Məhkəmə qərarları › İş №e-2(004)-3516/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3516/2025

31.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3516/2025 31.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh, Cavabdeh nümayəndəsi (arvadı) X3 iştirakı ilə, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 66.93 kv.m. olan tikilinin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 66.93 kv.m. olan tikilinin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m. olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan tikilinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 700 (yeddi yüz) məbləğində kirayə haqqı ödənilməsi” tələbinə dair mülki işə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 66.93 kv.m. olan tikilinin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 66.93 kv.m. olan tikilinin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m. olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan tikilinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 700 (yeddi yüz) məbləğində kirayə haqqı ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1ci maddəsinə əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq "xxxx" MMC tərəfindən həll edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən tərtib edilmiş 28 aprel 2020-ci il tarixli rəyə əsasən, həmin ərazidə yerləşən yaşayış evlərinə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, Yaşayış evləri uzun müddət təmirsiz istismar edildiyindən köhnəlmiş və fiziki aşınmaya məruz qalmışdır; Yükdaşıyan divarlarda müxtəlif istiqamətli bir və iki tərəfli çatlar mövcuddur; Torpaqla təmasda olan daxili divarlarda nəmlik, xarici divarlarında isə suvaq qatları və hörgü məhlullarıaşınmışdır; Evlərin əksəriyyətinin ağac materialından olan qapı və pəncərələri köhnəlmişdir; Dam örtüklərinin uzun müddət təmirsiz istismarı nəticəsində atmosfer suları əksər tikililərin daxilinə sızaraq tavanlarda və divarlarda rütubət izləri yaratmışdır; Baxış keçirilərin bəzi tikililərin ağac konstruksiyasından olan döşəmə və tavan hissələri çürüyərək deformasiyaya uğramışdır; Kommunikasiya sistemləri – elektrik, su və kanalizasiya xətləri köhnəlmiş və yararsız vəziyyətdədir; Daxili həyətlərdə vətəndaşlar tərəfindən evlərin üzərində tikinti norma və qaydalarının tələblərinə əməl olunmadan əlavə tikililər inşa edilmişdir. Bu tikililər metal borular və mövcud daş hörgülərin üzərində müxtəlif tikinti materiallarından olmaq yerinə yetirilmişdir. İnşa edilmiş bu artırmalar evlərin əlavə yüklənməsinə səbəb olmuş, onun tikinti və fəza sərtliyini xeyli zəiflətmişdir ki, bu da zəlzələ təhlükəsi mövcud olan bu region üçün çox faciəvi nəticələrin baş verməsinə səbəb ola bilər; Yaşayış evləri mövcud tikinti norma və qaydalarına cavab vermir; Yaşayış evləri memarlıq nöqteyi nəzərindən heç bir tarixi əhəmiyyət kəsb etmir. Bakı Şəhər İcra Hakimiyyətinin sözügedən sərəncamına və Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2020-ci il tarixli yerquruluşu planına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov, S. Dağlı, İ. Qutqaşınlı və M. Müşfiq küçələrinin əhatəsində yerləşən torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli, № 1603 saylı icarə müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2020-ci il tarixli, 30 nömrəli Sərancamından çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X12 və Mikayıl Müşfiq küçələrinin əhatəsində İddiaçı MMC-nin icarəsində olan torpaq sahəsində layihələndirilən 14-16-20 mərtəbəli yaşayış binalarının “Bakı Dövlət Layihə İnstitutu” BDLİ tərəfindən işlənilmiş şəhərsalma əsaslandırılmaları təsdiq edilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdaərsinin xx.xx.2022-ci il tarixli, № Tİ- 133/22 saylı obyektin tikintisinə icazə ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X12 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsində İddiaçı MMC-yə yaşayış və qeyri-yaşayış binalarının tikintisi məqsədilə obyektin tikintisinə icazə verilmişdir. İddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik, sahələrindən daha artıq olmaqla təmirli mənzillər təklif edilir, eyni zamanda evlərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. "Lux Residence” MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 saylı Sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəlisürür,evlərisökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. Bakı şəhəri,Yasamal rayonu, Ələsgər Əkbərov, Seyfəddin Dağlı, X12 və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.2 ha torpaq sahəsinin əhatə etdiyi ünvanda yerləşən və kəskin qəzalı vəziyyətdə olan evlərdə yaşayan mülkiyyətçilərin əksəriyyəti ilə qarşılıqlı razılıq əsasında onların evlərinin sökülməsi və yeni mənzillə təmin edilmələrinə dair müqavilələr bağlanmışdır və evlərin təhlükəli vəziyyətdə olması nəzərə alınaraq bu proses təxirə salınmadan davam etməkdədir. İddiaçı MMC tərəfindən ayrılmış torpaq sahəsində onlarla mülkiyyətçi ilə razılığa gəlinərək köçürülmüş, tikilməli olan yeni binaların əksəriyyəti tamamlanmışdır. Lakin razılığa gəlinməsi mümkün olmayan sakinlər səbəbindən layihə üzrə tikilməli olan bəzi binaların inşasına başlamaq mümkün olmamışdır. İddiaçı MMC cavabdehə məxsus evin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Ə. Ələkbərov, S. Dağlı, İ. Qutqaşınlı və M. Müşfiq küçələrinin kəsişməsində olan ərazidə yerləşən evlərin 250-dən artıq sakini ilə evlərin sökülməsi və yeni mənzilin tikilərək təhvil verilməsi barədə müqavilələr bağlamış, MMC öz üzərinə adı çəkilən evlərin sökülməsi əvəzində müasir standartlara və şəhərin memarlıq üslubuna cavab verən yeni binanın inşa edilərək sakinlərə sahib olduqları evlərin əvəzinə təmirli mənzillərin və bu dövr ərzində sakinlərə hər ay kirayə haqlarının verilməsi öhdəliyini götürmüşdür. Həmçinin sözügedən ərazidə aparılacaq tikinti işləri ilə bağlı digər sakinlərlə olduğu kimi, ünvan 2 ünvanında yerləşən qanunsuztikili olan evin mülkiyyətçisi Cavabdeh ilə də danışıqlar aparılmağa çalışılmış, lakin cavabdeh MMC qarşısında əsassıztələblər irəli sürdüyündən nəticədə onunla razılıq əldə olunması mümkün olmamışdır. Cavabdehə digər ev sahibləri kimi, sahib olduğu ünvan 2 ünvanında yerləşən 66.93 m faktiki sahədən ibarət olan evin əvəzinə yeni tikiləcək binada təmirli 87 m yaşayış sahəsi və həmin yaşayış sahəsi tikilib təhvil verilənədək aylıq 700 (yeddi yüz) manat kirayə haqqı, alternativ variant kimi isə cavabdehə məxsus olduğu evin əvəzinə kompensasiya variantı da təklif olunur. Nəzərə alınmalıdır ki, qəzalı vəziyyətdə olan vətəndaşların yaşadığı evlərin sökülməsi və yerində hündür mərtəbəli yaşayış binalarının inşa olunması sahəsində Bakı Şəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilk növbədə orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Həmin ərazidə yaşayan digər sakinlərlə razılaşmalar əldə edildiyi halda, cavabdehin əsassız tələblər irəli sürərək bu tədbirin həyata keçirilməsinə mane olması digər sakinlərin də hüquqlarını pozur. Göründüyü kimi, cavabdeh öz hüquqlarından açıq-aşkar sui-istifadə edərək əsassız varlanmaq niyyəti ilə, həm şirkətin fəaliyyətinin iflic edilməsinə və külli miqdarda ziyan vurulmasına səbəb olur, həm də onlarla insanın mənzil hüquqlarının reallaşdırılmasına əngəl törədir. İddiaçı MMC Bakı Şəhər İcra Hakimiyyəti Başısının sərəncamına, şəhərsalma əsaslandırılmasına, ayrıc aktına, obyektin tikintisinə icazə sənədinə və torpaq sahəsinin icarəyə verilməsi haqqında Müqaviləyə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsisəlahiyyətinə malik olduğundan hazırki tələbləri irəlis ürmək üçün subyektiv hüquqa malik olan şəxsdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O, bildirmişdir ki, kompensasiya məbləği olaraq ən azı 300.000 manat tələb edir. Cavabdeh nümayəndəsi (arvadı) X7 məhkəmə iclasında iştirak edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əsasən müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 saylı Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatə etdiyi 4.20 ha torpaq sahəsində (icarə əsasında) yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisinin layihələndirilməsi üçün İddiaçı MMC-yə icazə verilmişdir. Həmin Sərəncamın 1ci maddəsinə əsasən həmin ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi müvafiq qanunvericiliyə uyğun olaraq "xxxx" MMC tərəfindən həll edilməlidir. İş materiallarında olan Central Consulting MMC-nin xx.xx.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən tikilinin daxili parametrləri (içdəniçə, zirzəmi və köməkçi tikililər daxil olmaqla) üzrə sahəsi 66,93 kv.m., orta bazar qiyməti 172000 manat, evin faktiki vəziyyəti nəzərə alınmaqla 1 kv.m. üçün dəyəri, 2570 manat, evə uyğun tikililərin kirayə dəyəri 600 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 300 manat təşkil edir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsiinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.5.1-ci maddəsinə əsasən alğı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə, hüquqdan sui-istifadə hesab olunur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarına əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair”2011-ci il 16 dekabr tarixli Qərarı). Həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır. Qeyd edilən qaydalar təkmilləşdirilərək hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya məhkəməsi Plenumunun hazırki qərarında əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə, eyni zamanda “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsi və Mülki Prosessual Məcəllənin 13.7-ci maddəsinin tələblərinə görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8 və X1rşı” xx.xx.2019-cu il tarixli qərarında belə bir hüquqi mövqe ortaya qoyulmuşdur ki: Məhkəmə hesab edir ki, müdaxilənin uyğunluğu cəmiyyətin ümumi mənafeyi ilə bağlı tələblərlə şəxslərin fundamental hüquqlarının qorunması imperativləri arasında düzgün balansın olmasıdır. İş üzrə məhkəmə hesab edir ki, heç bir məqamda aidiyyəti şəxslər yeni mənzilin köhnə mənzillə müqayisədə aşağı dəyərə malik olmasını təsdiq etməyiblər və işdə yer alan xüsusatlar buna əsas vermir (yuxarıda sitat verilən Volçkova və Mironov işi ilə müqayisə edin, 10 DÉCİSİON SİGUNOVY c. RUSSİE §§ 125-126). Onların ifadə etdikləri yeganə uyğunsuzluq mərtəbədə, hər bir otağın sahəsi, balkonların olmaması və divar şkafları ilə bağlı yeni mənzilin köhnə ilə identik olmaması idi. Bununla belə, nə Moskva şəhər hökumətinin qərarı (yuxarıdakı 36-cı paraqraf), nə də Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi identik mənzilə köçürülmə və yerləşməyə təminat vermir. Bundan başqa, ərizəçilar həmin binada 2014-cü ilə qədər, yəni bina sökülənə kimi yaşamışlar, onlar bu gecikən sökülmə faktorundan da yararlanmışlar. Nəhayət, 23 aprel 2010-cu il tarixli qərarın icra edilməsi qaydalarına gəlincə, məhkəmə hesab edir ki, bu şikayət təkcə gecikməklə qalmayıb, çünki ilk dəfə 01 avqust 2017-ci ildə qaldırılıb ( yuxarıdakı 27-ci paraqraf), həm də və xüsusən qərarın icra qaydası ərizəçilərin mülkiyyət hüququnun güzəşt edilməsindən və onlara bunun əvəzində yeni mənzilin verilməsindən asılı deyildir.

59. Yekun olaraq məhkəmə təsdiq edir ki, ərizəçilər həcm etibarı ilə köhnədən bir az da böyük olan, nəzərə çarpacaq dərəcədə daha yüksək dəyərə malik yeni mənzil almışlar və bu mənzil onların köhnə mənzilinin qonşuluğunda yerləşir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, fərdi evlərdə yaşayan sakinlərin köçürülməsi ilə bağlı onlara məxsus olan həmin ərazidə yeni tikiləcək çoxmərtəbəli binada yeni təmirli yaşayış sahələri (mənzillər) təqdim edilir. Yaşayış yerləri verilənə qədər hər bir ailəyə yaşayış otaqlarının sayına uyğun olaraq kirayə pulu ödənilməklə, qonşuluqda yerləşən fərdi evlərdən təxminən 200 ailə köçürülüb. Layihələndirilmə düşən ərazidə əksər sakinlər öz əşyalarını götürüb yaşayış evlərini boşaldıblar və çoxunun evləri artıq sökülmüşdür. Lakin, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçiləri ilə müvəqqəti olaraq başqa bir yaşayış yerinə köçmək və yeni tikiləcək binada daha yaxşı təmir edilmiş bir mənzilə köçmək üzrə razılığa gəlmək mümkün olmamışdır. İddiaçı, söküləcək fərdi yaşayış evlərinin sakinlərinə yeni tikiləcək binada müasir tələblərə uyğun və tam şəraitli mənzillər təmin ediləcəyi barədə öhdəlik götürmüşdür. Sökülən evlər üzrə razılığa gəlmiş sakinlər alacaqları yeni mənzillər ilə bağlı gözlənti hüquqları yaranmış lakin cavabdeh ilə razılıq əldə edilməməsi, cavabdehlərin öz mülkiyyət hüququndan sui-istifadə etməsi onların bu gözlənti hüquqlarını məhdudlaşdırır.İddiaçı cavabdehlərin mülkiyyət hüquqlarını pozmur, əksinə, onların mülkiyyətlərini ədalətli şəkildə qoruyur və mütənasib şəkildə kompensasiya edir. Cavabdehlərə, onların mövcud mənzilinin sahəsindən daha geniş olmaqla, müasir tələblərə cavab verən yeni tikilən binada mənzil verilir. Bu, onların mülkiyyətinin daha yaxşı və daha dəyərli bir şəkildə yenilənməsini təmin edir, həmçinin cavabdehlərin yaşayış şəraitinin yaxşılaşmasına imkan verir. İddiaçı, cavabdehə məxsus, şəhərin müasir tələblərinə cavab verməyən fərdi yaşayış evlərinin sökülərək yerində abadlaşdırılması və yaşıllaşdırılması ilə əlaqədar münasib təklif irəli sürmüşdür. Bu təklif, müasir şəhər planlaşdırması çərçivəsində mülkiyyət dəyərlərinin artırılması və yaşayış standartlarının yüksəldilməsi məqsədinə xidmət edir. Lakin, cavabdehlə razılıq əldə edilə bilməməsi nəticəsində, həmin şəxsin yaşayış sahəsini tərk etməməsi yeni və standartlara uyğun yaşayış binasının tikintisini gecikdirir və bu prosesi maneə törədir. Qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin məzil-məişət şəraitinin yaxşılaşdırılması, şəxslərin mənafeyinə və ümumi maraqlara xidmət edir. Bu, həmçinin yaşayış şəraitinin təhlükəsiz və sağlam bir mühitə çevrilməsini təmin edir. Belə bir yanaşma, mülkiyyət hüquqlarının əsassız və ədalətsiz şəkildə məhdudlaşdırılması kimi dəyərləndirilməməlidir, çünki burada məqsəd mülkiyyət hüquqlarını pozmaq deyil, əksinə, yaşayış standartlarını qaldırmaq və mənzil şəraitini daha yaxşı, müasir və təhlükəsiz hala gətirməkdir. Bu proses, mülkiyyətçilərin mənafelərinin qorunması və ictimai maraqların təmin edilməsi prinsipləri ilə uyğunlaşdırılaraq həyata keçirilməlidir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq norması hüquq münasibətləri arasında yaranan münasibətləri ədalətli qaydada tənzimləmək üçün tərtib edilir. Məhkəmə qərar qəbul edərkən şəhər sakinlərinin, subyektlərin ümumi mənafe və maraqlarını əsas götürür. Məhkəmə nəzərə alır ki, müqavilə azadlığının tələbləri və mülkiyyətçinin öz mülkiyyəti barədə sərbəst sərəncam vermək hüququ nəzərə alınmaqla sözügedən ərazidə mütləq əksəriyyət mülkiyyətçilərlə İddiaçı MMC arasında razılıq əldə edilmiş, ərazidə kütləvi şəkildə tikinti işləri həyata keçirilir. Razılaşma əldə edilməyən sakinlərin həmin ərazidə yaşamağa davam etməsi faktiki olaraq mümkün deyildir. Məhkəmə mülkiyyətçilərin mülkiyyət hüquqlarının dövlət təminatını nəzərə alsa da, faktiki durumu operativ və effektiv şəkildə tənzimləməyi, razılaşma əldə edilməyən sakinlərin təhlükəsiz və sağlam yaşam şəraitlərinin təmin edilməsi zəruri hesab edir. Bu isə yalnız münasibətlərə ümumi maraqların qorunması üçün qanuni əsaslarla məhkəmə müdaxiləsi ilə mümkündür. Məhkəmə hesab edir ki, cavabdeh mülkiyyət hüququndan sui-istifadə edir. Nəticə etibarilə, mülki işin faktiki halları MM-in 560-cı maddəsinin dispozitiv şərtləri ilə eynilik təşkil edir. Hüquqdan sui-istifadə yolverilməzdir. Nəzərə alınmalıdır ki, həmin ərazidə aparılan geniş tikinti işləri ilə əlaqədar bütün kommunikasiya (elektrik, qaz, su, piyada yolu, yol-nəqliyyat, kanalizasiya) xətləri məhv olmuşdur, cavabdehin yaşadığı ev infrastruktur baxımdan tam yaşamaq üçün yararsız vəziyyətə düşmüşdür. Aşağıda qeyd edilən hesablama, həmçinin cavabdehə məxsun tikilinin sahəsi daxili (içdən içə) parametrlər üzrə, yəni faktiki yaşayış sahəsi üzrə nəzərə alınır. Mübahisə predmeti olan tikili daşınmaz əmlak dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə qeyd edir ki, mövcud məhkəmə təcrübəsinə əsasən tikilinin sahəsi daxili parametrlər üzrə (içdən-içə) əsas götürülür. Odur ki, hesab edilir ki, ünvan 1 ünvanında yerləşən tikilinin sahəsi 66.93 kv.m. təşkil edir. Mülki iş üzrə həmin hissədə mübahisə yoxdur. Mübahisə kompensasiya məbləğinin həcmi ilə bağlıdır ki, cavabdeh ən azı 300.000 manat kompensasiya tələb edir. Lakin, müvafiq qiymətləndirmə rəyindəki məlumatlar nəzərə alınmaqla, sözügedən məbləğdə kompensasiyanın ödənilməsi əsaslı deyildir. Həmçinin, pul formasında kompensasiyanın ödənilməsi isə cavabdehin maraqlarına uyğun deyildir. Yeni tikiləcək binanın 10-cu bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m. olan təmirli mənzilin təhvil verilməsi ədalətli kompensasiya hesab edilir. Təhvil veriləcək mənzilin gələcək bazar dəyəri hesablanacaq pul formasındakı kompensasiyanın həcmindən (təxminən 206400 manat (172000 manat dəyərin 20% hissəsi 34500 manat təşkil edir)) 2 dəfə yüksək dəyərdədir. Mənzilin ümumi sahəsinə uyğun olaraq 700 manat kirayə haqqının ödənilməsi ədalətli və proporsional hesab edilir. Nəzərə alınmalıdır ki, müvafiq qiymətləndirmə rəyinə əsasən oxşar tikililərin 1 aylıq kirayə dəyəri 600 manat təşkil edir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən “formal həqiqət” prinsipi nəzərə alınmaqla, həmçinin məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi qedy edilməklə məhkəmənin öz təşəbbüsü ilə tərəflərdən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Bu səbəbdən, məhkəmə mülki işə tərəflərin təqdim etdiyi sübutlar əsasında baxaraq qərar qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 300 (üç yüz) manat məbləğində ekspertiza xərci məhz cavabdehin köçürülmənin təsirinə məruz qalması və iddiaçının yüksək maliyyə durumu nəzərə alınmaqla İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, M/H AZ94İBAZ********************, M/N 4579704) hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 66.93 kv.m. olan tikili boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməli, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 66.93 kv.m. olan tikilinin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m. olan təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh təhvil verilməli, sökülməsi nəzərdə tutulan tikilinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 66.93 kv.m. olan tikilinin boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilməsi, İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında yerləşən qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş faktiki sahəsi 66.93 kv.m. olan tikilinin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m. olan təmirli mənzilin binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh təhvil verilməsi, sökülməsi nəzərdə tutulan tikilinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 700 (yeddi yüz) məbləğində kirayə haqqı ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 66.93 kv.m. olan tikili boşaldılaraq sökülməsi üçün İddiaçı MMC-yə təhvil verilsin. İddiaçı MMC tərəfindən ünvan 2 ünvanında yerləşən faktiki sahəsi 66.93 kv.m. olan tikilinin əvəzinə yeni tikiləcək binanın 10-cu bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m. olan təmirli mənzil binanın bünövrəsi qoyulduqdan sonra 24 (iyirmi dörd) ay müddətinə Cavabdeh təhvil verilsin. Sökülməsi nəzərdə tutulan tikilinin İddiaçı MMC-yə təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək İddiaçı MMC tərəfindən Cavabdeh hər ay 700 (yeddi yüz) manat məbləğində kirayə haqqı ödənilsin. İş üzrə aparılmış ekspertiza üzrə ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********, M/H AZ94İBAZ********************, M/N 4579704) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar