Məhkəmə qərarları › İş №e-2(004)-3678/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3678/2024

03.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3678/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X3, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı (X7 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqaviləyə dəyişiklik edilməsi, istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqaviləyə dəyişiklik edilməsi, istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixində bağlanmış müqaviləyə dəyişiklik edilərək, İddiaçı adını sifarişçi olaraq həmin müqaviləyə əlavə edilməsi öhdəliyinin Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması, həmçinin İddiaçı Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi 22A ünvanında inşa edilmiş 2 girişli 12 mərtəbəli yaşayış binasının 2-ci giriş, 11-ci mərtəbə, sahəsi 123,2 kv.m olan 3 otaqlı 124 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MMC ilə atası X7 arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi 22A ünvanında inşa edilmiş 2 girişli 12 mərtəbəli yaşayış binasının 2-ci giriş, 11-ci mərtəbə, sahəsi 123,2 kv.m olan 3 otaqlı, atasına məxsus 124 saylı mənzili xx.xx.2016-cı il tarixdə anası Cavabdeh2 adına keçirilməsi barədə atası tərəfindən yazılmış razılıq ərizəsində onun və bacısı X5 həmin mənzilə bərəbər hüquqlu olmaqları qeyd edilmişdir. Lakin, Cavabdeh1 MMC tərəfindən, atasının yazdığı ərizəyə əsasən həmin mənzilə dair yeni müqavilə bağlanarkan, müqavilədə sifarişçi kimi ancaq anası Cavabdeh2 göstərilmişdir. Bununla bağlı, həmin müqaviləyə müvafiq dəyişiklik edilərək, onun adının da sifarişçi kimi qeyd edilməsi üçün dəfələrlə, Cavabdeh1 MMC-yə və anasına şifahi olaraq müraciət etmişdir. Həmçinin, anasından həmin mənzildə yaşamasına icazə verməyini xahiş etmişdir. Anası tərəfindən razılıq ala bilməmişdir. xx.xx.2024-cü il tarixində yazılı şəkildə Cavabdeh1 MMC-yə müraciət edərək, onlarla anasının arasında xx.xx.2016-cı il tarixində bağlanmış müqaviləyə müvafiq dəyişiklik edilərək, onun da adını qeyd etməklərini xahiş etmişdir. Lakin, Cavabdeh1 MMC xx.xx.2024-cü il tarixli cavab məktubu ilə, anasının razı olmadığını bildirərək, adını müqaviləyə əlavə etməkdən imtina etmişdir. Cavabdeh1 MMC bir tərəfdən müqaviləyə dəyişiklik etməkdən imtina edir, digər tərəfdən həmin mənzilə dair verdiyi maliyyə arayışında qeyd edir ki, mənzilin dəyəri Cavabdeh2 (bərabər hüquqlu mülkiyyətçilər İddiaçı, X8) tərəfindən tam ödənilmişdir. Yəni faktiki olaraq onun və bacısı X5 həmin mənzilə hüquqlarının olmasını təsdiqləyir. Göründüyü kimi, sözügedən mənzilə aid müqavilənin Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmağının əsasını X7 tərəfindən xx.xx.2016-cı il tarixində Cavabdeh1 MMC-yə verilmiş ərizə təşkil edir. Eyni zamanda, həmin ərizədə Cavabdeh2 tərəfindən imzalanmış qeyd mövcuddur (ərizə ilə razı olduğu barədə). Beləliklə müəyyən olunur ki, İddiaçı qeyd edilən mənzildə 1/3 payı vardır və bununla bağlı onun həmin mənzildə yaşamaq hüququ vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Bildirmək istəyir ki, artıq bir ilə yaxındır ki, həmin mənzildən qovulmuşdur və hal-hazırda mənzili yoxdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Bir ildir ki, atası ilə birlikdə yaşayır. Əslində həmin mənzilə köçmək istəmir. Cavabdeh2 ona həmin mənzildə yaşamağa imkan vermir və onun razılığı olmadan həmin mənzili satmaq istəyir. Həmin mənzilin satılmağını və bacısının çöldə qalmağını istəmir. Mənzilin alınmasında, təmirində onun heç bir xərci, sərmayəsi olmamışdır. Cavabdeh2 oğludur, buna görə də hesab edir ki, mənzil satılarkən onun razılığı alınmalıdır. Mübahisəli mənzildə qeydiyyatda deyil. Nənəsinə məxsus olan, Nərimanov rayonunda yerləşən evdə qeydiyyatdadır. Hal-hazırda atasının mülkiyyətində olan, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən 34 nömrəli, 1 otaqlı mənzildə yaşayır. Bacısının anası və onun ilə münasibətləri yaxşıdır. Anası və bacısı birlikdə yaşayırlar. Bu məsələlərə görə onun anası ilə münasibətləri yaxşı deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Sözügedən mənzil X7 tərəfindən Cavabdeh2 ötürüləndə müvafiq ərizə olmuş və həmin ərizədə həmin evin övladları İddiaçı və qızının bərabərhüquqlu olması, onların da paylarının müəyyən olması barədə şərt qeyd edilmişdir. Buna baxmayaraq mənzilə faktiki sahiblik edən Cavabdeh2 iddiaçıya həmin mənzildə yaşamağa imkan vermir. Həmin ərizədə iddiaçının, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin razılığı və imzası vardır. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 MMC-nin qanuni təmsilçisi X9 izahatında bildirmişdir ki, iddianı qəbul edir. Cavabdeh2 özü də ərizədə övladlarının bərabərhüquqlu olmasına razı olduğunu bildirmişdir. Bu, maliyyə arayışında da öz əksini tapmışdır. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Sözügedən mənzilə çıxarış alınması məqsədi ilə Cavabdeh2 “Asan xidmət” mərkəzinə müraciət etmiş, həmin mərkəzdən maliyyə arayışı tələb edilmişdir. Cavabdeh1 MMC-nin qanuni təmsilçisi maliyyə arayışında Cavabdeh2 övladlarını bərabərhüquqlu mülkiyyətçilər olaraq qeyd etmişdir. “Asan xidmət” mərkəzindən müqavilə ilə tanış olduqdan sonra maliyyə arayışının bu formada verilməsinin əsassız olduğu qeyd edilmişdir. Məsələ ilə bağlı əvvəl Cavabdeh1 MMC-yə, rədd cavabı aldıqdan sonra prokurorluğa müraciət etmişlər. Cavabdeh1 MMC-yə düzgün formada maliyyə arayışının verilməsi təklif edilmişdir. Həmçinin maliyyə arayışının verilməsi öhdəliyinin Cavabdeh1 MMCnin üzərinə qoyulması tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Hazırki iddianın verilməsində məqsəd digər iddiaya təsir göstərməkdir. İddiaçı özü əvvəlki və hazırki məhkəmə prosesində izahatında bir ildir ki, atasına məxsus olan evdə yaşadığını qeyd etmişdir. İddiaçının mübahisəli mənzilə köçürülməsinə və istifadə hüququnun tanınmasına zərurət yoxdur. İddiaçı özü də qeyd etdi ki, həmin mənzilə köçmək istəmir. Müqavilə tərəflərin iradə ifadəsidir. Heç bir kəs müqavilə bağlamağa, müqaviləyə dəyişiklik edilməsinə məcbur edilə bilməz. İddianın faktiki və hüquqi əsası yoxdur. Müqavilə tərəflərin iradəsi ilə bağlanmışdır. İddianın rədd edilməsini xahiş edir. Maliyyə arayışının verilməsi öhdəliyinin Cavabdeh1 MMCnin üzərinə qoyulması tələbi ilə bağlı iddia ərizəsi hazırki iddia ərizəsindən sonra məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, Cavabdeh2 bir ildir ki, iddiaçını həmin mənzildən qovmuşdur. O, bir otaqlı mənzildə digər övladları ilə birlikdə yaşayır. İddiaçı ilə bir mənzildə yaşamaqları mümkün deyil. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh1 MMC-yə müraciət etdikdə mənzilin Cavabdeh2 adına keçirilərkən övladlarının da bərabər hüquqlu olması şərtini qoymuşdur. Ərizənin yazılmasında özü də iştirak etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC-nin X2 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, anası Cavabdeh2 28 mart 2024-cü il tarixdə verdiyi maliyyə arayışında onun (X1) və bacısının adı qeyd edilmişdir. Ancaq anası bununla razılaşmayıb öz etirazını bildirmişdir. Anası müqaviləyə onun və bacısının adının yazılmasına qarşıdır. Bu səbəbdən onun adını müqaviləyə əlavə edə bilmirlər. İş materiallarında olan X7 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqaviləyə əsasən sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, podratçı isə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində tikilməkdə olan yaşayış binasının İİ blokunda Xİ mərtəbəsində 3 otaqlı 124 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 123,2 kv.m, müqavilənin qiyməti 48000 manat müəyyən edilmişdir. Sifarişçi müqavilənin ümumi dəyərinin 100 faizini 48000 manat ödəməyi öhdəsinə götürmüş və X7 tərəfindən məbləğ tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqaviləyə əsasən sifarişçi bu müqaviləni əsas tutaraq sifariş edir, podratçı isə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində tikilməkdə olan yaşayış binasının İİ blokunda Xİ mərtəbəsində 3 otaqlı 124 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 123,2 kv.m, müqavilənin qiyməti 48000 manat müəyyən edilmişdir. Cavabdeh2 mənzilin tikintisi üçün borcu olmadığı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri İH-nin xx.xx.2005-ci il tarixli 126 saylı sərəncamına əsasən Yasamal rayonu, Kənar Dairəvi 22A (keçmiş ünvan Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi) ünvanında Cavabdeh1 MMC-yə ayrılmış 0,25 ha torpaq sahəsində Cavabdeh1 MMC tərəfindən inşa edilmiş 2 girişli, 12+1 (texnik) mərtəbəli yaşayış binasının 2ci giriş, 11-ci mərtəbəsində yerləşən sahəsi 123,2 kv.m olan 3 otaqlı 124 saylı mənzilin dəyəri Cavabdeh2 (bərabər hüquqlu mülkiyyətçilər X6, X8) tərəfindən tam ödənilmişdir. Qeyd olunan mənzil vətəndaşın mülkiyyətidir və mənzilin alışı üçün borcu qalmamışdır. İş materiallarında olan X4 Cavabdeh1 MMC-yə ünvanladığı xx.xx.2016-cı il tarixli ərizədə qeyd edilmişdir ki, 08 fevral 2013-cü il tarixdə Cavabdeh1 MMC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış binasının 2-ci girişi 11-ci mərtəbəsində yerləşən 3 otaqlı ona məxsus 124 saylı mənzili Cavabdeh2 adına sənədləşdirib onunla bağlanmış müqaviləyə xitam verilsin. O – X7 mənzildən tam olaraq imtina edir və həmin mənzildə övladları – oğlu İddiaçı, qızı X5 bərabər hüquqa malik olmalarını təsdiqləyir. Mənzilin Səbinənin adına keçirilməsinə görə MMC-yə qarşı heç bir iddiası və iradı yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X7 ilə Cavabdeh1 MMC arasında xx.xx.2013-cü il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən podratçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində tikilməkdə olan yaşayış binasının İİ blokunda Xİ mərtəbəsində 3 otaqlı 124 nömrəli mənzilin tikintisini öz öhdəsinə götürmüş, sifarişçi isə ümumi sahəsi 123,2 kv.m olan mənzilin ümumi dəyərinin 100 faizini, yəni 48000 manatı podratçıya ödəmişdir. Daha sonra, X7 xx.xx.2016-cı il tarixdə Cavabdeh1 MMC-yə ərizə ünvanlayaraq, 08 fevral 2013-cü il tarixdə Cavabdeh1 MMC ilə bağlanmış müqaviləyə əsasən Cavabdeh1 MMC-nin inşa etdiyi yaşayış binasının 2-ci girişi 11-ci mərtəbəsində yerləşən 3 otaqlı ona məxsus 124 saylı mənzili Cavabdeh2 adına sənədləşdirib onunla bağlanmış müqaviləyə xitam verilməsini xahiş etmişdir. Bundan sonra Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında xx.xx.2016-cı il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqavilə bağlanmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək Tariyel” MMC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixində bağlanmış müqaviləyə dəyişiklik edilərək, İddiaçı adını sifarişçi olaraq həmin müqaviləyə əlavə edilməsi öhdəliyinin Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması, həmçinin İddiaçı Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi 22A ünvanında inşa edilmiş 2 girişli 12 mərtəbəli yaşayış binasının 2-ci giriş, 11-ci mərtəbə, sahəsi 123,2 kv.m olan 3 otaqlı 124 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, iddiaçı mübahisəsini etdiyi müqavilənin tərəfi olmadığından həmin müqavilənin dəyişdirilməsi tələbi ilə bağlı subyektiv hüquq sahibi deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı aşağıdakı hüquqi mövqelər ifadə olunmuşdur: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Başqa sözlə, iddiaçı iddia tələbində istinad etdiyi halı, yəni dəyişdirilməsini tələb etdiyi müqavilənin tərəfi olmasını sübuta yetirə bilmədiyindən, müqavilənin dəyişdirilməsini tələb etmək, yəni Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixində bağlanmış müqaviləyə dəyişiklik edilərək, İddiaçı adını sifarişçi olaraq həmin müqaviləyə əlavə edilməsi öhdəliyinin Cavabdeh1 MMC və Cavabdeh2 üzərinə qoyulması” tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X7 xx.xx.2016-cı il tarixdə Cavabdeh1 MMC-yə ünvanladığı ərizədə mənzilin Səbinənin adına keçirilməsini birbaşa olaraq qeyd etmişdir. Bağlanacaq müqavilədə tərəf kimi eyni zamanda övladlarının da adının qeyd edilməsini göstərməmişdir. Ərizədən də görünür ki, hazırki iş üzrə iddiaçı həmin ərizəni imzalamaqla, müqavilənin anasının adına rəsmiləşdirilməsinə razı olduğuna dair iradə ifadəsini bəyan etmişdir. Məhkəmə iddiaçının gətirdiyi dəlilə münasibət bildirərək qeyd edir ki, X4 xx.xx.2016-cı il tarixdə Cavabdeh1 MMC-yə ünvanladığı ərizədə qeyd etdiyi “həmin mənzildə övladları – oğlu İddiaçı, qızı X5 bərabər hüquqa malik olmalarını təsdiqləyir” ifadələri, müqaviləyə tərəf kimi onun adının da daxil edilməsi mənasına gəlmir. Ərizədə birbaşa olaraq müqavilənin Cavabdeh2 adına sənədləşdirilməsi, mənzilin Cavabdeh2 adına keçirilməsi birbaşa olaraq qeyd edilmişdir, İddiaçı da sənədləşdirmədə, mənzilin ada keçirilməsində anası ilə bərabər iştirakı ərizədə qeyd olunmamış, buna görə də Cavabdeh1 MMC xx.xx.2016-cı il tarixdə çoxmənzilli yaşayış binasının tikintisi haqqında müqaviləni məhz Cavabdeh2 ilə bağlamışdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi İddiaçı Bakı şəhəri Yasamal rayonu Kənar Dairəvi 22A ünvanında inşa edilmiş 2 girişli 12 mərtəbəli yaşayış binasının 2-ci giriş, 11-ci mərtəbə, sahəsi 123,2 kv.m olan 3 otaqlı 124 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi hissəsində də təmin edilməməlidir. Belə ki, məhkəmə iddiaçının mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab edir ki, iddiaçının uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. İddiaçı yetkinlik yaşına çatmış bir fərddir. İddiaçı mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəsini kəsmişdir. İddiaçı özü də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, bir ildir ki atası ilə birlikdə atasının mülkiyyətində olan mənzildə yaşayır. Əslində mübahisəli mənzilə köçmək istəmir. Cavabdeh2 ona həmin mənzildə yaşamağa imkan vermir və onun razılığı olmadan həmin mənzili satmaq istəyir. Həmin mənzilin satılmağını istəmir. Buradan da aydın olur ki, iddiaçının həmin mənzilə köçürülüməsinin təmin edilməsini istəməsi mənzilə olan ehtiyacından deyil başqa səbəblərdən qaynaqlanır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı (X7 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqaviləyə dəyişiklik edilməsi, istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı (X7 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqaviləyə dəyişiklik edilməsi, istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar