Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3591/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "Cavabdeh azyaşlı övladları X1 və X2 ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "Cavabdeh azyaşlı övladları X1 və X2 ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. Cavabdeh iddiaçının gəlinidir. İddiaçının oğlu İlham Namazov ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Lakin, hazırda boşanma mərhələsindədirlər. İddia predmeti olan sözügedən mənzildən cavabdeh və azyaşlı övladlarının çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarında olan Çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli 10 nömrəli arayışına əsasən müəyyən olunur ki, Cavabdeh azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan "xxxx" MMMC-nin xx.xx.2023-cü il tarixli 139 nömrəli arayışına əsasən müəyyən olunur ki, İddiaçı ünvan 1 ünvanının sahibidir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi əsas götürülməklə, münasibətlərin yarandığı tarix xx.xx.2009-cu ildir. Bu səbəbdən, mübahisəyə münasibətlərin yarandığı tarixdə qüvvədə olmuş maddi hüquq norması qismində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri tətbiq edilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərinə də əsasən, Cavabdeh mülkiyyətçi olan iddiaçının gəlini olmaqla ailə üzvü (ər, arvad, valideynlər, uşaqlar) hesab olunmur. Həmçinin, cavabdehin sözügedən mənzildə müvəqqəti yaşamasına və ya cavabdehin başqa yaşayış yerinin olmamasına dair xüsusatlar sonuncu Cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Cavabdeh məhkəmə iclaslarının heç birində iştirak etməmiş, iddia tələbində qeyd olunan xüsusatların təkzib edilməsi ilə bağlı sənəd, sübut və ya material (mülahizə) məhkəməyə təqdim etməmiş, üzərinə düşən aktiv sübutetmə fəaliyyətini təmin etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh azyaşlı övladları X1 və X2 ilə birlikdə ünvan 1 ünvanında faktiki olaraq yaşayırlar. Nəticə etibarilə, mülkiyyətçi olan iddiaçının iddia tələbi əsaslıdır. Məhkəmə qərarı qanuni və əsaslı olmalıdır. Mənzildə formal qeydiyyatda olmaq istifadə hüququnun yaranmasının əsası qismində çıxış edə bilməz. Hüquqi müəyyən, aydın, anlaşılan hüquq norması digər formada təfsir edilə bilməz. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Beləliklə, yuxarıda qeyd olunan xüsusatlar nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Cavabdeh azyaşlı övladları X1 və X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "Cavabdeh azyaşlı övladları X1 və X2 ilə birlikdə mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh azyaşlı övladları X1 və X2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3591/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3591/2023
15.09.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver