Məhkəmə qərarları › İş №e-2(004)-3752/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3752/2024

20.09.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3752/2024 20.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ BAKİ ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: əmək müqaviləsi, işə bərpa, əmək haqqı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi Kamranlı Mahsun Şahin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X7 Şəxsinin idarə heyətinin sədri Vüqar Behbdovun 27 fevral 2024-cü il tarixli 3-17-3/3-4-240/2024 №-li əmrinin ləğv edilməsi, onun X11 filialında sosial xidmətçi vəzifəsin bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, 300 manat vəkilə hüquqi xidmətlə bağlı ödənilmiş pulun və mediasiya xərci olan 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1974-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Ali təhsillidir. İqtisadçı peşəsi üzrə ali təhsili vardır. 1997-ci ildən əmək fəaliyyətinə başlamışdır. Müxtəlif peşələrdə işləmişdir. Əmək kitabşasından görünür ki, xx.xx.2017-ci il tarixdə Nazirlik yanında DSMF-nin Mingəçevir şəhər şöbəsinin SXS-na baş mütəxəssis sosial xidmətçi vəzifəsinə qəbul edilmişdir, xx.xx.2020-ci il tarixdə azad edilmişdir, xx.xx.2020-ci ildə Sosial Xidmətlər Hüquqi Şəxsin 15 saylı filiala sosial xidməti vəzifəsinə qəbul edilmişdir. xx.xx.2020-ci ildə isə X11 filialına sosial xidməti vəzifəsinə keçirilmişdir. Eyni ixtisas üzrə üzrə X11 filialında sosial xidmətçi vəzifəsində 6 il işləmişdir. Qüsursuz işləmişdir, barəsində heç bir şikayət, töhmət verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-3/2- H-10393/2024 saylı məktubla ona göndərilərkən bildirmişdir ki, onunla bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin b bəndinə (Əmək müqaviləsinin qurtarması) əsasən, xx.xx.2024-cü ildən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-17-3/2-H-10393/2024 saylı məktubdan sonra məlumatı olmuşdur ki, xx.xx.2024cü il tarixdə onun işinə xitam verilmişdir. Onunla müddətli əmək müqavilə bağlanmamışdır. 2023-cü ilin iyun ayında ona hansısa sənədləri imza etdiriblər. Həmin sənədlərin içərisində əmək müqaviləsinin olub-olmamasını xatırlamır. Bundan da başqa ona göndərilmiş məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə müqavilə müddətinin keçməsi ilə əlaqədar xitam verilmişdir. Maraqlıdır ki, əmək müqaviləsi neçə illik bağlanmışdır. xx.xx.2024-cü il tarixli işdən çıxarılması barədə Sosial Sosial Xidmətlər X7 şəxsin idarə heyətinin sədri Vüqar Behbudovun 27 fevral 2024-cü il tarixli 3-17-3/3-4- 240/2024 № əmri qanunsuzdur. Əmrin surəti ona göndərilməmişdir.

3. Cavabdeh iddia ərizəsinə etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin Sosial Müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 30 dekabr 2019-cu il tarixli, 912 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi yaranmış və Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 30 iyun 2020-ci il tarixli, 1077 nömrəli fərmanı ilə Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi təsdiq edilmişdir. Həmin Fərmanlarda Sosial Xidmətlər Agentliyinin həmin fərmanlarda göstərilən digər hüquqi şəxslərin hüquqi varisi olması əks olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdırdığı müddətə bağlanılır. “Sosial Xidmət haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial xidmətçi – sosial məişət xidmətləri göstərən şəxsdir. “Evdə (səyyar) sosial xidmətin göstərilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən qismən ödənişli və tam ödənişli sosial xidmətin göstərilməsi ilə əlaqədar sosial xidmət müqaviləsində nəzərdə tutulan hallarda, sosial xidmətə ehtiyacı olan şəxs əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamağa başladıqda, tənha ahıllar, əlilliyi olan şəxslər dövlət sosial xidmət müəssisələrinə yerləşdirildikdə, əlilliyi olan şəxslərin reabilitasiyası başa çatdıqda və sosial xidmətə ehtiyacı olan şəxs vəfat etdikdə evdə (səyyar) sosial xidmət göstərilməsi dayandırılır. Ona görə də İddiaçı işə qəbul edilərkən əmək fəaliyyətində görəcəyi işlərin müvəqqəti xarakter daşıması ehtimalı nəzərə alınaraq onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müddətli bağlanmışdır. İddiaçı ilə Sosial Xidmətlər Agentliyi arasında xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bədninə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi 3 ay müddətinə bağlanılaraq Sosial Xidmətlər Agentliyinin 15 saylı filialına (mövcud X11 filialına) sosial xidmətçi vəzifəsinə təyin edilmiş, bir neçə dəfə əmək müqaviləsinin müddəti uzadılmış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinn tələblərinə əməl edilməklə xx.xx.2024-cü il tarixində xitam verilmiş və bunun əsasında işçiyə son haqq-hesab ödənilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində qeyd edilən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etməli olduğu halda 1 təqvim ayı müddətində məhkəməyə müraciət etmədiyinə görə iddia müddətini ötürmüşdür.

5. Həmçinin cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndəsi X4 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya etirazı müdafiə edərək iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçı məxsus olan xx.xx.1997-ci il tarixli, ******* saylı əmək kitabçasına əsasən müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə xx.xx.2017-ci il tarixli, 140 saylı əmrinə əsasən Nazirlik yanında DSMF-nin Mingəçevir Şəhər şöbəsinin SXS-nə baş mütəxəssis sosial xidmət vəzifəsinə qəbul edilmiş və kiçik referent ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə xx.xx.2020-ci il tarixli, **********0 saylı əmrlə şöbənin “DQHQ”-nin 33.1.1-ci maddəsinə əsasən öz arzusuna görə işdən azad edilmişdir, xx.xx.2020-cü il tarixdə xx.xx.2020-ci il tarixli, **********5 saylı əmrə əsasən Cavabdeh 15 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmişdir, xx.xx.2022-ci il tarixdə həmin tarixli, ********** saylı əmrə əsasən X11 filialına sosial xidmətçi vəzifəsinə keçirilmişdir, xx.xx.2024-cü il tarixdə həmin tarixli, 3-17-3/3-4-240/2024 saylı əmrə əsasən AR ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən müqavilənin müddətinin bitməsi ilə əlaqədar tutuğu vəzifədən azad edilmişdir.

11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-17-3/3-4- 240/2024 saylı əmrdən görünür ki, Sosial Xidmətlər Agentliyinin X11 filialında sosial xidmətçi vəzifəsində çalışan İddiaçı ilə 11 avqust 2020-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək əmək qabiliyyətinin olmaması səbəbindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən 27 fevral 2024-cü il tarixindən xitam verilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

12. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, iddiaçı ilə bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.b bəndi əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesabın aparılacağı barədə xəbərdarlıq edilmişdir.

13. xx.xx.2017-ci il tarixli, 140 nömrəli əmrə əsasən İddiaçı 07 avqust 2017-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin sosial xidmətçi vəzifəsinə təyin edilmişdir.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli, **********0 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında Qanunun” 33.1.1-ci maddəsinə əsasən öz arzusu ilə əmək müqaviləsinə xitam verilmiş və son haqq-hesab ödənilmişdir (xx.xx.2019xx.xx.2020 19 gün).

15. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsindən müəyyən edilir ki, İddiaçı xx.xx.2020-ci il tarixdən birinci ay sınaq müddəti hesab edilməklə 3 ay müddətinə Sosial Xidmətlər Agentliyinin 15 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmişdir.

16. 0420397 nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək qabiliyyətli olmadığından işdən azad edilmişdir.

17. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər X7 Şəxsinin Mərkəzi-Aran regioanl filialı tərəfindən verilmiş 02/2024 nömrəli hesablama cədvəlindən görünür ki, İddiaçı son haqq-hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir.

18. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər X7 Şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, İddiaçı əmək kitabçası xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

19. xx.xx.2024-cü il tarixdə Sosial Xidmətlər Agentliyinin X11 filialının baş mütəxəssisi X5, aparıcı mütəxəssisi X3 və mütəxəssis X1 iştirakı ilə tərtib olunmuş aktdan görünür ki, Sosial Xidmətlər Agentliyinin X11 Filialının Sosial Xidmətçisi İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sədr Vüqar Behbudovun imzasıyla əmək müqaviləsinin müddətinin qurtarmasıyla əlaqədar həmin agentliyin X11 Filialına daxil olmuş bildirişə və işdən çıxan işçinin təhvil-təslim sənədinə imza etməkdən imtina etmişdir.

20. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.

21. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

22. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

23. Həmin Məcəllənin 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

24. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

25. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

26. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

27. Beləliklə, işin müəyyən edilmiş halları odur ki, iddiaçı xx.xx.2017-cu il tarixdə AR ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər Şöbəsinə dövlət qulluqçusu kimi baş mütəxəssi sosial xidmətçi vəzifəsinə qəbul edilmiş və ona kiçik referent ixtisas dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixdə öz arzusu ilə tutduğu vəzifədən azad edilmiş (dövlət qulluğuna xitam verilməklə), xx.xx.2020-ci il tarixdə Sosial Xidmətlər Agentliyi” X8 15 saylı filialına sosial xidmətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixdə Mərkəzi Aran regioanl filialına sosial xidmətçi vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə xx.xx.2024-cü il tarixli, 3-17-3/34-240/2024 saylı əmrlə AR ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir.

28. Əvvəla, işdən görünür ki, yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Xidmətin hüquqi varisi olmasa da, hər iki hüquqi şəxs eyni istiqamətlər üzrə fəaliyyət göstərib, yəni Xidmət ləğv edildikdən sonra onun bazasında eyni fəaliyyətlə məşğul olan cavabdeh yaradılıb. Digər tərəfdən, iddiaçının ləğv edilmiş Xidmətdə, həmçinin yeni yaradılmış publik hüquqi şəxsdə əmək funksiyası eyni olmuşdur. Başqa sözlə, iddiaçının əmək funksiyası çərçivəsində yerinə yetirdiyi iş, göstərdiyi xidmət daimi xarakterə malik olmaqla, bu hal qabaqcadan işəgötürənə məlum olub.

29. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanıla bilməsi ilə bağlı bir sıra hallar göstərilib, lakin həmin hallar hüquqi nəticə etibarı ilə işəgötürəni və işçini müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir, əksinə onlara belə bir imkan verir ki, sözügedən maddədə göstərilən hallar olduqda əmək müqaviləsi müəyyən müddətə də bağlanıla bilər. Yaddan çıxarmaq olmaz ki, müddətli əmək müqaviləsinin bağlanması üçün əsas şərt işin və ya göstərilən xidmətin daimi xarakterə malik olmamasıdır. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən halların əksəriyyəti əmək funksiyasının xüsusiyyətləri, onun icrasının şərtləri, müddəti və xarakteri ilə bilavasitə bağlıdır.

30. İşin hallarından görünür ki, iddiaçının əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə gördüyü işin müvəqqəti, mövsümü deyil, daimi xarakterə malik olmuş, bir sözlə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan har hansı hallar müəyyən edilməmişdir. Halbuki, qeyd olunan maddələrin tələblərinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan işəgötürənə bəlli olduğu halda işçi ilə müddətli əmək müqaviləsi bağlanıla bilməz və əmək müqaviləsi o, halda müəyyən müddətə bağlanıla bilər ki, Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmuş olsun. Hazırki halda isə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə iddiaçının gördüyü işin daimi xarakterə malik olması mülki iş materialları ilə istisna edilmir və bu hal əvvəldən işəgötürənə bəlli olub. Başqa sözlə, iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən hallar olmayıb. Lakin, bütün bunlara baxmayaraq işəgötürən, uzun illər həmin vəzifədə işləmiş iddiaçı ilə 1 aylıq sınaq müddəti olmaqla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlamış, sonradan bir neçə dəfə onula bağlamış əmək müqaviləsinin müddətini artırmış, sonuncu dəfə isə müddətin qurtarmasını əsas tutub onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir.

31. Məhkəmə qeyd edir ki, iddia öz-özlüyündə əsaslıdır.

32. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim etmişdir.

33. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.).

35. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.).

36. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

37. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

38. "Mediasiya" haqqında Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

39. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

41. İşin hallarından müəyyən edilir ki, cavabdehin xx.xx.2024-cü il tarixli əmrinə əsasən iddiaçı işdən azad edilmişdir. xx.xx.2024-cü il tarixli aktla iddiaçı daxil olmuş bildirişə və işdən çıxan işçinin təhvil-təslim sənədinə imza etməkdən imtina etmiş, həmin tarixdən sonra işə çıxmamışdır. xx.xx.2024-cü il tarixdə cavabdehə son-haqq hesab edilmiş, əmək kitabçası xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2024-cü il tarixdə isə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir.

42. İddia ərizəsində göstərilən xüsusatlar və iddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən, iddiaçı 2022-ci il fevral 27-dən sonra işə çıxmamış, cavabdehlə əmək münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Deməli, iddia müddətinin axımı xx.xx.2022-ci il tarixdə başlanmışdır.

43. Göründüyü kimi iddiaçı işdən çıxarılması ilə bağlı əmrdən hər bir halda məlumatlı olmasına baxmayaraq Mediasiya Şurasına 24.03 2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi ilə bağlı təkliflə müraciət etmişdir. Göründüyü kimi işdən azad edilməsi barədə məlumatı olmasından təxminən 27 gün sonra mediasiya şurasına müraciət etmişdir. Həmin vaxtdan müddətin axımı dayanmışdır. 29 aprel 2024-cü il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilməklə müddət axımı davam etdirilmiş və iddiaçı məhkəməyə 21 gün sonra məhkəməyə müraciət etmişdir. Bununla da qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.

44. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi iddia müddəti təbiq edilməklə iddia təmin edilməməlidir.

V. Nəticə:

44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar