Məhkəmə qərarları › İş №e-2(004)-3637/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3637/2022

28.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3637/2022 28.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8519,62 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 105,20 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında qarşılıqlı razılaşma əsasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli 987/2017 nömrəli müqaviləyə əsasən, İddiaçı MMC idxal və istehsal etdiyi, eləcə də, digər hüquqi formada ticarət predmeti olan müxtəlif miqdarda, çeşiddə və həcmdə 30 000 manat dəyərində malları cavabdehə satmış, cavabdeh isə, aldığı malların eləyərini 3 ay müddətində ödəməyi öhdəsinə götürmüş, lakin, malların dəyərinin 8519,62 manat hissəsini bu günədək ödəməmişdir. Ödəniş müddətinin bitməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və malların dəyərini ödəməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməmiş, izahatında bildirmişdir ki, İddiaçı MMC-də 5 il müddətində işləmişdir. Ona 20000 manat borcunun olduğu bildirilmiş və ona görə işdən azad edilmişdir. Hətta onun əmək haqqından da müəyyən məbləğlər çıxılmışdır. Müqavilənin bağlaması üçün ona təzyiq edilmişdir. Onun heç bir borcu yoxdur. Əlavə olaraq bildirmişdir ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş, lakin bu taksi fəaliyyəti ilə bağlı olmuşdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2017-ci il tarixli 987/2017 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı özünə məxsus 30000 manat dəyərində müxtəlif çeşiddli məhsulları 3 ay müddətinə ödəmək şərti ilə Cavabdeh satmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən xx.xx.2017-ci il tarixli 987/2017 nömrəli alqı-satqı müqaviləsinə əsasən aktda adları göstərilən 30000 manat dəyərində məhsullar Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2017-ci il tarixli tarixli ərizəsindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə onun arasında bağlanan xx.xx.2017-ci il tarixli “Məhsulların nisyə alqı-satqısı barədə” müqaviləyə əsasən Cəmiyyətə 30000 manat borcu yarandığını, İddiaçı MMC-yə olan borcunu etiraf etdiyini, 3 ay müddətinə tam şəkildə ödəyəcəyini, üzərinə düşən öhdəliyi vaxtında icra etmədiyi halda qanunla məsuliyyət daşımağa razı olduğunu və ərizəni heç bir təsir olmadan özü yazdığını qeyd etmiş, yazılanları imzası ilə təsdiq etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 568.1-ci və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. Mülki Məcəllənin 601.1-ci və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş məbləği vaxtında ödəməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əşyaların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı (satıcı) əşyaları alıcıya vermiş, lakin cavabdeh (alıcı) nisyə alqı-satqı müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, borcu tam şəkildə ödəməmişdir. Onun satıcı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar əsas borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən və Mülki Məcəllənin 425, 427, 442, 448 və 600.4-cü maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Cavabdeh borcu olmadığını, qeyd edilən məbləğin onun əmək haqqısından tutulduğunu, müqaviləni təzyiq altında bağladığını qeyd etsə də məhkəməyə bununla bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh müqavilə və əşyaların verilməsinə dair təhvil təslim aktını imzalamaqla yanaşı, ərizəsinə müqavilə üzrə borcu olduğunu etiraf etmiş, ərizəni heç bir təsir olmadan yazdığını öz imzası ilə təsdiq etmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi əşyaların dəyərinin ödənilməmiş hissəsini cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli 987/2017 nömrəli müqavilə üzrə 8519,62 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 105,20 manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsində qeyd olunmuşdur ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8519,62 (səkkiz min beş yüz on doqquz manat altmış iki qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 105,20 (bir yüz beş manat iyirmi qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar