Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3513/2025 01.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 (eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi) və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzildən çıxarılma və maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı "mənzildən çıxarılma və maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən İddiaçı məxsus ümumi sahəsi 28,62 kv/m olan yaşayış evinin cavabdehlər Cavabdeh2, Cavabdeh4 Hatəm qızı, Cavabdeh1, Cavabdeh3 tərəfindən onların öz vəsaiti hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlərin və həmin mənzildə qanunsuz olaraq məskunlaşmış digər şəxslərin həmin mənzildən çıxarılması; ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 28,62 kv/m olan yaşayış evi iddiaçıya təhvil verilənədək 14 aprel 2025-ci il tarixdən hesablanmaqla aylıq 350 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi 1993-cü ildə İddiaçı tərəfindən alınmış və həmin tarixdən etibarən iddiaçının mənzil üzərində sərəncam vermək hüququ yaranmışdır. İddiaçı 1996-cı il tarixdə mənzilin ona məxsus olmasını təsdiq edən qeydiyyat vəsiqəsi almış, lakin itirilməsi səbəbindən müvafiq dövlət orqanına müraciət edərək həmin sənədi yeniləmişdir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilən xx.xx.1999-cu il tarixli, 000838 №-li Qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, Yasamal rayonu, Ə.Əhmədov (Talıblı) küçəsi, ev 3 mənzil 7 ünvanında yerləşən yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. Bundan başqa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş 14 sentyabr 2006-cı il tarixli ******* №-li Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhmədov Əsəd küçəsində istifadə olunan 0.7508 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 5 mərtəbəli binada 28.62 kv.mümumi, 16.22 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 161 nömrəli reyestr kitabının 16480 nömrəli vərəqində qeydiyyata alınmışdır. Lakin müvafiq mənzil 1995-ci il tarixdə Ağdam rayonundan gəlmiş, xx.xx.1960-cı il təvəllüdlü məcburi köçkün Cavabdeh2 və ailə üzvləri (yoldaşı Cavabdeh4 Hatəm qızı, oğlu Cavabdeh1, qızı Cavabdeh3) tərəfindən zəbt olunmuşdur. Həmin mənzildə müəyyən vaxtlarda Cavabdeh2 ailə üzvləri ilə birlikdə yaşamış, bəzi vaxtlarda isə müxtəlif şəxslərə kirayə vermişdir. ünvan 4 ünvanlanmış sorğuya cavab olaraq göndərilmiş 29 aprel 2025-ci il tarixli 70 №-li arayışdan görünür ki, Yasamal rayonu, Ə.Əhmədov (Talıblı) küçəsi, ev 3 mənzil 7 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı adınadır və mənzil Ağdam rayonundan gəlmiş məcburi köçkün Cavabdeh2, yoldaşı Cavabdeh4 Hatəm qızı, oğlu Cavabdeh1, qızı Cavabdeh3 və digər 3-cü şəxslər tərəfindən zəbt edilmişdir. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2025-ci il tarixli Arayışında Cavabdeh2, Cavabdeh4 Hatəm qızı, Cavabdeh1 və Cavabdeh3 müvafiq olaraq ünvan 5 ünvanında qeydiyyatda olmaları, X1 isə barəsində hər hansı məlumatın olmaması xüsusatı öz əksini tapmışdır. Bu barədə yenidən 56 saylı MKİS-lə əlaqə yaradılmış və Cavabdeh2 həmin addda qızının olmaması müəyyən edilmişdir. 30 (otuz) ilə yaxın vaxt keçməsinə və dəfələrlə Cavabdeh2 və ailə üzvlərinə (yoldaşı Cavabdeh4 Hatəm qızı, oğlu Cavabdeh1, qızı Cavabdeh3) şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq Cavabdeh2 və onun ailəsi tərəfindən ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 28.62 kv/m olan yaşayış evinin iddiaçı və mülkiyyət sahibi İddiaçı təhvil verilməsi təmin edilməmişdir. 14 aprel 2025-ci il tarixdə İddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu ünvanlanaraq 5 iş günü ərzində qeyd edilən mənzilin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələb olunmuşdur. Lakin həmin xəbərdarlıq məktubuna Cavabdeh2 və ailə üzvləri tərəfindən heç bir münasibət bildirilməmiş və mənzilin boşaldılması təmin edilməmişdir. Cavabdeh tərəfindən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 28.62 kv/m olan yaşayış evinin iddiaçıya təhvil verilməməsi onun mülkiyyət hüquqularını kobud şəkildə pozur. Qeyd etdiklərindən əlavə Cavabdeh4 həmin mənzilin kirayə verilməsini özü də etiraf etmişdir. Bu da cavabdeh tərəfindən özgənin əmlakından qanunsuz istifadə etməklə əsassız varlanma halı hesab edilməlidir. Yasamal rayonu ərazisində qeyd edilən ünvana yaxın 1 otaqlı mənzillərin aylıq kirayə qiymətləri təxminən 350-400 AZN aralığında dəyişir. Ona görə də 14 aprel 2025-ci il tarixdən 19 may 2025-ci il tarixədək 350 manat, 19 may 2025-ci il tarixdən mübahisəli mənzil boşaldılaraq İddiaçı təhvil verilməsinədək olan müddət ərzində aylıq 350 manat cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Aşağıda qeyd edilənlərə əsasən hesab edirik ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 28.62 kv/m olan yaşayış evi cavabdehlər Cavabdeh2, ailə üzvləri (yoldaşı Cavabdeh4 Hatəm qızı, oğlu Cavabdeh1, qızı Cavabdeh3) və digər 3cü şəxslər tərəfindən onların öz vəsaitləri hesabına boşaldılaraq İddiaçı təhvil verilməli və 14 aprel 2025-ci il tarixdən 19 may 2025-ci il tarixədək 350 manat, 19 may 2025-ci il tarixdən mübahisəli mənzil boşaldılaraq İddiaçı təhvil verilməsinədək olan müddət ərzində aylıq 350 manat pul vəsaiti cavabdehlər Cavabdeh2, Cavabdeh4 Hatəm qızı, Cavabdeh1, Cavabdeh3 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 1993-cü ildən həmin mənzildə məskunlaşmışlar. X6 məxsusdur. Evə dair iddiaları yoxdur. Onlar yerləşəndən sonra mənzil iddiaçı tərəfindən alınmışdır. Gedəcək yerləri yoxdur. Birinci məhkəmə prosesindən sonra Azərbaycan Respublikası Qaçqınların və X4 Üzrə Dövlət Komitəsinə müraciət ediblər və onlara bildirildi ki, məhkəmə qətnaməsi təqdim edildikdən sonra 2 ay ərzində onlara ev verilə bilər. Ailədə 7 nəfərdirlər. Məhkəmə iclasında Cavabdeh2 (eyni zamanda digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi) məhkəməyə verdiyi izahatında Cavabdeh4 izahatında bildirdiklərini təsdiq edərək, əlavə olaraq bildirmişdir ki, iddiaçıdan evdən çıxmaq üçün sentyabr ayınadək möhlət verilməsini istəyirlər. Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM seriyalı 000838 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, 3 saylı evin 16,22 yaşayış sahəsindən ibarət 1 otaqlı 7 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1039 saylı reyestr kitabında 156006 nömrə ilə xx.xx.1999-cu il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhmədov Əsəd küçəsində istifadədə olan 0.7508 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 5 mərtəbəli binada 28.62 kv.m ümumi, 16.22 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 7 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 161 nömrəli reyestr kitabının 16480 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı Şəhər Yasamal Rayonu İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 56 Saylı Mənzil-Kommunal İstismar Sahəsinin 57 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 9 mənzildə 1993-cü ildən ailəsi ilə birlikdə Ağdam rayonundan gəlmiş məcburi köçkün kimi məskunlaşmışdır. Həyat yoldaşı Cavabdeh4 (1963), oğlu Cavabdeh1 (1990), qızı Cavabdeh3 (1992), qızı: X2 (1992), ev sahibi isə İddiaçıdır. Bakı Şəhər Yasamal Rayonu İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 56 Saylı Mənzil-Kommunal İstismar Sahəsinin 323771 nömrəli xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh2 tərəfindən kommunal xidmətlər üçün 157 manat ödəniş edilmişdir. Bakı Şəhər Yasamal Rayonu İcra Hakimiyyəti Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 56 Saylı Mənzil-Kommunal İstismar Sahəsinin 70 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 9 ünvan İddiaçı adınadır. Mənzil Ağdam rayonundan gəlmiş məcburi köçkün Cavabdeh2 tərəfindən ailəsi ilə birlikdə zəbt olunmuşdur. Yoldaşı: Cavabdeh4 H. qızı (1963), oğlu: Cavabdeh1 (1990), qızı: Cavabdeh3 (1992), qızı: X3 (1992). Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, 1990-1992-ci ildə doğulmuş X1 hansı ünvanda qeydiyyatda olmasına dair məlumat yoxdur. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə 5 gün ərzində mənzilin boşaldılaraq təhvil verilməsi, əks halda qanunamüvafiq qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsi, 3 saylı evin 16,22 yaşayış sahəsindən ibarət 1 otaqlı 7 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmış, daha sonra mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 161 nömrəli reyestr kitabının 16480 nömrəli vərəqində xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmışdır. Həmin mənzildə 1993-cü ildə Cavabdeh2 ailəsi - həyat yoldaşı Cavabdeh4, oğlu Cavabdeh1, qızı Cavabdeh3 ilə birlikdə Ağdam rayonundan gəlmiş və məcburi köçkün kimi məskunlaşaraq mənzili zəbt etmişlər. Bununla da, iddiaçının potensial mülkiyyətçi olaraq, hüquqları pozulmuş, iddiaçının razılığı olmadan cavabdehlərin həmin mənzildə yaşaması iddiaçının öz mənzilindən rahat istifadə etməyinə mane olur, onun mülkiyyət hüquqlarını pozur, mülkiyyətində olan mənzildən öz istədiyi kimi istifadə etmək, sahib olmaq və sərəncam vermək hüququnu məhdudlaşdırır. Halbuki, qanunvericilik mülkiyyət hüququnu və mülkiyyət hüququnun pozulduğu halda, onun müdafiəsini tanıyır. Cavabdehlərin isə mübahisəli mənzildə yaşamaları üçün hər hansı bir qanuni əsas yoxdur. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlər mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddianın maddi ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər 1993-cü il tarixdən həmin mənzildə qanunsuz yaşamaqla mənzildən əsassız olaraq faydalanırlar. Bununla da, əsassız varlanma hüquq institutu üzrə yuxarıda göstərilən hər 3 dispozitiv şərt yerinə yetirilir. Aylıq kirayə haqqının dəyərinin 350 manat müəyyən edilməsini məhkəmə ağlabatan hesab edir. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakların kirayə verilməsi ilə bağlı elanlarından da görünür ki, oxşar sahəli köhnə mənzillərin aylıq kirayə haqqı 300-450 manat arasında dəyişir. İddiaçı tərəfindən cavabdehlərə mənzilin boşaldılması ilə bağlı xəbərdarlıq məktubu 14 aprel 2025-ci il tarixdə göndərilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mənzil iddiaçıya təhvil verilənədək xx.xx.2025-ci il tarixdən hesablanmaqla aylıq 350 (üç yüz əlli) manat məbləğində vəsait cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov (Talıblı) küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 28,62 kv/m olan 7 saylı mənzildən çıxarılsınlar. Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov (Talıblı) küçəsi, ev 3 ünvanında yerləşən 7 saylı mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov (Talıblı) küçəsi, ev 3 ünvanında yerləşən 7 saylı mənzil İddiaçı təhvil verilənədək xx.xx.2025-ci il tarixdən hesablanmaqla aylıq 350 (üç yüz əlli) manat məbləğində vəsait cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №e-2(004)-3513/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3513/2025
01.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver