Məhkəmə qərarları › İş №e-2(004)-3608/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3608/2023

29.08.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3608/2023 29.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi ilə, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “maliyyə arayışının verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “maliyyə arayışının verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllədə 12 mərtəbəli 2 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 148 kv.m. olan 3 otaqlı 70 saylı mənzilə dair İddiaçı adına müvafiq maliyyə arayışının verilməsinin Cavabdeh MTKya həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh MTK arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqaviləyə əsasən cavabdeh ona Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişdiyi 252-ci məhəllədə 12 mərtəbəli 2 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 148 kv.m. olan 3 otaqlı 70 saylı mənzili satmışdır. İddiaçı müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri icra edərək mənzilin dəyərini Cavabdeh MTK-ya tam ödəmiş, cavabdeh MTK isə müqaviləyə əsasən üzərinə düşən öhdəliyi qismən icra edərək, mənzili tikib hazır etmiş və faktiki iddiaçıya təhvil vermişdir. Mənzil faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir, bununla bağlı MTK ilə aralarında hər hansı problem yoxdur. MTK-dakı qaydaya görə mənzili təhvil verən zaman mənzilə dair çıxarış alınması üçün həm də müvafiq maliyyə arayışı verilməli idi. Bununla bağlı o, MTK-ya müraciət etsə də, MTK-dan rəhbərlik dəyişdiyi üçün həmin maliyyə arayışını verə bilməyəcəyini, buna görə məhkəməyə müraciət etməyi, yalnız məhkəmə qərarı əsasında həmin maliyyə arayışını verə biləcəklərini söyləmişlər. İiddiaçının mənzilinə dair adına müvafiq çıxarışın alınması üçün tələb olunan sənədlərdən biri də onun tərəfindən pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışıdır ki, MTK da rəhbərliyin dəyişməsini əsas gətirərək bunların verilməsindən imtina edir. Buna görə də məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, iddiaçı 2004-cü ildə cavabdehlə müqavilə bağlamışdır. Mənzil faktiki olaraq iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı tərəfindən həmin mənzildə təmir işləri də aparılır. Cavabdehin nümayəndəsinin bildirdiyi kimi iddiaçıdan asılı olmayan problemlər səbəbindən iddiaçının cavabdeh MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışı verə bilmirlər. Məlum olduğu kimi “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, çıxarışın alınması üçün tələb olunan sənədlərdən biri də onun tərəfindən pay haqqının tam ödənilməsini təsdiq edən maliyyə arayışıdır ki, iddiaçı çıxarışın alınması üçün həmin sənədi təqdim edə bilmir. Bununla da iddiaçının mülkiyyət hüququ pozulur. Həmçinin, cavabdehin nümayəndəsi iddianın təmin edilməsinə etiraz etmir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında Cavabdeh Mənzil Tikinti Kooperativinin nümayəndəsi Qanuni nümayəndə iddia tələbini qəbul etdiyini bildirmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına olan sifarişçi Cavabdeh Mənzil Tikinti Kooperativi, podratçı "xxxx" MMC payçı İddiaçı arasında bağlanmış 08 may 2004-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Lev Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişməsində 252-ci məhəllədə 12 mərtəbəli 2 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 148 kv.m. olan 3 otaqlı 70 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilin dəyəri olan 51800 ABŞ dollarının Azərbaycan Respublikasının Mərkəzi Bankının ekvivalent olaraq manatla ödənilməsini öhdəsinə götürmüşdür. İş materiallarına olan 45 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı mənzilin dəyərindən 30000 ABŞ dolları pulu 08 may 2004-cü il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativinə ödəmişdir. İş materiallarına olan 55 nömrəli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, İddiaçı mənzilin dəyərindən 30000 ABŞ dolları pulu 01 iyun 2004-cü il tarixdə Cavabdeh Mənzil Tikinti Kooperativinə ödəmişdir. İş materiallarına olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan və məxaric qəbzinin surətindən görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativinə çıxarışın alınması üçün müvafiq sənədlərin (maliyyə arayışları və MTK üzvlərinin ümumi yığıncağınınn qərarının) verilməsi, əks halda qanunvericiliyə əsasən bu barədə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğısatqı qaydaları tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağanmış müqavilə üzrə iddiaçı tərəfindən mənzilin müqavilədə nəzərdə tutulmuş dəyəri tam şəkildə ödənilsə də, cavabdeh tərəfindən mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün pay haqqının tam ödənilməsini təsdiq edən sənəd iddiaçıya verilməməklə müqavilə öhdəlikləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yarandığından və həmin münasibətlər çərçivəsində cavabdeh öhdəliklərini lazımınca icra etmədiyindən, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyin yerinə yetirilməsini və mülkiyyət hüququna dair Daşınmaz Əmlaka Dövlət Reyestrində çıxarış alınması üçün qanunla məcburi olan sənədin verilməsi vəzifəsinin cavabdeh MTK-nın üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Bundan əlavə məhkəmə qeyd edir ki, maliyyə arayışının verilməsi vəzifəsi müqavilə şərti kimi nəzərdə tutulmasa belə, qeyd edilən sənəd forma olaraq qəbul edilmiş işgüzar adətlərə əsasən pay haqqının tam verilməsini təsdiq edən sənəd olaraq qəbul edildiyindən, üzərinə düşən öhdəliyin tam icrasına dair sənədin verilməsini MTK-dan tələb etmək iddiaçının hüququdur. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişdiyi 252-ci məhəllədə 12 mərtəbəli 2 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 148 kv.m. olan 3 otaqlı 70 saylı mənzilə dair İddiaçı adına müvafiq maliyyə arayışının verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tələb edilmədiyindən iddiaçıya aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy, Zərgərpalan, S.Tağızadə və M.Muxtarov küçələrinin kəsişdiyi 252-ci məhəllədə 12 mərtəbəli 2 saylı binanın 5-ci mərtəbəsində yerləşən sahəsi 148 kv.m. olan 3 otaqlı 70 saylı mənzilə dair İddiaçı adına müvafiq maliyyə arayışının verilməsi vəzifəsi Cavabdeh Mənzil Tikinti Kooperativinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar