Məhəmməd Mehdiyev isə işəgötürən olmasa da vəzifəli şəxsdir və öz qanunsuz hərəkətini etiraf edib. Bu qanunsuz əməlinə görə BDU-nun rektoru ona qarşı hər hansı intizam tənbehi tətbiq etməmişdir. Məhəmməd Mehdiyev öz xidməti məlumatında onun qanunsuz hərəkətlər etməsini göstərmiş, lakin onu dərsdən kənarlaşdırdığını bildirməmişdir. Rektor da həmin natamam məlumata əsasən əmr imzalamışdır. Etiraza əlavə edilmiş HİK-nin iclas protokolu mövcuddur ki, həmin protokolda yalnız iddiaçının tələbələrə nalayiq hərəkətlər etməsilə bağlı münasibət bildirilib. Onun işə gəlməməsi ilə bağlı isə protokolda hər hansı bir qeyd yoxdur. Halbuki HİK işçilərin hüquqularının müdafiəsi ilə bağlı heç bir mövzuya toxunulmamışdır. Heç BDU-nun hüquqşünasları tərəfindən iddiaçı tərəfindən hansı qeyri-etik hərəkətlərin edildiyi, nə zaman edildiyi, qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi araşdırılmayıb. Bundan başqa iddiaçı şəkərli diabet xəstəsidir və görmə qabiliyyətində çətinlik var. Hətta yaxın qohumlarının səsini eşitməsə tanımaqda çətinlik çəkir. Bu mənada hansısa qızın gözəl və ya çirkin olmasını ayırd etməkdə çətinlik çəkir. MPM-in 82.1-ci maddəsinə əsasən isə hamıya bəlli olan hallar mübahisə edilə bilməz. Həmçinin əmək qanunvericiliyinin müvafiq maddəsinə əsasən işəgötürən tərəfindən əmək məcəlləsinin 70-ci maddəsinin hər hansı bəndi əmək müqaviləsinə xitam verilməsini əsaslandırmalıdır. İddiaçının əmək müqaviləsinə xitam verilərkən isə bu əsaslandırma olmayıb. İddiaçının özündən tələbələrə qarşı hər hansı əxlaqsız hərəkət edib-etməməsini soruşduqda isə, o, bunu təkzib edib və belə bir şeyin olmamasını bildirib. Üstəlik həmin tələbə qızların öz ərizələrində qeyd etdikləri hər hansı qeyri-əxlaqi hərəkətlər edilsə idi, bu zaman həmin tələbə qızlar hər hansı hüquq mühafizə orqanına da müraciət edə bilərdi. Lakin belə bir hal da olmayıb. Həmçinin bu şikayət ərizələrinin məhz iddiaçının qanunsuz olaraq auditoriyadan kənarlaşdırıldıqdan sonra 3 noyabr tarixində verilməsi də, həmin ərizələrin heç bir təzyiq olmadan, öz iradələri əsasında yazmalarına şübhə doğurur. Biologiya fakültəsinin tələbələri isə iddiaçının “təcavüzkar” niyyətli olması barədə ərizələrini 15 noyabr tarixində, yəni artıq iddiaçının 12 gündür ki, işə gəlmədiyi vaxt yazıblar. Əgər müəllimdən narazı idilərsə əksinə sevinməli olduqları halda, gedib ərizə yazıblar. Bu isə həqiqəti əks etdirmir. Bundan başqa mülahizəyə əlavə etdiyi və iddiaçıya məxsus olan gündəlik də mövcuddur ki, burada iddiaçı özü üçün, yəni jurnala qeyd ediləndən əlavə tələbələrin aldıqları qiymətləri qeyd edib ki, burada da qiymətlər hamısı yüksəkdir. İddiaçı tələbələrin 1-ci kurs tələbəsi olmasını, dərs dediyi fənnin əsas fənn olmadığını nəzərə alaraq onlara yüksək qiymətlər yazıb. Tələbə və müəllim arasında olan konfliktlər isə əsasən müəllimin yazdığı qiymətlə bağlı olub. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçı ilə tələbələr arasında heç bir konflikt olmayıb. Ayın 4-ü universitetə həyat yoldaşı ilə birlikdə gəlsə də, mühafizəçilər tərəfindən araşdırılma getdiyi bildirilərək buraxılmayıb. Ondan sonra da bir daha getməyib. Bundan sonra bir dəfə də iddiaçının evinə onun işdən azad olması və gəlib əmək kitabçasını götürməsi barədə 4 may tarixli bildiriş gəldikdən sonra universitetə getmişdir. Lakin bu zaman yenə də mühafizəçilər tərəfindən onun artıq işdən azad olması bildirilərək yenə içəri buraxılmayıb. Bundan sonra iddiaçının həyat yoldaşı tərəfindən iddiaçıya aid olan sənədlər götürülüb. Lakin həyat yoldaşından nə şəxsiyyət vəsiqəsi, nə də etibarnamə tələb edilməyib. HİK bildirişini iddiaçının özü evdə olmadığına görə sadəcə olaraq qapıda iddiaçının həyat yoldaşına imzalatdırıb gediblər. Bildirişin özünü isə təqdim etməyiblər. İddiaçının həyat yoldaşından soruşduqda isə o heç nə bilmədiyini sadəcə sənədi imzalatdırıb getdiklərini və sənədin özünü isə sonra təqdim edəcəklərini bildirib. Aktlar üzərində qeyd edilən vaxtlarda tərtib edilib. Əgər bu aktların həqiqiliyini mübahisələndirilsə onlar əlavə sübutlar təqdim edə bilərlər. Ayın 3-ü universitetdən qeyriqanuni kənarlaşdırıldıqdan sonra evə gəlmiş və daha sonra da prokurorluğa şikayət etmişdir. Bundan sonra ayın 4-ü universitetə gəldikdən və buraxılmadıqdan sonra artıq şikayət etdiyi üçün bir daha şikayət etməmişdir. Bu halı iddiaçının həyat yoldaşı təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı qəbul etmirlər. Qarşı tərəfin qeyd etdikləri tamamilə əsassızdır. İlk olaraq qanunu bilməmək şəxsi məsuliyyətdən azad etmir. İddiaçının nümayəndəsi və vəkili də qeyd etdi ki, noyabrın 10-dan etibarən ümumiyyətlə universitetə gəlinməyib. Şəxsin auditoriyadan kənarlaşdırılması onun iş yerindən qovulması demək deyil. İddiaçının işlədiyi fakültə filologiya fakültəsidir. Həmçinin iddiaçının eyni semestr ərzində biologiya fakültəsinə də dərsi var idi. Məhəmməd Mehdiyevlə müəyyən problemləri varsa, öz yerində. Biologiya fakültəsindəki dərslərinə niyə gəlmirdi. Universitetin qapısında elə bir sistem quraşdırılıb ki, artıq kimdənsə icazə almağa ehtiyac yoxdur. Kartı yaxınlaşdırdıqdan sonra hər kəs keçə bilər. Belə olan halda şəxsin universitetə buraxılmadığını demək tamamilə əsassızdır. Belə bir hal var idisə, qarşı tərəf özü də qeyd etdi ki, əmək mübahisəsinə baxan işəgötürəndir. Bu günə kimi iddiaçının universitetə buraxılmamaqla bağlı hər hansı müraciəti olmayıb. Qarşı tərəfin də dediyi kimi intizam məsuliyyəti üçün törədildiyi vaxtdan 6 ay, aşkar olunduğu vaxtdan 1 ay müddətində cəlb oluna bilər. Lakin qarşı tərəf onun intizam tənbehi kimi verilməsində nəyə istinad edir. Orada elə bir maddə yoxdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi özlüyündə əmək müqaviləsinə xitam verilməsi hallarından biridir. Noyabrdan etibarən iddiaçı ümumiyyətlə işə gəlməyib. Elmi şura olur, iclaslar olur heç birində iştirak etməyib, dərslərə də getməyib. Yəqin ki, bu barədə qarşı tərəfin məlumatı yoxdur. Lakin evinə getməyi təklif etdiyi 50-yə yaxın qız tələbənin şikayəti var. Həmin tələbələrin heç biri iddiaçının auditoriyasına girmir. Biologiya fakültəsinin qızlarının da eyni formada şikayət ərizələri var. Bu məsələ 2023-cü ilin fevral ayında ortaya çıxdı. Qadın müəllimin həyat yoldaşı ilə birlikdə səs-küy saldığını eşitmişlər. Bu məsələ ilə bağlı aktlar var. Müəllim dərsə gəlmədiyi üçün dərs yükü başqa müəllimə verilib. Bu müddət ərzində məsələlər ortaya çıxdıqda araşdırmalar aparıldı. Ərizələr var və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət olunub. Noyabrda çıxandan sonra yalnız fevral ayında gəlib. Həmin vaxt da prorektorlarla birgə görüş olub, iclas keçirilib, sonra məsələ araşdırmaya verilib. Tələbələri evinə dəvət edib, çay təklif edib. Həmin tələbələr auditoriyaya girməkdən imtina ediblər. Əmək Məcəlləsində də qeyd olunur ki, şəxsin şərəf və ləyaqətini alçaldan məlumatların əmrə daxil edilməsi qadağandır. X6 auditoriyaya buraxmadığını qeyd edirlər, lakin univeritetə buraxılmama məsələsi yoxdur. Şəxslər arasında olan münasibət universitetə bağlana bilməz. Bu məsələ fevral ayında iddiaçının universitetə gəlib səs-küy salmasından sonra araşdırılmışdır. Əmrin əsasını isə kobud pozuntunun olması təşkil edir. İddiaçı universitetə nə dərslərə, nə də iclaslara gəlib. Araşdırma aparıldıqdan sonra müəyyən olub ki, bu cür müraciətlər daxil olub. Ərizələrin konkret tarixini bilmir. 10 noyabrdan sonra iddiaçı ümumiyyətlə universitetə gəlməyib. Fevral ayında gələrkən bu məsələ araşdırılmağa başlayıb. İşçi işə gəlmədiyi halda necə araşdırma aparmaq olar. Akt var ki, həyat yoldaşı ilə birlikdə gəlib, prorektorlarla görüşüb, akt tərtib olunub. Hətta əmək kitabçasını götürməyə gələrkən də həyat yoldaşı ilə birlikdə gəlib. Əmrin surəti verilərkən özü imza atmaqdan imtina edib, həyat yoldaşı imza atıb. Əmrin verilməsi ilə bağlı vaxt müəyyən olunmayıb. Bu intizam təhbehi deyil. İddia ərizəsinə etiraz və bəzi sübutları təqdim etmişlər. İddianın mahiyyəti ondan ibarətdir ki, iddiaçı qanunsuz şəkildə Əmək Məcəlləsinin 70-ci madddəsinin “ç” bəndinə əsasən azad olunduğunu iddia edir. Halbuki keçən prosesdə də iddiaçının nümayəndəsi və vəkili özü etiraf etdi ki, noyabr ayından etibarən iddiaçı işə gəlməyib. Bu fikrini belə əsaslandırdı ki, guya universitet tərəfindən maneələr yaradılıb. Lakin belə bir hal ümumiyyətlə olmayıb. Universitetə giriş çıxışla bağlı müdaxilə etmək o halda mümkündür ki, həmin şəxs universitetin müəllimi, şagirdi və s. olmasın. Orada mühafizə sistemi elə qurulub ki, hər hansı şəxsin müdaxiləsi mümkün deyil. Mühafizəçilər bütün müəllimləri və tələbələri tanıya bilməzlər ki kiminsə giriş çıxışına məhdudiyyət qoysunlar. 10 noyabr tarixindən universitetə gəlinməyib. Yalnız 2023-cü ilin fevral ayının 1-də yoldaşı ilə birlikdə gəlib. O müddətə qədər ümumiyyətlə universitetə gəlinməyib. Bununla bağlı aktlar da, kafedra tərəfindən, fakültə tərəfindən var. Dəfələrlə iddiaçı çağırılsa da, prokurorluğa şikayət etdiyini əsas gətirərək gəlməkdən imtina edib. İddiaçının universitetə buraxılmaması ilə bağlı heç yerə müraciət olunmayıb. Yalnız Yasamal Rayon Prokurorluğuna müraciət olunub. Orada da şəxsi münasibətlərinin pozulduğu Məhəmməd Mehdiyevlə bağlıdır. Rüşvətlə bağlı hissədə şikayət rədd olunub. İddiaçının tanımadığı şəxs tərəfindən auditoriyadan çıxarılması və s. kimi qeyd etdikləri universitetin mövqeyini əks etdirmir. Bununla bağlı da hər hansı sübut yoxdur. Bu məsələ ilə bağlı univeritetə nə yazılı, nə də şifahi müraciət olunmayıb. Universitetə dəvət olunduqda da gəlməkdən imtina edib. Lakin iddia olunur ki, universitetə girişində maneələr olub. Bütün bunlar əsassız fərziyələrdir. Onların təqdim etdikləri sənədlərdə də dekanın təqdimatı, iclas protokolu, dərs dediyi fakültələrin tələbələrinin şikayət ərizələri var. İddiaçının həmin fakültə ilə yanaşı biologiya fakültəsində 2 qrupda hərəsində 90 saat olmaqla, dərsi olub. Tətbiqi-riyaziyyət fakültəsində isə cəmi 75 saat dərsi olub. İddiaçı 180 saat dərsə ümumiyyətlə gəlməyib. Bu da üzrsüz səbəb təşkil etdiyinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılıb. İddia ərizəsində intizam tənbehinin tətbiqi ilə bağlı müddət də qeyd olunub. Lakin keçən iclasda da bildirmişlər ki, şəxsə tətbiq olunan Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndidir ki, müstəqil şəkildə əmək müqaviləsinə xitam vermənin əsasını təşkil edir. İntizam tənbehi şəklində verilməsinə ehtiyac yoxdur. 70-ci maddənin “ç” bəndi mütləq intizam tənbehi olacağı anlamına gəlmir. Onların əmrlərində də intizam tənbehi kimi deyil, üzrsüz səbəblərdən 4 ay ərzində şəxsin işə gəlməməsi nəzərdə tutulub. Əmr blankı rəsmi şəkildə rekvizitləri müəyyən olunan blankdır. Hər hansı bir formada yazılmayıb, Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş blankdır. Ona görə də orada müəssisənin və işəgötürənin adı tam şəkildə göstərilib. Həmçinin tələblərin şikayət ərizələrini məhkəməyə təqdim etmişlər. Əmək kitabçasını və əmrin surətini xx.xx.2023-cü il tarixdə alıb. Özü imza etməkdən imtina etdiyinə görə həyət yoldaşı tərəfindən imzalanıb. Tələbələrin şikayət ərizələri isə 2022-ci ilin noyabr ayı ilə bağlıdır. Keçən iclasda iddiaçı tərəf tələbələr tərəfindən yazılmış ərizələr təqdim etdi ki, guya tələbələrin iddiaçıdan şikayəti yoxdur. Diqqət yetirilsə, burada göstərilən tarix 2 oktyabr 2019-cu ilə aiddir. İlk olaraq, həmin ərizələrin işlə əlaqəsi yoxdur, həmçinin bu onu sübut edir ki, 2019-cu ildə də bu formada nəsə münasibət olub ki, belə ərizələr mövcuddur. Onlar həmin ərizələri araşdırmışlar və məlum oldu ki, həmin tələbələr artıq universiteti bitiriblər. Həmin vaxt İddiaçı özü jurnal siyahısı ilə bunu tərtib edib və tələbələrə imzaladıb. X9 iclas protokolunda istər kafedra müdiri, istər digər şəxslərin çıxışlarına diqqət yetirilsə, ümumiyyətlə uzun müddətdir ki, iddiaçının bu formada narazılıq yaratdığı və tələbələrin şikayətləri öz əksini tapır. Tələbələrin şikayəti müəllimin dərsdən kənar müzakirələr etməsi ilə bağlıdır. Əmrin verilməsinin əsasını iddiaçının 4 ay ərzində univesitetə gəlməməsi təşkil edir. Bu məsələ araşdırılarkən bu müəllimin dərsdən kənar söhbətlər aparması və s. məsələlər də ortaya çıxıb. Şikayətlər dekana ünvanlanıb. İşdən kənarlaşdırmaq hüququ yalnız işəgötürənə məxsusdur. Ona görə də onlar qeyd edirlər ki, bu barədə işəgötürənə hər hansı məlumat verilməyib. Məsələ araşdırılana qədər işəgötürənin məlumatı olmayıb. Məhəmməd Mehdiyev barəsində hər hansı tədbirin görülməsi ilə bağlı məlumatlı deyil. İddiaçının telefon nömrələrinə zəng olunub, məlumat verilib. Bu barədə də akt tərtib olunub. Yazılı qaydada müraciət edilməyib. İddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də müraciət olunub. Müvafiq qaydada sənədlər təqdim olunub. İddiaçının qeyri-etik hərəkətəri barədə Məhəmməd Mehdiyevə və biologiya fakültəsinin dekanına müraciətlər olub. Onlar tərəfindən də noyabr ayında təqdimatlar yazılıb. İddiaçı dəfələrlə çağırılsa da, gəlməkdən imtina edib. Təqdimatlarda və şikayətlərdə tarix göstərilir. Bildiyi qədər iddiaçı daha əvvəl hər hansı intizam məsuliyyətinə cəlb olunmayıb. Ərizələrlə bağlı izahat alınması üçün iddiaçı dəvət olunub, lakin gəlməyib. Telefon vasitəsi ilə zəng olunub və dəvət olunub. Evinə məktub göndərmək məcburiyyəti yoxdur. Həmkarlar İttifaqının 27 fevral tarixli iclas protokolunda kafedra müdiri Abbas Abbasovun çıxışı var. Orada iddiaçının oğlunun rektora və nazirə məktub ünvanladığı, atasının qeyri-etik davranışlarından bəhs edərək yaşadıqları evdə qonşularla belə yola getmədiyini, hər kəsə qarşı çox pis davranışlarının olduğunu bildirdiyi qeyd olunur. Həmkarlar İttifaqının sədri tərəfindən şəxsən evinə gedilib və iclasa dəvət olunub. Məktub həyat yoldaşının imzası ilə qəbul olunub. Şikayətlər noyabr ayında daxil olub, noyabr ayından sonra isə ümumiyyətlə iddiaçı işə gəlməyib. Prokurorluğa müraciət olunmayıb. Qeyri-etik hərəkətlərlə bağlı şəxsin özü çağırılıb. Şəxs 4 ay dərslərə gəlməyib. İddiaçı Məhəmməd Mehdiyev tərəfindən uzaqlaşdırılmışdısa, biologiya fakültəsindəki dərslərə, iclaslara, imtahanlara niyə gəlmirdi. Şəxs üzrsüz səbəbdən işə gəlməyib. Vəzifəli şəxsin hərəkətləri universitetin mövqeyini müəyyənləşdirmir. İddiaçının qanunsuz olaraq dərsdən kənarlaşdırılması ilə bağlı universitetə müraciət etməyib. Tərəflərindən hüquq mühafizə orqanlarına müraciət olunmayıb. İddiaçının prokurorluğa müraciət etməsinin onlara nə vaxt məlum olması barədə məlumatı yoxdur. Onlardan cəmi 1 vəkil sorğusu gəlib və cavablar hazırlanıb göndərilib. Əmək Məcəlləsinin tələbi var ki, əmrdə şəxsin şərəf və ləyaqətini alçaldan məlumatların daxil edilməsi qadağandır. Onlar da bu tələbi rəhbər tutmuşlar. X10 iclas bildirişləri, istərsə də digər təqdim etdiyi sənədlər iddiaçının yoldaşı tərəfindən imzalanmışdır. İddiaçının özü sənədləri imzalamaqdan imtina edib. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində bildirmişdir ki, onlar iddiaçı ilə 40 ilə yaxındır ki, ailəlidirlər. 2022-ci ilin noyabr ayının 3-ə iddiaçı vaxtından əvvəl evə gəlmiş, çox pərişan və əsəbi olmuşdur. Səbəbini soruşduqda isə, X2 dekanı Məhəmməd Mehdiyev tərəfindən auditoriyadan kənarlaşdırıldığını bildirmişdir. Dekan içəri daxil olaraq tələbələrin yanında iddiaçını təhqir edərək onu dərsdən kənarlaşdırıb. O, çıxmayacağını bildirdikdə isə, onu zorla kənarlaşdırılacağını bildiriblər. Bundan sonra isə məcbur olub, auditoriyanı tərk edib. Gəlib bunları ona danışdıqda isə ona hüquq mühafizə orqanlarına müraciət etməli olduğunu bildirmişdir. Onlar birinci növbədə Bakı Şəhər Prokurorluğuna müraciət etmişlər. Orada onlara bu əməldə vəzifə səlahiyyətini aşma olduğu bildirilərək, aidiyyatı üzrə Yasamal Rayon Prokurorluğuna müraciət etməli olduqları bildirilmişdir. Onlar iddiaçı ilə ayın 4-ü, yəni həmin günün səhərisi iddiaçı ilə birlikdə universitetə getmişlər. Çünki iddiaçının həmin günü digər fakültədə dərsi olmuşdur. Qapıda dayanan mühafizəçi isə ona təlimat gəldiyini və iddiaçını içəri buraxa bilməyəcəyini bildirmişdir. İddiaçı etirazını bildirdikdə, mühafizəçilərdən biri kənarlaşıb telefonla danışdıqdan sonra, geri gələrək içəri buraxa bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar qayıdıb evə gəlmişlər və yenidən Yasamal Rayon Prokurorluğu ilə əlaqə saxlamışlar. Onlar isə universitetin nümayəndələrinin yayındıqlarını və prokurorluğa gəlmədiklərini bildirmişlər. Bundan sonra isə onlar Bakı Şəhər Prokurorluğuna yenidən müraciət etmişlər. Bundan sonra Bakı şəhər prokuroru onları qəbul edib, şəxsən dinləmişdir. Lakin lazımi tədbirlər görülmədiyinə görə, Baş Prokurorluğa şikayət etməli olmuşlar. Bundan sonra Məhəmməd Mehdiyevi çağırıb izahatını almışlar. Onlar universitetə mərkəzi qapıdan daxil olmuşlar. Həmkarlar İttifaqının iclasına getməmişlər, lakin əmək kitabçasını şəxsən o may ayının 4-də gedib götürmüşdür. Universitetə buraxılmadığına görə iddiaçı bir daha heç vaxt ora getməyib. Hadisə olduqdan sonra iddiaçı rektorluğa gedərək, rektorla görüşüb məsələni ona bildrimək istəyib. Lakin orada olan Elşən adlı şəxs rektorun iclas keçirdiyini və hal-hazırda münasib olmadığını bildirib. Ailədə 4 nəfərdirlər. O, yoldaşı və 2 oğlu. Böyük oğlu Ayazbəy evlidir və ayrı yaşayır. Digər oğlu Ayxan isə onunla yaşayır. Ailədaxili münasibətləri çox yaxşı və yüksək səviyyədədir. Oğlu Ayxanın atasında şikayət etməsi barədə məlumatı yoxdur. Bunu təzəlikcə eşitmiş, lakin inanmamışdır. Onlar əmək kitabçasını götürməyə getdikdə, həmin qapıçılar yenidən onları içəri buraxmadılar. Onlar əmək kiitabçasını götürməli olduqlarını bildirdikə, onlar poçt vasitəsilə göndərilə biləcəyini bildirmişlər. Daha sonra kadrlar şöbəsindən qapıda verilməsini bildirdilər. Bundan sonra onlar israr etdikdən sonra mühafizəçilərdən biri yenə də gedib telefonla danışdı və gəlib yalnız onun içəri keçə biləcəyini dedi. O içəri keçmiş və əmək kitabçasını götürüb, qol çəkib gəlmişdir. Düzdür özü də orada dərs demişdir və onu da orada tanıyırlar. Lakin o imza çəkib əmək kitabçasını götürəndə ondan nə şəxsiyyət vəsiqəsi, nə də etibarnamə tələb etmədilər. Onların evinə bir gün poçtalyon olduğunu bildirən bir şəxs gəldi. Evdə heç kim olmadığına görə qapını o açmışdır. Poçtalyon ona ağ kağıza təhvil aldım qrafasına qol çəkdirdi. Bundan sonra o hansı sənəd olduğunu soruşduqda və sənədi təqdim etməsini tələb etsə də, poçtalyon yanında olan çantanı axtarıb sənədin maşında qaldığını bildirdi. Sonra aşağı düşüb, maşında biraz nəsə axtarıb getdi. Hazırki rektor yeni təyin olunduqdan sonra iddiaçını çağırdı. İddiaçı oraya getdikdə isə rektor daxil 12 nəfərlik komissiyanın təşkil edildiyini gördü. Komissiyada iddiaçıya keyfiyyətsiz dərs aparıldğını və tələbələrin ondan narazı olduqlarınlı bildirdilər. İddiaçı isə buna etiraz edib, belə bir şeyin olmadığını və tələbələrinin onu sevdiyini bildirib. Daha sonra dərs zamanı tələbələrdən belə bir şeyi nə üçün etdiklərini soruşduqda, tələbələr belə bir şeyin olmadığını bildiriblər. Bundan sonra iddiaçı əgər kiminsə şikayəti olarsa bunu yazılı şəkildə etməsini bildirib. Tələbələr isə hamısı yazılı şəkildə heç bir şikayətlərinin olmamasını bildiriblər. Bu hadisə təxmini 2019cu ildə olmuşdu. Bu 40 il ərzində heç vaxt iddiaçı barədə belə bir şey eşitməmişdir. İndi isə ahıl yaşında iddiaçıya guya qızlara nalayiq hərəkətlər etməsi ilə bağlı belə qara yaxmaqları qəbuledilməzdir. Noyabr ayının 3-dən sonra iddiaçıya hansısa iclas və ya yığıncaq barədə universitetin nə rektorluğundan, nə hansısa dekanlığından, nə də kafedradan zəng edilməyib. Universitetdən içəri buraxılmamasının səbəbini bilmirdilər. Hətta iddiaçı etiraz da edirdi və cinayətkar olmadığını və buraxılmasını tələb edirdi. Lakin buna məhəl qoyan olmurdu. Özünü poçtalyon kimi təqdim edən şəxs sənədlərin maşında qaldığını və gedib gətirəcəyini dedi. Bundan sonra aşağı düşdü və geri qayıtmadı. Eyvandan baxdıqda, onun maşına əyləşib, biraz gözləyib, sonra getdiyini gördü. Həmin vaxt təxmini axşam saat 8-9 olardı. Heç bir bildiriş və ya dəvət universitet tərəfindən gəlməyib. Həmkarlar İttifaqının iclası barədə heç bir bildiriş əldə etməmişlər və zəng də vurulmayıb. X11 aralarında elə də ciddi bir problem yox idi. Sadəcə həmin gündən bir neçə gün öncə iddiaçı ağır xəstəlik keçirmişdi və yeriməyində problem yaranmışdı. Çünki 2018-ci ildə 2 dəfə insult keçirmişdi. Bir gün universitetin koridorunda hərəkət edərkən iddiaçı özünü pis hiss edib. Bu zaman tələbələrindən biri kömək təklif edib. İddiaçı da tələbədən onu pilləkənləri düşməsinə kömək etməsini xahiş edib. Tələbə ona pilləkənləri düşməsinə kömək edib. Sonra bu məsələ böyüdülüb ki, iddiaçı tərəfindən burada xoşagəlməz hərəkətlər edilib. Bir dəfə buraxılmadığına görə artıq universitetə getmədi. Rəhbərliyə müraciət etməməsinin səbəbi isə, rəhbərliyin bu məsələdən agah olması idi. Həm də iddiaçını universitetə buraxılmadığına görə o, rəhbərliyə şəxsən müraciət edə bilmirdi. İddiaçı hesab edirdi ki, prokurorluq orqanlarına şikayət etməsi kifayət edirdi. Buna görə də məsələnin həll olunmasını güman edirdi. Universitetə giriş kart vasitəsilədir. Lakin bundan başqa orada 2 mühafizəçi də dayanır. İddiaçı filologiya fakültəsinin müəllimi olsa da, dərslərini tətbiqi riyaziyyat və biologiya fakültələrində deyir. Rektorun iddiaçını işdən kənarlaşdırmaq barədə əmri olmasa da, o faktiki olaraq iddiaçını qəbul etməkdən imtina edib. Bu isə elə həmin mənaya gəlir ki, iddiaçını artıq işdən kənarlaşdırıblar. Səbəb kimi yox, bəhanə kimi isə bayaq cavablandırdığı, tələbənin iddiaçını pilləkənlərdən düşməsinə kömək etməsi olub. Həmin aktı o 18 saylı hüquq məsləhətxanasında, özü yazmışdır, heç kim ona kömək etməmişdir və aktda qeyd edilən tarixdə tərtib etmişdir. Mühafizəçilər olmadığına görə onların adını özü qeyd etmişdir və onlar da əslində aktı imzalamaqdan imtina etməyiblər. Universitetə buraxılmamağı barədə iddiaçı özü yazılı şəkildə prokurorluğa müraciət edib. Ayın 4-2 univeristetə getdikdən sonra, ümumiyyətlə bir də universitetə getməyib. Noyabrın 4-ü saat təxminən səhər 8-9 arası universitetə getmişlər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Bakı Dövlət Universitetinin Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrində qeyd edilmişdir ki, BDU Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı 2022-ci il 10 noyabr tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. O, həmçinin əmək və tədris intizamını, Bdu işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozaraq BDU-nun nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Bütün bunlar müvafiq şikayətlər, ərizələr, təqdumatlar, aktlar, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin 2023-cü il 27 fevral tarixli iclasının 70 saylı protokolundan çıxarış ilə təsdiq edilir. BDU Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə 2023-cü il 10 mart tarixindən xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal Rayon Prokurorluğunun Qərarına əsasən Bakı Dövlət Universitetinin rəhbər vəzifəli şəxslərinin həmin Universitetdə təhsil alan tələbələrdən il ərzində rüşvət qismində ümumilikdə 300.000.000 manat pul yığması faktı öz təsdiqini tapmadığından toplanmış 173-C-23 saylı material üzrə cinayət işinin bağlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan X2 İ kurs Ti-56 qrupunun tələbələri öz imzaları ilə təsdiq etdikləri Aktda qeyd edilmişdir ki, Filologiya elmlər doktoru İddiaçı dərs prosesi zamanı heç bir kənar söhbətlərə yol verməmiş, hər birinə qarşı diqqətli və mehriban münasibət göstərmişdir. Onların adından müəllimləri haqqında 02 oktyabr 2019-cu il tarixdə deyilmiş böhtanları qətiyyətlə təkzib edirlər. İş materiallarında olan Biologiya fakültəsinin İ kurs, 130a qrupunun tələbələri öz imzaları ilə təsdiq etdikləri Aktda qeyd edilmişdir ki, Filologiya elmlər doktoru İddiaçı dərs prosesi zamanı heç bir kənar söhbətlərə yol verməmiş, hər birinə qarşı diqqətli və mehriban münasibət göstərmişdir. Onların adından müəllimləri haqqında 08 oktyabr 2019cu il tarixdə deyilmiş böhtanları qətiyyətlə təkzib edirlər. İş materiallarında olan Bakı Dövlət Universiteti ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli Əmək müqaviləsindən görünür ki, İddiaçı BDU Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti vəzifəsində işə başlamışdır. İş materiallarında olan Bakı Dövlət Universitetinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli Xəbərdarlıq məktubunda görünür ki, ona məxsus olan əmək kitabçasını BDU-nun İnsan resursları və hüquq şöbəsindən götürməyi və ya poçt vasitəsilə göndərilməsinə rəsmi razılıq verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə cədvəl üzrə BDU-nun riyaziyyat fakültəsində dərsdə olan zaman adını bilmədiyi müəllim tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı ilə bağlı Yasamal rayon polis idarəsinin 28-ci Polis bölməsində toplanmış material tələb olunaraq Respublika Baş Prokurorluğunda öyrənilmiş və material üzrə təhqiqatçı X12 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsassız olduğundan xx.xx.2023-cü il tarixdə ləğv edilərək material əlavə araşdırma aparılmasının təmini üçün Yasamal rayon prokurorluğuna göndərilmişdir. Hazırda material üzrə araşdırma davam etdirilir, nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. İş materiallarında olan BDU-nun rektoru Elçin Babayevin BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarova ünvanladığı xx.xx.2023-cü il tarixli Təqdimatından görünür ki, təqdimatda qeyd olunanları nəzərə alaraq Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti, f.e.d. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə münasibət bildirməyi xahiş olunmuşdur. İş materiallarında olan BDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanovun BDU-nun rektoru Elçin Babayevə ünvanladığı xx.xx.2023-cü il tarixli Təqdimatından görünür ki, təqdimatda qeyd olunanları nəzərə alaraq Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti, f.e.d. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirməyi xahiş olunmuşdur. İş materiallarında olan BDU hüquq sektorunun baş hüquqşünası Nümayəndə1 BDUnun rektoru Elçin Babayevə ünvanladığı Hüquqi rəydə qeyd edilmişdir ki, Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorun təqdimatından və əlavə edilmiş sənədlərdən görünür ki, Filologiya fakültəsinin İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının dosenti, f.e.d. İddiaçı 10 noyabr 2022-ci il tarixindən 01 fevral 2023-cü il tarixinə kimi heç bir üzrlü səbəb olmadan dərslərə (işə) gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuş və bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmuşdur. Odur ki, Filologiya fakültəsinin İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının dosenti, f.e.d. Əhmədov X3 həmkarlar ittifaqı təkilatının üzvü olduğundan onun 10 noyabr 2022-ci il tarixindən 01 fevral 2023-çü il tarixinə kimi heç bir üzrlü səbəb olmadan işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozması və bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması səbəbindən onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç" bəndi ilə xitam verilməsi üçün onun üzvü olduğu Həmkarlar ittifaqı təşkilatinin qabaqcadan razılığının alınması qanuna uyğundur. İş materiallarında olan Filologiya fakültəsinin dekanı Elçin Məmmədovun BDU-nun rektoru Elçin Babayevə ünvanladığı Təqdimatdan görünür ki, İddiaçı haqqında müvafiq tədbirlərin görülməsi ilə bağlı sərəncam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan BDU-nun Filologiya fakültəsi İngilis-dili (Təbiət fakültələri üzrə) kafedrasının xx.xx.2023-cü il tarixli 09 saylı iclas protokolundan Çıxarışdan görünür ki, 2022-2023-cü tədris ilinin noyabr ayının 10-dan fevral ayının 1-dək kafedranın dosenti İddiaçı dərslərdə iştirak etməmişdir. İddiaçı Tətbiqi riyaziyyat və Biologiya fakültələrində olan dərsləri kafedranın müəllimləri dosent X15 və baş müəllim X20 tərəfindən əvəz edilmişdir. Dərs jurnalları vaxtlı-vaxtında yazılmış və həmin qrupların tələbələri imtahanları uğurla vermişlər. Bu müddət ərzində kafedranın laborantlarının və kafedra müdirinin İddiaçıla əlaqə saxlamaq cəhdləri nəticəsiz qalmış, o, telefon zənglərinə cavab verməmişdir. İddiaçı noyabr, dekabr və yanvar aylarında kafedrada keçirilən heç bir tədbirdə iştirak etməmiş və kafedra ilə əlaqə saxlamamışdır. 2022-ci ilin payız imtahan sessiyası yoxlamalarına çağırılsa da, kafedra müdirinin göstərişlərinə məhəl qoymamış, heç bir yoxlamaya gəlməmişdir. Dosent İddiaçı üzrsüz səbəbdən noyabr ayının 10-dan fevralın 1-dək illik dərs yükünə aid olan dərslərə girməməsi və əmək intizamını kobud şəkildə pozması barədə tədbir görülməsinin xahiş olunması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10:44-də Filologiya fakültəsinin İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının dosenti, İddiaçı həyat yoldaşı ilə birgə BDU rektorunun qəbul otağına gələrək qışqıraraq rəhbərliyin ünvanına təhdid və təhqir səsləndirmiş, əməkdaşların onu sakitləşdirmə təşəbbüslərinə təhdidlərlə cavab vermişdir. Şikayəti dinlənilmək üçün İddiaçı elm və innovasiyalar üzrə prorektorun otağına dəvət edilmiş, elm və innovasiyalar üzrə prorektor Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Hüseyn Məmmədov, sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektor Əliş Ağamirzəyev və İddiaçı həyat yoldaşının iştirakı ilə onunla söhbət aparılmışdır. Lakin İddiaçı heç bir yazılı müraciət etməyəcəyini bildirmiş, BDU-nun vəzifəli şəxslərinin ünvanına şər və böhtan səsləndirməyə, təhqir və təhdid etməyə davam etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı işə gəlməməyi haqqında təqdimatın araşdırılması ilə əlaqədar İnsan resursları və hüquq şöbəsinin İnsan resursları sektorunun müdiri X13 tərəfindən İddiaçı məxsus telefon nömrəsi ilə əlaqə saxlanılmış (*** *** ** **) və danışan xanım özünü onun həyat yoldaşı kimi təqdim edərək İddiaçı evdə olmadığını bildirmişdir. Onun BDU-ya təqdim etdiyi digər telefon nömrəsinə (*** *** ** **) zəng çatmamış və (050 *** ** ** ) nömrəsi ilə əlaqə saxlanılmasına müvəffəq olunmuşdur. Telefon danışığı zamanı İddiaçı işə gəlməməsi ilə əlaqədar haqqında təqdimatın olduğu və araşdırılma ilə bağlı izahat yazmaq üçün universitetə dəvət edildiyi bildirilmişdir. Lakin İddiaçı rəhbərliyin ünvanına təhqir və təhdidlər səsləndirərək gəlməyəcəyini və üzrlü səbəb göstərmədən izahat yazmaqdan imtina etdiyini bildirmişdir. İş materiallarında olan BDU-nin tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyevin BDU-nun rektoru Elçin Babayevə ünvanladığı Xidməti məlumatdan görünür ki, fakültənin İ kurs TK-98 qrupunda Xarici dildə işgüzar və akademik komunikasiya-1 (İngilis dili) fənnini tədris edən müəllim İddiaçı dərs prosesi zamanı tələbələrə müəllim adına yaraşmayan hərəkətlər etmişdir. O, qız tələbələrə nəlayiq sözlər demiş və əxlaqsız təkliflər etmişdir. Bununla əlaqədar olaraq tələbələr şikayət ərizəsi ilə dekanlığa müraciət etmişlər. Bütün bunları nəzərə alaraq, İddiaçı haqqında tədbir görülməsi və fakültədə İ kurs Tk-98 qrupunda Xarici dildə işgüzar və akademik komunikasiya-1 (İngilis dili) fənninin tədrisi üçün başqa müəllimin göndərilməsinə münasibət bildirilməyi xahiş olunmuşdur. İş materiallarında olan BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İ kurs TK-98 qrupunun tələbələrinin BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyevə ünvanladığı xx.xx.2022-ci il tarixli Şikayət ərizəsindən görünür ki, xarici dil müəllimləri İddiaçı onlara dərs keçmək əvəzinə dərsdə onlara qarşı işlətdiyi xoşagəlməz ifadələrə və etdiyi hərəkətlərə görə müəllimlərinin başqa müəllim ilə əvəz olunması xahiş olunmuşdur. İş materiallarında olan Biologiya fakültəsinin dekanı Afət Məmmədovanın BDU-nun rektoru Elçin Babayevə ünvanladığı xx.xx.2022-ci il tarixli Məlumatından görünür ki, sentyabr ayının ikinci həftəsindən başlayaraq fakültənin İ kurs 169A və 174A qrup tələbələri tərəfindən Xarici dildə işgüzar və akademik kommunikasiya-1 (İngilis dili) fənnini tədris edən müəllim İddiaçı narazı olduqları barədə dəfələrlə dekanlığa yazılı və şifahi müraciətlər daxil olub. Tələbələr bildiriblər kı, Qabil müəllim dərs zamanı müəllim adına yaraşmayan qeyri-etik hərəkətlərə yol verir, tələbələrə nalayiq sözlər deyir, dərsə aid olmayan kənar söhbətlər edir, keyfiyyətsiz dərs aparır. 169A qrupunun qızları bir neçə dəfə Qabil müəllimin dərsində iştirak etməkdən imtina etmişlər, onlarla danışıqlar aparılaraq yenidən dərsə qaytarılıb. Qeyd edilənləri nəzərə alaraq məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan BDU-nun Bilologiya fakültəsinin 174A İİ yarımqrup tələbələrinin BDU-nun Bilologiya fakültəsinin dekanı A.Məmmədovaya ünvanladığı xx.xx.2022-ci il tarixli Şikayət ərizəsindən görünür ki, onların ingilis-dili müəllimləri İddiaçı onlara dərs keçməsindən imtina edirlər. Müəllimin dərs keçməsi onları qane etmir. İş materiallarında olan BDU-nun Bilologiya fakültəsinin 169A İ yarımqrup tələbələrinin BDU-nun Bilologiya fakültəsinin dekanı A.Məmmədovaya ünvanladığı ərizədən görünür ki, ingilis dili müəllimi İddiaçı tələbələrə qarşı təcavüzkar davranışları səbəbilə tələbələrin narazılığını nəzərə alaraq onun 169A qrupunun İ yarımqrup müəllimliyindən azad olunması xahiş olunmuşdur. İş materiallarında olan BDU Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixli iclasının 70 saylı protokolundan Çıxarışdan görünür ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. İş materiallarında olan BDU Həmkarlar İttifaqı Komitəsinin sədri Rəşad Cabarovun Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı ünvanladığı Bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:00-da BDU rektoru cənab Elçin Babayevijn təqdimatı əsasında keçiriləcək iclasda iştirak etməsi xahiş olunmuşdur. Bildiriş xx.xx.2023-cü il tarixdə Vəkil1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan Yasamal RPİ-nin 28-ci PŞ-nin Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Həmin Məcəllənin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin ikinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, xx.xx.2023-cü il tarixli Bakı Dövlət Universitetinin Əmək müqaviləsinə xitam verilməsi haqqında Əmrindən görünür ki, BDU Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı 2022-ci il 10 noyabr tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bütün bunlar müvafiq şikayətlər, ərizələr, təqdumatlar, aktlar, BDU-nun Həmkarlar İttifaqı Komitəsinin 2023-cü il 27 fevral tarixli iclasının 70 saylı protokolundan çıxarış ilə təsdiq edilir. BDU Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə və əmək vəzifələrini kobud şəkildə pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə 2023-cü il 10 mart tarixindən xitam verilməsi və tutduğu vəzifədən azad edilməsi qərara alınmışdır. Hazırda İddiaçı cavabdeh “Bakı Dövlət Universitet” publik hüquqi şəxsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Bakı Dövlət Universitetinin rektoru X4 imzaladığı 10 mart 2023-cü il tarixli əmrin ləğv edilməsi; iddiaçının işə bərpa olunması; məcburi işburaxma dövrü üzrə əmək haqqı, digər ödənclər və hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının tam ştat dosenti vəzifəsində çalışmışdır. O, əmək intizamını kobud şəkildə pozaraq, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi iş yerinə ümumiyyətlə gəlməmiş, illik dərs yükünə aid olan dərslərə girməmiş, bu müddət ərzində kafedrada keçirilən heç bir tədbirdə - kafedra iclaslarında, elmi seminarlarda, akkreditasiya ilə bağlı təlim xarakterli yığıncaqlarda iştirak etməmiş, kafedra ilə əlaqə saxlamamış, 2022-ci il ilin payız imtahan sessiyası yoxlamalarına çağırılsa da kafedra müdirinin göstərişlərinə məhəl qoymayaraq heç bir yoxlamaya gəlməmiş və uzun müddət sonra ilk dəfə xx.xx.20223-cü il tarixində BDU-ya gələrək kafedra, fakültə və universitet rəhbərliyi ilə mübahisə yaşamışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixində İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının iclası keçirilmiş və kafedranın həmin tarixli 09 saylı iclas protokolundan çıxarış dekanlığa təqdim edilmişdir. İclas protokolundan çıxarışdan görünür ki, kafedranın dosenti İddiaçı 2022/2023-cü tədris ilinin noyabr ayının 10-dan fevral ayının 1-dək dərslərdə iştirak etməmiş, onun Tətbiqi riyaziyyat və Biologiya fakültələrində olan dərslərini kafedranın başqa müəllimləri əvəz etməyə məcbur qalmış, İddiaçı bu müddət ərzində kafedrada keçirilən heç bir tədbirdə iştirak etməmiş, kafedra ilə əlaqə saxlamamış, bu müddət ərzində kafedranın laborantlarının və kafedra müdirinin İddiaçıla əlaqə saxlamaq cəhdləri nəticəsiz qalmış, o telefon zənglərinə cavab verməmiş və 2022-ci ilin payız imtahan sessiyası yoxlamalarına çağırılsa da kafedra müdirinin göstərişlərinə məhəl qoymamış, heç bir yoxlamaya gəlməmişdir. Nəticədə İddiaçı üzrsüz səbəbdən 2022-ci ilin noyabr ayının 10-dan 2023-cü ilin fevral ayının 1-dək illik dərs yükünə aid olan dərslərə gəlməməsi və əmək intizamam kobud şəkildə pozduğu üçün barəsində tədbir görülməsinin xahiş edilməsi qərara alınmışdır. Buna uyğun olaraq Filologiya fakültəsinin dekanlığı təqdimatla universitet rəhbərliyinə müraciət etmişdir. Həmin məsələnin araşdırılması zamanı İnsan resursları və hüquq şöbəsinin Hüquq sektorunun müdiri Sevinc Rzayeva İddiaçıla telefon vasitəsi ilə əlaqə saxlayaraq məsələnin aydınlaşdırılması və izahat verməsi üçün onu BDU-ya dəvət etsə də o, üzrlü səbəb göstərmədən izahat verməkdən imtina etdiyini və gəlməyəcəyini bildirmişdir. Bununla yanaşı Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyevin xx.xx.2022-ci il tarixli, Biologiya fakültəsinin dekanı Afət Məmmədovanın xx.xx.2022-ci il tarixli təqdimatları və tələbələrin ərizələrindən görünür ki, İddiaçı dərs zamanı müəllim adına yaraşmayan qeyri-etik və qeyri-əxlaqi hərəkətlərə yol vermiş, tələbələrə nalayiq ifadələr işlətmiş, keyfiyyətsiz dərs aparmış və bu səbəbdən bəzi tələbə qızlar onun dərslərində iştirak etməkdən imtina etmişdir. Bu səbəblə onun barəsində müvafiq tədbir görülməsi xahiş edilmişdir. Bu məsələlərin araşdırılması zamanı da dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq İddiaçı BDU-ya dəvət edilsə də o, gəlməyəcəyini, hüquq mühafizə orqanlarına şikayət etdiyini, izahat verməkdən imtina etdiyini bildirmişdir. İddiaçı 10 noyabr 2022-ci il tarixindən 01 fevral 2023-cü il tarixinə kimi heç bir üzrlü səbəb olmadan dərslərə (işə) gəlməməklə və yol verdiyi digər nöqsanlarla əmək vəzifələrini kobud şəkildə pozduğu və bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulduğu üçün qanunvericiliyə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsi üçün qabaqcadan razılığının alınması məqsədi ilə onun üzvü olduğu BDU Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. BDU HİK-in 27 fevral 2023-cü il tarixli iclasının (70 saylı protokol) qərarı ilə BDU-nun İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçıla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. BDU-nun xx.xx.2023-cü il tarixli 1/106 nömrəli əmrinə əsasən İddiaçı 2022-ci il 10 noyabr tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, həmçinin əmək və tədris inzizamını, BDU işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozaraq BDU-nun nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 2023-cü il 10 mart tarixindən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Azəbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir və bu da onunla bağlanmış əmək müqaviləsinin Azəbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) ləğv edilməsi üçün əsasdır. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Qeyd olunanlardan göründüyü kimi İddiaçıla bağlanılmış əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq xitam verilmiş və hər hansı qanun və hüquq pozuntusuna yol verilməmişdir. Odur ki, işin hallarından görünür ki, işçi İddiaçı 10 noyabr 2022-ci il tarixdən 2023-cü ilin mart ayına kimi 4 aya yaxın bir müddət ərzində işəgötürənə hər hansı bir məlumat vermədən bütün iş günü ərzində işə gəlməmiş, işəgötürəni məlumatlandırmamış, işəgötürənin xəbərdarlıq məktublarına cavab verməmişdir, bununla da özünün əmək münasibətlərindən irəli gələn əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Bu baxımdan “Bakı Dövlət Universitet” publik hüquqi şəxsi ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan işə gəlməməsi) xitam verərəkən hər hansısa qanunsuzluğa yol verməmişdir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh “Bakı Dövlət Universitet” publik hüquqi şəxsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin olunmasın. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar