Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3629/2023 30.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh 198 saylı MTK-ya qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 198 saylı MTK-ya qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1988-ci il tarixdə kooperativ mənzil alınması üçün cavabdeh 198 saylı MTK-da mənzil növbəsinə durmuşdur. 1990-cı il tarixdə mənzilə görə ilkin ödənişi edərək bundan sonra binanın və mənzilin tikintisini gözləmişdir. Bir qədər keçdikdən sonra binanın tikintisi dayandırılmışdır. Binanın payçıları yığışaraq Bakı şəhər Sovetinə getmişlər. Bakı şəhər Sovetindən onlara bildirilmişdir ki, binanın tikintisi dayandırılmışdır. İddiaçı 1998-ci il tarixdə mənzil növbəsində dayanmaq üçün yenidən sənədlərini təqdim etmişdir, lakin iddiaçıya rədd cavabı gəlmişdir. Göstərilənlər nəzərə alınmaqla cavabdeh 198 saylı MTK tərəfindən iddiaçıya mənzilin təhvil verilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan Bakı şəhər İcraiyyə Komitəsinin Mənzil-kooperativ təsərrüfat idarəsinin ******* nömrəli hesab üzrə 5 nömrəli qəbzinə əsasən müəyyən olunur ki, İddiaçı xx.xx.1991-ci il tarixdə MTK üzvünün 30% həcmində pay ödənişi 8000 rubl ödəniş etmişdir. İş materiallarında olan 198 saylı MTK-nın xx.xx.2006-cı il tarixli 0106-P269-47128 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış nizamnaməsinin 4.4-cü bəndinə əsasən müəyyən olunur ki, kooperativin ilkin pay fondu 5500 manat müəyyən edilmişdir və 55 (əlli beş) nəfər payçı (kooperativ üzvü) arasında İddiaçı adı yoxdur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. İddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi istiqamətində hər hansı sənəd, sübut və ya material məhkəməyə təqdim edilməmiş, aktiv prosessual sübutetmə fəaliyyəti iddiaçı tərəfindən təmin edilməmişdir. Bundan əlavə, məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası mümkün olmalı, formal əsaslarla qəbul edilməməlidir. Nəzərə almaq lazımdır ki, mülki işin faktiki hallarına nəzər saldıqda məlum olur ki, iddia tələbi təmin edilsə belə cavabdeh 198 saylı MTK tərəfindən mənzilin təhvil verilməsi hazırki dövrdə mümkün deyildir. Belə ki, kapitalist münasibətlər nəzərə alınmaqla cavabdehin hazırda həmin mənzilin təhvil verilməsinə faktiki və hüquqi imkanları yoxdur, mənzil və ya maliyyə balansı mövcud deyildir. Həmin mənzilə dair münasibətlər SSRİ dövründə yaranmışdır. Həmçinin, iddiaçı özü də iddia ərizəsində qeyd edir ki, sözügedən mənzilin ödənişi tam yox, qismən həyata keçirilmişdir (30% həddində). Məhkəmə qeyd edir ki, mənzilə dair ödənişin tam həyata keçirilməməsi mülki işin mübahisəsiz halıdır. Ödəniş tam həyata keçirilmədiyi təqdirdə cavabdehdən öhdəliklərinə əməl edilməklə mənzilin təhvil verilməsi tələbi əsassızdır. Bundan əlavə, nizamnaməyə əsasən müəyyən edilir ki, 198 saylı MTK-nın 55 (əlli beş) nəfər payçıları (kooperativ üzvü) arasında İddiaçı adı yoxdur. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Yuxarıda qeyd olunanlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh 198 saylı MTK-ya qarşı "mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №e-2(004)-3629/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3629/2023
30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver