Məhkəmə qərarları › İş №e-2(004)-3780/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-3780/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-3780/2024 18.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı "saxlama müqaviləsi üzrə pul" tələbinə dair iddiası üzrə mülki iş (açar sözlər: saxlama müqaviləsi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə katibliyi ilə, İddiaçı "Yük Taksisi.az” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Mülki işin mahiyyəti

1. İddiaçı "Yük Taksisi.az” MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2024-cü il tarixinə hesablanmış 7200 manat məbləğində əsas borcun, 1440 manat məbləğində cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 850 manat məbləğində saxlama haqqının və ödənilmiş 106,4 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun cavabdehdən tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi hesablanmış 8900 manat məbləğində əsas borcun, 1440 manat məbləğində cərimə məbləğinin, qətnamə icra olunan günə kimi hər ay 850 manat məbləğində saxlama haqqının və ödənilmiş 121,02 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borcun cavabdehdən tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Saxlayıcı” İddiaçı MMC ilə “Tapşıran” Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Malların anbarda saxlama” Müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin şərtlərinə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”ın ona verdiyi daşınar əşyaları (malları) özünə məxsus anbarda saxlamağı, “Tapşıran” isə bunun müqabilində Müqavilə ilə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (850 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, İddiaçı MMC bu günə qədər Müqavilə və qanunvericilik üzrə öhdəliklərini tam, keyfiyyətli və vicdanlılığın tələb etdiyi tərzdə yerinə yetirmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən saxlanc anbarına vaxtaşırı mallar daxil edilərək bu günədək anbarda saxlanılsa da, cavabdeh öhdəliklərini pozaraq saxlama haqqının ödənişindən yayınmışdır. Qoşmaya əlavə edilmiş fotoşəkillərdən də aşkar görünür ki, cavabdeh iddiaçının qanuni sahibliyində olan sahənin böyük bir hissəsini uzun müddətdir ki, saxlama haqqını ödəməməklə qanunsuz olaraq zəbt etmişdir və beləliklə, iddiaçıya maddi zərər vurmuşdur. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin saxlama haqqı üzrə bu günə olan qalıq borcu 7200 (yeddi min iki yüz) manat təşkil etməkdədir. Tərəfimizdən Cavabdeh dəfələrlə saxlama haqqının ödənilməsinə dair şifahi və xx.xx.2024-cü il tarixlərində yazılı qaydada pretenziya məktubu ilə müraciətlər olunsa da, cavabdeh bu günə qədər saxlama haqlarını ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmaqdadır. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, xx.xx.2022-ci il tarixli Müqavilənin 5.4-cü bəndinə əsasən “Tapşıran” saxlama haqqının gecikdirilməsinə görə “Saxlayıcı”ya hər gecikdirilmiş gün üçün aylıq saxlama haqqının 1%-i məbləğində cərimə ödəməyi öhdəsinə götürmüşdür. Bu əsasla gecikdirilmiş müddət üzrə cavabdehin ödəməli olduğu cərimə məbləği ümumilikdə 8946 (səkkiz min doqquz yüz qırx altı) manat təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas borc məbləğinin 20 %-i həcmində, yəni cəmi 1440 manat dəbbə pulu tələb edilməkdədir.

İİ. Tərəflərin mövqeləri:

4. İddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ‘lav’ olaraq bildirmişdir ki, 22 oktyabr 2023-cü ilə qədər ödəniş etsə də, həmin tarixdən bu günə qədər cavabdeh tərəfindən şirkətə hər hansı bir ödəniş olunmamışdır. Bunun nəticəsində borc yaranmışdır ki, bunun məbləği 7200 manat təşkil edir. Müqavilə bağlanan andan mallar onların anbarından çıxarılana qədər qüvvədədir. Anbarda hansı növ malların saxlanması müştərilərin istəyindən asılıdır. Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Cavabdehin malları hal-hazırda da anbardadır.

5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir.

İİİ Məhkəmə baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı (saxlayıcı) və cavabdeh (tapşıran) arasında bağlanmış xx.xx.2022-ci il tarixli 22 nömrəli müqaviləyə əsasən “Saxlayıcı” sifariş əsasında “Tapşıran”a məxsus malları özünəməxsus saxlanc anbarı sahəsində saxlamağı, “Tapşıran” isə bunun müqabilində müqavilədə müəyyən edilmiş qaydada, müddətdə və məbləğdə (aylıq 850 manat) saxlama haqqını ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 2.1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilə 1 ay müddətdə qüvvədədir və tərəflərdən hər hansı biri müqavilənin bitməsinə ən az 10 gün qalmış xitam verilməsi barədə yazılı müraciət etmədikdə müqavilənin müddəti hər dəfə eyni müddətə uzadılmış hesab olunur.

10. Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən saxlama haqqı aylıq 850 manat məbləğində müəyyən edilir və öncədən ödənilir.

11. Müqavilənin 5.3-cü bəndinə əsasən saxlama haqqı malların anbar akı üzrə anbara daxil edildiyi gündən etibarən son malın anbardan çıxarıldığı günə kimi hesablanır.

12. Müqavilənin 5.4-cü bəndinə əsasən saxlama haqqının ödənilməsinin gecikdirildiyi hər gün üçün tapşıran saxlayıcıya aylıq saxlama haqqının miqdarında cərimə hesablayır.

13. Müqavilənin 5.5-ci bəndinə əsasən saxlama haqqının gecikdirildiyi gündən etibarən 3 ay ərzində tapşıran saxlama haqqını və cərimə məbləğini ödəməzsə saxlayıcı tapşıranı yazılı qaydada xəbərdar etməklə yaranmış borc məbləğini saxlanc mallarına yönəltmək barədə müvafiq tədbirləri həyata keçirə bilər.

14. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubuna əsasən X1 7200 manat əsas borc və 8946 manat məbləğində cərimə borcunun tələb edilməsi, eləcə də anbarda saxlama haqqı ödənilmədiyi təqdirdə malların boşaldılacağı və açıq hərracda satılacağı ilə bağlı xəbərdar olunmuşdur.

15. İddiaçıl tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə əsas borcu 7200 manat, cərimə borcu 8946 manat təşkil edir.

16. Məhkəmə materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır.

17. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 823.1-ci maddəsinə əsasən, tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir.

18. Həmin Məcəllənin 823.2-ci maddəsinə əsasən tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir.

19. Həmin Məcəllənin 823.3-cü maddəsinə əsasən tapşıran saxlamaya götürülmüş əşyanın xarakteri ilə əlaqədar saxlayıcının düşdüyü zərərin əvəzini ödəməlidir, amma əşyanı saxlamaya verərkən onun təhlükəli xassələrini bilmədiyi və ya bilməli olmadığı və ya bu barədə saxlayıcıya bildiriş verdiyi və ya saxlayıcının bildirişsiz də bunu bildiyi hallar istisna təşkil edir.

20. Həmin Məcəllənin 827-ci maddəsinə əsasən, anbar sahibi sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarında ayrı şərt qoyulmayıbsa, anbar sahibinin xidmətlərinə saxlama haqqında göstərişlər tətbiq edilir.

21. Həmin Məcəllənin 830.1-ci maddəsinə əsasən, əgər müəyyən muzd (saxlama haqqı) şərtləşdirilməyibsə, anbar sahibinin anbarda saxlama üçün adi haqq almaq hüququ vardır. Əgər tapşıran malı tamamilə və ya qismən geri qəbul edərsə, saxlama haqqını hər bir halda ödəməlidir. Əgər saxlama müddəti üç aydan çoxdursa, anbarda saxlama haqqı müvafiq olaraq hər üç ayın sonunda ödənilir.

22. Həmin Məcəllənin 830.3-cü maddəsinə əsasən, saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə anbar sahibi saxladığı mallara - tapşıranın mallarına komisyonçu kimi girov hüququna malikdir.

23. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavadeh arasında xx.xx.2022-ci il tarixli saxlama müqaviləsi bağlanmış, cavabdehin malları iddiaçıya məxsus konteynerlərdə yerləşdirilmiş, iddiaçı tərəfindən istifadə edilməmiş, hazırda da mallar konteynerdə saxlanılmaqdadır. Müqavilə üzrə saxlama haqqı aylıq 850 manat müəyyən edilmiş, iddiaçı öz üzərinə düşən öhdəlikləri icra etməsinə baxmayaraq, cavabdeh aylıq saxlama haqqını ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur.

24. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin anbarda saxlama müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilə üzrə iddiaçıya 8900 manat məbləğində borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir.

25. Bundan əlavə, iddiaçı iddia ərizəsində saxlama haqqının ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış anbarda saxlama müqaviləsinə əsasən hesablanmış 1440 manat cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

26. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

27. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır

28. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

29. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılaraq 623 manat müəyyən edilməlidir.

30. Bundan əlavə iddiaçı qətnamə icra olunan günə kimi hər ay 850 manat məbləğində saxlama haqqının cavabdehdən ödənilməsi tələbini də irəli sürmüşdür. Məhkəmə iddia tələbini həmin hissədə də əsaslı hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 5.3-cü bəndində saxlama haqqının malların anbar aktı üzrə anbara daxil edildiyi gündən etibarən son malın anbardan çıxarılan günə kimi müəyyən edildiyindən məhkəmə hesab edir ki, həmin hissədə də iddia təmin edilməlidir.

31. Məhkəmə iddia tələbini borc məbləğinin anbarda saxlanılan mallara yönəldilməsi, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə, qalıq borcun cavabdehdən tutulması, borc tam ödənildikdən sonra anbar sahəsinin tam boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində də əsaslı hesab edir. Belə ki, həm tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndində, həm də iddiaçı tərəfindən cavabdehə göndərilmiş xəbərdarlıq məktubunda öhdəliyin icrasını 3 ay ərzində gecikdirdikdə borc məbləğinin anbarda saxlanan mallara yönəldiləcəyi barədə cavabdeh məlumatlı olmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli müqavilənin 4.1.5-ci bəndində saxlayıcının saxlama müqaviləsindən irəli gələn bütün tələblər üzrə saxladığı mallara komisyonçu kimi girov hüququna malik olması qeyd olunmuşdur.

32. Lakin məhkəmə hesab edir ki, müqavilə predmeti olan mallar yalnız açıq hərrac vasitəsilə satılmalıdır. Malların açıq hərracda satılmadan saxlayıcının mülkiyyətinə keçməsi və ya mülkiyyətçi tərəfindən öz mülahizəsi ilə satılması yolverilməzdir və mülkiyyətçinin mülkiyyət hüquqlarının pozuntusu hesab oluna bilər.

33. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi hesablanmış 8900 manat məbləğində əsas borc, 623 manat cərimə borcu, qətnamə icra olunan günə kimi hər ay 850 manat məbləğində saxlama haqqı tutularaq İddiaçı MMC-yə ödənilməli, borc məbləği anbarda saxlanılan mallara yönəldilməli, malların satışından əldə edilən pul vəsaiti borc məbləğini tam həcmdə ödəməzsə, qalıq borc cavabdehdən ümumi qaydada tutulmalı, borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 121,02 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V Nəticə:

36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək hesablanmış 8900 manat əsas bоrc, 623 manat cərimə borcu, qətnamə icra olunan günə kimi aylıq 850 manat saxlama haqqı və ödənilmiş 121,02 manat dövlət rüsumu tutularaq iddiaçı "Yük Taksisi.az” MMC-yə ödənilsin. Borc məbləği Cavabdeh anbarında saxlanılan mallarına yönəldilsin. Mallar açıq hərracda satılsın. Malların satışından əldə edilən pul vəsaiti borc məbləğini ödəməzsə qalıq borc Cavabdeh tutulsun. Borc tam ödənildikdən sonra anbar sahəsi tam boşaldılaraq "Yük Taksisi.az” MMC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Xəlil

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar