Məhkəmə qərarları › İş №e-2(004)-353/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-353/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-353/2025 16.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Azercell Telecom MMC arasında “***-***-**-**” mobil nömrəsi ilə əlaqədar bağlanmış abunə müqaviləsinin cavabdeh tərəfindən birtərəfli qaydada xitamının qanunsuz sayılması, cavabdehin üzərinə müqavilə üzrə öhdəliklərini yerinə yetirmək, müqavilədə göstərilən və birtərəfli qaydada sistem üzərindən ləğv edilmiş “050-211- 30-70” nömrəsini sistem üzərində bərpa edərək yenidən İddiaçı istifadəsinə vermək vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 oktyabr 2011-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında Abunə müqaviləsi bağlanılmışdır. Həmin müqavilə ilə “***-***-**-**” mobil nömrəsi Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilmiş və Cavabdeh MMC tərəfindən 04.07.24-cü il tarixli 14271 nömrəli məktuba əsasən 2016-cı ilədək ödənişlər vaxtı vaxtında həyata keçirilməklə xətt sistemi çərçivəsində istifadə edilmişdir. xx.xx.2014cü il tarixdən İddiaçı cinayət məsuliyyətinə cəlb olunduğundan həmin ərəfədən başlayaraq “***-***-**-**” mobil nömrəsindən faktiki olaraq istifadə etmək imkanından məhrum olmuş və ödənişlərin vaxtı-vaxtında nəzarət etmək iqtidarında olmamışdır. Nümayəndə1 daha sonra etibarnamə verilmiş, Nümayəndə1 isə 07 iyun 2024-cü il tarixdə həmin etibarnamədə qeyd edilmiş səlahiyyətlərdən yararlanaraq, “***-***-**-**” mobil nömrələrdən istifadənin bərpası üçün Cavabdeh MMC-nin “Müştəri Xidmətləri”nə müraciət etmişdir. “Müştəri Xidmətləri”ndən təqdim edilən 14271 nömrəli məktuba əsasən, göstərilmişdir ki, müvafiq məsələ ilə əlaqədar Cavabdeh MMC-də elektron məlumat bazaları əsasında araşdırma aparılmış, araşdırma zamanı “050-211- 30-70” mobil nömrəsi ilə bağlı 2016-cı il 25 iyul, 25 avqust və 25 sentyabr tarixlərdə müvafiq hesab-fakturaların kəsilmiş, həmin hesab-fakturalar üzrə ümumillikdə 6 manat 37 qəpik məbləğində borc məbləğinin yaranması müəyyən edilmiş, həmin borc məbləğinin “son ödəmə tarixinədək” ödənilməməsi səbəbindən Cavabdeh MMC tərəfindən 29 oktyabr 2011-ci il tarixli Müqavilə 07 fevral 2017-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh MMC tərəfindən Müqavilə əsasında istifadəyə verilmiş “***-***-**-**” mobil nömrəsinin son ödəmə tarixinədək ödənilməməsi səbəbindən eyni nömrənin başqa şəxsin istifadəsinə verilməsi və Müqavilənin təktərəfli ləğvi həmin Müqavilənin şərtlərinə ziddir. Nəzərə alınmalıdır ki, tərəflər Müqaviləyəyə əsasən birtərəfli ləğv qaydalarını qabaqcadan razılaşdırmış və ondan irəli gələn şərtlərə əsasən öz hüquqlarını və öhdəliklərini həyata keçirmək iradələrini ifadə etmişlər. Ali Məhkəmənin № 2(102)-3251/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli Qərarında qeyd edildiyi kimi, "Mobil telefon nömrəsindən istifadə ilə əlaqədar hüquq münasibəti tərəflər arasında bağlanmış 30 dekabr 2005-ci il tarixli abunə müqaviləsinə əsasən yarandığından, kollegiya hesab edir ki, mübahisə həmin müqavilənin tələbləri baxımından həll edilməlidir". Məsələ ondadır ki, Cavabdeh MMC öz məktubunda da qeyd etdiyi kimi son ödəmə tarixinədək ödənişlərin edilməməsini nömrənin və müqavilənin ləğvinə əsas bilir. 2(102)-3251/2021 nömrəli iş üzrə qərarda açıq aydın qeyd edilmişdir ki, "telefon xəttinin bağlanması və telefon nömrəsinin ləğv edilməsinə dair abunə müqaviləsinin müddəası həmin müqavilənin ləğvi imkanı kimi qiymətləndirilə bilməz". Bu müddəa hazırkı işdə də böyük rol oynayır. Belə ki, son ödəmə tarixinədək ödənişlər həyata keçirilmədiyi təqdirdə "xxxx" MMC xidməti dayandıra bilər, lakin bu sadəcə ödənişin edilməsi üçün bir tədbirdir və müqavilənin ləğvinə əsas ola bilməz. Müqavilənin 8.5-ci maddəsində qeyd edilmişdir ki, “hər-hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilmiş nömrə "AZERCELL"tərəfindən başqa istifadəçiyə verilə bilər". Bu müddəadan bir daha məlum olur ki, nömrədən istifadə başqa şəxsə yanlız müqaviləyə xitam verildikdən sonra ötürülə bilərdi. Eyni müqavilənin şərtinə əsasən isə həmin müqavilənin birtərəfli ləğvi üçün xidmət göstərilməsi dayandırıldıqdan sonra 6 (altı) ay müddət keçməli idi. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, bildirdi ki, iddia tələbi hüquqi baxımdan əsassızdır. Belə ki, 29 oktyabr 2011-ci il tarixində "xxxx" MMC ilə İddiaçı arasında Müqaviləsi bağlanılmış, həmin müqavilə ilə "***-***-**-**" mobil nömrə onun istifadəsinə verilmişdir. Müqavilənin 2.1-ci maddəsinə əsasən bu Müqavilənin predmetini "AZERCELL" tərəfindən telekommunikasiya xidmətlərinin göstərilməsi (bundan sonra "xidmət"), "Abunəçi" tərəfindən isə bu xidmətin müqabilində haqqın ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. İddiaçının istifadəsində olmuş ***-***-**-** nömrədə xx.xx.2016-cı il tarixində (avans məbləği nəzərə almmaqla ödəniləcək məbləğ 3,13 manat təşkil edib) 3,19 manat məbləğində, xx.xx.2016-cı il tarixində 0,05 manat, xx.xx.2016-a il tarixində 3,19 manat məbləğində fakturalar kəsilmişdir. Qeyd olunan faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən ***-***-**-** nömrə Müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2017-ci il tarixində ləğv edilməklə cavabdehin istifadəsindən çıxarılmışdır. ***-***-**-** nömrədə hesablanmış ümumilikdə 6,37 manat məbləğində faktura borcu xx.xx.2017-ci il tarixində digər abunəçinin istifadəsinə verilmək məqsədi ilə tam şəkildə silinmişdir. Beləliklə, iddiaçının Cavabdeh MMC-yə qarşı tələbi faktiki və hüquqi baxımdan əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nümayəndə2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, iddiaçının istifadəsində olmuş ***-***-**-** nömrədə xx.xx.2016cı il tarixində (avans məbləği nəzərə alınmaqla ödəniləcək məbləğ 3,13 manat təşkil edib) 3,19 manat məbləğində, xx.xx.2016-cı il tarixində 0,05 manat, xx.xx.2016-a il tarixində 3,19 manat məbləğində fakturalar kəsilmişdir. Qeyd olunan faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən ***-***-**-** nömrə müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2017-ci il tarixində ləğv edilməklə cavabdehin istifadəsindən çıxarılmışdır. ***- ***-**-** nömrədə hesablanmış ümumilikdə 6,37 manat məbləğində faktura borcu xx.xx.2017-ci il tarixində digər abunəçinin istifadəsinə verilmək məqsədi ilə tam şəkildə silinmişdir. Müqavilədə bildirilən 6 ay müddət gözlənilmişdir və müqavilənin şərtləri pozulmamışdır. İddiaçı cəza çəkmə müəssisəndə olduğu müddətdə də mobil nömrədən istifadə edilmişdir.Nömrə hal-hazırda başqa bir istifadəçinin qanuni istifadəsindədir. Onların heç bir şəxsi marağı yoxdur. Sözügedən nömrənin bazar dəyəri yüksəkdir və məqsəd həmin nömrəni özəlləşdirməkdir. 6 aylıq müddət sonuncu fatura kəsilən tarixdən hesablanır. Müqaviləyə xx.xx.2017-ci il tarixində xitam verilib. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli Abunə müqaviləsinə əsasən “***-***-**-**” mobil nömrəsi Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilmişdir. "xxxx" MMC-nın 25 iyun 2016-24 iyul 2016-cı il dövr üçün kəsilən hesabfakturasından görünür ki, İddiaçı MMC-yə borcu 3,13 manatdır. "xxxx" MMC-nın 25 iyul 2016-24 avqust 2016-cı il dövr üçün kəsilən hesabfakturasından görünür ki, İddiaçı MMC-yə borcu 0,05 manatdır. "xxxx" MMC-nın 25 avqust 2016-24 sentyabr 2016-cı il dövr üçün kəsilən hesabfakturasından görünür ki, İddiaçı MMC-yə borcu 3,19 manatdır. "xxxx" MMC-nin sorğuya 11 dekabr 2024-cü il tarixli məktubundan görünür ki, “...********** X2, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, ev 33, mənzil 37,xx.xx.1973, AA ******* (Müqavilə həmin şəxsin adına xx.xx.2019-cu ildə rəsmiləşdirilib və hal-hazıradək qeyd edilən şəxsin adınadır). "xxxx" MMC-nin telekommunikasiya şəbəkəsində xx.xx.2017-ci ilə tarixində ********** mobil telefon nömrəsinə dair bağlanmış hər hansı bir müqavilə mövcud deyil. "xxxx" MMC-də müqavilə sahibinin nömrəni digər şəxslərin istifadəçisinə verməsi hallarına dair məlumatın qeydiyyatı aparılmır. "xxxx" MMC-nin İddiaçı ünvanlanmış 04 iyul 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “...xx.xx.2011-ci il tarixli Abunə Müqaviləsinə əsasən fakturalı xətt sistemində İddiaçı Faiq oğlunun istifadəsində olmuş 050 *** ** ** nömrədə xx.xx.2016cı il tarixində (avans məbləği nəzərə alınmaqla ödəniləcək məbləğ 3,13 manat təşkil edib) 3,19 manat məbləğində, xx.xx.2016-cı il tarixində 0,05 manat, xx.xx.2016-cı il tarixində 3,19 manat məbləğində fakturalar kəsilmişdir. Qeyd olunan faktura borclarının son ödəmə tarixinədək ödənilməməsi səbəbindən 050 *** ** ** nömrə Abunə Müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2017-ci il tarixində ləğv edilməklə İddiaçı istifadəsindən çıxarılmışdır. 050 *** ** ** nömrədə hesablanmış ümumilikdə 6,37 manat məbləğində faktura borcu xx.xx.2017-ci il tarixində digər abunəçinin istifadəsinə verilmək məqsədi ilə tam şəkildə silinmişdir. Göstərilənləri nəzərə alaraq bildiririk ki, 050 *** ** ** nömrədə həmin fakturalar ilə əlaqədar hazırda borc məbləği mövcud deyil. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının qanunvericiliyinə və Abunə Müqavilələrinin şərtlərinə əsasən "xxxx" MMC tərəfindən nömrə abunəçinin mülkiyyətinə deyil, istifadəsinə verilir. Abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. Abunə Müqaviləsinin müddəalarına uyğun olaraq abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilə ləğv edildikdə başqa abunəçinin istifadəsinə verilə bilər. İstifadədən çıxarılmış nömrənin başqa abunəçinin istifadəsinə verilməsi "xxxx" MMC-nin səlahiyyətlərindədir, hadisələrin belə inkişafında ilkin abunəçiyə məlumat verilməsi nəzərdə tutulmur. "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən ölkənin nömrə resursu, ölkə kodu, həmçinin ölkə kodlu yüksək səviyyəli domen dövlətə məxsusdur. Beləliklə də nömrə resursu üzrə mülkiyyət hüququ hər hansı abunəçiyə, operatora deyil, yalnız dövlətə məxsusdur. Belə olan halda nömrə resursundan istifadə hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən "xxxx" MMC-yə ödənişli əsaslar ilə verilib. Qeyd edilənləri nəzərə alaraq dövlətin mülkiyyəti olan nömrə resursları heç bir vaxt operatorlar tərəfindən satılmır. Burada yalnız operatora ayrılan nömrə resursundan istifadə hüququ ödənişli əsaslar ilə istifadəçilərə, abunəçilərə verilir. Qüvvədə olan qanunvericilikdə yalnız nömrə resursunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən operatora ayrılması üzrə dövlət tərəfindən qiymətlər müəyyən edilib (X3) nömrə resurslarından istifadə hüququnun abunəçilərə, istifadəçilərə verilməsi ilə bağlı qiymətlər dövlət tərəfindən tənzimlənmir və müvafiq qiymətlər operatorlar tərəfindən sərbəst müəyyən edilir. Abunə Müqaviləsinin 9.1-ci maddəsinə əsasən Müqavilə Abunəçi tərəfindən üçüncü şəxs(lər)ə güzəşt edilə bilməz. Nömrənin və cihazın üçüncü şəxs tərəfindən istismarı zamanı Müqavilə şərtlərinin yerinə yetirilmə məsuliyyəti Abunəçinin üzərinə düşür. Bu şərt cihazın və ya SİM- kartın oğurlanması və ya itirilməsi halında da, Abunəçinin rəsmi müraciəti əsasında xidmət göstərilməsi dayandırılanadək qüvvədə olur. Abunə Müqaviləsinin 9.2-ci maddəsinə əsasən "AZERCELL"in razılığı ilə, Abunəçi istifadəsində olan nömrəni üçüncü şəxsin daimi rəsmi istifadəsinə vermək (nömrəni güzəşt etmək) istəyində olarsa, həm Abunəçi, həm də nömrəni adma keçirmək istəyən şəxs mütləq ərizə ilə Müştəri Xidmətlərinə müraciət etməlidirlər və Abunəçi bütün borclarını ödəməlidir. Bundan sonra Abunəçi ilə Müqaviləyə xitam verilə və yeni Abunəçi (xeyrinə güzəşt edilən fiziki və ya hüquqi şəxs) ilə bu şərtlərə əsasən yeni Müqavilə bağlanıla bilər. Abunə Müqaviləsinin 9.3-cü maddəsinə əsasən Abunəçi tərəfindən nömrə yuxarıdakı qaydanın pozulması ilə güzəşt edilərsə, "AZERCELL" Müqavilə üzrə öhdəliklərin icrasını, heç bir güzəştin baş vermədiyi kimi, Abunəçidən tələb etməkdə haqlı olur. Abunəçi tərəfindən nömrənin güzəştinə aid öhdəliklərin icra edilməməsi nömrənin bu Müqavilədə nəzərdə tutulmuş qaydada bağlanmasına və Müqaviləyə xitam verilməsinə səbəb ola bilər. Abunə müqaviləsinə əsasən abunəçinin istifadəsində olan nömrədən maddi və ya qeyri maddi nemətlər müqabilində 3-cü şəxslərin xeyrinə imtina etməsi halı isə nəzərdə tutulmayıb, belə halların araşdırılması və hər hansı tədbir görülməsi də "xxxx" MMC-nin səlahiyyətləri çərçivəsində deyildir. Əksinə abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. Abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə Müqaviləsinin 8.5-ci maddəsinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilmiş nömrə "AZERCELL" tərəfindən başqa Abunəçinin istifadəsinə verilə bilər, bu zaman ilkin Abunəçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulmur. Ləğv edilmiş nömrənin ilkin Abunəçinin təkrar istifadəsinə verilməsi "AZERCELL" in öz mülahizəsinə əsasən, əgər nömrə digər Abunəçiyə verilməmişsə, həyata keçirilə bilər. Abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilənin şərtlərinə əməl edilmədikdə həmin müqaviləyə xitam verilməklə abunəçinin istifadəsindən çıxarılır. Abunə Müqaviləsinin müddəalarına uyğun olaraq abunəçinin istifadəsinə verilmiş nömrə, müqavilə ləğv edildikdə başqa abunəçinin istifadəsinə verilə bilər. İstifadədən çıxarılmış nömrənin başqa abunəçinin istifadəsinə verilməsi "xxxx" MMC-nin səlahiyyətlərindədir, hadisələrin belə inkişafında ilkin abunəçiyə məlumat verilməsi nəzərdə tutulmur. Bundan başqa Abunə Müqaviləsinin 11.3cü maddəsinə əsasən "xxxx" MMC xidmətlərindən istifadə ilə bağlı ödənilməmiş borcu olan Abunəçi ilə digər əlavə bir və ya daha çox nömrənin istifadəsi barədə müqavilə bağlamaqdan imtina etmək hüququna malikdir və belə imtinaya görə məsuliyyət daşımır. "xxxx" MMC-də mövcud olan qaydalara əsasən "211" seriyalı nömrələrin bir şəxsin adından digər şəxsin adma keçirildikdə 500 manat xidmət haqqı tətbiq edilir. "211" seriyalı nömrələrində, abunəçidən yalnız valideynlər (övladlığa götürənlər), övladlar, ər-arvad arasında addan-ada əməliyyatına həyata keçirildikdə 3 manat xidmət haqqı tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. "xxxx" MMC tərəfindən isə hər hansı bir şəxs müvafiq məzmunlu Abunə müqavilələri bağlanmasına məcbur edilmir və edilməyib. Göstərilənlərlə yanaşı bildiririk ki, abunəçilərin istifadəsinə verilən nömrələrlə bağlı münasibətləri tənzimləyən Abunə müqaviləsinin şərtlərinə əsasən abunəçinin SİM-kartı nömrə ilə uzlaşdırılır. Nömrə Abunəçi tərəfindən satış vaxtı satışda olan nömrələr arasından seçilir. Satış "AZERCELL" və ya müvafiq səlahiyyətli müstəqil ticarət nümayəndəsi (diler və ya distribütor) tərəfindən həyata keçirilir. SİM-kart paketinin satışı nəticəsində SİM-kart fiziki obyekt olaraq Abunəçinin mülkiyyətinə, nömrə isə onun istifadəsinə keçir. Konkret hər hansı nömrənin sifariş əsasında abunəçilərin istifadəsinə verilməsi isə nəzərdə tutulmamışdır. Abunəçilərin istifadəsinə verilən mobil telefon nömrələrinin satışı ilə "xxxx" MMC deyil, müvafiq diler və distribütorlar məşğul olurlar. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan diler və distribütorlar tərəfindən həyata keçirilən satış zamanı müəyyən edilən qiymətlər onlar tərəfindən sərbəst müəyyən edilir, "xxxx" MMC bu fəaliyyətə müdaxiləsi və ya cavabdehliyi nəzərdə tutulmur. Müvafiq haqq müqabilində yeni mobil telefon nömrəsi əldə etmək üçün isə "xxxx" MMC-nin rəsmi diler və distribütorlarma müraciət edə bilərsiniz. Eyni zamanda MX ofislərindən, həmçinin www.azercellim.com internet səhifəsi vasitəsi ilə diler və distribütorlarda satışda olan nömrələr barədə məlumat əldə etmək mümkündür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış xx.xx.2011-ci il tarixli Abunə müqaviləsinə əsasən “***-***-**-**” mobil nömrəsi Cavabdeh MMC tərəfindən İddiaçı istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən Abunəçiyə verilən nömrə onun istifadəsində olur və Abunəçi həmin nömrəyə heç bir mülkiyyət hüququna malik deyil. İş materiallarında olan hesab-fakturalarından görünür ki, Nümayəndə1 "xxxx" MMC-ya 25 iyun 2016-24 iyul 2016-cı il dövr üçün 3,13 manat, 25 iyul 2016-24 avqust 2016-cı il dövr üçün 0,05 manat və 25 avqust 2016-24 sentyabr 2016cı il dövr üçün 3,19 manat borcu yaranmışdır. İddiaçı müqavilə şərtlərinə əməl etməmişdir. Nəticə etibarilə, Cavabdeh sonuncu hesab-fakturasından 6 aylıq müddət gözləyib 25 aprel 2017-ci il tarixdə müqaviləyə xitam verməklə, nömrəni ********** X1 istifadəsinə vermişdir. xx.xx.2011-ci il tarixli Abunə müqaviləsinin 8.5-ci maddəsinə əsasən hər hansı səbəbdən müqaviləyə xitam verilməsi nəticəsində ləğv edilmiş nömrə Cavabdeh MMC tərəfindən başqa Abunəçinin istifadəsinə verilə bilər. Bu zaman ilkin Abunəçiyə məlumat verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə tərəfindən cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulmasına dair hər hansı hal müəyyən edilmədiyindən, iddianı əsassız hesab edib, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməsi qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284.1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar